"Azərbaycanda biznes üçün hər cür şərait yaradılıb"

21-02-2018, 18:54
Oxunub: 103
"CEO Lunch"da fəxri qonaq qismində iştirak edib


"Caspian European Club" fevralın 21-də Azərbaycan paytaxtında 11-ci "CEO Lunch Baku" təşkil edib.

"Caspian European Club"dan "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahil Babayev "CEO Lunch"da fəxri qonaq qismində iştirak edib.

"Caspian European Club"un üzvləri ilə görüşdə çıxış edən Sahil Babayev biznesin problemlərinin müzakirəsi və onların həlli yollarının tapılması məqsədilə aktual meydançanın yaradılmasında Klubun fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

"Azərbaycanın İqtisadiyyat Nazirliyi, öz növbəsində özəl sektorla dövlət sektoru arasında əməkdaşlığın inkişafına hər cür yardım göstərməyə və bu işə öz töhfəsini verməyə çalışır. Xüsusilə Azərbaycan məhsullarının xaricdə irəliləyişi məqsədilə dünyanın müxtəlif ölkələrinin birgə sənaye-ticarət palataları çərçivəsində fəal iş həyata keçirilir, müxtəlif ixrac missiyaları, biznes-forumlar və digər tədbirlər təşkil edilir. Hazırda Azərbaycanda biznesin inkişafı üçün hər cür şərait yaradılıb", - deyə Sahil Babayev qeyd edib.

"Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qonaqları Klubun fəaliyyəti, gələcək planlar və nəzərdə tutulmuş tədbirlər barədə məlumatlandırıb. O, "CEO Lunch"ın bütün iştirakçılarını 2018-ci il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyi ilə Tbilisidə keçiriləcək 5-ci Beynəlxalq "Caspian Energy Forum"a dəvət edib. Bildirilib ki, Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı nəzərdə tutulur. Təşkilatçı Gürcüstanın "Caspian Energy Georgia" şirkətidir.

Telman Əliyev Klubun Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb. "Caspian European Club"un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Yarandığı ilk gündən Klub neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Tədbirdə, həmçinin 2018-ci il yanvarın 26-da yaradılmış "Caspian Asian Club"un baş icraçı direktoru Samir Hacıyev çıxış edib. O, "Caspian Asian Club"un fəaliyyətə başlamasının Asiya ölkələrinin Xəzər-Qara dəniz regionu şirkətləri ilə biznes-dialoqunun inkişafı və fəallaşması üçün növbəti mərhələ olacağını vurğulayıb. "Regionlararası nəhəng layihələrin, eyni zamanda Xəzər-Qara dəniz regionu ölkələri ilə Asiya ölkələri arasında əməkdaşlığın inkişafı üçün əla fürsət ola biləcək "Bir kəmər, bir yol" nəqliyyat layihəsinin həyata keçirilməsi nöqteyi-nəzərindən Klubun yaradılması aktual və vaxtında atılmış addımdır", - deyə Samir Hacıyev vurğulayıb.

"Tourism Committee"nin rəhbəri Elşən Rəhimov, "Banking & Finance Committee"nin rəhbəri Avni Dəmirçi və "Education Committee"nin rəhbəri Səbinə Əliyeva cari fəaliyyət və qarşıya qoyulan məqsədlər barədə danışaraq qeyd ediblər ki, komitələrin mükəmməl işi üçün Klubun hər bir üzvünün fikri, təklifi və fəal iştirakı xüsusilə vacibdir.

Görüşün iştirakçıları üçün Klubun "SOCAR Methanol", "Antaris" və "Mr.Fix" kimi üzv-şirkətlərinin təqdimatı keçirilib. Tədbirdə 140-a yaxın biznesmen iştirak edib.

"CEO Lunch Baku"da sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair təkliflər irəli sürülüb.

"Caspian European Club"a daxil olan və buradakı iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialoqun tənzimlənməsi üçün aparıcı vasitələrdən biri olan "CEO Lunch", həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

"Caspian Energy", "Caspian Energy Forum", "Caspian Energy Award", "Caspian Energy Club", "Caspian European Club", "Caspian Business Club", "Caspian American Club", "Caspian Asian Club", "Caspian American Forum", "CEO", "CEO Breakfast", "CEO Brunch", "CEO Lunch", "CEO Party", "CEO Cocktail", "Caspian Energy TV", "Caspian Energy Photo", "Caspian Energy Marketing", "Brand Award" və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və "Caspian Energy International Media Group"a məxsusdurlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti