“Bunlar 5-10 manatdan ötrü Sərdar Həmidovu öldürməyə hazır idi” – Müsahibə

3-03-2018, 14:25
Oxunub: 7927
“FETÖ bunlara pul verirdi”


Bir müddət əvvəl Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə indiyə qədər Azərbaycan dilinə tərcümə edilib nəşr edilən kitabların müəllifi olan ən ali qonaq sayılacaq şəxs - Mixail Saakaşvilinin həyat yoldaşı, SOCO xeyriyyə fondunun rəhbəri Sandra Rulofsun kitab təqdimatı və imza mərasimi keçirildi. Lakin diqqət çəkən məqam o oldu ki, dünya mediası səviyyəsində müzakirə edilən yüksək səviyyəli qonağın təqdimat mərasimində çıxışı və mesajları yerli media orqanları tərəfindən verilmədi.

Hətta bəzi media orqanları təqdimatı təşkil edən Milli Fikir Mərkəzinin adını və Şəhriyar Məcidzadənin şəkillərini də xəbərdən kəsib çıxardı. Bununla bağlı isə mərkəz rəhbəri bir neçə gün öncə öz profilində status yazıb etiraz etmişdi. Sandra Rulofsun Azərbaycana səfərinin məqsədini və baş verən olayları şərh etmək üçün Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə ilə söhbətləşməyə qərar verdik.

Etatist.com həmin müsahibəni təqdim edir:

- Şəhriyar bəy, öncəliklə növbəti uğurunuza görə sizi təbrik edirəm. Oxucularınızı sevindirmisiniz, həm də dünya gündəmində olan ailənin üzvünün kitab təqdimatını müəllifin özünün də iştirakı ilə Azərbaycanda keçirmisiniz. Nəticələrdən razısınızmı?
- Bizim gördüyümüz işlərin hamısından razıyam. Biz bu görüşə çoxdan hazırlaşmışdıq. Bildiyiniz kimi xanım Rulofs hələ ötən ilin dekabrında Bakıya gəlməli idi. Amma Ukraynada baş verən hadisələr və Mixail Saakaşvilinin ani həbsinə görə səfəri, tədbirimizi təxirə salmalı olduq. Xanım Rulofs o zaman Kiyevə getməli oldu. Həmin dövrdə xanım Rulofs Azərbaycan oxucusuna öz hörmətini göstərməklə səfərin təxirə salındığını və təqdimatın ya yanvar, ya da fevral ayında baş tutacağını video-müraciətində bildirdi. Biz də həmin videonu sosial mediada paylaşdıq. Lakin indi olduğu kimi onda da video mətbuatın diqqətini çəkmədi. Amma təqdimat günündə medianın verdiyi xəbərlərə baxanda dəhşətə gəldim.

- Sizi nə heyrətləndirdi?
- Hər şey. Diqqət edin, bütün dünyanın müzakirə elədiyi Mixail Saakaşvilinin xanımı kitab təqdimatı üçün Bakıya gəlir. Media bundan yazmır. Nigeriyada, Qvineyada olan hadisələrdən yazır. Önəm vermədim. Amma təqdimat günündən verilən üç cümləlik təhrif edilmiş, kəsilmiş xəbərləri oxuyanda artıq buna münasibət bildirməli olduğumu anladım. Birincisi, mənim 2015-ci il parlament seçkilərində opponentim olan Sahib Alıyevə yaxınlığı bilinən azvision.az saytı xəbərində xanım Rulofsun kimin dəvəti ilə gəldiyinə, kitabın tərcüməsini kimin etdiyinə, kim tərəfindən təqdimat keçirildiyinə dair bir cümlə belə xəbər verməmişdi. Mən də onda “facebook” profilimdə bir status yazıb bildirdim ki, bu xəbərdə musavat.com azvision.az-a, azvision.az isə Sahib Alıyevə istinadən xəbər verir ki, Sandra Rulofs öz kitabını Azərbaycan dilinə tərcümə edib, özü birdən-birə Azərbaycana gəlib, öz-özünə təqdimat keçirib, sonra da çıxıb gedib.Yəni belə təsəvvür yaradılırdı. Maraqlısı da budur ki, şəxsən dəvətnamə göndərdiyim “Yeni Müsavat” qəzeti bu xəbərə istinad vermişdi. O cümlədən də bir neçə xırda sayt. Bu, informasiya blokadasıdır. Necə yəni təşkilatçıların adı qeyd olunmur? Mənim şəklimi kəsmək dərəcəsində kiçilmək niyə?.. Sonradan azvision.az saytı mənim şəklimi bərpa etdi (gülür).

Musavat.com saytının redaktoru Xalid Kazımlının mövqeyi isə bundan da qəribə oldu. Bildirdi ki, “biz sizin bir milyon xəbərinizi qoymuşuq, çox sağ ol” filan. Sanki biz heç bir fəaliyyət göstərməmişik, bizim fəaliyyətsiz xəbərimizi qoyublar. Çox qəribə məntiqdir. Xəbər qoyulanda hamı təzim etməlidir? Bundan başqa, Xalid Kazımlı qeyd etdi ki, saytda çalışan jurnalist xəbəri kopyalayanda hər təşkilatla maraqlanmalı deyil. Bax, belə maraqlı ölkədə yaşayırıq. Yəni bizim çalışmalarımız inkar ediləcək. Biz də minnətdar olub təşəkkür etməliyik ki, çox sağ olun bizim xəbərimizi istinadla vermədiyiniz üçün. Belə məntiq olar? Sonra isə musavat.com-dan xəbəri sildilər. Sağ olsunlar. Belə daha yaxşıdır. İctimai fəaliyyətimizin – keçirdiyimiz təqdimatın “ruhlar keçirdi” kimi şərh edildiyi xəbəri biz istəmirik də.

“Bunlar 5-10 manatdan ötrü Sərdar Həmidovu öldürməyə hazır idi” – Müsahibə

- Bunun səbəbi nədir? Sizə qarşı qərəz olduğunu düşünürsünüz?
- Qərəz olduğunu düşünmürəm. Əminəm ki, qərəz var. Nəyin qərəzidir, nəyin nifrətidir..? MFM hamıyla etik, normal münasibətlər saxlamaqda maraqlı olan qurumdur. Həmişə də belə olub. Amma haqqımız inkar ediləndə “susub oturmalıyıq” deyə bir məntiq də sağlam düşüncənin məhsulu ola bilməz. Bu qərəzi mən hər iki tərəfdən duyuram. Məsələn, “oğru dünyası” haqqında kitab olanda Azadlıq Radiosu xəbər qoyur, amma Saakaşvilinin xanımının Bakıya gəlməsindən yox. Hökumətdən maliyyələşən media qurumları da həmçinin. Hamını narahat etmişik. Niyə, qardaş? Çalışın sizi də görək, sizin etdiklərinizə də sevinək. Bizdən nə istəyirsiniz?

- Sizcə, bu xəbərin bu şəkildə verilməsinin səbəbi nədir?
- Müxtəlif səbəblər ola bilər. 2015-ci ildə parlament seçkisində opponentim Sahib Alıyev idi. Mənim seçki qərargahım bu şəxsin icra nümayəndələri, bələdiyyə və digər dövlət qurumlarının iştirakı ilə keçirdiyi görüşlərin şəkillərini yaymışdı. Seçkinin acısını, kinini məndən çıxarır deyəcəm. Başqa nə ad verim?

- Şəkilləri haradan əldə etmişdiniz?
- Sahib Alıyev bunu öz profilində özü paylaşmışdı. Biz də şəkilləri götürüb altına həmin şəxslərin adlarını və soyadlarını yazmışdıq. Sahib müəllim bizə acıqlanmasın, Vallah özü paylaşmışdı. Bax bu cür qeyri-peşəkar davranışların qurbanı olur bu məmləkət dünyada. Təbii ki, mən sadəcə Sahib Alıyevi günahkar saymıram bu xəbər məsələsində. Bu addımlar hansısa məmurlar tərəfindən himayə edilir. Burdan demək istəyirik ki, dövlətçiyik, xalqımıza, ölkəmizə xidmət edirik. Nə istəyirsiniz bizdən? Niyə belə üsullara əl atırsınız? Niyə gəncliyi sıxışdırmağa, onlara qarşı münasibət sərgiləməsinə çalışırsınız? Alınmayacaq axı. Seçki zamanında da demişdim. Biz dövlətimizdən küsməyəcəyik! Sevirik biz Azərbaycanı. Bu kimi adamların sevdiyi şəkildə yox, həqiqətən sevirik. Pulsuz-parasız işləyirik. Bu qədər fədakar gənc var. Niyə onların fədakarlığını qəsb edirsiniz? Nə qazanacaqsınız bununla? Qazanmısınız da onsuz da...

"Qütb olmaq, qarşıdurmaya səbəb yaratmaq onlar üçün bir biznesdir"

- Qayıdaq kitab təqdimatına. Diqqətimi çəkən məqam budur ki, bir tək xəbər saytı belə çıxışları vermədi. Sizcə niyə?
- Etatist.com istisna olmaqla vermədilər. Çünki xanım Rulofs səfərinə Heydər Əliyevin məzarını ziyarətlə başladı. Bu xəbəri müxalif düşərgə - Meydan TV, Azadlıq Radiosu vermədiyi kimi iqtidar yönümlü media da yayımlamadı. Bu məsələdə hər iki tərəf həmfikir oldu. Sevinirik ki, sosial şəbəkədə bir-birinə qarşı gələn iki kəsim mövzu biz olanda birləşə bilirlər. Buna bənzər hadisələri atam həbs olunanda da görmüşəm.

Bilirsiniz, niyə çıxışlar verilmədi? Çünki xanım Rulofs prezident İlham Əliyev haqqında müsbət danışırdı. Bizim bir qüsurumuz olsaydı, hamısı “cumacaqdı” üstümüzə. Hamısı onu gözləyirdi. Amma olmadı. Tədbir möhtəşəm keçdi, səfər çox uğurla başa çatdı. Çıxışda xanım Rulofs Gürcüstanın 2008-ci ildə Rusiya tərəfindən ağır vəziyyətə salındığı vaxtlarda prezident İlham Əliyevin yardım etdiyini qeyd edir. Bu, çox önəmli geopolitik hadisədir. Amma xəbəri vermirlər!

Bax belə. Beynəlxalq miqyasda yox, kiçik miqyasda düşünən adamlar gəlib gəncliyin qarşısına kötük kimi çıxanda belə olur. Əslində bu iki qütb üçün sadəcə bir həqiqət var. Özlərinin mənfəətləri. İqtidar yandaşı olan media ağızları söz tutmayan, öz nəzarətində olan adamları qabağa verib gündəmə gətirib onun vasitəsi ilə 1-2 təşkilat qurub pul qazanmaq istəyirlər. Digərləri isə eynisini beynəlxalq təşkilatlardan qazanmaq istəyirlər. Problem isə budur ki, MFM özü-özünü doğruldan təşkilatdır. Bu reallığı isə iki tərəf də qəbul etmək istəmir. Çünki heç bir halda onlar müstəqil düşüncəyə sahib gənclərlə rəqabətə hazır deyillər. Qütb olmaq, qarşıdurmaya səbəb yaratmaq onlar üçün bir biznesdir. Heç kim də heç nəyi dəyişmək istəmir. Hər şey olduğu kimi qalmalıdır, son 25 ildə qaldığı kimi.

“Bunlar 5-10 manatdan ötrü Sərdar Həmidovu öldürməyə hazır idi” – Müsahibə

- Bəs bundan sonra hansı addımları atmaq fikrindəsiniz?
- İstəyirəm, bu media blokadasının kökü, səbəbi açıqlansın mənə. Ümumiyyətlə, media sektorunda olan problemlərin həllini istəyirəm. Zorlama xəbərləri ilə beynimizi işğal ediblər, oliqarx reklamlarının gəlib millətin beyninə yeridilməsinin əleyhinəyəm. Nəyə hazırlaşırlar? Oliqarxlar idarə etməlidir bu ölkəni? Gənclərə güvənmək, gənclərə inanmaq lazımdır. Birazca inanmaq lazımdır ki, ölkəmiz heç bir səriştəsizlik ucbatından imic itirməsin.

"Ölkədəki problemlərin kökü informasiya mühasirəsindədir"

- Ola bilər ki, siz İsgəndər Həmidovun qardaşı Sərdar Həmidovun oğlu olduğunuz üçün bu media blokadasındasınız?
- İqtidarın qarşısında müəyyən qisim uğursuz insanlar bunu belə əsaslandırır. İsgəndər Həmidovun qardaşı oğlu olduğum üçün istəsəydilər, tədbirin keçirilməsinə izin verməzdilər. Amma mane olmadılar. Xeyr, bu, iqtidarın tezisi deyil artıq. Bu, işləməyən, tənbəllikdən kif atmış məmurların arqumentləridir iqtidarın qarşısında. Oturub gözləyirlər, çalışqan gənclik səhv etsin yüyürüb məruzə etsinlər ki, rəqabət olmasın. Həmişə belə ediblər. Amma biz mövqeyimizi dövlətçilik üstündə qoymuşuq. Azərbaycana da bağlıyıq. Bu medianın bəzi nümayəndələri, həmin o indi özünü demokratiya maskasıyla bəzəmiş QHT nümayəndələri mənim atam xəstə olanda onun bir xəbərini qoymurdular. Atamı mövcud iqtidar içində yüksək post tutan bir məmur həbs etdirmişdi. Sonra da mediaya pul ötürürdü ki, informasiya blokadasına düşsün, ölkə rəhbərliyinin xəbəri olmasın durumundan. Nail olmuşdular da. Atam ölürdü 2005-ci ildə. Mənim atamı bir QHT rəhbəri müdafiə etmirdi. Bunlar Tərtərin İcra Hakimiyyətinin başçısı, Tərtərin batalyon komandiri kimi Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına çalışan Sərdar Həmidovu 5-10 manatdan ötrü öldürməyə hazır idilər.

Sonra mən o zamanlar ANS-in vitse-prezidenti olan Mirşahinlə görüşdüm. Məsələnin ictimailəşməsi üçün ondan kömək istədim. Kömək etdi, reportaj hazırladılar. Sonra “Yeni Müsavat”a gedib Qabil Abbasoğlu ilə görüşdüm, Rauf Arifoğlu onda həbsdə idi, “Azadlıq”a getdim və iki şəkil təqdim etdim - biri 2000-ci, biri 2005-ci ildə çəkilmişdi. Ondan sonra məsələ ictimailəşdi. Amma bunların hamısının üstündə “Xural” qəzeti var idi. Orda Əvəz Zeynallı bu məsələnin ictimailəşməsi üçün atamın durumunun ağır olmasına dair xəbərlər verirdi. Yəni tək deyildik. Ailəmizin müraciətindən sonra Rəna və Murad Sadəddinovlar köməklik elədilər. Ombudsman Elmira Süleymanova və digərləri mənim müraciətimdən sonra məsələni gündəmə gətirdilər. Atamı prezident İlham Əliyev 2005-ci ildə həbsdən azad etdi. Yoxsa bunlar bizim qanımıza yeriyirdilər. İndi də eyni cür. Atama qarşı uyğuladıqları media blokadasını indi də mənə qarşı uyğulamağa çalışırlar.

Ölkədəki problemlərin kökü informasiya mühasirəsindədir. Hamı özünə sərf edəni öz nəzarətində saxlayıb onu pula-paraya çevirmək istəyir.

"Nə qədər gəncin radikallıq göstərmədən medianı üzünə qapadığına görə məcbur buraxıb danışdırıb tutdurulmasına səbəb olublar".

“Bunlar 5-10 manatdan ötrü Sərdar Həmidovu öldürməyə hazır idi” – Müsahibə

- Bütün bunlara səbəb nədir?

- Alver. Bacarıqsızların alveri. Sərdar Həmidov, İsgəndər Həmidov qədər kim məhbəsdə yatıb? Kim bu qədər haqsız münasibətə məruz qalıb onların ailəsi qədər? Mənim artıq çəkinəcək bir şeyim yoxdur. Çalışmalarımı vermirlər-verməsinlər. Amma bizə minnət qoymaq lazım deyil. 2012-ci ildə prezident seçkilərinə az qalırdı. Ölkədə durum da gərgin idi. Məni gündə bir redaksiyaya dəvət edib suallar verirdilər. Elə bilirdilər ki, pafosdan ötrü coşacağam. Bunlar da mənim üstümdən təzədən pul qazanacaqlar. Olmadı. Nə qədər gənci elə yandırıblar. Nə qədər gəncin radikallıq göstərmədən medianın qapısını üzünə qapadığına görə məcbur buraxıb danışdırıb tutdurulmasına səbəb olublar. Bizə şou, pafos, lazım deyil. Biz rasional düşüncəyə malik gənclərik. Həmişə həqiqətin yanında olmuşuq. Bizim  həqiqətimiz isə Azərbaycandır!

"Mən bu cür zehniyyətə sahib, oliqarx və müxtəlif şəbəkələrə xidmət edən medianı Azərbaycan dövlətçiliyinə qarşı təhlükə hesab edirəm"

Sonra nurçuluq məsələsində eyni cür oldu. Mən FETÖ haqqında Türkiyədə FETÖ-yə qarşı mübarizə başlamamışdan əvvəl yazılar yazanda bunlar mənə zəng edib deyirdilər ki, eləmə, yazma. FETÖ pul verirdi bunlara. Susmuşuq... Qoyun yaşınıza hörmət edib oturaq. Alverlərinizə məmləkətinizi qurban etməyə hazır olmusunuz siz. Daha sonra isə Türkiyədə FETÖ-yə qarşı mübarizə başlayanda hamısı birdən  dövlətçi oldular. Açıq deyirəm. Mən bu cür zehniyyətə sahib, oliqarx və müxtəlif şəbəkələrə xidmət edən medianı Azərbaycan dövlətçiliyinə qarşı təhlükə hesab edirəm. İstənilən kritik anda bu zehniyyətdə olan media Azərbaycanın qapanmayacaq yaralarına səbəb olacaq.

- Amma biz sizi Şəhriyar Məcidzadə olaraq tanımışıq. Niyə atanızın və ya əminizin sosial elektoratına xitab etməmisiniz?
- Atalardan yaxşı bir söz var: Yaxşı oğul neynir ata malını, pis oğul neynir ata malını. Atam mənim fəxrimdir. Əmim də qanı bir, canı bir əmimdir. Mən onlarla fəxr edirəm. Atam Tərtərin müdafiəsini təşkil edib. Əmim isə Azərbaycanın müstəqilliyinə səs verən 43 millət vəkilindən biri olub. Onlar öz işlərini pisi ilə, yaxşısı ilə görüblər. Mən də istəyirəm ki, bu məmləkət üçün bacardığımı edim.

- Yaxşı misaldır. Xanım Rulofsun Azərbaycan təəssüratları haqqında nə deyə bilərsiniz?
- Çox müsbət. Xanım Rulofs Bakını sevir. Hətta Bakıda kiçik bir gəzintimiz də oldu. M. Rostropoviçin ev muzeyinə getdik. Maraqla gəzdi. Ancaq istəyərdim ki, Mədəniyyət və Turizm Nazirliyi o muzeyin rəhbərini bir də gözdən keçirsin. Xanım Rulofsun Rostropoviçin övladları ilə bağlı verdiyi suala muzeyin müdiri cavab verə bilmədi. Çox üzüldüm buna. Bura axı dünya vətəndaşının evidir. Ümumilikdə razı qaldı ölkəmizdən, yeni tikililərdən, Bakının gözəlliyindən danışdı.

- Bundan sonra hansı nəşrlər barədə düşünürsünüz?
- Milli Fikir Mərkəzinin tərcümə şöbəsi ümumilikdə 11 kitab tərcümə edib. Amma maddi sıxıntılarımıza görə hələ bu kitabları çıxara bilmirik. İstəyərik ki, gəncliyə mane olmaq yerinə ona kömək etmək istəyən şəxslər və ya qurumlar bu işlərimizi görməkdə bizə yardımçı olsun. Azərbaycan dilinin qüdrəti həm də çox tərcümələrin olmasından asılıdır.

- Fəaliyyətinizdə uğurlar, Şəhriyar bəy. Biz inanırıq ki, siz gənclik adına daha maraqlı və ölkəmiz üçün faydalı işlər görəcəksiniz.
- Mən təşəkkür edirəm. Etatist.com və kollektivinə işlərində uğurlar arzulayıram. Gəncliyin tribunası olması böyük avantajdır. Ən əsası odur ki, heç kimin haqqına girmirsiniz. Var olun.

Etatist.com
Kamran Həsənli
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti