Sandra Rulofsun kitab təqdimatı başladı - YENİLƏNİR

27-02-2018, 16:10
Oxunub: 2879
Tədbir Azərbaycan və Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə başlayıb


2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş Sandra Elizabet Rulofsun "Bir idealistin hekayəsi" kitabının təqdimatı başlayıb.

Tədbir Azərbaycan və Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təqdimatda ictimai simalar, diplomatik korpus və media nümayəndələri iştirak edib. 

Təqdimatın açılışını Milli Fikir Mərkəzinin sədr müavini Pünhani Əsgərli edib: 

""Bir idealistin hekayəsi" kitabı ilk dəfə 2005-ci ildə Niderlandda nəşr olunub. Aradan keçən 13 il ərzində kitab böyük marağa səbəb olmuş və 7 dilə tərcümə edilmişdir. Bu gün bizlər MFM olaraq kitabın azərbaycan dilində nəşrini sizə təqdim etməkdən qürur duyuruq. Kitabda xanımın gənclik illəri, Mixail Saakişvili ilə tanış olması, evliliyi və ailə həyatı, Gürcüstanın keçdiyi mübarizə yolu öz əksini tapmışdır. Kitab çox maraqlı bədii üslubda yazılmışdır. İnanırıq ki, hər bir oxucu kitabı oxuyub zövq alacaq. İndi isə sizi xanımın özünün səsləndirdiyi "Tbiliso" adlı videonu izləməyə dəvət edirik".

***

Daha sonra isə Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə çıxış edib:

"Dəyərli xanımlar və bəylər hər birinizi bu dəyərli tədbirdə görməyə çox şadam. Hər şeydən öncə mən günəşli ölkəmizdə Hollandiyanın qızılgülünü görməkdən şad oldum. Bu tədbir haqqında danışmaq və demək istədiklərim ondan ibarətdir ki, 2 il bundan əvvəl mən Gürcüstanda səfərdə olarkən bir kitab mağazasında xanım Sandra Rulofsun kitabını gördüm. Kitabı vərəqləyəndə diqqətimi çəkən məqamların Azərbaycan oxucusuna çatdırılmalı olduğunu düşündüm. Hər şeydən əvvəl bu kitabda dünyanın nə qədər iç-içə olması və inteqrasiyanın önəmi vurğulanır. Mədəniyyətlərarası əlaqəni və bu əlaqənin nə qədər vacib olduğunu həm bir ailənin, həm də bir ölkənin timsalında görürük. Mən böyük bir sevgi və hörmətlə qurulan bir ailənin sütunlarının möhkəm olduğu təqdirdə bir ölkənin gələcəyi üçün nə qədər önəmli olduğunu gördüm. Bu örnək alınmalı olan bir nümunə idi. Bu gün sevinirəm ki, biz bu tədbirə toplaşmışıq və Azərbaycan oxucusuna bu kitabı təqdim edirik. İnanıram ki siz də oxuyanda zövq alacaqsınız və Gürcüstanın ailə modeli və ondan sonra baş verən proseslərdən nəticə çıxaracaqsınız. Mixail Saakaşvilinin inauqurasiyasında gül ləçəklərini göydən tökürdülər. Bunun böyük bir mənası var idi. Xanım Rulofs buna açıqlama gətirməsə də, mən bildirmək istəyirəm ki, bu qədim zamanlardan "hə" deməkdir. Biz "hə" deyirik - yeniliyə, yaradıcılığa, mədəniyyətə. Bundan əvvəl tərcümə və nəşr etdiyimiz kitablar da bunu göstərir. Biz Azərbaycan oxucusuna "Bəyaz zanbaqlar ölkəsində" kitabıyla Finlandiya modelini, "Yəhudi dövləti" kitabıyla İsrail modelini, Qandini və Atatürkü təqdim etmişik. Mən ümid edirəm ki, siz bu sonuncu kitabımızı da oxuyacaq və yaymağa çalışacaqsınız, çünki bu vacibdir"

***

Növbəti olaraq kitabın müəllifi Sandra Rulofs çıxış edib:

"Hər kəsə təşəkkür edirəm, Şəhriyar bəyə, Pünhaniyə, Mələyə və səbriniz üçün sizə. Təkcə bu gün üçün yox, eləcə də dekabra görə təşəkkür edirəm. Dekabrın 9-10-u Bakıda olmalıydım və tədbir baş tutmalıydı, lakin həmin ərəfədə mənim həyat yoldaşımı həbs etmək istəyirdilər və bir neçə gün sonra Ukraynada həbs edildi. Və azad olunduqdan sonra o, Hollandiyaya getməli oldu və bu təxminən 10 gün əvvəl baş verdi. Mən qorxurdum ki, Bakıdakı kitab təqdimatını yenə təxirə salmalı olacam. Lakin indi onun həyatına təhlükə yoxdur və mən Azərbaycana səfər edib kitabımın təqdimatında iştirak edirəm.

Mən kitabımın ilk nəşrindən 13 il sonra Milli Fikir Mərkəzi tərəfindən tərcümə olunacağını eşidəndə çox şad oldum. Bu mənim üçün bu kitabın zamanla dəyərini itirmədəyinə dair növbəti bir faktdır. Bu kitabda Gürcüstan haqqında da, Gürcüstan və Hollandiya arasında yeni mədəniyyətə inteqrasiya haqqında da məlumat var. Kitabda həmçinin Gürcüstanın tarixi haqında önəmli məqamlar var və bu tarixi dövr ərzində mənim həyat yoldaşımın parlamentdə fəaliyyəti, ədliyyə naziri, şəhər şurasının sədri, "Qızılgül inqilabı"nın ilk üç rəhbərindən biri olaraq fəaliyyəti və prezident olduğu dövrdən bəhs olunur. Onun siyasi fəaliyyətinin təsviri iə yanaşı mən Gürcüstan cəmiyyətinə inteqrasiyamı, oğullarımı necə böyütüdüyümü təsvir etmişəm. Bu kitab həmçinin bir yerdə yaşayan nəsilləri ifadə edir. Və həmçinin kitabda həyat yoldaşımın ulu nənəsi Tamaraya da yer vermişəm, o, 2002-ci ildə vəfat etdi. Kitabda qədim Gürcüstan haqqında məlumat var, çünki mən oranı ikinci vətən kimi qəbul etmişəm, burda yaşamışam, işləmişəm, həyatımın böyük hissəsini burada keçirmişəm. Kitabda eyni zamanda Gürcüstan və Hollandiyanın mənəvi dəyərləri, mədəniyyəti, mentaliteti arasındakı fərqlər nəzərə çatdırılıb. Gürcüstanda səmadakı buludların rəngini ağ və qara kimi, Hollandiyada isə həm də boz rəngdə görməyə çalışırlar. Həmçinin kitabda bizim Azərbaycan Respublikasının prezidenti və xanımıyla münasibətimizə də toxunulub. Əliyev ailəsi ilə bizim çox isti münasibətimiz olub. Onlar bizi enerji böhranında, Rus işğalında müdafiə etmişdilər. Gürcüstan və Azərbaycan dinləri fərqli olsa da, qardaşlıq şəraitində yaşayan ölkələrdilər. Mənim həyat yoldaşım və İlham Əliyevin çoxlu ortaq cəhətləri var, onların hər birinin ölkənin gələcəyi üçün baxışları və planları var. Onların oxşar fikirlərinə əsasən mən hətta deyərdim ki, qarşılıqlı səfərlər zamanı onlar dayanıqlı inkişaf, enerji təhlükəsizliyi haqqında fikir mübadiləsi aparıblar. Onların hər ikisinin prezident olduğu dövrdə ölkələr güclənib. Prezident İlham Əliyev bu işləri hazırda Azərbaycanda həyata keçirir, mənim həyat yoldaşım isə Ukraynada etmək istəyir. O, uğurlu islahatlara görə Ukraynaya dəvət edildi. Yaxın gələcəkdə biz şahid olacağıq ki, o, bunu edə biləcək ya yox. Azərbaycandakı prezident ailəsiylə də şəxsi münasibətlərimiz çox yaxşı olub, valideynlərim də burada səfərdə olub, qarşılıqlı olaraq bir-birimizə xoş təəssürat bağışlamışıq. Mən ümid edirəm Milli Fikir Mərkəzi təhsil, mədəniyyət, qadın azadlığı və s. kimi sahələrdə fəaliyyətinə davam edəcək. Həmçinin mən də layihələrin hazırlanmasında dəstək göstərməyə, mühazirə deməyə razıyam. Həmçinin mən təklif edirəm ki, onlar istəsələr həyat yoldaşımın sonuncu kitabını tərcümə edə bilərlər. O, bu kitabda həyata keçirdiyi islahatlar haqqında yazıb. Əgər Tbilisiyə yolunuz düşsə, "Prezident kitabxanası"na baş çəkin, burda təkcə mənim həyat yoldaşımın prezidentlik dövrü haqqında deyil, ondan əvvəlki prezidentlərin də prezidentlik dövrü haqqında məlumatlar mövcuddur. Kitabxana Yurqen Mayerin memarlıq konsepsiyası əsasında hazırlanıb və çox gözəl arxitekturası var. Və onu qeyd etmək istəyirəm ki, kitabdan əldə olunan gəlir mənim xeyriyyə fonduma köçürülür və bu gəlir "SOCO" xeyriyyə fondu vasitəsilə təhsil və səhiyyə sahəsindəki işlərə sərf olunur".

Sandra Rulofsun kitab təqdimatı başladı - YENİLƏNİR

Sandra Rulofsun kitab təqdimatı başladı - YENİLƏNİR

Sonda Gürcüstandan gəlmiş qonaq Ramin Bayramov çıxış edib və Mixail Saakaşvili, Sandra Rulofs haqqında danışıb.

Tədbirin sonunda Şəhriyar Məcidzadə xanım Sandra Rulofsa hədiyyə təqdim edib. Bundan sonra isə "Bir idealistin hekayəsi" kitabının təqdimatı keçirilib.

Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti