Anti-dövlət təbliğatının aparılmasına kim rəvac verir... - FAKT

17-03-2018, 03:32
Oxunub: 58484
"Milli Fikir Mərkəzi nə mənim, nə başqasının ambisiyasının ünvanı olmayıb"


Qarşıdan prezident seçkiləri gəlir. Ölkə gündəmində əsas iki məsələ dayanıb: xaricdə yaşayan azərbaycanlıların anti-dövlət təbliğatı və ölkə daxilində buna qarşı effektiv heç nə edilə bilinməməsi, yaranan kampaniyanın ölkə daxilinə sirayət etdirilməsi. Belə bir vaxtda daha bir problemin yaradılma cəhdlərinə şahid oluruq.

Hədəf Milli Fikir Mərkəzidir - müstəqil dövlətçiliyimizi, dünyanın bütün dövlət fəlsəfələrinin nümunələrini ölkə gəncliyinə anladan təşkilat. Hər şey ondan başlayır ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Milli Fikir Mərkəzinin dəvəti ilə özünün müəllifi olduğu kitabın təqdimatında iştirak etmək üçün Bakıya gəlir.

Xanım Rulofsun səfəri Azərbaycanın bütün dövlətçilik təsislərinə hörmət və ehtiramla müşayiət edilir. Kitabın təqdimatında isə xanım Rulofs artıq hamıya bəlli olan bəyanatını verir: “Gürcüstan 2008-ci ildə işğal edilərkən Azərbaycan dövlət başçısı və ailəsi bizi müdafiə edib”.

Anti-dövlət təbliğatının aparılmasına kim rəvac verir... - FAKT

Ölkəmizin geopolitik anlayışını, əhəmiyyətini göz önünə sərən bir bəyanatdır. Hamımız, bütün Azərbaycan dünyanın demokratiya simvolu sayılan şəxslərindən birinin xanımının dilindən ölkə başçısı tərəfindən aparılan xarici siyasətimizin ədalətli mövqeyini bilir, öyrənirik. Həm də indiki məqamda - Avropada Azərbaycana qarşı aparılan kampaniyaların fonunda. Bundan sonra isə bizə, yəni Milli Fikir Mərkəzinə problemlər yaradılmağa başlanır.

Proses ilk olaraq xəbərlərdən ümumiyyətlə Milli Fikir Mərkəzinin adının silinməsi ilə başlanır. Bu gün ölkə mətbuatını tək əldə saxlamağa çalışan qüvvəyə yaxınlığı ilə bilinən ölkənin ən tirajlı qəzeti isə başqa bir xəttin nəzarətində olan sayta istinad verir. Reaksiyalar veririk... Ölkənin ən tirajlı mediası bizə etiraz edib, “niyə istinad etdiyimiz sayta etiraz etmirsiniz” deyərək xəbəri ümumiyyətlə silir. Onda anladım ki, bizi əslində medianı əlində saxlayan qüvvə başqa bir xəttin üstünə göndərmək istəyirmiş. Birinci istinad mənbəyi olan sayt isə iradlarımızdan sonra operativ şəkildə xəbərləri düzəldir. Deməli əslində kimsə bizi öz rəqibinə qarşı irəli vermək istəyirdi. Oyunu birinci burada pozduq.

MFM-in daxilində ajiotaj cəhdləri

Biz bu məsələni təzəcə bitirmişdik ki, daxilimizdən bir nəfər, ardınca ikinci şəxs təşkilatımızdan çıxdığını bəyan edir. Dərhal bunun kampaniya olub Milli Fikir Mərkəzinin daxilində ajiotaj yaradaraq təşkilatı nüfuzdan salmaq cəhdi olduğunu anlayırıq. Təşkilatı buraxırıq və kim yenidən MFM-ə qayıtmaq istəyirsə, yenidən bizə müraciət etsin deyirik. Qayıdanlar da olur, qayıtmayanlar da. Birdən qayıtmayanlar “facebook”-da MFM-dən çıxdıqlarını və bir daha heç bir təşkilatın üzvü olmayacaqlarını yazmağa başlayırlar. Deməli daxildə edə bilməyə macal tapmadıqlarını bu səfər ictimaiyyətə çatdırmağa çalışırlar. Kampaniya başlayır. Ən maraqlısı isə bu olur ki, əsas olaraq MFM-in strukturları, yəni bilinən tərəflər hədəf alınır ki, hamıya “MFM-dən çıxanlar bəlli olsun”. Oturub izləyirik. Bu dəfə MFM-ə heç vaxt üzv olmayan insanlar MFM-lə əlaqələrini kəsdiklərini qeyd edib bundan sonra açıq şəkildə bizi etmədiyimiz şeylərdə ittiham etməyə başlayırlar. Yəni kampaniya dayanmır. Əksinə fon verilib böyüdülməyə başlanılır. Bundan sonra MFM-in “qeyri-ciddi təşkilat olması” propaqandasına start verilir. O, zaman birinci yazını yazıb yayımladıqdan sonra proses sosial şəbəkədə dayanmağa başlayır. Deməli artıq düz nöqtədəydik.

İndi qayıdaq əsas hədəf alınan üç struktura.

MFM-in idarə heyəti. Təşkilatın üzvlərlə ən çox ünsiyyət quran orqanı idi. İdarə heyətinin hər bir üzvünün vəzifəsi bu idi.

MFM-in Etatizm Akademiyasının direktoru (tərcümə etdiyimiz kitabların arxasında etatizm akademiyası yazılır). Açıqlama verim. Etatizm - dövlətçilik deməkdir. Yəni üstümüzə gələn qüvvə gənclər arasında dövlətçiliyin təbliğ edilməsini istəmirdi. 6 illik fəaliyyətimiz müddətində daimi olaraq dövlət fəlsəfəsini, hüquq və dünyanın dövlət hüququna dair ən mükəmməl nümunələrini Azərbaycan gəncliyinə təqdim etmək istəmişik. Bacarmışıq da. Müstəqil, suveren dövlətçiliyimizin əhəmiyyətinin gənclər arasında yayılmasına çalışmışdıq.

“Pazrap” (Azərbaycanın ən böyük rep video-bloqu).

Fakt...

1. Aylar əvvəl bir hadisə olmuşdu. Açıb-ağartmaq istəmirdim, amma məcburam. “Niyə bu küçədə dayanmısan?” deyə bizim gənclərə qarşı provokativ bir hadisə baş verir. Tərəf müqabillərindən biri MFM idarə heyətinin üzvü və mənim müavinim olur. Hadisə tamamilə provokativ şəkildə başlayır və sonradan başqa məcraya gedir. Cinayət işi açılır. Sonra müstəntiq dəyişilir və bu dəfə qarşı tərəf şahid qismində olan idarə heyətimizin üzvü və müavinimə qarşı iddialar qaldıracağını deyir. Bu işin getdiyi əraziyə rəhbərlik edən İsfəndiyar Mehbalıyevdir (Yasamal Rayonu Polis İdarəsinin rəisi). Kimin qohumudur? Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun. Təşkilatdan çıxan MFM-in idarə heyətinin üzvü həmin bu olayda adı çəkilən şəxsdir.

2. MFM-in Etatizm Akademiyasının direktoru hələ çıxmamışdan əvvəl mənə bildirmişdi ki, “QarabagNews” informasiya agentliyi adında mətbuat qurumu yaradılır və “facebook”-da bir nəfər bizi çoxdan izlədiyini deyən şəxs ona iş təklifi edib. İş həmin yaranacaq saytın sosial şəbəkədə səhifələrini idarə etməkdir. Hal-hazırda elə orada işləməyə davam edir. Kimin nəzarətində olan saytdır? Bildiyim qədəri ilə Mətbuat Şurasının sədr müavini Ümid Rəhimoğluna yaxındır. Hansı xəttdir? Əli Həsənov.

Əslində bütün bu olayların gedişində qətiyyən ağlıma bu isim gəlməmişdi. Amma bundan sonra cərayən edən hadisələri təhlil etdikcə ancaq və ancaq bu qərara gəldim.

3. Etatizm Akademiyasının direktorunun müavini bir partiyanın sədrinin oğludur. Mövzu da ictimai-siyasi məsələlər olduğu üçün yenə Əli Həsənov.

4. Oturub dərindən təhlil edəndə görürsən ki, son tədbirin işıqlandırılmasını "azvision.az" və "APA" TV-dən başqa heç kim mahiyyətinə varılacaq qədər verməyib. Media kimin kurasiyasındadır? Əli Həsənovun. Elə hadisələr də bundan başlamışdı.

5. Sonuncu hadisə isə ümumiyyətlə tam açıq məsələdir. Deməli MFM-in idarə heyətinin başqa bir üzvü, konkret olaraq Abbas Mübarizə bir yaxını vasitəsi ilə çıxırlar və ona Qarabağ haqqında sayt sifariş vermək istədiklərini deyirlər. Təklif edən tərəf AGAT-ın (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı) indiki rəhbəri Lalə Mehdiyeva... AGAT-ı kim yaradıb? Gülsel Səfərova. Harada işləyir? Əli Həsənovun yanında.

6. MFM-in üç strukturunun görünən simalarının statuslarından sonra prosesə qarışan, ümumiyyətlə MFM-in üzvü olmayan şəxslər isə “facebook”-da aylardır xeyrindən daha çox dövlətin nüfuzuna ziyanı olan “troll”ların işi ola bilər? Ola bilər. Kimin kurasiyasındadır? Vüqar Əliyevin. Əli Həsənovun köməkçisinin.

Məsələ artıq mənim üçün aydın olmağa başlamışdı. Bütün bu yolların hamısı bir şəxsə - prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova aparırdı. Amma biz nə etmişdik ki, bu qədər böyük bir qəzəbə tuş gəlmişdik?

Anti-dövlət təbliğatının aparılmasına kim rəvac verir... - FAKT

Bizi niyə cəzalandırırlar?

Yenidən qayıdırıq prezident və I vitse-prezident haqqında Avropada bu gün əks kampaniya aparıldığı vaxtda bütün Qafqaz üçün əhəmiyyətinin vurğulandığı sözlərin deyildiyi tədbirə. Bizi cəzalandırırlar. Çünki ictimai fəaliyyət tariximizin ən ciddi addımlarından birini atmışdıq. Bütün maneələri aşmışdıq. Həm də səs-küy salmadan, neqativ hadisələri ağartmadan. Halbuki məsələn,  Sandra Rulofsla baş tutacaq gənclərin görüşü və mətbuat konfransı üçün əvvəlcədən “Caspian Plaza” ilə razılaşdırsaq da, tədbirə bir gün qalmış anidən “təmir olacaq” deyə səbəb gətirib buna mane olmaq istəyirdilər. Amma biz bunu qətiyyən ictimailəşdirmədik. Zatən məsələ də həll edildi. Sonradan məlum olmayan səbəbdən “təmir” ertələndi. Sakitcə mətbuat konfransımızı keçirdik. Biz heç vaxt Azərbaycanın adının neqativ çəkiləcəyi addım atmamışıq.

Bu yazını niyə yazdım?

12 gün gözlədim. Sonra isə məcbur qaldım. Əvvəlcədən statuslarda “bundan sonra heç bir təşkilatın üzvü olmayacağıq” bəyanatlarından hadisəyə guya siyasi qərar olduğu görüntüsü verilmək istənildiyinin fərqində idim. Gözümüzün qabağında təşkilatlar belə dağılıb. Amma bizim MFM-i buraxıb yenidən hər kəsin öz istəyi ilə təşkilata qayıtmasını elan etməyimiz prosesi pozdu. Çoxluq qayıtdı. Azlıq isə kampaniyaya davam etdi.

İndi bir sual qoyum: əgər bu kampaniya deyilsə, niyə mən birinci yazını yazanda bu gənclər bunu öz üzərinə götürdü? Mən heç indi də hansısa gəncin adını çəkməmişəm. Çəkmək fikrim də yoxdur. Ona görə ki, bu prosesin Azərbaycanda çox nümunəsi olub. Xüsusilə də media sektorunda. Hamıya bəllidir axı bu dəsti-xətt. Hansı gəncin media blokadası uyğulamaq gücü var? Heç birinin! Amma əgər bu gün bütün təşkilatı başqa bir dolanbaca, dövlət əleyhinə kampaniyaya qoşmaq niyyətini görürəmsə, deməli yazıb, hər şeyə aydınlıq gətirməliydim.

Bu yazını yazmağa qərar vermək səbəbim budur ki, indi artıq başqa təbliğat prosesinə başlayıblar. Və bu məni çox narahat edir. Adımızın xəbərdən çıxarılması, başqa bir xətdə olan sayta istinadən xəbərdə verilmədən tirajlanmasında olduğu kimi indi də MFM-i Azərbaycan dövlətinin simalarının dağıtdığı iddia olunur və yayılır. Həm də mənim ailə üzvlərimdən birinə qədər gəlib çıxa bilirsə, deməli vəziyyət ciddidir.

MFM-in gənclərindən birinin təşkilatdan bəyanat verib çıxan digər tərəflə yazışmasını təqdim edirik. Onun dediyinə görə bu sözləri MFM-dən çıxan şəxslərdən biri yazıb. Qeyd edək ki, onun yazısında dövlətin ali şəxslərinin adı çəkilir. Bu söhbəti nəzərə alıb gənclər arasında bu tip təbliğatın aparılma cəhdlərinə görə narahatıq və sözügedən yazışmanı şərhsiz təqdim edirik:

Anti-dövlət təbliğatının aparılmasına kim rəvac verir... - FAKT

Bizim bu yazışmanı daha ətraflı araşdırmaq üçün texniki imkanlarımız olmadığına görə maraqlanan istənilən tərəfə və aidiyyatı qurumlara əlimizdə olan bu sübut və dəlillərin orijinalını təqdim etməyə hazırıq. 

Əgər belə bir olay mənim evimə qədər gəlib çıxırsa, mən narahat olmalıyam, ya yox? Artıq bu gün mənə bəllidir ki, ölkə xaricində və daxilində dövlətin ali şəxslərini hədəf alan kampaniyalar aparılır. Və bu hadisə əgər evimin daxilinə qədər gələ bilirsə, deməli gəncləri bu yönə çəkmək istəyən qüvvə bunu etməkdə qərarlıdır. Mənim gücüm, hər hansı araşdırma vasitələrim və ya bu prosesin dayanması üçün əlimdə geniş səlahiyyətim yoxdur. Əvvəl də vurğulamışdım ki, əgər Azərbaycanın milli mənafeyi tələb etsə ki, MFM olmasın, olmayacaq. Bu gün artıq mən dövlət əleyhinə kampaniya aparan qüvvənin MFM-in gənclərini açıq şəkildə hara sürükləmək istədiklərini gördüm. Biz etatistik (dövlətçiyik) heç vaxt bu oyunlarda olmayacağıq. Bilərəkdən və ya bilməyərəkdən. Ortada bir fakt varsa, məsələnin ciddiliyini anlamaq o qədər də çətin deyil.

Milli Fikir Mərkəzi fəaliyyətini dayandırır

Ona görə də qərar verdik: Azərbaycan dövlətinə qarşı xaricdə, onun ardınca isə daxildə aparılacaq kampaniyaya gənclərin alət olmasının qarşısını almaq, dövlətin əleyhinə olan oyunların heç birində iştiraka təhrik edilməmək üçün MFM-i buraxırıq!

Bu kampaniya bu gün açıq şəkildə aparılırsa, illərlə Azərbaycanda maarifçilik işi aparan, kitab tərcümə edən, konsert, klip çəkilişləri təşkil edən təşkilat olaraq buna “yox” deyirik. Biz bu oyuna alət olmadıq və oyunu pozduq. Bundan sonra öz “troll”larınızla bizim üzərimizə gəlməyin. Bundan sonra MFM bu oyunda yoxdur, olmayacaq.

İllərlə “troll”ların hədəfində olmuşuq. Sonradan kimliklərini hamıyla bərabər biz də öyrənmişik ki, hara xidmət ediblər. Bütün tədbirlərimiz media tərəfindən blok edilib. Gənclərin ideoloji olaraq dövlətçilik prinsiplərinə sahiblənməsi üçün əməli fəaliyyət göstərmişik, ən ciddi əsərləri tərcümə etmişik. Dini və siyasi radikallığa qarşı əməli fəaliyyət göstərib cəmiyyətə yeniliklər təqdim etmişik. İllərlə bu "troll"lar bizə bu etdiklərimizə görə “hökumət maliyyələşdirir” təbliğatını aparıblar. Yalan idi. Bizi heç kim maliyyələşdirmirdi. İnanclarımız ideallarımız doğrultusunda bunları edirdik.

Milli Fikir Mərkəzinin bütün fəaliyyətlərinə baxmayaraq, gözləri ilə gördükləri halda haqqımızı danıblar. Etatist (dövlətçi) olduğumuz üçün dövlətə qarşı qəzəbi olan hər kəsin hədəfinə tuş gəlmişik.

Bu fəaliyyət bizim qazancımız deyildi. Biz hər addımımızda ölkəmizə bir yenilik gətirməyə çalışırdıq. İstəyirdik ki, gənclər həvəsdən düşməsin, yaradıcılıqla məşğul olsun. İstəyirdik ki, gənclərimiz cəmiyyətimizin inkişafında rol oynasın. Bu, heç vaxt biznes olmayıb bizim üçün. Onlarla gənc öz gözləri ilə çətinliklərimizin şahidi olub. Hamısı görüb MFM-in necə çalışdığını. Hamımız qorumağa çalışmışıq bu təşkilatı. İşıq kimi... Amma bu gün artıq bu işığı tamamilə söndürməyə cəhd görürəmsə, deməli dayanmalıyıq. Bizə qarşı oynanılan bu oyunların əsl, böyük təqsirkarının müəyyən edilməsini istəyirik. Çünki bizim Azərbaycandan başqa bir yolumuz olmayıb. Bu qədər gəncin haqqına girmək, çalışmalarına pərdə endirib, gəncləri çayxanalara göndərməyin adı dövlətçiliyə xidmət etmək ola bilməz. Küsmürük, incimirik...

Milli Fikir Mərkəzi nə mənim, nə başqasının ambisiyasının ünvanı olmayıb. Milli Fikir Mərkəzi hər zaman maarifçiliyin, dövlət fəlsəfəsinin məktəbi olub. Zatən necə ambisiya ola bilər ki? Pulla işləmişik? Qazanc əldə etmişik? Onlarla gənc hamısı özü qoruyub saxlayıb bu mərkəzi. Şahidləri isə yüzlərlədir. Hətta bu gün bizimlə bir yerdə olmayanlar belə.

Ümidvaram ki, yazdıqlarım bir az da olsa, qaranlıqları aydınlatmağa xidmət etdi. Mən atamdan vətən sevməyi öyrənmişəm. Bu sevgi isə bu gün dövlətçiliyimizə zərər ola biləcək hadisələrin qarşısında olmaqdır. Əlimizdən öz gücümüzlə yaratdığımız təşkilatı buraxmaq gəlir. Ağırdır. Çətindir. Amma Azərbaycanı sevməyin həm də onun gənclərinin beyninə yeridilmək istənən bu təbliğat zəhərini dayandırmaqdan keçdiyini düşünürəm. Hər şeyin dəyəri vaz keçdiyin qədərdir!

Son olaraq bir haşiyə çıxım: MFM-dən birinci çıxan şəxs Türkiyədə Orxan adında digər üzvümüzə yazıb ondan fikrini soruşur. O, isə səs yazısı atıb MFM-də qalacağını deyir. Həmin şəxs səs yazısını kiməsə göndərmək istəyəndə üstünə “Orxanın etatizmlə bağlı fikri” yazıb səhvən Orxanın özünə göndərir. Bax belə... Bu, kampaniya deyil, bəs nədir? Həmin "screenshot"ları təqdim edirik:

Anti-dövlət təbliğatının aparılmasına kim rəvac verir... - FAKT

Şəhriyar Məcidzadə
Etatist.com


 Etatist.com-dan qeyd: Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər : 2 Şərh yaz
Əziz İbrahimov 17 mart 2018 14:21  

Mən Şəhriyarı Kiyevdə tələbə olduğum zamanı tanımışam. Elə o zamanlardan Azərbaycan üçün çalışmaqdan danışırdı, vətən sevgisindən onun üçün canından keçməyə hazır olmağı təbliğ edirdi. Mən ona həmişə deyirdim ki, Azərbaycanda sənin kimilərə heç vaxt qiymət verilməyəcək, əksinə sənin kimiləri əzməyə çalışacaqlar. Azərbaycanda vətəni sevənlərə yer vermirlər, amma o mənimlə heç vaxt razılaşmırdı və deyirdi ki vətəni qarşılıq gözləmədən sevmək lazımdır. Biz institutu bitirəndə Şəhriyara dedim ki, qal Kiyevdə burda imkanın, işin və gələcəyin var, amma o mənə qulaq asmadı və qayıtdı Bakıyə. O zamandan artıq 9 il keçib, bu qədər vaxtdan sora mən heyif ki, haqlı çıxdım qardaş. Şəhriyar bilirəm yenə də razılaşmayacaqsan, yenədə deyəcəksən ki, vətəni qarşılıqsız sevirsən, vətəndən küsməyəcəksən. Bilirəm heç mənim bu şərhimi də saytda qoymaq istəməyəcəksən, amma xahiş edirəm qardaşlıq naminəmiz üçün silmə, qoy görünsün...

Elmar 17 mart 2018 23:47  

Men bir defe tedbirlerin birinde istirak ederken Sehriyar Mecidzadenin danisigina diqqet etdim ve o gun butun gunu dusundum mene maraqli gelmisdi veteni Azerbaycani bu qeder seven insan var idi. ancaq butun bunlara baxmayaraq bu qeder engeller cixarirlar kimler ne ucun Azerbaycani seven Azerbaycani sefaletden qurtarmaq istyen insanlari engelleyir. Acinacaqli bir veziyyetdir olkede hecne yolunda getmir hec kes taleyine geleceyine sahib cixmaq istemir. Umid edirem ve cox isteyirem ki butun problamler cozumunu tapsin.  

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti