Nəzəri fizika üsulu haqqında

25-03-2018, 16:00
Oxunub: 981
Gerçək dediyimiz şeyin xəyalımızın xaricində bir varlığı varmı?


Nəzəri bir sistemin inkişafını nəzərdən keçirərkən nəzəriyyənin məzmunu ilə empirik fakt arasındakı əlaqəyə diqqətlə baxaq. Burada bilgimizin bir-birindən ayrılmaz iki elementi arasında davam edən ziddiyyətlə maraqlanırıq.

Antik Yunanıstana elmin beşiyi olduğu üçün hörmət edirik. Dünya elmin məntiqi bir sistem olaraq doğuşuna ilk dəfə burada şahid olmuşdur. Evklid həndəsəsindən bəhs edirəm. Bu sistemdə mühakimə etmək o qədər tam və dəqiqdir ki, əldə edilən hər bir mülahizə heç bir şübhəyə yer buraxmayan bir doğruluğa sahibdir. Mühakimə gücünün əldə etdiyi bu parlaq nailiyyət insana daha sonrakı uğurlara yönəlməkdə zəmanət vermişdir. Evklidin xəyal bacarığını kəşf etməyən heç bir gənc özünü elmi filosofluğa namizəd saymasın!

Amma gerçək dünyanın hər yerini əhatə edən bir elm üçün insan oğlunun ikinci bir təməl elementə, Kepler və Qalileyin açdığı yolda gedənlərin ortaq xüsusiyyətləri olan bir elementə daha ehtiyacı vardı. Saf məntiqi düşüncə bizə faktiki dünya haqqında heç bir şey öyrədə bilməz; gerçəklə bağlı hər bir bilgi yaşam ilə başlar və onunla bitər. Saf məntiq yolu ilə əldə edilən mülahizələr boşdur, faktiki məzmundan yoxsuldur. Bunu gördüyü üçün Qalileyi müasir fizikanın, hətta bütün müasir elmin atası sayırıq.

Nəzəri fizikada bir sistemi qavramlar, bu qavramlar üçün uyğun təməl qanunlar və məntiqi nəticələr yaradır. Müşahidələrimizə görə, ixtisar olunmalı mülahizələr də elə bu nəticələrdir.

Evklid həndəsəsinin quruluşunda da eyni şey görünür. Bir fərqlə ki, burada təməl qanunlara aksiom deyirik; məntiqi yolla əldə edilən teoremlərin də faktiki dünyaya uyğun olmasından söz gedə bilməz. Lakin həndəsəni başlanğıcdakı empirik məzmunundan təcrid etməklə kosmos əlaqələrini dilə gətirən faktiki növdən olan bir elm olaraq da dəyərləndirə bilərik. Bu halda, həndəsə ilə nəzəri fizikanın məntiqi bağlılığı təmin edilmiş olur.

Beləliklə, nəzəri sistem olaraq fizikada mütləq mühakimə ilə təcrübənin yerini göstərmiş oluruq. Sistem quruluşunu mühakiməyə borcludur: empirik məzmun ilə məzmunun faktiki əlaqələri nəzəriyyənin nəticələrində ifadə edilir. Bütün sistemin (xüsusilə anlayış və təməl qanunların) dəyər və səbəbi bu ifadələrin ehtimalında axtarılmalıdır. Yeri gəlmişkən, deyək ki, nəzəri anlayış ilə qanunlar ağlın bir müstəqil məhsulu olmasına baxmayaraq, nə ağlın xüsusiyyətinə müraciət edərək, nə də birinci dərəcəli şəkildə yaradıla bilər.

Sistemin söykəndiyi anlayış və qanunlar nəzəri quruluşun təməl daşları olub daha da sadələşdirilə bilməzlər. Hər nəzəriyyədə başlıca məqsəd faktiki məzmunun ifadə yetərliliyindən imtina etməklə bu təməl daşları ola bildiyi qədər sadələşdirmək və azaltmaqdır.

Elmi nəzəriyyəni təşkil edən anlayış və postulatların uydurma xüsusiyyəti ilə bağlı bu fikir olduqca yenidir: 18-ci, hətta 19-cu əsrdə təməl qanunlarla faktlara əsaslanan nəticələri arasında məsafə elə də böyük deyildi. Bu məsafə nəzəriyyədə məntiqi quruluş sadələşdikcə genişlənməkdədir.

Fizikada ilk təməl sistemin banisi Nyuton belə, nəzəriyyəsinin söykəndiyi təməl anlayış və qanunların müşahidə nəticəsində əldə edilən faktlardan əldə edildiyi qənaətində idi. “Hipotez yaratmıram” deyərkən şübhəsiz ki, bu fikrini bildirirdi. Əslində, onun dövründə zaman və kosmos anlayışı heç bir çətinlik yaratmırdı. Kütlə, fəaliyyətsizlik və qüvvət anlayışları ilə bunları birləşdirən qanunlar dümdüz faktlardan əldə edildiyi görünürdü. Bu təməl üzərinə qurulan cazibə qüvvəsi əlaqəsinin və digər güclərin də eyni şəkildə faktlardan əldə edildiyini qəbul etmək daha məqsədəuyğundur.

Baxmayaraq ki, mütləq durğunluğu bildirən mütləq kosmos anlayışını ifadə şəklində Nyutonun elə də rahat olmadığını görürük. Müşahidələrimizdə bu anlayışı əvəz edən heç bir şey olmadığı görünürdü. Ayrıca, uzaqdan təsir edən güc anlayışı da onu narahat edirdi. Nəzəriyyəsinin tətbiqindəki böyük uğur onu da, ondan sonra gələn fizikləri də sistemi təşkil edən təməl anlayış və qanunların uydurma xüsusiyyətini görməyə qoymamışdı. Bu günə qədər fiziklərin çoxu əksinə, təməl anlayış və postulatların müşahidə məlumatlarından, məntiqi yoldan “təcrid edilərək” əldə edildiyi üzərində israrlı idilər. Onlar üçün bu anlayış və qanunların faktlardan azad, bir fikri məhsul olduğu ağıllarına gəlməzdi. Bu anlayışın yanlışlığı açıq şəkildə yalnız ümumi nisbilik nəzəriyyəsinin ortaya çıxması ilə anlaşıldı. Bu nəzəriyyə Nyutonunkundan fərqli olaraq, daha çox sayda faktların, daha tam və yetərli şəkildə əldə edilə bilinəcəyini göstərmişdir. İki nəzəriyyədən birinin və ya digərinin üstünlüyü məsələsini bir kənara itələyərək, nəzəri qanunların uydurma xüsusiyyətlərini vurğulayan bir nöqtəni bildirməklə kifayətlənə bilərik, bu da bir-birindən təməldə fərqli iki qanunun eyni fakt qrupunu açıqlaya bilməsidir. Bu da göstərir ki, bu qanunlar faktlardan azaddır.

Nəzəri fizikanın bu aksiomatik təməli həqiqətən də faktlardan azad halda ağlımızın yaratdığı bir şeydirsə, onda həqiqətə çatmağa ümid edə bilərikmi? Daha pisi, gerçək dediyimiz şeyin xəyalımızın xaricində bir varlığı varmı? Məndən soruşsanız, bizi doğruya aparacaq bir yolun olduğunu və onu tapa biləcəyimizi tərəddüdsüz söyləyərəm. Bu günə qədərki təcrübələrimiz təbiətin, düşünə biləcəyimiz ən sadə riyazi anlayışlarla əks olunduğunu göstərməkdədir. Saf riyazi yollardan təbiəti anlamağımızı təmin edən anlayışlara və bu anlayışları bir-birinə bağlayan qanunlara çata biləcəyimiz inancındayam. Müşahidə məlumatlarımız bizə bəlkə uyğun riyazi anlayışları hiss etdirə bilər, lakin heç bir şəkildə məntiqi məcburiyyət qazandırmaz. Şübhəsiz ki, riyazi nəzəriyyələrin tətbiqetmədəki faydasının yeganə meyarı təcrübələrimizdir. Yaradıcı qanunu təcrübələrdə deyil, riyaziyyatda axtaracayıq. Buna görə də keçmişdə söyləndiyi kimi mən də saf düşüncə ilə gerçəyi qavraya biləcəyimizi zənn edirəm.
Tərcümə: Günay Quliyeva
Mənbə: Albert Eynşteyn "Elm fəlsəfəsi"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti