Nəsimi Paşayev: "Biz metronu daha da müasir hala gətirəcəyik"

19-03-2018, 17:35
Oxunub: 822
"Dəmiryolu Liseyini bitirən və işə qəbul imtahanı üçün gələn insanların bir çoxu liseyin harda yerləşdiyini bilmirlər"


2014-cü ildə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yaranandan sonra metroda bir çox dəyişikliklərin, sosial layihələrin şahidi olmuşuq. Məsələn "metroda oxu" qadın haqları ilə bağlı layihələr, rəsm sərgiləri, metroda kiçik konsertlərin təşkili...

Təbii ki, metroda mənfi hadisələr də baş verir. Müsahibimizlə bütün bu layihələrdən, eləcə də mənfi hadisələrdən - hər şeydən danışdıq...

Etatist.com
-un bu dəfəki müsahibi Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevdir. Nəsimi Paşayev digər mətbuat xidməti rəhbərlərindən öz operativliyi ilə fərqlənir. Metroda hər hansı bir hadisə olan kimi bu barədə onun "facebook" hesabında yazdığı statusdan tam dolğun məlumat almaq olar.

Sözügedən müsahibəni təqdim edirik:

Pünhani Əsgərli: Əvvəlcə istəyərdim Bakı Metropolitenindəki fəaliyyətinizdən başlayaq. Metroda son zamanlarda qadın hüquqları, kitab oxumaq və sairlə bağlı sosial layihələr görürük. Bunlar müxtəlif qurumların, nazirliklərin, yoxsa metropolitenin öz təşəbbüsüdür?

Nəsimi Paşayev: Xeyr. Metropolitenin öz təşəbbüsüdür. 2014-cü ildə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yaranıb. Belə deyə bilərəm ki, Bakı Metrosunda həmin vaxtdan etibarən yeni bir mərhələ başlayıb. Biz ictimai nəqliyyat olaraq sərnişinlərin daşınması ilə yanaşı, həm də onlara nə qədər önəm verdiyimizi də vurğulamaq istəyirik. Bizim işimiz sadəcə qatar sürmək, eskalatoru idarə etmək deyil, eyni zamanda sərnişinlərə bir vətəndaş olaraq yanaşırıq. Bizim də bir dövlət qurumu olaraq cəmiyyətə qarşı bir məsuliyyətimiz var. Buna görə də 2014-cü ildən başlayaraq müxtəlif sosial layihələr həyata keçiririk. Məsələn, “N. Nərimanov”, “Gənclik” metrostansiyaları təmir olunan zaman bizim rəhbərliyin təşəbbüsü ilə qərara alındı ki, hər iki keçiddə “Metroqaleri” layihəsi çərçivəsində xüsusi bir guşə yaradılsın. Hər il mütəmadi olaraq burada sərgilər keçirilir. Məsələn, uşaq müdafiəsi, Azərbaycan kinemotoqrafiyası, dünyanın fotoqraf və rəssamlarının əsərləri və sairlə bağlı müxtəlif layihələrimiz olub. Bundan əlavə 2014-cü ildən bəri, sərnişinlərin metrodan istifadə qaydalarını özündə əks etdirən sosial afişalarımız asılır - “eskalatorla necə hərəkət etmək lazımdır”, “yerləri zibilləmək olmaz”, “qatarlara minərkən ilk öncə düşənlərə yol vermək lazımdır”.

Əlavə olaraq özəl günlərdə, bayramlarda hər vaman çalışmışıq ki, sərnişinlərə qarşı öz diqqətimizi göstərək. Məsələn, ilk dəfə olaraq metroda uşaqlara hədiyyə verib onları sevindirən Şaxta baba və Qar qızı olub. Novruz və başqa bayramlarda “mini konsertlər” keçirmişik, V.Mustafazadənin doğum günü, Q.Qarayevin 100 illiyi ilə bağlı tədbirlərimiz olub. “M.Əcəmi”, “Avtovağzal” stansiyalarının keçidlərində dünya rəssamları ilə bağlı sərgi keçirdikdən sonra, həmin rəsm əsərləri divarlardan asılaraq insanlara nümayiş olunub.

"Bakı Metrosundan ticarət yığışdırıldı və bundan sonra paytaxt sakinləri özləri də gördülər ki, bəli, metro elə belə də olmalı imiş"

P.Ə.: 2014-cü ilə qədər metro daha çox bazara bənzəyirdi. Bunun qarşısını necə aldız?
N.P.: Bunun tənzimlənməsi üçün ilk olaraq, ölkə rəhbərinin birbaşa göstərişi var idi. Çünki Bakı Metrosu metro olmalı idi. Orada çox xaotik bir vəziyyət var idi. Əgər orda balaca bir konflikt olsa, insanların həyatları təhlükə altına atıla bilərdi. Nəticədə 2014-cü ilin mart ayından qərara alındı ki, ticarətlə məşğul olan həmin şəxslərlə bağlanılan müqavilənin vaxtı uzadılmasın. Beləliklə Bakı Metrosundan ticarət yığışdırıldı və bundan sonra paytaxt sakinləri özləri də gördülər ki, bəli, metro elə belə də olmalı imiş. Bəli, ola bilər ki, oradakı insanlar həmin yerlərdən çörək pulu qazanırdılar. Lakin bir daha vurğulamaq istəyirəm ki, daha böyük problemlərlə üzləşə bilərdik.

P.Ə.: Bildiyimiz qədərilə həmin ticarət haqqının müəyyən bir hissəsi metropolitenin büdcəsinə daxil olurdu.
N.P.: Bakı Metropoliteninə daxil olan ərazilər Dövlət Əmlakının İdarə Olunması statusundadır, yəni buradakı bütün əmlakla bağlı məsələlərdə dövlət komitəsi ilə müqavilə bağlanılır. Həmin gəlirlər isə dövlət büdcəsinə daxil olur, yəni Bakı Metrosunun büdcəsinə bir manat da gəlir daxil olmur.

P.Ə.: Yəni bu obyektlərin bağlanması metropoliten büdcəsinə hər-hansı bir təsir göstərmir, metro sadəcə bir vasitə idi.
N.P.: Bütün hallarda metropoliten özü də bir dövlət əmlakıdır.

"Bu il iki müasir tipli yeni qatarın alınması üçün müqavilə bağlamışıq" 

Nəsimi Paşayev: "Biz metronu daha da müasir hala gətirəcəyik"

P.Ə.: Nəsimi müəllim, bir müsahibənizdə oxumuşdum ki, iş vaxtı siz özünüz də metrodan istifadə edirsiniz. Bir metro istifadəçisi kimi metroda sizi qane edən və etməyən məsələlər nələrdir?
N.P.: Əslində, qane edən çox şey var. Birinci növbədə rahatlıq. Yəni, stansiyalar yerləşən istənilən əraziyə vaxtında çatmaq mümkündür. Təbii ki, hər-hansı bir hadisənin baş verməsi istisnadır. Şəhərin bir başından digər başına heç bir maneə olmadan rahat gedə bilirsiniz. Təbii ki, Bakı Metrosunun çatışmazlıqları da çoxdur. Şəxsən bu müəssisədə işləyə-işləyə vəzifədə tuta-tuta mən özüm istər sərnişinlərlə, istər mediaya danışanda da bu nöqsanlardan danışıram. Bəli, bu gün pik saatlarda Bakı Metrosunda həddindən artıq sıxlıq olur. Son aldığımız üç qatarı nəzərə almasaq, istifadə olunan qatarlar SSRİ qatarı olduğundan, heç birində kondisoner, komfort yoxdur. Lakin həmin qatarların istismar müddəti başa çatmadığına görə, onları relslərdən çıxarıb yerinə yeni qatar yerləşdirə bilmirik. İmkan daxilində isə həmin qatarların təmiri zamanı, onlarda maksimum dərəcədə komfort yaratmağa çalışırıq. Yay aylarında qatarlarda kondisoner olmadığından, havalandırma ilə bağlı problemlər olur. Amma qatarlardakı normal hava temperaturu, bayırdakından yaxşıdır. Hətta bəzi sərnişinlər sərinləmək üçün stansiyalara daxil olurlar.

Biz metroda “təbii havalandırma” dediyimiz sistemdən istifadə edirik, yəni təmiz hava ventilyatorlarla içəri daxil olur. Sizi 100 faiz əmin edə bilərəm ki, bizim tunellərdə havanın tərkibi təmizdir, laborotoriyalarda havanın nəmini, temperaturunu, küləyin istiqamətini ölçən xüsusi cihazlar var. Burada insanların sağlamlığına mənfi təsir edəcək heç bir qüsur yoxdur. Yayda isə biz bayırdakı havanı içəri vura bilmərik, bu qadağandır, lakin havanın ventilyasiyasını təşkil edirik. Bizdəki kimi metro olan hər bir dövlətdə bu cür üsullardan istifadə olunur.

Gələcək üçün planlarımız var. Məsələn, bu il iki müasir tipli yeni qatarın alınması üçün müqavilə bağlamışıq, həmin qatarların hər ikisi rahatdır, kondisionerlidir. Zamanla biz metronu daha da müasir hala gətirəcəyik. Əvvəllər jeton var idi, müəyyən problem yaranırdısa, indi bütün ictimai nəqliyyat üçün vahid kart sistemindən istifadə olunur. Ola bilər ki, bu inişaf sürəti kimisə qane etmir, lakin bu məsələlər getdikcə öz həllini tapacaq.

P.Ə.: Bu gün sərnişinlər metroda hansı yenilikləri gözləməlidir?
N.P.: Əslində metrodan bu gün çox yenilik gözləmək lazım deyil. Metro nəqliyyat vasitəsidir. Yəni 20 qəpik ödəyib, istədiyin yerə gedirsən.

P.Ə.: Bizim metro digər dövlətlərə nisbətən daha innovativ görünür, sosial layihələrin keçirilməsi buna yaxşı nümunə ola bilər.
N.P.: Biz sosial layihələrə daxil olduğumuz üçün bir çox sürprizlər ola bilər. Lakin nəzərə almaq lazımdır ki, biz dövlət dotasiyası ilə, eyni zamanda ziyana işləyən bir təşkilatıq. Buna görə də bizdən hər-hansı bir qeyri-adilik gözləmək sadəlövhlükdür. Mən hər dəfə sərnişinlərə də bunu izah edirəm ki, Bakı Metrosundan bu qədər çox gözləntiniz olmasın. Ola bilsin ki, 2014-cü ildən bəri metroda vəziyyətin, informasiyanın daha çox olduğunu qəbul edirlər, buna görə də gözləntilər daha çoxdur, lakin dediyim kimi hər-hansı bir sehir gözləmək sadəlövhlük olardı. Əlimizdən gələni etməyə çalışırıq.

P.Ə.: Qeyd etdiniz ki, ziyanla işləyirsiz. Metropolitendə tarif şurasının artımı ilə bağlı hər-hansısa bir təklif olubmu? Və ya belə bir gözlənti varmı?
N.P.: Xeyr. Metropoliten əslində özü sosial bir layihədir. Yəni, Azərbaycan hökuməti metroya lazımi qədər dotasiya ayırır. Qiymətlər artırılsa belə, bu, bizim yox, birbaşa tarif şurasına aid olan bir məsələdir.

P.Ə.: Nəsimi müəllim, bir az da ölkə mətbuatı haqqında danışaq. Bu gün mətbuat xidməti rəhbəri olaraq, ölkə mətbuatını necə dəyərləndirirsiniz?
N.P.: Pis... Çox pis... Azərbaycan mətbuatı getdikcə daha da pisləşir. Belə deyək, başqa sahələrdə hər-hansı inkişaf qeydə alınırsa, Azərbaycan mətbuatında mən belə bir addım görməmişəm. Azərbaycanda mətbuat o dərəcədə pis vəziyyətdədir ki, jurnalistlər hətta öz saytlarını belə oxumurlar. Niyə oxumamağının səbəbini də deyim. Bu gün jurnalistə elə bir şərait yaradılıb ki, həmin jurnalist öz üzərində işləmək, hər-hansı bir araşdırma aparmaq, digər saytları, mətbuatı izləmək kimi bir məsuliyyəti öz üzərilərində hiss etmir. Mən jurnalistləri qınamıram, buna onun aldığı məvacib, göstərilən münasibət şərait yaradır. 1990-cı illərdə Azərbaycanda istənilən mövzuda danışıla biləcək jurnalistlər var idi. Çünki jurnalistin işi informasiya ilədir. Onlar fərqli mövzuda məlumatları, xəbərləri oxuyub araşdırırdılar, analiz edirdilər. Son zamanlarda isə bütün informasiya internet vasitəsilə yayılır, məlumat saytlarda paylaşılır. Jurnalist oturur kompüterin qarşısında, heç bir yerə getmir, çölə çıxmır və ondan tələb olunan informasiyanı başqa saytlardan kopyalayır, hətta başqasının araşdırdığı bir mövzunu oğurlayır. Elə baş redaktorlar var ki, öz işçilərinə deyir ki, sadəcə evinizdə oturun və gün ərzində mənə dörd beş informasiya verin kifayətdir. Buna görə də verdiyi məvacib də çox az olur. Buna görə jurnalist də hər-hansı bir məlumatı araşdırıb tapmaqda maraqlı olmur, belə bir şey istəsə belə bir məsələni araşdırıb sonuna qədər gedə bilmir. Çünki müvafiq qurumlar var ki, onlar jurnalistlər üçün həmin şəraiti yaratmırlar ki, jurnalistlər sorğu götürsün, bunun nəticələrini alsın, yəni hər biri bir-biri ilə bağlıdır. Şəxsən mən istəyərəm ki, konkret hər sahə də öz sahəsinin peşəkarı jurnalist olsun. Bu gün metrodan yazan jurnalist, sabah idmandan, iqtisadiyyatdan, pambıqdan, buğdadan, neftdən, avtobusdan yazır. Əgər onlar konkret bir sahənin mütəxəssisi olsalar, məsələn, iqtisadiyyat üzrə olan bir jurnalist həmin sahəni dərindən araşdırar.

Özümün də rastlaşdığım belə hadisələr var. Bura gələn jurnalistlər bəzən elə suallar verirlər ki, mən özüm utanıram. Lakin həmin jurnalistə qarşı alçaldıcı, təhqiredici hərəkət etmirəm. Mənim işim budur. Əgər jurnalistin verdiyi sual yanlışdırsa, həmin sualı normal hala salıb, cavab vermək lazımdır ki, o da öyrənsin. Gücüm çatdığı qədər əgər həmin jurnalistin də həvəsi varsa, onu öyrətməyə çalışıram. Bu gün BDU-nun jurnalistika fakültəsində o qədər də yaxşı jurnalistlər yetişdirmirlər.

"Azərbaycanda jurnalist elə işlədiyi müddətdə yetişir"

Nəsimi Paşayev: "Biz metronu daha da müasir hala gətirəcəyik"

P.Ə.: Sizcə, bunun əsas səbəblərindən biri də mətbuat rəhbərlərinin köhnə nəsil olması, onların yeniliyə qapalılığı ola bilərmi?
N.P.: Xeyr. Belə düşünmürəm. Çünki xüsusilə böyük saytların baş redaktorları gənc nəsildir. Hətta elə redaktorlar var ki, onların mətbuata nə vaxt gəldiyini belə görmədik. Hər-hansı yollasa, birbaşa redaktorluq vəzifəsinə gəliblər. Düzdür, yaşlı nəsil bir çox şeyə senzura qoyur. Sizi inandırım ki, onlar bayaq dediyim baş redaktorlardan daha insaflıdırlar. İlk olaraq təhsil lazımdır. Məsələn, Azərbaycanda jurnalistika təhsili verən ən köklü yer BDU jurnalistika fakültəsidir. Son zamanlarda orada müəyyən işlər görülür, məsələn, studiyaları var, radio verilişlər, “YouTube” kanalında yerləşdirmək üçün TV verilişləri çəkirlər, ayrı-ayrı redaksiyalara praktikaya göndərilirlər. Lakin bu, kifayət deyil. Hal-hazırda Azərbaycanda jurnalist elə işlədiyi müddətdə yetişir, ona görə deyirəm ki, dözümlü olmaq lazımdır. Jurnalistika fakültəsində metro nədir, eskalator nədir və s. kimi şeyləri öyrətmirlər. Ona görə də biz qarşılıqlı əməkdaşlıq şəraitində bütün bunları öyrətməyə çalışırıq.

P.Ə.: Bir çox ölkələrdə dövlət orqanlarında hər sahə üzrə xüsusi jurnalistlər olur. Məsələn, daxili işlər nazirliyində, hüquq mühafizə orqanlarında belə jurnalistlərə daha çox rast gəlmək olur. Bunun gələcəkdə metropolitendə də olmasını istəyərdinizmi?
N.P. Əgər onların məqsədi öyrənməkdirsə, metropolitenə müraciət edən istənilən jurnalistə biz bu şəraiti yaradarıq. Mənim birmənalı bir mövqeyim var: kimsə, xüsusilə jurnalistlər, əgər mənə nəsə öyrənmək üçün müraciət edirsə, mən qapılarımı onlara taybatay açıram. Təbii ki, təhlükəsizliyin qorunması məqsədilə müəyyən qadağalar var. Amma hər bir jurnalist utanmadan, çəkinmədən bizə müraciət edə bilər.

"Bir hadisə haqqında elə yazılar paylaşılır ki, hətta mən özüm oturub fikirləşirəm ki, ola bilərmi insan bu qədər dar təfəkkürlü olsun?.."

Aytac Abbasova: Bir mətbuat xidməti rəhbəri kimi işinizin ən çətin tərəfi nədir?
N.P.: İşimin ən çətin tərəfi yanlış informasiyanın verilməsidir. Məsələn, bir dəfə səhər metroda bir hadisə baş vermişdi. İşarəvermə avadanlığının birində problem olduğuna görə, qatarların hərəkətində ləngimə oldu və metroda həddindən artıq sıxlıq yaranmışdı. Təbii ki, mənim Mətbuat Xidməti rəhbəri olaraq ilk işim saatdından və məkanından asılı olmayaraq bu xəbəri ictimaiyyətə çatdırmaqdır. İnformasiya ilk olaraq doğru şəkildə bizdən çıxmalıdır ki, insanlar doğru şəkildə məlumatlandırılsınlar. 2014-cü ildən bəri həmişə çalışmışam ki, məlumatı çox operativ şəkildə ictimaiyyətə çatdırım, jurnalistlər də bu məlumatı götürüb, televiziya, qəzet və saytlarda paylaşsınlar. Məsələn, həmin hadisə baş verən kimi mənə məlumat daxil oldu. Mən yolda idim. Maşınımı saxladım və “Facebook” sosial şəbəkəsində informasiyanı paylaşdım. Baxmayaraq ki, mən artıq işə çatırdım, məlumatı gecikdirmədim. Təbii ki, informasiyanı paylaşandan sonra bəzi saytlar yazırlar, bəziləri zəng edib daha ətraflı məlumat almaq istəyirlər və ya müsahibə üçün gəlirlər. Müxtəlif vasitələrlə məlumatı paylaşıram. Canlı yayım açıram, video çəkib paylaşıram. Sosial şəbəkələrdə 24 saat aktivəm. Həmişə telefonum açıqdır. Çox iddialı bir şəkildə deyirəm ki, istənilən zaman yazıb cavab alına biləcək şəxsəm. Buna baxmayaraq bir çoxları zəng edib soruşmurlar, kimdənsə eşitdiklərinin ilk versiyanı yazıb saytlarda paylaşırlar. Məsələn, çox yaxın əməkdaşdıq etdiyimiz saytlardan biri belə bir məlumat paylaşır və görürsən ki, bunu bizim haqqımızda bilməyən, hadisəni araşdırmayan biri hadisəni küçədən eşidir və onu paylaşır. Təbii ki, belə halları aradan qaldırmağa çalışırıq. Buna baxmayaraq bizim heç bir KİV ilə problemimiz yoxdur. Məsələn, bizdə senzura yoxdur. Metroda hər-hansı bir hadisə baş veribsə, biz özümüz bu haqda məlumatı doğru şəkildə paylaşırıq. Tutaq ki, kimsə intihara cəhd etdi, relslərin üzərinə yıxıldı və ya qatarlar hər-hansı bir problemə görə gecikir...

Gün ərzində 700 000 sərnişin daşıyırıq, onları intizarda qoymaq olmaz. Tək xahişimiz budur ki, hadisələri başqa-başqa yerlərə yozub, şişirtməsinlər. Bir hadisə haqqında elə yazılar paylaşılır ki, hətta mən özüm oturub fikirləşirəm ki, ola bilərmi insan bu qədər dar təfəkkürlü olsun?..

Nəsimi Paşayev: "Biz metronu daha da müasir hala gətirəcəyik"

P.Ə.: Nəsimi müəllim, bizim saytımızın əsas oxucuları gənclərdir. Sizin sosial şəbəkədəki paylaşımlarınızda da görürük ki, PR işləyən insanlardan narazılığınız var. Bu sahədə çalışmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?
N.P.: İlk olaraq təhsil almaq lazımdır. Cem Yılmazın da bir sözü var: “Təhsil mütləqdir”. Mən Ankara Universitetinin Radio və Televiziya Jurnalistika fakültəsini bitirmişəm. Orada İctimaiyyətlə Əlaqədar şöbəsi ilə bağlı təhsil almışam, dərslərdə iştirak etmişəm. Yəni bu sahədə işləmək istəyirsənsə, daimi olaraq oxumalısan, düşünməlisən, analiz etməlisən. Azərbaycanda həddindən artıq PR mütəxəssisi var. Amma baxanda görürsən ki, onlar PR mütəxəssisi ilə reklam verəni, marketinqi qarışdırırlar, bunun da səbəbi təhsilsizlikdir. Azərbaycanda hal-hazırda ictimai əlaqələrlə bağlı hər-hansı bir ali təhsil ocağı yoxdur. İnsanlar ya onlayn olaraq bu sahəni öyrənir, ya da başqa sahə üzrə oxuyub bu sahədə çalışırlar. Bu sahə həddindən artıq qəliz sahədir. Burada ən çox nəzər yetirilməli olan məsələ böhran vəziyyətindən çıxmaqdır. Hər bir müəssisənin böhran vəziyyətinə düşəcəyi an var. Həmin böhranlı vəziyyətdə hadisədən ən az zərərlə çıxa bilmək üçün nə edəcəyinə əvvəlcədən hazırlaşmaq lazımdır. Bunun üçün isə oxumaq, bu işi dərindən bilmək və hər cür vəziyyətə hazırmaşmaq lazımdır. Metropoliten dövlət qurumu olduğu üçün bizim həm də daxili məsuliyyətimiz var. Yenə də vurğulamaq istəyirəm ki, əsas təhsildir.

P.Ə.: Bəs bu sahə üzrə müəyyən tədbirlər, dərslər olsa, siz bir mətbuat xidməti rəhbəri kimi bu tip sosial layihələrdə iştirak etmək istəyərdinizmi?
N.P.: Əlbəttə ki, istəyərəm. Bu gün cəmiyyətimizdə treninqlərə də qəribə baxmağa başlayıblar. Lakin kimsə hansısa bir sahə üzrə biliklərə malikdirsə, bunu paylaşmasına normal baxmaq lazımdır. Əgər kimsə məni bu sahə ilə bağlı açıq müzakirələrə dəvət etsə ki, gəlin bu sahədə təcrübə və biliklərinizi bizimlə bölüşün, mən hər zaman buna hazıram.

A.A.: Son olaraq Azərbaycan gəncinə hansı məsləhətləri verərdiniz?
N.P.: Oxusunlar... Bununla bərabər, bir işin qulpundan yapışsınlar. Neqativlərə çox köklənməsinlər. Bu gün bizim gənclərimizin bir neçə problemi var. Səhər tezdən yuxudan oyanır, sosial şəbəkənin üstünlüyündən istifadə etmək yollarını düşünür – “gedim görüm harda səhv tapıram, həmin adamı söyüm”. Əgər o, başqa sahələrə ayırdığı vaxtı öz sahəsinə, təcrübəsinə ayırsa, daha yaxşı olar. Amma bu adam “H.Aslanov”dan minir metroya deyir ki, “Elmlər Akademiyası”na qədər gedim görüm yolda nə tapıram. Sonra da bir status yazıb Nəsimi Paşayevi ora işarələyim. Halbuki o adamın həmin müddət ərzində daha faydalı işlərlə məşğul olmağa kifayət qədər vaxtı var. Bundan əlavə olaraq, məsələn, bizim müəssisədə tez-tez işə qəbulla müraciətlər olur. Ən çox qarşılaşdığım və narazı qaldığım məsələlərdən biri budur: adam universiteti bitiri, ATU, Memarlıq və İnşaat və ya Neft Akademiyasını... Diplomunda yazılıb ki, sən mühəndissən. Heç bir təcrübəsi yoxdur və gəlir müraciət edir ki, işləmək istəyirəm. İşləmək istəyirsən, çox gözəl. Buyur çilingər işlə. Deyir ki, mən niyə çilingər işləməiliyəm, mühəndisliyi bitirmişəm, mühəndis işləmək istəyirəm. Ola bilər ki, sən mühəndisliyi bitirmisən, amma mühəndislik təhsilin yoxdur. Gənclərimiz ən qısa vaxtda varlanmaq istəyirlər. Halbuki hər-hansı bir vəzifəyə dişi və dırnağı ilə qazaraq gəlib çıxmaq, o insana daha çox uğur gətirə bilər.

Metropolitendə demək olar ki, bütün sahələrdə müəyyən pillələr var. Tutaq ki, sən maşinist olmaq istəyirsən. Maşinist olmaq üçün ilk olaraq çilingər olmalısan. Çilingər həmin sahənin fəhləsidir. Bu adam qatarın bütün detalları ilə tanış olur, təkər cütü, kabel, oturacaq nədir, onu bilir. Çünki bu adam ustanın yanında çilingər olaraq işləyir, qatarın altından girir, üstündən çıxır. Baxmayaq ki, həmin adam Dəmiryolu Liseyini maşınist olaraq bitirib... Səmimi deyəcəm ki, bu liseyi bitirən və işə qəbul imtahanı üçün gələn insanların bir çoxu liseyin harda yerləşdiyini bilmirlər. Gəlib bütün bu detalları öyrənəndən sonra bizdə maşinistlik üzrə yenidən kurs keçməyə başlayır, praktiki və nəzəri imtahan verəndən sonra artıq bu sahə üzrə işləməyə başlayır. Təbii ki, birbaşa maşinist olaraq işə başlamır. Əvvəlcə o, bütün yolları tanımalı, yaranacaq situasiayalardan çıxmalıdır. Artıq bir neçə ildən sonra maşinist olub, yaxşı maaş ala bilər.

Gənclərə tövsiyə edirəm ki, aşağı səviyyədən başlamaqdan qorxmasınlar. Xüsusilə tələbə olarkən, könüllü fəaliyyət ilə məşğul olub, pulsuz işləsinlər. Bu, onların gələcək karyeralarına böyük təkan verəcək.
Pünhani Əsgərli
Aytac Abbasova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti