"Zarafat" haqqında resenziya – Əziz Nesin

21-02-2018, 16:00
Oxunub: 258
""Zarafat"ın təsvirləri romana gerçəklik, təsvirlərə inam və bu səbəbdən də inandırıcılıq qazandırır"


Etatist.com Əziz Nesinin Milan Kunderanın "Zarafat" romanı haqqında yazdığı resenziyanı təqdim edir.

Romanların mənbə kimi həyati hadisələrə istinad etməsi bəlli məsələdir. Ancaq Kundera bu həyati hadisələri lazım olan zaman, ehtiyac duyulan yerdə elə ustalıqla təsvir edib ki, əsəri həyati hadisə məcrasından çıxarıb roman halına salıb. Önəmli olan budur ki, Kundera detalları incəliyinə qədər, yerli-yerində, oxucuların zövq almasını və özlərini hiss etməsini təmin edərək  təsvir etməyi bacarıb. Əks etdirdiyi hər təsvirdə öz duyğularımızı tapırıq. Çünki çoxumuzun öz həyatımızda yaşadığımız hadisələri təsvir edib. Dediyim bu fikrə nümunə vermək istəsək, bütün romanı təhlil etməyimiz lazımdır. Hər hansısa bir hissəni seçsək, nümunədəki məna ilə  özündən əvvəlki və sonrakı mənalar arasındakı əlaqə itəcək. Romanı oxumayanlar üçün bu nümunə anlamsız görünə bilər. Nümunə üçün birinci şəxsin dilindən yazılmış romanda roman qəhrəmanının Luis ilə qarşılaşmasını təsvir edən bir bölümü göstərə bilərəm:

"Aldadıcı bir görünüş olsa da, çox zaman insanları hüznlü və sıxıntı yaradan bir anlaşma qədər bir-birinə yaxınlaşdıran daha güclü səbəb ola bilməz. Hər hansı bir şübhəyə müqaviməti nizamlayan və həssas xarakterli insanlar qədər, bayağı olanların da, bəsit zəkaya sahib adamların da birləşmək, biri-birinə qoşulmaq həvəsi ən ilkin, həm də nadir təsadüf edilən bir münasibət formasıdır. Bir-birimiz haqqında adi şeylər danışırdıq. Qarşılıqlı etiraflarımız bəsit və çox maddi idi. Yaşadığı yerə qədər getdik, bir qədər dayandıq. Bir lampa, işığı ilə Luisi aydınladır və mən onun qara rəngli kiçik paltosuna baxır, gənc qızın əlini və ya  üzünü deyil, insanı duyğulandıran bu köhnəlmiş geyiminin parçasını oxşayırdım"

“Zarafat”ın təsvirləri romana gerçəklik, təsvirlərə inam və bu səbəbdən də inandırıcılıq qazandırır. Düşünürəm ki, birinci şəxsin dilindən yazılan romanlarda daxildən izah etmə və xırdalıqlara enmə daha çoxdur. Ümumiyyətlə oxuduğum romanların dörddə  birini, üçdə birini oxuduqdan sonra daha yaxşı anlamaq üçün oxuduğum səhifələrə yenidən göz gəzdirirəm. Beləcə romanı daha yaxşı anlayıram, obrazları daha yaxşı başa düşürəm. Mənə elə gəlir ki, romanı bir nəfəsə oxuyan adamlar onu tam mənada qavraya bilməzlər. Romanı oxuyub bitirəndən sonra əvvəlinə, orta hissəsinə, romanı anlamağımıza kömək edəcək səhifələrə təkrar baxıram. Bu romanı da belə oxudum və müsbət təsirini gördüm.

Zarafat əsərinə yazığı önsözünün bir hissəsində Araqon deyir:

"Oxuculara kitabın mövzusunu anlatmaqdan daha axmaq bir şey ola bilməz. Hər halda tənqidçilərin tənbəlliyi səbəbindən yazılan qısa məzmunlar, şəxsən mənim kitabı oxumaq həvəsimi öldürür. Qatilin kim olduğunu bildikdən sonra kitabı niyə oxuyum?"

Araqon romanla əlaqəli bu yazısında Sovet ordusunun Dubçek hərəkatının qarşısını almasını xatırlayır:

"Bütün həyatını gələcəyə bağlayan, gələcək üçün yaşayan bizlər.. Vaz keçdiklərimizin, imtina etdiklərimizin, özümüzdən və keçmişimizdən qopardıqlarımızın dəyəri heç bir meyarla ölçülə bilməz, amma bütün bunları gələcək nəslin rifahı üçün edirdik. Və bir gecənin sonunda radiodan sonsuz xəyallarımızın məhkum edildiyini, mübarizəmizin məğlubiyyətə uğradığını eşitdik.(Araqon Sovet ordusunun Çexoslovakiyaya daxil olması xəbərinin radiodan səhər saatlarında verilməsini nəzərdə tutur)

21 Avqust səhərinin qapalı pərdələri arxasındakı o qaranlıq səs nə deyirdi? Gələcəyin keçib getdiyini, keçmişin təkrarından başqa bir şey olmayacağını  xəbər verirdi. O gündən bu tərəfə susmayan səs cinayətin adını fəzilət kimi təqdim edir. Çexoslovakiya xalqını köləliyə məcbur edən bu hərəkəti xilas kimi təqdim edirdi. Bəşəriyyətin yarım əsrlik ümidini ifadə edən bu yalançı səs. Sözlər və silahlarla. Dostlar, hər şey bitdimi?"

“Zarafat” romanının müəllifi Milan Kundera 1929-cu ildə doğulub. İlk romanı – “Zarafat” əsərini 1965-ci ildə yazıb. Demək ki, əsəri 36 yaşında yazıb. 36 yaşında belə bir roman yazması məni heyrətləndirmişdi. Məncə roman yazan yazıçı üçün yaşlılıq dövrü önəmlidir, bu, bir təcrübə prosesidir. Bu qənaətimi pozanlardan biri də Lermontovdur.

35 yaşında ikən mənim heç kitabım yox idi, insan hər zaman eyni insan deyil. Eyni insan nə zaman qəhrəman, nə zaman zəif, qorxaq olur?

Nə üçün romanın obrazları daha açıq-aydın şəkildə müəyyənləşdirilməmişdir?

Qəbul etməliyəm ki, memuar tərzi  və ya birinci obrazın dilindən nəql edilməsi, romanın bir çox obrazının olması və hər obrazın romandakı hadisələri eyni  tərzdə təsvir etməsi, romanın bəzi hissələrini texniki tərəfdən zəiflədir.

Əsərdə təsvir edilən əsas obrazlar (məncə 4 obrazdır) daima eyni danışıq tərzində danışırlar, yəni, hamısının əvəzinə yazıçı danışır.  Bu da romanı texniki olaraq zəiflədən amillərdən biridir.

“Zarafat” əsərindən bir hissə

"İspaniya cəbhəsində döyüşərkən, güllələrin qabağından qaçmayan, Fransadakı  düşərgələrdə çətin şərtlər altında sınmayan adamın bu şəxs olmasına insan çox təəccüblənir. İndi, bir Gestapo cəlladının dəyənəyini görən kimi sapsarı saralır, hətta canını qurtarmaq üçün xəyanətə meyillənir. Bir neçə dəyənək zərbəsiylə silinib yox olan igidlik nə qədər də səthi imiş məgər! İnancları qədər zəif imiş. Sadəcə özünü düşünməyə başladığı an hər şeyi itirdi. Canını qurtarmaq üçün dostlarını satdı."

Tərcümə: Nicat Həşimzadə
Mənbə: insanokur.org
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti