Azərbaycanda 19 dövlət əmlakı özəlləşdirilib

13-03-2018, 14:40
Oxunub: 168
Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 13-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən APA-Economics-ə verilən məlumata görə, budəfəki hərrac özəlləşmə prosesində alıcıların sayını artırıb. Belə ki, paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 13 min manat olsa da, ən son təklif 13 min 450 manatadək yüksəlib. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 50 kvadratmetrə yaxındır.

Bundan başqa, eyni ünvanda yerləşən birmərtəbəli binanın zirzəmisinin start qiyməti 2 min 500 manata olsa da həmin obyekt ən son 2 min 600 manat təklif edilib. 

Budəfəki hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 13-ü qeyri-yaşayış sahəsi, 3-ü  isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə və Qəbələ şəhərlərində yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 119 kvadratmetr olan Gəncə şəhərində yerləşən 6 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir.

Bundan başqa, özəlləşdirilən “Maştağa Avtodəstə” də təmir sahəsində sahibi üçün gəlir mənbəyi ola bilər. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi isə 1 400 kvadratmetrə yaxın, torpaq sahəsi isə 10 min kvadratmetrdən çoxdur.

Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsindən 5-i Nərimanov, 5-i Nəsimi, 2-si Səbail rayonunda yerləşir. Region üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Abşeron rayonundadır. Səbail rayonunda yerləşən, ümumi faydalı sahəsi 116,5 kvadratmetr olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanov rayonunda yerləşən ümumi faydalı sahəsi 63 kvadratmetrə yaxın olan obyekt də xidmət sahəsi üçün uyğundur.

Bununla yanaşı, hərracda özəlləşən avtomobillər 2007-ci il istehsalı olan “Fiat Albeo” və “Fiat Doblo”, buraxılış tarixi 2006-cı il olan “Nissan Maxima”dır.  

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac bayram günləri ilə əlaqədar olaraq martın 27-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti