İntibah düşüncəsinə dair- Ağlın və həqiqətin harmoniyası

9-02-2018, 15:00
Oxunub: 1897
"İnsan dünyaya yaxşı və ya pis olaraq gəlmir, əksinə, ətraf mühit və xarici təsirlərlə birlikdə formalaşır"


Adequatio intellectus et rei (Ağlın və həqiqətin harmoniyası)

İngilis intibahını daha yaxşı anlaya bilmək üçün öncə sənaye inqilabına nəzər yetirmək lazımdır. Bu intibah mahiyyət etibarilə kübar mərhələ hesab olunur. Yaşanan bu intellektual dirçəlişin ictimai dinamikası dəyişən istehsal əlaqələri və formalarıyla sıx bağlı idi. Sosial dəyişikliyin ilk göstəricisi biznes bölməsi hesab olunurdu. Bir işi əvvəldən axıra qədər hazırlayan ustad sənətkarın yerini usta olmayan və bu prosesin sadəcə bir hissəsində iştirak edən işçi almışdı. Cəmiyyət bir-birindən fərqlənən müasir siniflərə ayrılmışdı və bu siniflər arasında ictimai əlaqələrin daxili quruluşuna dair fərqli anlayışlar ortaya çıxmağa başlayırdı. Sənaye İnqilabının hər kəsin gözü qarşısında cəmiyyətdə yaratdığı böyük dəyişiklik, hər şeydən öncə elmin və texnologiyanın nə qədər önəm kəsb etdiyinin bir göstəricisi idi. Bu inqilabla dəyişən ictimai quruluş və əlaqə formalarının təsiri, memarlıq, incəsənət, iqtisadiyyat və s. bir çox sahədə özünü büruzə verirdi.

Con Lokk

Bəziləri üçün Lokkun "Dövlət idarəsi haqqında iki traktat" adlı əsəri aydınlanmanın (intibah ideyasının) başlanğıc əsəri hesab olunur. Lokk fəlsəfəsi ictimai ölçü baxımından İntibah dövrünü daha əvvəlki tarixi dövr adlandıra biəcəyimiz sxolastik mərhələdən ayırmaqla hərəkət edir. Din, hakimiyyət və ənənə triosunu özündə təcəssüm etdirən sxolastik düşüncə əvəzinə, tolerantlıq çərçivəsində yaşamaq, azadlıq və mülkiyyət hüququ baxımından, ələ alınan erkən dövr liberalizmini irəli sürən Lokk dünyaya gəldiyimiz andan etibarən yaxşı və ya pis bölgüsünün, ikiqütblü müzakirə obyektinə çevrilməsinə etiraz etmişdi. Çünki insan dünyaya yaxşı və ya pis olaraq gəlmir, əksinə, ətraf mühit və xarici təsirlərlə birlikdə formalaşır. Tam bu nöqtədə xarici və ətraf təsirlərin əhəmiyyətinə toxunmaq, təhsil, psixologiya, sosiologiya və siyasi təşkilatlanma formasının nə qədər əhəmiyyətli olduğunu dərk edə bilməməyimizə gətirib çıxarmışdır. Lokkun əzəməti də sxolastik düşüncə ilə intibah ideyası arasında hamar bir keçid yaratması və bu keçidin ümumbəşəri cəmiyyətin kökü olduğunu bildirməyindən irəli gəlir.       
                                      

İntibah düşüncəsinə dair- Ağlın və həqiqətin harmoniyası

 

Alman intibahı

Alman intibah dövrü isə İngiltərə və Fransa ilə müqayisədə olduqca unikal və fərqli bir məna daşıyır. Əvvəla, bəzilərinə görə Alman intibahı (Aufklarung) istisna olaraq, "Fırtına və coşğunluq"u yaratmış, yəni əleyhdarı ilə birlikdə öz tarixini yazmaq məcburiyyətində qalmışdır. Əgər tarixi çərçivədən baxsaq, günümüzdəki mühafizəkarlıq və liberalizm arasında mövcud olan gərginliyin kökü Aufklarunqda artıqlamasıyla daxili bir formada əks olunur. Hətta bu kökdə bugünkü modernizm, post-modernizm və tarix fəlsəfəsi ilə bağlı müzakirələr də yer alıb. Alman intibahı tamamilə dialektik hesab olunur. Bir tərəfdən, bu, aydınlanmanın məhdudlaşdırılmasını (Kantçı informasiya nəzəriyyəsi və əxlaq), digər tərəfdən isə əksinə, bu mərhələni aşa bilməyi ("Fırtına və coşğunluq", Alman idealizmi və romantizmi ) ehtiva edir.


Fransız intibahı burjua sinfinə arxalanıb, media-loja-salon və ensiklopediyalar çərçivəsində ortaya çıxarkən Alman intibahı kökünün formalaşmasına görə univeristetlərə borcludur. Hətta kimlər üçün isə yaranış tarixi Göttingen Universitetinin quruluşu və Berlin Akademiyasının yenidən açılış tarixi olan 1740-cı ildir. Bu intibahın ən maraqlı tərəfi isə dinin müdafiə olunması idi. Belə ki, mütəfəkkirlər arasında protestantlığın bir qolu olan pietizm çox məşhurdur.

Ağlını istifadə etməyə cəsarət edən bir aydın: Kant

Kontinental Avropa rasionalizmi ilə Anqlo-Sakson amprisizmi, öz mənşəyində aşkar edə bilmədikləri konteksti, qətiyyəti və mənanı kantçı fəlsəfədə tapmışdılar. Kantın fikrincə, nyutonçuluq, fizika, kosmologiya, səbəb, determinizm, informasiya problemi, insan azadlığı və iradəsi ilə mənəvi həyat kimi ağırlıq mərkəzləri mövcuddur. O, ağlın sərhəddini nümayiş etdirərək metafizika mövcudluğu ehtimalına qapı açsa da, eyni zamanda rasional metafizikadan daha çox özünü təcrübəyə əsaslanan fəlsəfəyə yaxın hesab edirdi. Yumdan çox təsirlənsə də, xarici dünyanın reallığı ilə daxilindəki ümumbəşəri əxlaq qanunu onu tərk etməmişdi. Kant Yum və bənzər skeptiklərin arqumentlərinə qarşı Xristian Doktrinalarını qorumaq üçün metod axtararkən eyni zamanda din, elm və əxlaq arasında bir uyğunluq forması yaratmağa çalışırdı.
                               

İntibah düşüncəsinə dair- Ağlın və həqiqətin harmoniyası

Kant üçün aydınlanmaq (intibah) bitməmiş və hələ də davam etməkdə idi. İnsanlarda hələ də yetkin ola bilməmək halı müşahidə olunurdu və bu onların öz xətaları idi. Çünki ağıllarını başqalarının qəyyumluğuna həvalə etmişdilər. Buna görə də onlar öz ağıllarını istifadə edə bilmək cəsarətini göstərməli  idilər və tənbəllik, qorxaqlıq, doqmatizm kimi səhvlərdən yalnız bu cür qurtula bilərdilər. İnsanlar azad düşünə bilmək mövzusunda özlərində məsuliyyət hiss etməli idilər. Ağılı ictimai olaraq, yəni, digərlərini də hesaba qataraq istifadə etmək insanların aydınlanması üçün zərurət idi. Deməli, Kanta görə intibah, ağlın azad, ümumbəşəri və ictimai istifadəsinin birliyi ilə reallaşa bilərdi. Onun üçün Yumdan fərqli olaraq, ağıl vərdiş və təcrübə ilə deyil, daha önəmli olan zəruri və ümumbəşəri olan qanunlarla müəyyən olunmalı idi. Ağıl həmçinin əxlaqi öhdəliklərin sığındığı bir divar, yaxşını və pisi ayırd edən lakmus kağızı idi.


Bəs onda ölkəmizdə bu dirçəliş hansı səviyyədədir?

Əvvəlcə, məqaləmizdə oxuyucunun bunun fərqinə vara bilməsinə çalışdıq: tək və həmfikir olan aydınlanma yoxdur. Ümumi şəkildə aydınlanma və intibah olur. Hər ölkənin intibah dinamikası fərqli və bəzi hallarda hətta bir-birilərinə ziddir. Ölkəmizdə özünəməxsus bəzi şərtlər daxilində öz intibahını Cümhuriyyətin bəyan edilməsi ilə pozitivist və naturalist istiqamətdə mərkəzi hökumətin yuxarı siniflərin əli ilə və orta siniflərdən aşağıya doğru yaymağa çalışan bir mexanizm mövcud idi. Köklərini Osmanlının son dövrlərindən alan bu yerli intibaha baxış alman və fransız intibahına doğru istiqamət almışdı. Qarşılaşdığı mühafizəkar divarı və Şərqi islam ənənəsini qismən həm aşa bilmiş, həm də əksinə, aşa bilməmişdir. Bütünlükdə yerli intibahın (aydınlanmanın) uğurlu olub-olmaması bir tərəfə, bu intibahın hələ 18-ci əsrin fransız materializmi ilə inkişaf edən fəlsəfi “damar” ı necə aşa biləcəyik? Filosof və mütəfəkkirlərimizin diqqət etməli olduqları əsas yer də elə budur, təbii ki, ictimai əlaqə formalarını və tarixi zəmini göz ardı etməmək şərtilə.

Tərcümə: Xəyalə Vahabzadə
Yazıçı: Taner Beyter
Mənbə: dunyalilar.org
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti