"5-ci kolon" MFM-ə qarşı hücuma keçdi

12-03-2018, 00:39
Oxunub: 14053
"5-ci kolon" Ermənistanda öz işini gördü...


Fevralın 2-də Ermənistan hökuməti Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin “Gücün oyanışı” kitabının təqdimatına icazə vermədi. Təqdimata icazə verilməməsinə gülünc səbəb gətirildi. Baxmayaraq ki, öncədən təqdimatın keçiriləcəyi ünvan müəyyənləşmişdi. Erməni dilinə tərcümə olunmuş “Gücün oyanışı” kitabının təqdimatının keçirilməsi üçün birinci Yeqiş Çarentsin ev muzeyi nəzərdə tutulsa da, sonradan bəlli olmayan səbəblərə görə təqdimatın yeri “Noyan Tapan” kitab evinə keçirildi. Lakin burada da “texniki” səbəbləri əsas gətirərək təqdimatın keçirilməsinə icazə verilmədi. 

Qeyd etmək lazımdır ki, 65 milyona yaxın insanın ölümünə səbəb olan Adolf Hitlerin “Mənim Mübarizəm” kitabı Ermənistanda bütün kitab mağazalarında sərbəst şəkildə satılır. Diqqət çəkən məqam isə budur ki, elə həmin ayın 27-də Azərbaycanda M. Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun “Bir idealistin hekayəsi” kitabının təqdimatı keçirildi. Və heç bir inzibati maneə olmadı. 

"5-ci kolon" MFM-ə qarşı hücuma keçdi

Təkcə bu iki faktın müqayisəsi dünya ictimaiyyətinə Azərbaycanın suveren və azad, Ermənistanın isə “forpost” olduğunu sübut etməyə kifayətdir. Lakin bu məqamda Azərbaycanın bəzi media qurumlarının “xidmətləri” nəticəsində bu arqument yetəri qədər ifadə edilə bilmədi. 

Həmin dövrdə Saakaşvili öz "facebook" səhifəsində Ermənistanın bir “bataqlıq” olduğunu bildirmişdi. Məsələnin kökündə dayanan da elə budur. Ermənistanı bu gün “forpost” halına salan cinayətkar rejim özünü ifşa etdi, lakin “beşinci kolon” Azərbaycanın yürütdüyü azad, suveren siyasətinə kölgə sala bilmədi. Bu müqayisənin ortaya çıxmasına zəmin yaradan isə məhz Milli Fikir Mərkəzi (MFM) idi. 

"5-ci kolon" MFM-ə qarşı hücuma keçdi

İllərlə bizi mühasirədə saxlayıblar. Adını qoyurdular ki, sizin tədbirlərinizin ictimai yükü azdır. Sanki Milli Fikir Mərkəzi dünən yaranıb.

6 illik aramsız fəaliyyəti müddətində gənclərin bu mərkəzi daimi olaraq fəallığın ön sırasında olub. Həmişə çalışmışıq ki, Azərbaycanın maraqlarına xidmət edək. Buna görə bizi təcrid edib informasiya blokadasına salıblar. Çünki biz Azərbaycana xidmət etməyi əsla biznesə çevirmədik. Amma bu biznes idi. Yarandığımız gündən etatist (dövlətçi) ideologiyanı özümüzə doğru həqiqət görüb bu mövqeyimizə daim sadiq qaldıq. Uzun illər müstəqillik haqqı əlindən alınmış xalqımıza, onun gəncliyinə dövlətçiliyin vacib olduğunu anlatmaq istəmişik. Anlayanlar olub. Anlamayanlar da...

Biz çalışmağa davam etmişik. 

Hökumətə aqressiyası olan hər kəs bu qəzəbini bizə yönləndirib. Hətta hökumətin içində yer alan “5-ci kolon”un nəzarətində olan qruplar da bizə qarşı davamlı, aramsız şəkildə istər əllərində olan media, istərsə də müxtəlif təşkilatların içinə yeritdikləri adamlar vasitəsi ilə təbliğat aparıb. Çünki biz Azərbaycana qarşılığında pul gözləmədən çalışmağın nümunəsi idik. Yarandığımız gündən daşıdığımız idealı bu gün də daşıyırıq və indi də onun prinsiplərinə sadiqik. Azərbaycana bağlıyıq və Azərbaycana bağlı qalacağıq. Bu bizim doğrumuzdur!

Elə bu doğruya görə bizim bütün informasiya məkanına çıxışımızı bağlayıblar. Nəşr etdiyimiz kitabların, keçirdiyimiz yüzlərlə tədbirin (2-3-ü xaric) heç birinin əhəmiyyətini üzə çıxarmayıblar. Təsəvvür edin ofisimiz olan vaxtı ofisimizə gələn, Azərbaycanda fəaliyyət göstərən səfirlərin Azərbaycan maraqlarının ifadə olunmasına dair bəyanatları belə yerli mətbuat tərəfindən işıqlandırılmayıb. Məsələn, Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Labardini MFM-in gənclərinə verdiyi mühazirədə bildirirdi ki, “biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Qarabağ işğal olunmuş bölgədir, onu işğal edənlərin deyil”. Yerli mətbuat isə bunu yayımlamır. Hollandiya səfiri gəlir, MFM gənclərinin qarşısında çıxış edib mühazirə deyir, bildirir ki, “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”... Yenə blokada... Hansını deyim? Heç biri haqqında xəbər olmayıb. Axı bu bəyanatların hamısı Azərbaycanın maraqlarına xidmət edən bəyanatlar olub. Hansı ölkənin ərazisi işğal altında olsa, həmin ölkədə təmsil olunan səfirlər bu bəyanatları versə, həmin təşkilatları göyə qaldırarlar. Biz isə incimirdik.. 

"5-ci kolon" MFM-ə qarşı hücuma keçdi

İndi isə gələk son hadisəyə.

Gürcüstanın birinci xanımı olmuş Sandra Rulofs Milli Fikir Mərkəzinin dəvəti ilə fevral ayının 27-də Azərbaycana səfər edir. Səfər dövlət protokoluna uyğun həyata keçirilir, qəbul edən tərəfin dövlətçilik təsislərinə hörmət və ehtiramı bildirilir. Bundan sonra isə Milli Fikir Mərkəzinin tərcümə etdiyi kitabın təqdimat mərasimi keçirilir. Təqdimatda Sandra Rulofs Azərbaycan prezidenti və I vitse-prezident haqqında doğmalıq ifadə edən fikirlərini bölüşdükdən sonra çox önəmli, həm də heç kim tərəfindən gözlənilməyən, Azərbaycanın bölgədəki lider dövlət rolu və geopolitik əhəmiyyəti haqqında bəyanat verir. 2008-ci ildə Gürcüstanın işğala məruz qaldığı və enerji böhranı yaşanan zaman Azərbaycan prezidentinin Gürcüstanı müdafiə etdiyindən bəhs etməyə başlayır: “Əliyev ailəsi ilə bizim çox isti münasibətimiz olub. Onlar bizi enerji böhranında, Rusiya işğalında müdafiə etmişdilər”. 

"5-ci kolon" MFM-ə qarşı hücuma keçdi

Açıq ifadə ilə Azərbaycanın bölgədəki rolunun əhəmiyyəti vurğulanır. Və bundan sonra MFM-ə qarşı hücumlar başlayır. Birincisi, yerli media - müxalif və iqtidar yönümlü fərq etmədən Azərbaycanın bölgədəki roluna dair bu bəyanatların heç birini yayınlamır. Əksinə, çıxışın üstündən tam keçilir, yerinə isə hətta tədbirin təşkilatçısı olan Milli Fikir Mərkəzinin adı belə qeyd edilməyən kiçik xəbərlər verirlər. Bizi beləcə, açıq şəkildə inkar etdilər. Bu qədər əhəmiyyətli, gündəm xəbəri olmalı olan hadisədə KİV yenə qulaqlarını tutur. Dövlətin pulunu mənimsəyən QHT-lər gözünü tutur, televiziyalar isə ağzını yumurdu. Biz bu mühasirəni yarmağa və dövlət üçün nələrsə etmək istəyən gənclərə qarşı dışlayıcı mövqeni dəyişməyə çalışdığımız vaxt, eyni anda həm də daxilimizdən zərbə alırıq. Əlindəki pul və resurs, polis orqanlarında olan qohumluq əlaqələrini gizlicə işə salıb, imkanlarından istifadə edən müəyyənləşdirdiyimiz qüvvə Milli Fikir Mərkəzinin strukturlarını parçalamağa çalışır. 

Hədəfə MFM-in bəzi strukturları alınır. 

Konkret olaraq, idarə heyəti, Etatizm Akademiyası, “Pazrap” (Azərbaycanda ən çox izlənilən rap səhifəsi və videobloqu). Anidən təşkilat daxilində müəyyən bir qrup əvvəlcədən müəyyən edilmiş formada mərkəzdən çıxıb sosial şəbəkədə MFM əleyhinə kampaniyaya başlayırlar. Prosesi bir neçə gün izləyib artıq MFM-in “5-ci kolon” tərəfindən hədəf alındığından əmin olub, buna dair dəlil və sübutlar topladıqdan sonra bu yazını yazmağa qərar verdim. Elə bir məqam yaranıb ki, “facebook”da olan MFM-in üzvü olmayan adamlar belə MFM-dən çıxdıqlarını və heç bir təşkilatın üzvü olmadıqlarını yazırlar.

Bizdən qisas alırlar. Və bizdən qisas alanlar Azərbaycanın daxilində prezident və vitse-prezidentə əks olan qütbdür. Bizdən qisas alanlar əslində bizdən yox, daha yuxarıdan qisas almaq niyyətində olanlardır. Milli Fikir Mərkəzi sadəcə əllərinin daha rahat çatacağı ünvandır. Bunu əminliklə deyirəm. Yoxsa niyə prezident seçkiləri ərəfəsində Azərbaycanın rolunun, Prezident İlham Əliyevin xarici siyasi konturlarının Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən təqdimatda vurğulanmasından dərhal sonra daxilimizdə olan gənclərdən bir qrupu dövlətçiliklə bağlı ortaya qoyduğu nailiyyətin qisasını bizdən alsın? Hədəf bəllidir. Ölkəsi, dövlətçiliyi üçün çalışan bir təşkilatı sıradan çıxarmaq və dövlətçilik adına atılmış addıma görə cəzalandırmaq. Vurğu onun üstünədir. “Milli Fikir Mərkəzi ciddi təşkilat deyil” görüntüsü yaratmaq sonra isə cəzalandırmaq. İndiki məqamda bu kimə lazımdır? - Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti və vitse-prezidentinin bölgədə azad siyasi iradə ifadə etməsi, suveren dövlət olduğumuz görüntüsünün üstünə dəmir pərdə endirmək istəyənlərə. 

Bu, Milli fikir Mərkəzindən qisasdır. Nəyin qisası olduğunu isə yuxarıda qeyd etmişəm. 

Biz Ermənistandan fərqli olaraq azad, heç bir dövlətin nəzarətində olmayan, suveren dövlət olduğumuzun əyani sübutlarının hamı tərəfindən görülməsinə şərait yaratmışıq. Bunu etmək olmazmış...

Kimdir bu “5-ci kolon”? 

Bu termin vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan general Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madridə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeçiliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək 5-ci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yaradırdı. 

Artıq bu panikanı dövlətimizin içində olanların Milli Fikir Mərkəzinin daxilinə keçirmək istəyini açıq gördüm. 

Yeni dövrün Rüstəm İbrahimbəyovu kimdir...

Cəmi 5 il bundan əvvəl elə prezident seçkiləri ərəfəsində anidən ölkə mətbuatında “Milyarderlər İttifaqı” adlanan bir qurum ortaya çıxır. Birdən-birə ölkə prezidentliyinə namizəd kimi Rüstəm İbrahimbəyov irəli sürülür. Və hadisələrin sonrakı gedişində ölkə müxalifətinin bütün kəsimlərini fakt qarşısında qoyub onun namizədliyini müdafiə etməyə məcbur edilirlər. Dünənə qədər film rejissoru kimi tanıdığımız adam bir anda siyasi hakimiyyətə alternativ roluna gətirilmək istənilir. Maraqlısı isə budur ki, hər şey Rusiyada zənginləşən oliqarxlar vasitəsi ilə başlayır. 

Son dönəmdə yerli mətbuatda hamı kimi mən də oliqarxların dolayı yolla təbliğ edildiyinə şahid oluram. Məsələn, Qarabağ qazisinə bir iş adamı tərəfindən iki evin verilməsi, milyarderlərin daimi olaraq xeyriyyəçiliyinin mediada geniş işıqlandırılmasını dövlətin fəaliyyətindən daha üstün təqdim etmək cəhdlərini də “5-ci kolon”un fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək lazımdır.

Hamıya bəllidir ki, bunun heç biri boşuna edilmir və əsla xoşniyyətlilikdən irəli gəlmir. Ən azı ona görə ki, mətbuatla dövlətin münasibətləri tənzimlənmiş haldadır. O zaman bu amillər hardan çıxır?

Biz kimik...

Bu qədər böyük siyasi, biznes elitanın maraqlarının ön planda olduğu zamanda kim, hansı səbəbə bizi hədəf alsın? Hamıya bəllidir ki, Milli Fikir Mərkəzi dövlətçi təşkilatdır. Bütün fəaliyyətimiz müddətində də bu ideya və prinsiplərə sadiq qalmışıq. Qalmağa da davam edəcəyik... Azərbaycana qarşı oynanılan oyunların hamısına qarşıyıq və qarşı olacağıq. 

"5-ci kolon" MFM-ə qarşı hücuma keçdi

Suallar meydana çıxır.

1. Başqa vaxt bildirirlər ki, Azərbaycan gəncləri vaxtlarını çayxanada keçirir. Bəlkə bunun səbəbləri məhz budur: fəaliyyət göstərmək istəyən gəncləri sıxışdıraraq Azərbaycan gənclərini “çayxana avarası” kimi təqdim etmək. Bu kimə lazımdır? 
2. Etatizm - dövlətçilik kimi qorxuya sala bilər? Kimi nə üçün qorxuya salar? 
3. Gənclər arasında radikallığın, pis vərdişlərin geniş vüsət alması üçün gecə-gündüz fəaliyyətini davam etdirən anti-dövlət əhval-ruhiyyəsinə qarşı əməli mübarizə aparan bir təşkilatı dağıtmaq kimə lazımdır? 

Bu suallar haqqında düşünmək, çıxış yolu tapmaq və tədbir görmək bizim vəzifəmiz deyil. Bu, inandığımız və bağlı olduğumuz dövlətimizin işidir. Amma istəyirəm ki, tam açıq şəkildə öz mövqeyimi bildirim. Əgər həqiqətən də biz bu ölkəyə lazım deyiliksə, gərəkli olduğumuzu sübut etmək üçün savaşmaq niyyətində deyilik. Yetər ki, bizim yoxluğumuzu “5-ci kolon” yox, Azərbaycan dövlətçiliyinin mənafeyi tələb etsin. Bir də bizi bu gün hədəfə alan “5-ci kolon”un təmsilçilərinə ünvanlamaq istəyirəm: biz indi çap etdirdiyimiz kitabları yenidən sizin dövlət büdcəsindən yüz minlər ayırdığınız QHT-lərin adından çap etdirsək, bizdən razı qalarsınız?

Şəhriyar Məcidzadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti