Dünyanı və həyatı otağında kəşf edən şair: Emili Dikinson

13-02-2018, 14:00
Oxunub: 833
"Özünə sürgün yaşatmağının səbəbinin ümidsiz bir eşq olduğu fərz edilir"


"Tək bir qəlbin qırılmağının qarşısını ala bilsəm, 
Boş yerə yaşamış olmayacağam.
Həyatda kədəri yox edə bilsəm, yaxud da bir ağrını yüngülləşdirsəm,
Ya da bir ardıc quşunu yenidən yuvasına qoysam,
Boş yerə yaşamış olmayacağam"

Sevgisizlik və mimikalar da universaldır. Həyatımızda davranışları ilə iz qoyan təkcə insanlar deyil, filmlər, kitablar da bu kateqoriyaya daxildir. Mən isə Emili  Dikinsonun şeirlərindən çox təsirlənirəm. Şeirlərinin hər misrası hələ də yaddaşımda təzəliyini qoruyur. Bu təsir bir gücə çevriləndə cəmiyyətin şüur və düşüncə sisteminin dəyişməsi üçün mühüm rol oynayır. Bəşəriyyət tarixindəki kitablar din, dil, irq düşünmədən tarixin tanrısı kimi ədalət dağıdır.

Emili Elizabet Dikinson 10 Dekabr 1830-cu ildə ABŞ-ın Massaçusets ştatının kiçik Amherst qəsəbəsində anadan olub. Atası vəkil, anası isə yaxşı aşpaz idi. Əl yazısı qovluqlarda topladığı 1789 şeirinin 227-ni 1862-ci ildə yazdı. 15 May 1886-cı ildə dünyasını dəyişdi. Bacısı kimi o da evlənməyərək ailəsi ilə birlikdə yaşadı. Yaşadığı müddətdə sadəcə bir neçə dəfə Amhestdən çıxmışdı. 1862-ci ildə tamamilə evə qapandı. Qapandığı otağında özünü yazmağa həsr etdi. Özünə sürgün yaşatmağının səbəbinin ümidsiz bir eşq olduğu fərz edilir. Otağında öz dünyasında yaratdığı parlaq obrazlar onun həyat dolu bir insan olduğunu düşündürür. Şeirə təhsil almadan, sadəcə hisslərini yazmaqla başladı. Sonralar özünü poeziya mövzusunda oxuduğu kitablar sayəsində inkişaf etdirdi. O dövrdə diqqətini ən çox Bront bacıları kimi qadın yazıçılar çəkirdi. Tanıdıqları arasında  Ralf Uold Emerson, Toro və  Nataniel Hotorn var idi. Dinlə sıx əlaqəsi olmamasına baxmayaraq, İncildən çox təsirlənib. Bu təsirlər şeirinə də əks olunub. Şeir məsələsində özünü inkişaf etdirməyində sevgililərinin də rolu böyük olub. Müəllimləri arasında evli bir din xadimi olan Çarlz Uodsvortun onun intellektual olaraq özünü inkişaf etdirməyində böyük töhfəsi oldu. ABŞ-da davam edən vətəndaş müharibəsindən çox təsirlənib. Yaşadığı müddətdə yalnız yeddi şeiri çap olunan şairin ölümündən sonrakı dörd il ərzində şeirlərinin hamısı çap edildi. 1920-ci illərdə isə artıq ABŞ-da ən çox sevilən şairlərdən biri olmuş və şöhrəti bu günə qədər gəlib çıxmışdır. Adətən qısa şeir yazmağa üstünlük vermişdir. Şeirlərinin çoxu tək bir obraza, ya da simvola əsaslanır.

Şeirlərində həsrətini çəkdiyi həyatdan danışır. Təbiətə qarşı xüsusi sevgisi şeirlərində əks olunmuşdur. Otağında davam etdiyi həyatında jurnal rejissoru ilə illərlə davam edən yazışmaları var. Təktərəfli olduğu zənn edilən bir, ya iki sevgi münasibəti var. Həyatında olduğu kimi, şeirlərində də qeyri-adi bir yol seçdi. Şeirlərində böyük hərf kodlaması yolu ilə getdi.

Mən onun şeirlərindən çox şeirlərində əks olunan ruh halı ilə maraqlanıram. Həyatda və insanlarda tapmadığını sözlərdə tapan bu gözəl insan özünü qapadığı otağında özünə aid bir dünya qurur. Həyatı və yazdıqları arasında məsafə qoymur. Otağının pəncərəsindən yox, öz könül pəncərəsindən baxır dünyaya, insanlara. Çünki sözlər nə ona xəyanət edir, nə də ona xəyal qırıqlığı yaşadır. Beləliklə, həyata qarşı özünü daha güclü və həyat dolu hiss edir. Və nəhayət, bütünlüklə sözlərin dünyasını əhatə edir. Nə tənhalığın, nə də sözlərin qarşısında boyun əyir. Həyatı ilə bağlı bütün gözləntilərini özü ilə bağlayır. Yaşadıqlarına və sözlərə izahat vermək məcburiyyətində qalmamağın yolunu bu cür kəşf edir. Sevgini də tənhalığı da dostluğu da öz içində yaşayır. Yaşamağın və yazmağın bütün təzahürlərini öz içində kəşf edir. Sakit həyatı qeyri-adi şeirlərə çevrilir. Dəyərlərin məhvə sürükləndiyi kor faciəsinə şahid olur.

O, yaşadıqları ilə hiss etdiklərini həzm edərək sözlərə əks etdirmişdir. Yeganə rəhbəri müşahidələri olmuşdur. Şüurun maddi və mənəvi süqutuna şahid olmuşdur. Tənhalığın bütün mərhələlərinin dərinliyinə çatmış, yaşadığı bu həyat sayəsində nə özünə, nə də yazdıqlarına yadlaşmışdır. Yaralarını yalnız sözlərlə sarımış, təhsilə sərf etdiyi vaxtı eyni zamanda özünü anlamağa və adlandırmağa da ayırmışdır. Ölümün və həyatın qarşısına çılpaq mənliyi ilə çıxıb Emili. Sevginin və nifrətin dərinliklərinə qulac atıb. Şeirlərini pul və şöhrət qayğısı düşünmədən yazıb. Özündəki əmin-amanlığı itirmədən yeni həyəcanlara da ehtiyac duyub. Başqalarının həyatlarına paxıllıq hissi duymamaq, başqa insanlarla ayaqlaşmamaq fəzilətinə çatıb. Eşqi iztirabla bərabər şəkildə mənimsəyərək sevib. Sürgün yaşadıqca özü və taleyi ilə barışıb. Müharibədə acı və amansızlıqla tanış olub. Həyatı yaşadıqları ilə qiymətləndirib. Bir tərəfdən dövrünü alt-üst edən həqiqətlərin içində yaşayıb, bir tərəfdən də, onları qələmə alıb. İnsanların qəlblərindəki pisliklərin silindiyi, yaşamağın mümkün olduğu bir dünyanın həsrətini çəkmiş, sənətkar həssaslığı ilə namusuna dəyər vermişdir. Realizmi yazı anlayışını xarakterizə edir. İctimai və bədii süquta üz çevirmişdir. Ən böyük həsrəti mərdliyin və şərəfin, məhəbbətin və vəfanın hakim olduğu bir insanlıq anlayışıdır. Yaxşılıq və gözəlliklər onun həyat sevincinin hər gün böyüməyinə səbəb olmuşdur. Dramatik olmayan gözəlliklərə aşiq olmuşdur. Buna görə də şeirlərinin hər biri terapiya mahiyyəti daşıyır.

İçindəki ruh saflığı onun şeirlərini ölümsüz etdi. Bəşəriyyətin günahlarını öz otağından izlədi. Şəxsiyyətinin ən qabarıq xüsusiyyəti qeyri-səmimiliyə və riyakarlığa qarşı duyduğu qəzəb idi. Ən böyük arzusu bəşəriyyətə varlığı ilə olduğu qədər yaşadıqları ilə də gözəlliklər bəxş etmək idi. Bu böyük titula da ölümündən sonra qovuşdu. Onu bəşəriyyətə gətirdiyi bütün gözəlliklərə görə sevgi ilə qucaqlayıram.
Müəllif: Bədriyə Korkankorkmaz
Mənbə: "Düşünbil" portalı
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti