"Muğam aləmi" V Beynəlxalq Muğam Festivalının proqramı açıqlanıb

23-02-2018, 16:49
Oxunub: 378
Gəncə şəhərində martın 8-i 13-də silsilə konsertlər keçiriləcək


 Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən Bakıda martın 7-dən 14-dək "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Report-a verilən məlumata görə, festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən bildirilib ki, tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və başqa ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.

Azərbaycan Milli Elmlər Akademiyasında martın 7-i və 10-da "Muğam ənənəsi elm və incəsənət qovşağında" mövzusunda beynəlxalq simpozium keçiriləcək. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunan xarici qonaqlar iştirak edəcəklər.

Azərbaycan Milli Konservatoriyasında martın 10-u və 13-də beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistan musiqi mədəniyyətinin tanınmış nümayəndələri iştirak edəcəklər. Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq.

Eyni zamanda Azərbaycan Milli Konservatoriyasında musiqi gecələrinin keçirilməsi də nəzərdə tutulmuşdur. Konsertlərdə "Qarabağ" muğam qrupu və "Qaytağı" instrumental ansamblı görkəmli sənətçi və tanınmış musiqiçilər - Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcəklər.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-şiraz", "Şüştər" və "Hümayun" muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.

Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, "Cəngi" etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Koroğlu" operası, Qara Qarayevin "Yeddi gözəl" baleti, Müslüm Maqomayev "Şah İsmayıl" operası, Dövlət Musiqili Teatrında "O olmasın, bu olsun" musiqili komediyası, Marionet Teatrında Ü.Hacıbəylinin eyniadlı əsəri əsasında "Leyli və Məcnun" marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaq.

Gəncə şəhərində martın 8-i 13-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.

Festivalın təntənəli bağlanış mərasimi 14 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Gecədə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Muğam müsabiqəsi qalibləri çıxış edəcəklər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti