Atatürkün "Nutuk" kitabından 17 önəmli sitat

18-03-2018, 12:23
Oxunub: 512
"Yemək yeyərkən "əfəndilər, sabah cümhuriyyəti elan edəcəyik!" dedim"


Bu gün Çanaqqala zəfərinin 103-cü ili tamam olur. 1915-1916-cı illərdə Çanaqqala yarımadasında Osmanlı İmperatorluğu ilə Antanta dövlətləri arasında Birinci dünya müharibəsi zamanı dəniz və quru döyüşü olub. Müttəfiq dövlətlər Osmanlı İmperatorluğunun paytaxtını ələ keçirərək, İstanbula və Çanaqqala boğazına nəzarəti öz əlinə götürüb Rusiya ilə təhlükəsiz qida və hərbi təchizat yolu açmaq və Almaniyanın müttəfiq dövlətlərindən birini sıradan çıxarmaq üçün hücuma ilk olaraq Çanaqqala boğazından başladılar. Ən güclü hücumlar martın 18-də başladı, elə həmin gün də müttəfiqlər ağır itki verərək dənizdən hücum etmək fikrindən daşındılar. Məhz bu gün də Çanaqqala zəfərinin başladığı gün hesab olunur.

Çanaqqala zəfərindən sonra Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamalın xalq və ordu içində nüfuzu artır. Lakin Osmanlının müharibəsi Çanaqqala ilə bitmir. Birinci dünya müharibəsində məğlub olan Osmanlı Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına başlayır və Türkiyə Cümhuriyyəti qurulur.

Mustafa Kamal Atatürk "Nutuk" (Nitq) kitabında deyir: "Yanında böyük Almaniya, Avstriya-Macarıstan varkən məğlub olduğun Antanta ölkələrinə qarşı mübarizə aparmaq ağılsızlıq sayılırdı... Bizim məsum xalqımızı əsir etmək istəyən düşmənlərimizi məğlub edəcəyimizə olan inamım bir dəqiqə də olsa sarsılmayıb".

* * *

O zamanın şərtlərinə görə “əfəndilər, sabah cümhuriyyəti elan edəcəyik” sözlərini demək belə çətin idi. İnsanlar bir rəhbərin idarəetməsinə öyrəşmişdilər. Özü-özünü idarəetmə fikri onlara qəribə görünürdü. Ancaq Atatürk bu fikri təklif etməklə yanaşı, onu həm də daxildəki və xaricdəki bədxahlara qarşı ən yaxşı şəkildə həyata keçirdi.

Etatist.com Atatürkün cümhuriyyətin quruluşuna qədərki çətinliklərini ifadə edən, “Nutuk” kitabında yazılan 17 önəmli fikri təqdim edir:

1. Əfəndilər, sevgili xalqıma tövsiyə edirəm ki, qoynunda yetişdirərək böyütdüyü və başının üstünə çıxaracağı adamların qanındakı, vicdanındakı cövhərləri çox yaxşı təhlil etmək mövzusunda diqqətli olsun.

2. Əlbəttə ki, Osmanlı xanədanlığının və səltənətinin davam etdirilməsinə çalışmaq türk millətinə qarşı ən böyük pisliyi etməkdir. Çünki millət hər cür fədakarlığı gözə alaraq müstəqilliyini qazansa da, səltənət davam edəcəyi təqdirdə bu istiqlala qazanılmış gözü ilə baxmaq olmazdı. Artıq vətənlə, millətlə heç bir vicdan və fikir əlaqəsi qalmamış bir neçə dəlinin dövlət və millətin istiqlalının, heysiyyətinin müdafiəçisi qismində görünməsinə necə göz yumula bilərdi?

3. Başlıca prinsip türk millətinin heysiyyətli və şərəfli millət olaraq yaşamasıdır. Bu prinsip ancaq tam istiqlala sahib olmaqla gerçəkləşdirilə bilər. Nə qədər bolluq və zənginlik içərisində olursa-olsun, istiqlalı olmayan bir xalq mədəni insanlıq qarşısında kölədən daha yaxşı rəftara layiq görülə bilməz.

4. Aciz və qorxaq insanlar hansısa fəlakət qarşısında millətin də ruh düşkünlüyünə sürüklənməsinə və bir kənarda səssiz qalmasına səbəb olur.

5. Mütləq müstəqillik əlbəttə ki, siyasət, iqtisadiyyat, maliyyə, məhkəmə, hərbi xidmət, yəni bütün sahələrdə tam azadlıq deməkdir. Sadalanan xüsusiyyətlərdən biri olmasa bu, o deməkdir ki, xalqın, ulusun istiqlalında çatışmazlıq var.

6. Ədalət dilənməklə, başqalarının sənə acımasını gözləməklə xalq işləri, dövlət işləri görülməz, xalqın və dövlətin qüruru, istiqlalı güvəndə olmaz.

7. Lozanna sülh müqaviləsi türk xalqına qarşı yüz illər əvvəldən hazırlanmış və Sevr sazişi ilə tamamlandığı zənn edilən sui-qəsdin süqutunu bildirən sənəddir. Osmanlı tarixində bənzəri görülməmiş siyasi zəfərdir.

8. İsmət Paşadan sonra rəhmətlik Əbdürrəhman Şərəf bəyin çıxışında bu sözlər də vardı. “Hökumət quruluşlarının sayılmasına ehtiyac yoxdur. Hakimiyyət qeyd-şərtsiz xalqa məxsusdur. Kimdən istəyirsiniz soruşun, bunun adı cümhuriyyətdir. Doğulan uşağın adıdır. Amma bu addan kimlərinsə xoşu gəlmir. Qoyun gəlməsin!”

9. Qurtuluş çarəsi axtararkən İngiltərə, Fransa, İtaliya kimi böyük dövlətləri narahat etməmək təməl prinsip olaraq qəbul edilirdi. Hər kəsdə bir fikir formalaşmışdı ki, bu dövlətlərin heç birinə müqavimət göstərmək olmaz. Onların fikrinə görə Osmanlı dövlətinin yanında böyük Almaniya, Avstriya-Macarıstan varkən hamısını birdən məğlub edən Antanta ölkələrinə qarşı yenidən mübarizəyə başlamaqdan daha böyük məntiqsizlik, ağılsızlıq ola bilməzdi. Bu zehniyyətdə olan sadəcə xalq deyildi. Xüsusilə seçilmiş, aydın hesab olunan insanlar da belə düşünürdü.

10. İstanbul artıq Anadoluya hakim deyil, ondan asılı olmaq məcburiyyətindədir.

11. Əfəndilər, bizim məsum xalqımızı əsir etmək istəyən düşmənlərimizi məğlub edəcəyimizə olan inamım bir dəqiqə də olsa, sarsılmayıb. Bu dəqiqə bu inancımı ali məclisinizə, bütün xalqa, bütün dünyaya elan edərəm.

12. Müdafiə xətti yoxdur, müdafə sahəsi var. Və o sahə bütün yurddur. Vətənin hər qarış torpağı vətəndaşın qanıyla islanmadıqca, düşmənə təslim edilə bilməz.

13. Hakimiyyət qurulması barəsində bunları nəzərdə tutmaqla bərabər, əsl məqsədi qoruyan təklifi yazılı olaraq məclisə təqdim etdim. Qısa zaman kəsiyində baş verən fikir ayrılığının yekun nəticəsinə əsasən bu təklifə nəzər yetirildikdə əsas prinsiplərin aşağdakılardan ibarət olduğu görünür:

Hakimiyyətin qurulması vacibdir.
Müvəqqəti dövlət başçısı və yaxud padşah nümayəndəsi təyin etmək olmaz.
Türkiyə Böyük Millət Məclisindən ali güc yoxdur.

Qeyd: Xəlifə-padşah təzyiq və məcburiyyətdən xilas olduğu andan etibarən Məclisin təyin edəcəyi hüquqi prinsiplər daxilində öz yerini tutar.

Cənablar, bu prinsiplərə söykənən hakimiyyətin xüsusiyyəti asanlıqla başa düşülə bilər. Bu, milli iradəyə dayanan xalq hakimiyyətidir - cümhuriyyətdir.

14. Sözügedən vəzifə artıq rəsmi məqam və formaya sığınaraq icra edilə bilməz. Millətin haqqı naminə səslənərək, bütün millətin bu səsə qatılmasını təmin etmək lazımdır.

15. Hər gün Nazirlər Heyətinin əsassız səbəblərlə nizamlı şəkildə işləməklərinə maneçilik yaradıldığını gördükdə uyğun zaman gözlədiyim bir fikri yerinə yetirmək vaxtının gəldiyini dərk etdim. Kəmaləddin Sami Paşa və Xalid Paşanı axşam yeməyinə çağırdım. İsmət Paşa ilə Milli Müdafiə Naziri Kazım Paşaya və Fəthi bəyə də mənimlə birlikdə gəlmələrini söylədim. Çankayada məni görmək üçün gözləyən Rizə millət vəkili Fuat və Afyon millət vəkili Ruşen Əşrəf bəyləri də yemək masasına dəvət etdim.

Yemək yeyərkən "əfəndilər, sabah cümhuriyyəti elan edəcəyik!" dedim

16. Əfəndilər, yüzillərdən bəri Şərqdə haqsızlığa, xaosa məruz qalmışıq. Türk xalqı təbiətən malik olduğu üstünlüklərdən məhrum edilmişdi. Xalqımız sahib olduğu xüsusiyyətləri və bacarıqları hökumətin yeni adı ilə mədəni dünyaya daha asan göstərə biləcək. Türkiyə Cümhuriyyəti dünyadakı yerinə layiq olduğunu bacaracağı işlərlə sübut edəcək.

17. Dəyərli əfəndilər, günlərlə vaxtımızı alan uzun və detallı sözlərim nəhayət tarix olmuş bir dövrün hekayəsidir. Burada millətim və gələcək uşaqlarımız üçün diqqət və sayıqlıq yarada biləcək şəkildə nöqtələri müəyyənləşdirə bilmişəmsə, özümü xoşbəxt sayacam. Burada dediklərimlə milli mövcudiyyəti sona çatmış sayılan böyük bir millətin müstəqilliyini hansı yolla qazandığını; elm və texnikanın ən son qanunlarına söykənən milli və müasir bir dövləti necə qurduğunu anlatmağa çalışdım. Bu gün çatdığımız nəticə, yüz illərdən bəri həyata keçirilən milli məhvin yaratdığı şüurun və bu əziz yurdun hər qarışında axan qanların qarşılığıdır. Bu nəticəni türk gəncliyinə əmanət edirəm.

Ey türk gəncliyi! Birinci vəzifən türk istiqlalını, Türk Cümhuriyyətini daim mühafizə və müdafiə etməkdir. Mövcudiyyətinin və istiqbalının yeganə təməli budur. Bu təməl sənin ən qiymətli xəzinəndir. Gələcəkdə belə səni bu xəzinədən məhrum etmək istəyəcək daxili və xarici bədxahlar olacaqdır. Bir gün istiqlal və cümhuriyyətini müdafiə etmək məcburiyyətində qalsan, vəzifəyə atılmaq üçün içində olacağın vəziyyətin imkan və şəraitini düşünməyəcəksən! Bu imkan və şərait çox namünasib bir mahiyyətdə təzahür edə bilər. İstiqlal və cümhuriyyətinə qəsd edəcək düşmənlər, bütün dünyada misli görünməmiş bir qalibiyyətin təmsilçisi ola bilərlər. Zor və hilə ilə müqəddəs vətəni, bütün qalaları zəbt edilmiş, bütün limanlarına girilmiş, bütün orduları dağıdılmış və məmləkətin hər tərəfi işğal edilmiş ola bilər. Bütün bu şəraitdən daha pis və dəhşətli olmaqla ölkənin daxilində iqtidara sahib olanlar qəflət və dəlalət, hətta xəyanət içində ola bilərlər. Hətta bu iqtidar sahibləri şəxsi mənfəətlərini, işğalçıların siyasi əməlləri ilə tövhid edə bilərlər. Millət yoxsulluq içində bitkin düşmüş ola bilər.

Ey türk istiqbalının övladı! Bax, bu əhval və şərait içində belə vəzifən türk istiqlal və cümhuriyyətini xilas etməkdir. Möhtac olduğun qüdrət damarlarındakı əsil qanda mövcuddur!

Mustafa Kamal Atatürk
20 oktyabr 1927-ci il
Tərcümə: Nicat Həşimzadə
Mənbə: "Onedio", "Star", "Posta", "Nutuk"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti