Dostoyevskinin ruh əkizi

23-03-2018, 15:00
Oxunub: 1420
“Məsumiyyət bu dünyaya aid deyildir, amma hər on ildə bir işığı parlayaraq bizi aydınladır”


Elə filmlər var ki, beynində günlərlə ilişib qalaraq insana ağırlıq edir. Zəki Dəmirkubuzun “Məsumiyyət” filmi məndə həmin effekti yaratmışdı. İzlədikdən sonra bir neçə gün həmin film mənimlə yaşayırdı. Yatanda, yemək yeyəndə, avtobusda. Demək olar ki, günün bütün saatları filmdəki obrazları təhlil edirdim və özümə görə müəyyən nəticə çıxarmağa çalışırdım. Həmçinin "Məsumiyyət" filmi mənim üçün digər tərəfdən, başqa bir vacib önəm daşıyırdı.

Mən Zəki Dəmirkubuzun filmlərini izlədikcə dahi rus yazıçısı Fyodor Dostoyevskini beynimdə, ruhumda yenidən kəşf edirdim. Əvvəllər bu yazıçını anlamaqda, dərk etməkdə çətinlik çəkirdim, daha çox digər dahi yazıçıya Lev Tolstoya üstünlük verirdim və hətta Tolstoyu Dostoyevskidən üstün tutduğum hallar olurdu.

Zəki Dəmirkubuzun həyatı da mənə görə müəyyən qədər Dostoyevskini xatırladır. On altı yaşında 1980-ci il çevrilişinə görə həbs edilir, həyatı həbsdən sonra dəyişməyə başlayır. Gələcəyin rejissoru və ssenaristi olacaq Zəki həsbdə təsadüfən ordakı dostlarının məsləhəti ilə Dostoyevskinin ilk olaraq “Cinayət və Cəza”, sonra “Əcinnələr” romanını oxuyur. Bu iki roman onun özünü dərk etməsində böyük sıçrayış edir. Həbsdən çıxdıqdan sonra müxtəlif işlərdə çalışmağa başlayır və bu vaxt Zəki Öktənlə tanış olur. Zəki Öktən onu film çəkilişlərinə apararaq bu sahə ilə yaxından tanış olmasına şərait yaradırdı. Zəki Dəmirkubuzun filmə gəlməsi də təsadüf xarakter daşıyır. Belə ki, filmlərin çəkilişi zamanı aktyorların, işçi heyətinin laqeydliyi və işinə ciddi yanaşmaması onda qıcıq yaradır. Həmin gün ordan ayrılandan sonra öz-özünə deyir: “Onlar film çəkirlərsə, mən də çəkə bilərəm”. Və bundan sonra öz çabaları sayəsində ssenarilər yazaraq onları ekranlara gətirməyə başlayır. Nə yaxşı ki, film işinə başlayır, yoxsa biz insanı günlərlə düşündürən bu filmlərdən məhrum olacaqdıq.

İndi isə Zəki Dəmirkubuzun şedevr filmi olan “Məsumiyyət” haqqında danışaq. Bu film türk film sektorunun zirvəsi hesab edilir və rejissor bu filmdən sonra çəkdiyi bütün filmlərdə bu zirvəni aşa bilməyib.

Filmin mövzusuna gəlincə bacısının sevgilisini öldürüb on il həbsxanada qaldıqdan sonra azadlığa çıxan Yusifin gedəcək yeri qalmamışdı. Çünki, ailəsinin bütün üzvlərini zəlzələdə itirmişdi. O, bir otelə yerləşir, burada da həyatdan qopmuş insanlarla qarşılaşır. Bar müğənnisi Uğur, onun lal qızı Çiləm və imkansız eşqinə görə əzablar çəkmiş Bəkirlə tanış olur. Filmin sonrakı səhnələrində Bəkir intihar edəcək, Uğur həbsxanalara düşən ərinin ardınca gəzəcək, lal qız Çiləm isə Yusiflə qalacaq...

Oteldə bütün günü yeşilçam filmləri izlənilir. Əslində, həyatın içində, oteldə gerçək və dəhşətli hadisələr yaşanmaqdadır. Yusiflə lal qız yeşilçamın sərgilədiyi saflığı və gözəl arzuları təmsil edərkən Uğur və Bəkir həyatın əsl gerçəkliyini tamaşaçıya göstərir.

Filmdə mərhəmət, təcrid mövzuları işlənmiş, bundan əlavə, eşqin və sərhədsiz bağlılığın insanı nə hala saldığı təsvir olunub. Film Samuel Bekketin bir fikri ilə bitir: “Həmişə cəhd etdin, həmişə məğlub oldun. Eybi yox, yenə cəhd et, yenə məğlub ol. Daha gözəl məğlub ol.”

Yazımı Fransanın dahi rejissoru Jan-Lük Qodarın bir fikri ilə bitirmək istəyirəm: “Məsumiyyət bu dünyaya aid deyildir, amma hər on ildə bir işığı parlayaraq bizi aydınladır”
Nəcəf Əsgərzadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti