Albert Eynşteyn: Elm və cəmiyyət

12-03-2018, 14:00
Oxunub: 2164
"Elmin ən böyük qələbəsi insanın özünə və təbiətə qarşı bəslədiyi inamsızlığı insan zəkasının təsirilə yenmək olacaq"


Elm insan işlərinə iki yolla təsir edir. Birincisi, hamımızın bildiyi yoldur: Elm insan həyatını başdan-başa dəyişdirən, vasitəsiz, daha çox dolayı olaraq bir sıra imkanlar yaradır. İkinci yol isə maarifləndirici xarakter daşıyır, insan düşüncəsinə təsir göstərir. Bu təsir ötəri bir baxışla görülməsə də, yetəri qədər dərindir.

Elmin gözlə görünən praktiki təsiri həyatı həm zənginləşdirən, həm də mürəkkəbləşdirən bir sıra kəşflərə yol açmağıdır. Bunlara buxar maşını, dəmir yolu, elektrik gücü və işığı, teleqraf, radio, avtomobil, təyyarə, dinamit və s. kimi ixtiralar aiddir. Bunlara biologiya və tibb sahəsində insan həyatını qorumaq məqsədilə edilən kəşfləri, xüsusilə də ağrıları azaltma yollarını və ərzaq məhsullarını qoruyub saxlayan texniki ixtiraları da əlavə etmək lazımdır.

Lakin bütün bu ixtiraların verdiyi ən böyük yaxşılıq keçmişdə sadə yaşayışı davam etdirmək üçün lazımlı olan son dərəcə ağır fiziki gücdən insanı xilas etmiş olmasıdır, məncə. Bu gün köləliyin ümumi olaraq ortadan qalxdığını irəli sürə biliriksə, bunu elmin praktik nəticələrinə borcluyuq.

Digər tərəfdən, texnologiya, ya da tətbiqi elm bəşəriyyəti son dərəcə ciddi bir sıra problemlərlə qarşı-qarşıya gətirmişdir. Bəşəriyyətin varlığı bu problemlərin faydalı bir yol ilə həllinə bağlıdır. Edilməli olan, yeni bir sıra ictimai qurumlar və ənənələr yaratmaqdır. Elə təşkilatlar ki, onlar olmasa, yeni alətlər istər-istəməz bəşəriyyətin başına bəlaların ən böyüyünü aça bilər. Təşkilatlanmamış iqtisadiyyatda mexaniki istehsal vasitələri bu nəticəni yaradır: bəşəriyyətin böyük bir qismi mal istehsalı baxımından artıq lazımlı deyil və iqtisadi quruluşdan kənarda qalmışdır. Bunun nəticəsi olaraq da, alverdə azalma olmuş və həddindən artıq rəqabət ucbatından iş qüvvəsinin səviyyəsi aşağı düşmüşdür. Bu da getdikcə daralan fasilələrlə mal istehsalının ciddi olaraq iflicə məruz qalmasına yol açıb. Digər tərəfdən, istehsal vasitələri bunları əllərində tutanlara siyasi qurumların ənənəvi güvəncəsi ilə qarşısıalınmaz bir güc verir. Bəşəriyyət bu yeni şərtlərə əməl etmək üçün yeni bir müharibəyə girişib. Bizim nəslin insanları vəzifələrinə layiq güc nümayiş etdirsə, bu müharibə bizi həqiqi qurtuluşa apara bilər.

Texnologiyaya gəldikdə, o da məsafələri qısaltmış və son dərəcə fəal bir sıra yeni dağıtma vasitələri yaratmışdır. Bu vasitələr davranışlarında olduqca sərbəst olmaq istəyən millətlərin əlində bəşəriyyətin həyatını, ya da təhlükəsizliyini təhlükə altına alır. Bu vəziyyət bütün dünya üçün bir tək icra və məhkəmə gücünü lazımlı edir. Buna baxmayaraq, milli ənənələr belə bir mərkəzi gücün yaradılmasına məyus şəkildə qarşı çıxırlar. Burada da, özümüzü yenə bir müharibənin nəticəsinin hamımızın taleyini müəyyənləşdirəcək bir savaşın ortasında tapırıq.

Nəqliyyat vasitələri, çapartırma yolları və radio müasir silahlarla birləşəndə bədənlə ruhun mərkəzi bir gücün buyruğu altına girməyini istəyirlər ki, bu da bəşəriyyət üçün üçüncü bir təhlükə doğurur. Dövrümüzün zorakılıqları və onların dağıdıcı təsirləri bu irəliləyişi insanın xeyrinə istifadə etməkdə nə qədər geri qaldığımızı açıq şəkildə göstərir. Burada da vəziyyət və şərtlər beynəlxalq bir həll yolu və bu həll üçün də hələlik məhrum olduğumuz psixoloji bir əsas tələb edir. İndi isə elmin insan düşüncəsi üzərində yaratdığı təsirlərdən danışaq. Elm yaranmadan əvvəl yalnız düşüncə ilə bütün bəşəriyyətin zəruri və qəti deyə qəbul edə biləcəyi nəticələr əldə etmək mümkün deyildi. Təbiətdəki bütün hadisələrin qatı qanunlara bağlı olduğu fikri də qəbuledilməz idi. Təbiət haqqında qanunun ibtidai insanın gözündəki hissə-hissə görünüşü sadəcə pərilərə, cinlərə olan inancı bəsləyir. Onun üçün ibtidai insan bu gün belə fövqəltəbii və məsuliyyətsiz bir sıra qüvvələrin həyatına qarışa biləcəyi qorxusu ilə yaşayır.

Elmin ən böyük qələbəsi insanın özünə və təbiətə qarşı bəslədiyi inamsızlığı insan zəkasının təsirilə yenmək olacaq. Qədim Yunanlar ibtidai riyaziyyatla yanaşı, ilk dəfə olaraq nəticələrindən heç kimin qaça bilmədiyi bir düşüncə sistemi yaratmışdılar. Ondan sonra İntibah alimləri sistemli təcrübəylə riyaziyyat üsulunu birləşdirməyi düşündülər. Bu birləşmə təbiət qanunlarını təcrübəylə təsdiq edərək, elə qəti bir şəkildə dilə gətirirdi ki, artıq təbiət elmində fikir ayrılıqlarına yer qalmırdı. O gündən bu yana, hər nəsil ağıl və bilik irsini artırıb və bütün quruluşu təhlükəyə salacaq ən kiçik bir böhran qorxusu qalmayıb.
Böyük xalq yığınları elmi araşdırmanın detallarını ancaq öz dar anlayışı ölçüsündə izləyə bilər. Amma böyük və önəmli bir fayda olduğunu da görər. Bu fayda da insan düşüncəsinin güvənilən və təbiət qanununun universal olduğunu düşünməkdir.

Mənbə: Albert Eynşteyn,"Dünyamıza baxış"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti