"Hamını bir-birinə qarşı qoyub "ortaya çıxan xilaskar" obrazı yaratmaq istəyirlər"

16-03-2018, 05:11
Oxunub: 5362
"MFM-in "dağıdılmasını" başqa məmurların həyata keçirdiyini iddia edib, gənclərimiz arasında bu təbliğatı yayıblar"


Gürcüstanın sabiq birinci xanımı Sandra Rulofsun Milli Fikir Mərkəzinin dəvəti ilə Azərbaycana gəlib təşkil olunan kitab təqdimatında Azərbaycanın bölgədəki rolu, 2008-ci ildə Prezident İlham Əliyev və ailəsi tərəfindən Gürcüstanı işğaldan müdafiə etdiyinə dair verdiyi bəyanatlardan sonra Milli Fikir Mərkəzinə qarşı hücumlar bitmək bilmir. 

Belə ki, ötən həftənin gündəmi Milli Fikir Mərkəzinin mətbuatda təşkilatçı kimi inkar edilməsi, Sandra Rulofsun çıxışının yayınlanmaması idisə, həftə içində Milli Fikir Mərkəzinin daxilində “çaxnaşma” yaratmaq, mərkəzi “qeyri-ciddi təşkilat” kimi nüfuzdan salmaq cəhdləri sosial şəbəkədə görünməyə başladı. Bu məsələlərə dair daha ətraflı məlumat almaq və nə baş verdiyini oxucularımıza təqdim etmək üçün Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadəyə müraciət etdik. 

Etatist.com həmin müsahibəni təqdim edir: 

- Şəhriyar bəy “facebook”da statusunuzda qeyd etmisiniz ki, “5-ci kolon” MFM-ə qarşı hücuma keçdi. Sonra elə bu başlıqla da yazı yazmışdınız. Nə baş verir?
- Ötən həftə təşkil etdiyimiz tədbirin təşkilatçısı olaraq MFM-in adının mediada silinmə səbəblərinə dair məsələlərə toxunduqdan sonra sözügedən məsələlərlə bağlı obyektiv qərarlar alındı və bu düzəldildi. Elə bu anda daxilimizdə əməli fəaliyyət göstərməyən bir nəfər təşkilatdan çıxdığını bildirdi. Həmişə belə hallara normal baxmışam. İstənilən gənc gələ bilər, gedə bilər. Onsuz da MFM-ə üzv olan insanların hamısı ərizə yazıb üzv olurlar. Biz heç kimi məcbur, xahişlə üzv etməmişik ki... Amma ikinci adam bunu yazanda artıq anladım ki, qarşımızda konspirasiya var. Axşam rəhbərliyin toplantısını keçirib bildirdim ki, “MFM-in qrupunu ləğv edirəm, çünki bu kampaniyadır. Daxilimizdə söz-söhbət yaratmaq istəyirlər. Kim gedirsə, uğurlar”. Bu qərarla faktiki olaraq təşkilatı buraxıb yenidən toplmaq qərarı verdim. Bunu eşitdikdən sonra idarə heyətinin 4 üzvündən birinin də bu niyyətdə olduğunu öyrəndim. 

Qrupu ləğv etdim, üzvlərin mənə və idarə heyətinin üzvlərinə müraciətinə əsasən yeni qrup yaratdıq və təşkilatı yenidən formalaşdırdıq. Qətiyyən heç kimdən “niyə gedirsən?”, “niyə getmirsən?” deyə soruşmadım. Biz həmişə könüllülük əsasında fəaliyyət göstərən təşkilat olmuşuq. Kim əməli fəaliyyət göstərmək istəyibsə, göstərib. Fəaliyyət göstərməyən adamların özünün təşkilatda qalmasına razı olmamışam. Biz kütləvilik hədəfləyən təşkilat olmamışıq, effektiv çalışanlarla işləməyə çalışmışıq. Elə buna görə də MFM-i özüm buraxdım ki, geri qayıtmaq istəyənlər qayıdacaq, qayıtmayanlar isə çıxıb gedəcək. 
Bununla əslində daxildə ajiotaj yaratmaq cəhdlərini pozdum. Qrup ləğv ediləndən sonra qayıtmayan üç nəfər daha oldu: Etatizm Akademiyasının direktoru və müavini, bir də “Pazrap”in koordinatoru. Problemsiz qarşıladım. Bizim həmişə işlərimizi əvəzləyəcək gənclərimiz olub. Sonra geri qayıtmayan adamlar ard-arda eyni mahiyyətdə status yazıb MFM-dən çıxdıqlarını afişa etməyə başladılar və sonda qeyd edirdilər ki, heç bir təşkilatda olmayacaqlar-filan. Bu mənə “tövbə” kimi gəlirdi. Amma nəyin tövbəsi idi? Kim bilə bilər ki, hansı qurumda olacaq, ya yox?

Prosesi izləməyə davam etdim. Sonra eyni adamlar profillərini dəyişəcəklərini qeyd etdilər. Hiss edirdim ki, diqqət çəkməyə çalışırlar. MFM-in daxilində edə bilmədiklərini göstərməyə çalışırdılar. “Baxın biz Milli Fikir Mərkəzində deyilik, Milli Fikir Mərkəzi dağılır, biz dağıtdıq” görüntüsü verirlər sanki. Əslində bütün məsələnin kökü sadəcə Milli Fikir Mərkəzinin 6 illik fəaliyyətinin “qeyri-ciddi” görüntüsünü yaratmağa hesablanmışdı. 

Təbii ki, yenə gözlədim. Sonra aylar əvvəl bizimlə birgə olan və ailəsi olduğu üçün aramızda topladığımız pulla çalışan yeganə adamın statusunu gördüm. Bizi “dərnək” adlandırırdı. Axı mən heç bir zaman partiyayam, hərəkatam deməmişəm (gülür). Bizim adımızda yazılıb mərkəz olduğumuz. 

Yenə izləməyə davam etdim. Bu dəfə ortaya heç vaxt MFM-in üzvü olmayan bir-iki adam çıxıb bizimlə əlaqələrini çoxdan kəsdiklərini və profillərini dəyişəcəklərini yazdı. Mənim üçün bunun kampaniya olduğu açıq şəkildə bəlli idi. Amma bu kampaniya prosesində daha kimlərin nəzarətdə olduğunu bilmək istəyirdim. Bildim. Ondan sonra da yazı yazıb məsələni aydınlaşdırmağa qərar verdim. MFM-in üzvlərinin siyahısı var. Orada üzvümüz olan və üzvlüyümüzdən çıxan hər kəs qeyd olunub, hamı da bunu bilir. Ehtiyac olsa onu yayımlayacam ki, bu adamlar haradan çıxıb? Deməli aylardır ictimaiyyət arasında müzakirə edilən, pulla “facebook”da işləyən adamları prosesə qoşdular.

"Mən fəaliyyətimi dövlətin strategiyasına uyğun qururam"

- Çox səbrlisiniz... Aydınlaşdıra bildinizmi? 
- Əlbəttə aydınlaşdırdım. Proses yüksək ranqlı bir məmurun Bakının rayonlarının birində polis rəisi olan kürəkəninin vasitəsi ilə başlayıb. Artıq bu barədə ayrıca fakt və sübutlar təqdim etməyə məcburam. Çünki proses dayanmır.

Sonrakı məsələlərdə bu qrupun daxilində bir nəfər mənə ümumi olaraq çox şeyi danışdı. Adını çəkib çörəksiz qalmasını istəmirəm. Bütün hallarda bunun hökumətin içində olan, “bizim etmədiyimiz heç nə ölkə gündəminə çıxa bilməz” deyən, prezidentin əməli fəaliyyətinin digər şəxslər tərəfindən müsbət qiymətləndirilməsindən tutmuş, nə qədər çalışma varsa, hamısını öz inhisarında saxlamağa çalışan adamlar tərəfindən həyata keçirildiyini gördüm. Amma niyəsə həmin bu adamlar Şimal ölkəsində milyarder olan adamların görüntü üçün göstərdikləri xeyriyyəçi təşəbbüsləri ön plana çıxarıb, dövlətin fəaliyyətindən daha üstünmüş kimi təqdim edilməsinə şərait yaradırlar. Halbuki təbliğat, kampaniya aparılırsa, “deməli maraq var” anlayışı ilə yanaşılmalıdır bu məsələlərə. Amma bunun hamısı qalır kənarda, 5-10 gənclə çalışan, Azərbaycana xidmət etmək istəyən, kitab tərcümə edən, yaradıcılıq işinə töhfə vermək istəyən Milli Fikir Mərkəzini hədəf alıb onu dağıtmaq istəyir. Niyə? Azərbaycan dövlətinin Gürcüstanı işğaldan xilas etdiyinin ifadə olunduğu tədbir təşkil etmişik deyə? Ermənistanda olduğu kimi Azərbaycanda ajiotaj yaradıb “hansısa ölkənin yanındayıq” mesajı verilməsinə səbəb olmayıb deyə?

Mən fəaliyyətimi dövlətin strategiyasına uyğun qururam. Azərbaycan Prezidenti deyir ki, Ermənistan “forpost”dur. Mən də bunun isbatını əyani olaraq son təqdimatda gördüm. 

Ermənistanda Saakaşvilinin kitabının təqdimatına icazə verilmədi. Azərbaycanda isə Saakaşvilinin xanımının kitabının təqdimatına maneçilik törədilmədi, hətta xanımın özü də bu təqdimatda iştirak etdi. Amma hücum prosesi dayanmır, davam edir. Davam etdirilir...

- Necə davam etdirilir? Nəsə müşahidə etmisiniz?
- Bəli. Məsələn, bir faktı nəzərinizə çatdıracam. Gülsel Səfərovanın yaratdığı AGAT-ın indiki rəhbəri Lalə xanım MFM-in idarə heyətinin üzvünün birinə bir tanışı vasitəsi ilə müraciət edib Qarabağ haqqında sayt sifariş edir. Əlbəttə ki, bu, indiki zamanda təsadüf deyil. Xüsusi ilə də sosial şəbəkədə MFM-lə bağlı əks təbliğatın aparıldığı bu günlərdə. Bu adamların çox geniş əlaqələri olduğunu, saytlarının hazırlanması üçün sifariş verəcəkləri kifayət qədər adamlar olduğunu hamı kimi mən də bilirəm. Məqsəd şirnikləndirməklə növbəti idarə heyətinin üzvünü ələ almaqdır. 

Hücumlar yenə davam edir. Məsələn, bəziləri artıq yazdığı statusu 5-ci dəfədir təkrar yazır. Nədir, nə olub? Əgər bu, süni yaradılmış kampaniya deyilsə, bəs nədir? Buna bənzər faktlar çoxdur. Hamısını toplayıb bir yazıda verəcəm. Dövlətin resursunu, pulunu bizə qarşı niyə istifadə edirlər? Bu dövlətin vəzifəsi xalqa xidmət edənlər üçündür. Xalqın yetişməkdə olan Mirzə Cəlillərini, Axundovlarını bitirməyin yaxşı bir iş olduğunu düşünmürəm.

- MFM-in bu gün hədəf alınmasının əsas məqsədi nədir?
- Bizi köməksiz görüblər. Heç kimə arxalanmadan 6 ildir yol gəlirik. Həmişə ortaya faydalı işlər qoymuşuq və bu nümunəni gözdən salmağa çalışırlar. 

Bizi köməksiz görürlər. Ona görə ki, ictimai olan hər şeyi öz əllərində saxlayıblar. Mediaya çıxışımız bağlanıb, tədbirlərimiz QHT-lər tərəfindən görməzlikdən gəlinir. Bizi informasiya blokadasına salıb bitirmək istəyirlər. Baxın, Avropada bu gün Azərbaycana qarşı açıq kampaniyaya səbəb olanların hədəfi bu kampaniyaya qarşı effektiv əks arqument qoyub problemi ortadan qaldırmaq deyil, bizik. Və bu çirkin kampaniyanın hədəfində Azərbaycan dövləti və onun başçısıdır. Vaxt ayırıb bizə qarşı kampaniya həyata keçirilməsinə göstəriş verən şəxsə qarşı niyə çevrilmir bu kampaniya? Çünki süni şəkildə özlərinə gərəklilik yaradırlar. Mən bilən belə məsələlərdə ortaya çıxan şəxs özünü dövləti üçün qabağa verməlidir. Bu inhisarçılıq Azərbaycana fayda gətirmir. Hamı bilir bunun haradan qaynaqlandığını. Amma mətbuat gözünü yumub. 

“Bizi yayındırıb, guya MFM-in “dağıdılmasını” başqa məmurların həyata keçirdiyini iddia edib, gənclərimiz arasında bu təbliğatı yayıblar”.

- Yazınızda ciddi iddia var. Məsələn, oliqarxların reklamına dair…
- Xeyr. Razı deyiləm. İddia deyil, faktdır. Bir milyarder gəlib etdiyi xeyriyyəni aparıcı medianın gündəminə çıxarırsa, deməli bu, reklam kampaniyasıdır. Niyə buna ehtiyac duyulur? Bu, birinci dəfə deyil, başqalarını da belə təqdim edirlər. Amma o media orqanı bizim xəbərimizi təhrif edən başqa bir sayta istinad verir. Bu, bizi başqaları ilə qarşı-qarşı gətirmək cəhdi idi. Sadəcə alınmadı. Yenə eyni mərkəzin işi idi. Və eyni cür davam ediblər. Bizi yayındırıb guya MFM-in “dağıdılmasını” başqa məmurların həyata keçirdiyini iddia edib, gənclərimiz arasında bu təbliğatı yayıblar. Bunun faktını ortaya qoyacam. Axı bu, əvvəlcədən hazırlanmış ssenari idi... Hamını bir-birinə qarşı qoyub “ortaya çıxan xilaskar” obrazı yaratmaq istəyirlər. 

Gəlin düşünək: media dövlətçiliyi necə görür? Şəxsən mən dövlətçiliyi birinci Azərbaycanın maraqlarına xidmət edən xəbərlərin işıqlandırılmasında və ictimai ağırlığını, ciddiliyini qorumaqda görürəm. Mən dövlətçiliyi biznes, mafiya oyunlarına qurşanmış adamların reabilitasiyasında görmürəm. Və mən qətiyyən dövlətçiliyi ölkəsi üçün çalışan gəncləri dağıtmaqda görmürəm. Düşünürəm ki, Azərbaycana xidmət etmək istəyən bütün insanlarımız qazanılmalıdır. Və insanlar bunu istəyir, amma küsdürülür, incidilir. Bunu hələ 2015-ci il parlament seçkisində demişəm: Mən öz dövlətimdən inciyəsi, küsəsi deyiləm. Kim buna çalışırsa, yanılır. Mövqeyim dəyişilməzdir.

Bir fakt deyəcəm: Təsəvvür edin ki, aşağı qrup məmurların incitdiyi, sıxışdırdığı müəyyən qrup gəncləri toplayıb onları etatizm (dövlətçilik) haqqında bilgiləndiririk. Deyirik: “Hegel deyirdi ki, dövlət ilahi sistemdir. Dünyada 2000 millət var, amma hamısının dövləti yoxdu. Sən bu dövlətçiliyə sadiq qalmalısan”. Axı niyə bizə qarşı bu çirkin qəsd planını qurasan? Heç bir zaman kiməsə atmaca atmamışam, heç bir siyasi prosesdə olmamışam. Biz fəaliyyətimizi ictimai məsələlərə uyğun qurmuşuq. Həmişə oturub öz işimlə məşğul olmuşam. Mən yaradıcılığı sevirəm, onunla da məşğulam.

- MFM-də doğrudan bir narahatlıq varmı? 
- MFM-də heç bir narahatlıq yoxdur. Amma mənim narahatlığım var. Çünki hadisələr başqa səmtə yönləndirilməyə başlayıb. Amma söhbət MFM-dən gedirsə mən elə birinci gün təşkilatı buraxmışam və MFM-in 14 nəfər idarə edən şəxsindən sadəcə 3-ü geri qayıtmayıb. Onun da biri heç Azərbaycanda deyil. Amma qarayaxma prosesi davam edir. Kənarda bizə qara yaxırlar, işgüzar nüfuzumuzu zədələyirlər. Həm də söz haqqı tanımadan. Bunu təşkil edənlərin məqsədləri aydındır.

Mən bilirəm axı bunların sosial şəbəkədə pul verib saxladığı adamları, əllərində olan səhifələri, “troll”ları... Ona görə bu məsələni ortaya çıxarmaqdan başqa yol tapmadım. Əgər gedənlər sadəcə gedib gündə bir reaksiya verməsəydi, heç bunun haqqında mövqe bildirmək fikrim də olmazdı. Amma bu, artıq kampaniyaya çevrilir. Sabah başqa məqamlara - şər, böhtan məqamına da gələ bilər. Odur ki, mən də faktları ortaya qoymağa başladım. Qoymağa da davam edəcəm... Mənim heç kimə qarşı iddiam, iradım olmayıb. Amma bizim də gözümüz var, biz də görürük. Bizim yolumuz Azərbaycanın maraqları üçün bacardığımızı etməkdir. Nə qədər bacarsaq edəcəyik, imkanımız çatmayanda isə dayanacağıq. 

- Bəs üzvlər arasında necə? Ruh düşkünlüyü, narahatçılıq varmı?
- Üzvlərimiz arasında heç bir narahatçılıq yoxdur. Çünki üzvlüyümüzdən öz istəyi ilə çıxan iki nəfər olub. Geri qalanlar isə bayaq vurğuladığım kimi qrup ləğv ediləndən sonra qayıtmayıblar. İndi isə üzvümüz olmayan adamlar təşkilatdan çıxdığını və heç bir təşkilatın üzvü olmayacağı “andını” yazanda gülümsünürük. Aramızda zarafata çevrilib bu artıq.

“Əgər Azərbaycanın milli maraqları bu gün “MFM olmamalıdır” deyirsə, tam səmimi deyirəm, olmayacaq”.

- Əlinizdə faktlar olduğunu deyirsiniz. Nədir bu faktlar? 
- Kimi nə ilə ələ alıblarsa, kimi küçədə dalaşdığı üçün həbslə qorxudublarsa, atasının işdən çıxarılacağı ilə hədələyiblərsə, kimi iş yeri ilə təmin edib bizə qarşı çıxarıblarsa, hamısının sübutları var. Dövləti özünün şəxsi qərəz aparatına alət edib, hökumətin iradəsindən kənar addımlar atıb bunu başqa yüksək ranqlı məmurlara calamaq cəhdi yaxşı hal deyil. Mənim konkret narahat olduğum bir məqam var. Buna da mütləq aydınlıq gətirəcəm. Mən ona görə işləməmişəm ki, kimsə oturduğumuz yerdə gəlib bizə ləkə atsın. Mən çalışmışam ki, fayda gətirim. Yazımda da vurğulamışam. Əgər Azərbaycanın milli maraqları bu gün “MFM olmamalıdır” deyirsə, tam səmimi deyirəm, olmayacaq. Amma keçirdiyimiz tədbirdə dövlətimizin bölgədə rolu qeyd olunub deyə kimlərsə üstümüzə dövlətin içində qohumlarını toplayıb bizə hücum çəkəcəksə, bu hücumların səbəbinin biz olmadığını sübut edəcəyik. 

- Necə düşünürsünüz, bundan sonra hansı irəliləyişlər olacaq?
- İnanıram ki, bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Bunu aydınlaşdırmaq üçün çox çalışdım. Mənim bundan sonra işim sadəcə ölkənin ən önəmli adamlarını gənclərin gözündə hədəfə gətirənləri ortaya çıxarmaqdır. 

Bilməyinizi istəyirəm ki, mənim atam 7 il, əmim isə 9 il həbsxana həyatı yaşayıb. Çox əziyyət çəkmişəm. Amma yenə Azərbaycanı sevmişəm, yenə ona bağlı qalmışam. Bütün bilik və bacarığımı ölkəmə xidmət etməyə həsr etmişəm. Ən yaxşı kitabları tərcümə edib cəmiyyətə təqdim etmişik. Ölkəyə təhlükə yaradan şəbəkələrin gündəmə gətirilməsi üçün çalışmışıq, ölkə daxilində anti-dövlət əhval-ruhiyyəsinin təbliğ edilməsinə qarşı ən effektiv şəkildə mübarizə aparmağa çalışmışıq. Gənclərimizi inandırmışıq ki, heç kimin əlində alət olmaq lazım deyil. 100 illik respublikamıza dəyər vermək lazımdır. 

İndi isə bu adamlar mənim bu ölkədə yaşamaq haqqımı əlimdən almaq istəyir. Mən bu vətən sevgisini atamdan öyrənmişəm. Ölkəmizi sevə bilmərik bu şəbəkənin icazəsi olmadan? İllərlə etdiklərimizi gizlədiblər ki, cəmiyyətin, dövlətin bundan xəbəri olmasın. İndi anlayıram ki, hamısını həmin şəbəkə edib. İndi gizlədə bilməyiblər deyə aqressiyalarını belə tökürlər üstümüzə? 
Mənim yazı yazmaqdan başqa özümü müdafiə vasitəm yoxdur (artıq dünəndən etibarən sayta da hücumlar başlayıb). Çünki mediaya göstəriş verilib ki, danışdırmayın.

Onsuz da hər şey ortaya çıxacaq. Bundan əvvəl qaranlıqların aydınlığa çıxdığı kimi.
Kamran Həsənli
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti