"Yanvar ayında Azərbaycan iqtisadiyyatında dörd faizə yaxın artım olub"

13-02-2018, 18:45
Oxunub: 69
"Xüsusilə şaxələndirmə ilə bağlı olaraq"


"Əminəm ki, ölkəmizə çox məhsuldar və maraqlı səfəriniz olacaq. Sizin səfəriniz onu nümayiş etdirir ki, ölkələrimizin biznes dairələrində qarşılıqlı maraq var və biz yeni layihələr və yeni ideyalar haqqında düşünməliyik". 

Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, indiyədək alman şirkətləri Azərbaycanda infrastruktur və inşaat sahəsində vacib layihələr həyata keçirib: "Həmçinin bizim müasir zavodlarımız istehsalatda Almaniya avadanlığından istifadə edir. Buna görə də müxtəlif sahələrdə iqtisadi əməkdaşlığımızın artırılması üçün böyük potensial var".

Prezident vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir: "Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabətqabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 35-cı yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir. Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir. Əlbəttə ki, bizim ixrac etdiyimiz çoxlu enerji resurslarımız var və bu ildən başlayaraq Cənub Qaz Dəhlizi ilə əlaqədar olaraq biz onları daha da çox ixrac edəcəyik. Lakin bizim əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur. Qeyri-enerji sektorunda yanvar ayında iqtisadiyyatımızda demək olar ki, dörd faizlik artım müşahidə olunub və qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Beləliklə, bu, islahatları çox yaxşı əks etdirir, xüsusilə şaxələndirmə ilə bağlı olaraq.

Alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır. Bu da hər iki tərəf üçün yaxşı bir haldır. Əlbəttə, mən ümid edirəm ki, səfərinizdən sonra yaxşı əməli nəticələr olacaq və biz daha da fəal iqtisadi əməkdaşlıq aparacağıq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti