"Hər kitabı həyatda tətbiq etmək çətin, hətta mümkünsüzdür" - MÜSAHİBƏ

22-02-2018, 11:14
Oxunub: 1324
"Kitablar bəzən həqiqətləri tapmaq istəyənlərə çıraqdır"


Kitabıstanın "Oxucudan müsahibə" layihəsinin növbəti müsahibi BDU-un filologiya fakultəsinin tələbəsi Nərminə Fazilovadır.

Etatist.com sözügüdən müsahibəni təqdim edir:

- Nərminə xanım, hal-hazırda hansı kitabı oxuyursunuz?
- Hal-hazırda rus ədəbiyyatının görkəmli simalarından olan Maksim Qorkinin “Ana" romanını oxuyuram. Müəllifin digər əsərləri kimi “Ana”nın da məndə iz buraxacağına inanıram.

- Dahi şəxslərdən biri deyir ki, tətbiq olunmayan bilik dəyərsizdir. Oxuduğunuz kitabları həyatınızda tətbiq edə bilirsinizmi?
- Bədii kitablar aspektindən yanaşaraq deyə bilərəm ki, hər kitabı həyatda tətbiq etmək çətin, hətta mümkünsüzdür. Çünki oxucu hər müəlliflə razılaşa bilmir. Bununla belə, mənə zidd qütbdə dayanan müəllifin düşüncələrinə də hər zaman hörmət etməyi bacarıram.

- Sizcə, insanların yaratdığı kitablar daha çoxdur, ya kitabların yaratdığı insanlar?
- Şübhəsiz, kitabların yaratdığı insanlar daha çoxdur. Belə deyək, yazıçı bir kitab yaradır. Həmin kitab əsrləri arxada qoyur, neçə nəsil tərəfindən oxunur. Onu oxuyanlar da özləri üçün ayrı bir dünya yaradırlar, “yaranırlar".

- Kitablar insanı dəyişə bilər?
- Buna ən çox inananlardanam. Öncəliklə, mütaliə edən insanların dünyası tamam ayrı dünyadır. Kitablar bəzən həqiqətləri tapmaq istəyənlərə çıraqdır. Hal-hazırda oxuduğum roman vasitəsi ilə kitabların insanı dəyişə biləcəyinə bir daha əmin oluram. Fəhlə həyatından dürüst bəhs edən kitablar oxumaqla zaman keçdikcə dəyişən Pavelə anası sual verəndə ki, bu kitabları nə üçün oxuyursan, Pavel cavabında deyir: “Həqiqəti bilmək istəyirəm!”

- Sevdiyiniz kitabları hansı kriteriyalara görə təyin edirsiniz?
- Zənnimcə, mütaliəni sevən insan hər mövzuda kitab oxumalı, hər müəllifdən xəbərdar olmalı, onun ən azı bir əsərini mütaliə etməlidir. Mən də özümə mövzu məhdudiyyəti qoymamışam. Fəqət real həyat mənzərələrini əks etdirən bədii əsərləri və macəra romanlarını daha çox sevirəm.  

- Kitabıstan vətəndaşları üçün hansı kitabları məsləhət görərdiniz?
- Bu suala konkret cavab verməyim düzgün olmaz. Sadəcə bacardıqca çox oxusunlar, eşqlə oxusunlar. Yadda saxlamaq lazımdır ki, hər kitab oxucusuna nəsə qatır.

- Müsahibəmizi klassik sualımızla bitiririk. Özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Bəli, hesab edirəm.
Orxan Həsənzadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti