Dövlətlərin təsnifatı - Siyasi sistemlər

20-02-2018, 15:00
Oxunub: 813
Müasir dünyada siyasi sistemin ən mühüm növü milli dövlətdir


Müasir dünyada siyasi sistemin ən mühüm növü milli dövlətdir. Bu gün dünya ərazi olaraq  hər birində milli hökumətin  suverenlik və ya həlledici gücə və  vətəndaşlarının öz istəklərinə məcburi itaətinə nail olmağa çalışdığı 190-dan artıq ölkəyə bölünür. Dünya siyasi təşkilatının bu həqiqəti növbəti bölmədə istifadə edilən transmilli, milli və submilli siyasi sistemlər arası bölgünü təklif edir.

Transmilli siyasi sistemlər

Transmilli münasibətlərin formalaşdırılması dünyanın bir-biri ilə əlaqədə olan, məqsəd və ya ehtiyaclarını bölüşən və ortaq təhdidlərlə üzləşən ayrıca milli quruluşlara və ya dövlətlərə bölünməsinin əsas nəticəsidir. Bəzi hallarda bir çox ittifaqlarda olduğu kimi, bu münasibətlər qısa ömürlü olur və önəmli ənənəvi inkişafa nail olmadan uğursuzluğa düçar olur. Digər hallarda isə onlar dövlətlərarası təşkilatlara və transmilli sistemlərin yaradılmasına yol açır. Aşağıdakı müzakirə transmilli siyasi sistemlərin hər birinin tarixi və müasir nümunələri ilə birlikdə müxtəlif növlərini nəzərdən keçirir.

İmperiyalar

Bütün imperiyalar müxtəlif mədəniyyətlərə və etnik mənşəyə mənsub insanlardan təşkil olunduğu üçün onları təzyiqlə və məcburi istila təhdidləri ilə bir arada tuturdular. Onlar müxtəlif siyasi quruluşlara öz qaydalarını zorla qəbul etdirərək gücün mərkəzləşməsi və tərkibində olan ölkələrin yetərli dərəcədə təmsilinin yoxluğu ilə xarakterizə olunur. Gücün imperiya idarəetməsinin əsas aləti olmasına baxmayaraq, bu da həqiqətdir ki, tarix uzun müddət sülh yolu ilə idarə edilən və öz sərhədləri daxilində asayişi qorumaqda çox uğurlu olan bir çox multietnik imperiyalara şahid olub. Qədim dünyanın tarixi diktator rejimləri ilə əsrlər boyu geniş ərazilərdəki insanları güclü hökumətlə təmin edən Misir, Çin, İran və əzəmətli Roma kimi nəhəng imperiyalar tarixidir. Hərbi gücə və dini inanca əsaslanan qədim despotizmlər böyük bürokratik və qanuni quruluşların yaradılmasındakı nailiyyətləri, geniş suvarma və yol sistemlərinin inkişafı və yüksək sivilizasiyalara dəstək üçün şəraitin yaradılması ilə tanınırdılar. Öz sferalarındakı bütün digər siyasi quruluşlara üstün gələrək ümumi nizamın tərtibatçısı kimi fəaliyyət göstərirdilər.

Qədim dünya imperiyalarının əksinə daha yeni dövrün müstəmləkə imperiyaları ümumdünya statusundan uzaqdırlar. Qismən bu müasir Avropa imperiyaları yunan düşüncəli müstəmləkələri dəstəkləyirdi. Öz ölkələrindən olan immiqrantların məskunlaşdırıldığı müstəmləkələr adətən mitropolit mərkəzə oxşar siyasi quruluşlar yaradır və özünü idarəetmənin mühüm ölçülərini tətbiq edə bilirdilər. Avropa imperiyaları qismən yerli sakinlərin məskunlaşdığı və imperiya bürokratları tərəfindən idərə edilən ərazilərdən təşkil olunurdu. Bu ərazilərin hökuməti Avropa koloniyaları ilə müqayisədə daha zorakı və imperiya qüvvələrinin ticarət, sənaye və digər istismarçı maraqlarının müdafiəsi və nəzarətində daha diqqətli idilər. Bu imperiyaların parçalanması təəccüb doğuracaq qədər sürətlə baş verdi. Onların demokratiya, bərabərlik və öz müqəddəratını təyinetmə nəzəriyyələri imperiya qanunlarını sarsıdarkən 20-ci əsrin 2 dünya müharibəsi metropolit mərkəzlərin gücünü zəiflədirdi. Britaniya və Fransa kimi güclərin öz yerli hökumətlərinin əsaslandığı nümayəndəli konsepsiya şərtlərində ifadə edilən müstəqillik iddialarına qarşı müqaviməti getdikcə çətinləşirdi və inadkar yerli əhalini idarəyə davam etmək üçün hərbi və iqtisadi gücdən məhrum idilər. 1945-ci ildən sonrakı 2 onillikdə demək olar ki, bütün mühüm müstəmləkə ərazilər müstəqillik qazandılar  və bir vaxtlar dünyanın yarıdan çoxunu idarə edən nəhəng müstəmləkəçi imperiyalar nəhayət ki, parçalandılar.

Birliklər

Tarixdə transmilli quruluşların ən geniş yayılmış növlərindən biri adətən öz güclərini birləşdirərək ortaq hərbi və iqtisadi təhdidlərə müqavimət göstərmək istəyən dövlətlərdən təşkil olunmuş ittifaqlardır. Bu hal qədim Yunanıstanda Axaya və Aetolia, Avropada Hansa və Svabiya  və geniş miqyasda Millətlər Birliyi kimi ittifaqlarda müşahidə edilib. Birliklərin digər ortaq xüsusiyyətlərinə üzv dövlətlər arasında razılaşma və ya nizamnamə kimi bəzi formaların, qurucu üzvlərdən ibarət nümayəndələr məclisi və bu məclisin qərarlarını yerinə yetirən icraedici orqanın, münaqişələrə hakimlik edən məhkəmə orqanının mövcudluğu da daxildir.

Millətlər Birliyi 20-ci əsr transmilli quruluşlarının ən böyük təcrübələrindən biri və bir çox baxımdan BMT-nin sələfi idi. İttifaq Sazişi 1-ci Dünya müharibəsindən sonra ABŞ prezidenti Vudro Vilsonun aparıcı vəkilliyi ilə Sülh Konfransının xüsusi komitəsi tərəfindən tərtib edildi və 1919-cu ildə qalib qüvvələrin plenar konfransı tərəfindən təsdiq edildi. İttifaq üzvlüyü  ilkin olaraq 20 dövlətdən  ibarət idi. BM ittifaq üzvlüyündə uğur qazanmadı, lakin 1928-ci ilə qədər təşkilatın 54 üzvü var idi. İttifaq mexanizmi öz hökumətlərinin nümayəndələri vasitəsilə fəaliyyət göstərən bütün üzv dövlətlərin Məclisindən, böyük güclərin daimi olaraq təmsil edildiyi və digər üzv güclərin isə Məclis tərəfindən 3 il müddətinə seçildiyi şuradan, Birliyin daxili işlərini idarə edən Katiblikdən, beynəlxalq əsaslı müxtəlif iqtisadi və humanitar proqramların yerinə yetirilməsinə məsul olan Beynəlxalq Əmək Təşkilatı kimi bir çox ixtisaslaşmış qurumlardan təşkil edilmişdi. Sazişdə beynəlxalq münaqişələrin Beynəlxalq Ədalət üzrə Daimi Məhkəmənin arbitraj və ya məhkəmə qərarı  və ya İttifaq Məclisinin müdaxiləsi ilə sülh yolu ilə həll edilməsini tələb edirdi. Saziş həmçinin embarqo kimi maddi və iqtisadi cərimələrin istifadəsi, Birliyin qərarlarının yerinə yetirilməsi və cinayətkar istilaçılara qarşı birgə hərbi fəaliyyət üçün nəzərdə tutulmuşdu. Bununla belə, ittifaq bir çox mühüm sınaqlarda uğursuzluğa düçar oldu və 2-ci Dünya müharibəsinə və özünün də süqutuna yol açan böhranı idarə etməyə qabil olmadı.
Tərcümə: Günay Quliyeva
Mənbə: Britannica.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti