"Avropa İttifaqı Azərbaycanın dünyada oynadığı vacib rolu yaxşı başa düşür"

9-02-2018, 11:50
Oxunub: 234
"Fransa ilə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı məsələsində təmaslarımız çox vacibdir"


"Biz eləcə Avropa İttifaqında əsas tərəfdaşlarımızdan olan Fransa ilə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq. Bu xüsusda, Fransa ilə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı məsələsində təmaslarımız çox vacibdir". 

Report xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib. 

O qeyd edib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir və davamlı şəkildə müxtəlif istiqamətlər üzrə inkişaf edir: "Bizim gündəliyimizə ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələləri üzrə davamlı dialoq, ticarət, iqtisadiyyat, sərmayələr üzrə böyük layihələr, regionlararası fəal əməkdaşlıq daxildir. Biz həmçinin, elm, təhsil, mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlıq edirik. Azərbaycan Fransanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Azərbaycan həmçinin fransız dilinin tədrisi üzrə regional mərkəzdir". 

E.Məmmədyarov xatırladıb ki, rəsmi Bakı Avropa İttifaqının noyabrın 24-də Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" Sammitinin uğurla nəticələnməsində Parisin konstruktiv mövqeyini və töhfələrini təqdir edir: "Yekun bəyanatda digər Şərq Tərəfdaşlığı ölkələri kimi Azərbaycanın da ərazi bütövlüyü və suverenliyi təsbit olunub və Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə əldə olunan nailiyyətlər qeyd olunub.

Azərbaycan dünyəvi müsəlman dövləti olaraq Avropa və Asiya, Avropa və İslam dünyası arasında dialoq və əməkdaşlıq körpüsüdür. Azərbaycan bütün region üçün sabitlik və təhlükəsizlik amili olaraq, ekstremizmin qarşısının alınmasında mühüm rola malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycan eyni zamanda inkişaf amilidir, belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr qitələri birləşdirir, Asiya, Qafqaz və Avropa boyunca yeni iş yerlərinin açılmasına xidmət edir. Biz ümidvarıq ki, Avropa İttifaqı və üzv dövlətlər Azərbaycanın regionda və dünyada oynadığı vacib rolu yaxşı başa düşürlər".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti