Gələcəyi təxmin edən əsərlər

29-03-2018, 15:00
Oxunub: 2167
"İnsanın zehni, xəyalı bütün kainatı içinə ala biləcək qədər genişdir"


Deyirlər, söz vücud tapar. Onlar həqiqətə çevrilən öncəgörmələrdən bəhs edirlər. Bu öncədən görənlərin bəziləri isə yazıçılardır. Və onların ağlına gələnlər illər sonra bizim başımıza gəlir. Gəlin gələcəyi təxmin edən romanların dünyasına səyahət edək.

Səyahətimizə 1726-cı ildən-Conatan Sviftin “Quliverin səyahətləri”-dən başlayaq. Orada qəhrəmanımız divlər və lilipudlar ölkələrini gəzir. Elm adamları yaşayan Lapuda adasına gedəndə astronomlar Marsın ətrafında fırlanan iki peykdən bəhs edirlər. Halbuki həmin vaxtlar Marsın iki peyki olduğu bilinmirdi. Kitabdan 150 il sonra, 1877-ci ildə həqiqətən iki peyki olduğu kəşf edildi: Fobos və Deimos.

Meri Şelli 1818-ci ildə “Frankeşteyn” əsərini yazanda orqan köçürülməsi edilə bilmirdi. Kitab yayımlanandan 5 il sonra, 1823-cü ildə Almaniyada orqan yox, amma toxuma köçürülməsi həyata keçirilir. Həqiqi orqan köçürülməsi üçün 100 il daha keçməliydi. Bildiyimiz kimi ölü bədəni diriltmək hələ də mümkün deyil.

Gələcəyi təxmin mövzusunda ən tanınmış yazıçı bəlkə də Jül Verndir. O, 1865-ci ildə “Aya səyahət” kitabını yazdı. Kitabdakı “Ay modulu” 100 ildən çox bir vaxtdan sonra, 1969-cu ildə Apollon 11-də istifadə edilə bildi. Əsərdəki “Kosmik yelkənlilər” isə 1970-ci ildə NASA tərəfindən Halley kometa ulduzunu tədqiq etmək üçün dizayn edilir, amma hazırlamaq üçün uyğun ləvazimat tapılmadığından tamamlanmır. İlk uğurlu istifadəsi isə 2010-cu ildə həyata keçirildi. “20 000 lyö su altında” 1870-ci ildə yayımlandıqdan 90 il sonra elektrikli dənizaltılar kəşf edildi. 1889-cu ildə yazdığı kitabında isə 1000 il sonradan, 2889-cu ildən bəhs edir. Bunu özünün yox, oğlunun yazdığını deyənlər də var. Hər necə olsa da, bu qısa hekayədə o qədər çox kəşf və yenilikçi mövzular var ki: akkumulyator, transformator, göy üzü reklamçılığı, pul transferləri, sensorlu aydınlatma sistemləri… Əsərdəki qəhrəmanımız “fonotelefot” adlı cihazdan istifadə edərək arvadıyla görüntülü danışır. Bildiyimiz Skayp! Hələ də edilməmiş bir ixtira isə insanların sürətli geyinməsini təmin edən cihaz - mexaniki geyindiricidir. Buna oxşar bir şeyi “Gələcəyə dönüş” filmində də görmüşdük.

1888-ci ildə Edvard Bellami “Keçmişə baxış” adlı ütopik romanını yazdıqdan 63 il sonra kredit kartları meydana çıxır. Bu əsərdə əsas obraz 113 illik yuxudan sonra 2000-ci ildə oyanır. 1888-ci ildən bu günlərə gələn bu adam hər kəsin pul yerinə kart istifadə etdiyini görür. Çox qəribə deyilmi?

Hüqo Qernsbek 2660-cı ili 1911-ci ildə yayımlanan kitabında təsvir etmiş, həmçinin orada səsli filmləri, televizorları və kosmosa səyahəti təxmin etmişdir. Kitabda bəhs edilən radarları 1935-ci, Günəş enerjisini isə 1978-ci ildə istifadə etməyə başladıq.

Bildiyimiz kimi, yaxınlaşan zaman avtomatik açılan qapılar var, “hərəkət sensorlu qapılar”. Onların ilk ideyası 1899-cu ildə “When the Sleeper Wakes” (Yatanlar oyananda) kitabında yazılıb. Yazıçı H. Uellsə müharibə futuristi də deyə bilərik. Türk dilinə hələ tərcümə olunmamış “The Land Ironclads” əsərində isə nüvə silahından bəhs etmişdir. 1945-ci ildəki ilk istifadəsindən 31 il əvvəl “atom bombası”nı yazdı. İnsan bəzən bunu fikirləşmədən dayana bilmir. Bu yazıçılar olması ehtimal edilən şeyləri öncədən görür, yoxsa onlar yazdığı üçün, kimlərinsə ilham alması ilə bu şeylər meydana çıxır? Kaş ki Uells “xeyir söylə işinə, xeyir gəlsin başına” atalar sözündən xəbərdar olsaydı.

“Cəsur yeni dünya”nı əvvəl birlikdə oxumuşduq. Oldos Hakslinin romanında bəhs olunan və insanın ruh halını dəyişdirən dərmanlar 18 il sonra yaranır. Gen mühəndisliyi ilə bağlı olan hissləri isə 1972-ci ildə DNA-nın ilk dəfə dəyişdirilməsi ilə reallaşdı.

Corc Oruelin “1984” romanındakı senzura, propaqanda kimi şeylər üçün gələcəyi gözləməyə də ehtiyac yoxdur, əslində. Bunlar hər bir dövrdə rast gəlinən şeylərdir. Amma hər şeyə nəzarət edən “Böyük qardaş”ın da olduğunu Edvard Snoudenin 2013-cü ildə əldə etdiyi NSA sənədləriylə də daha yaxşı anladıq.

Qulağın içinə taxılan qulaqcıqları ilk dəfə “Apple” düşünməyib. 1953-cü ildə bunu “Faranheyt 451” romanında Rey Bredberi yazmışdır. İPad-i də ilk dəfə “Apple” tapmayıb. Artur Klarkın 1968-ci ildə ildə yayımlanan elmi fantastika janrındakı romanı “2001: Kosmos macərası”-da insanların kitab, qəzet oxuduqları “newspad” adlı cihazları var. Kubrik tərəfindən eyni adla romandan kinoya uyğunlaşdırılan filmdə də bunlardan görə bilərik. Hətta filmdəki bilinməyən bir əşyanın da ölçüləri xeyli böyükdür. Ümid edirəm ki, bu sonuncunu “Apple” görməyib. Yoxsa gələn il İpad Meqalarla qarşılaşa bilərik.

2013-cü ildəki ilk bionik ayaqdan 41 il əvvəl Martin Keydin “Kiborq” adlı roman yazmışdı. Qəhrəmanımız əvvəl astronom olmuş, lakin təyyarə qəzasından sonra qollarını, ayaqlarını və bir gözünü itirmişdir. Alimlər isə robotik ayaqlar, taxılıb çıxarıla bilinən kamera şəklində göz kimi bir orqan taxaraq onu yarı insan, yarı maşına, yəni “kiborq”a çevirirlər. Yaxın gələcəkdə bu romandan başqa şeylər də həyatımıza daxil olar. İşin axırı bəllidir, onsuz da (Dars Veydr).

Həyat sənəti təqlid edir, yoxsa sənət həyatı, bilmirəm. Amma bir şeyi bilirəm ki, insanın zehni, xəyalı bütün kainatı içinə ala biləcək qədər genişdir. Hələ çox şeylər deyiləcək, kitablar yazılacaq. Bəlkə də sən yazacaqsan. Ya da sən. Yeni Jül Vern kim olacaq, onu da bilmirəm. Gələcək haqqında danışarkən dediklərimizin reallaşa biləcəyini unutmamalıyıq. Unutmayın. Söz vücud tapar.
Tərcümə: İlkay Əliyeva
Mənbə: barisozcan.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti