Tallində Şərq Tərəfdaşlığı siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

3-03-2018, 10:35
Oxunub: 218
"İndi Şərq Tərəfdaşlığının daha da inkişaf etdirilməsinin vaxtıdır"


Martın 2-də Tallində Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi və Avropa Komissiyasının Estoniya Nümayəndəliyinin təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasəti məsələlərinə həsr edilmiş beşinci beynəlxalq konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan Mərkəzin rəhbəri Yaan Reynhold konfransın vacibliyinə toxunub. Daha sonra Estoniyanın prezidenti xanım Kersti Kalyulayd konfransda çıxış edib. O, Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərin vacibliyinə toxunaraq qeyd edib ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqı üçün yalnız ona görə vacib deyil ki, o siyasi vasitədir. "Əsas məsələ odur ki, bu ölkələrdə baş verənlər həm bizim - Estoniyanın, həm də bütün Avropanın təhlükəsizliyi üçün önəm daşıyır", prezident Kalyulayd deyib. "İndi Şərq Tərəfdaşlığının daha da inkişaf etdirilməsinin vaxtıdır. Biz bu istiqamətdə geri çəkilməməli və başqalarına yol verməməliyik", deyə o vurğulayıb.

Daha sonra konfrans diskussiya şəklində davam edib. Müzakirə panelində iştirak edən Avstriya XİN-in Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Tomas Buşbaum Aİ və partnyor ölkələr arasında effektiv ünsiyyətin əhəmiyyətinə toxunub. "Əgər biz öz ölkələrimizdə Şərq Tərəfdaşlığına maraq və onun önəmi ilə bağlı cəmiyyətdə anlayış yarada bilmiriksə, təbii ki, bu əməkdaşlığa maraq və istək azalacaq", rəsmi nümayəndə bildirib.

Kanadanın Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı ölkələri üzrə Departamentinin rəhbəri Kevin Reks Kanada və tərəfdaş ölkələr arasında əlaqələri şərh edib. O, Kanada və Azərbaycan arasında neft, qaz sahəsi üzrə əməkdaşlığa toxunub və əlavə edib ki, Kanada tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Konfrans Aİ-yə üzv və digər ölkələrdən olan yüksək vəzifəli şəxslər, müstəqil ekspertlər və jurnalistlərin müzakirəsi şəklində davam edib. İştirakçılar Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində islahatların aparılması, bu ölkələrlə tərəfdaşlığın Kanada, ABŞ, Norveç və Rusiya kimi xarici ölkələrə təsiri, Şərq Tərəfdaşlığı və Aİ ölkələrinin media və strateji kommunikasiya sahəsində əməkdaşlıq potensialını müzakirə ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti