Qadın filosoflar- Keçmişdən bu günə

7-02-2018, 14:00
Oxunub: 477
"Antik Yunanıstandan bu günə qədər bir çox qadın filosof var olmuşdur və var olmağa da davam edir"


Mövzu fəlsəfə tarixi olduqda "Niyə fəlsəfə tarixində  heç qadın filosof yoxdur?" kimi bir sualla qarşılaşa bilərsiniz. Lakin bu sual "Fəlsəfə tarixində qadın filosoflar varmı?" deyə soruşulduqda cavablandırmağa dəyər hal alır. Və sualın cavabı da "var" olaraq verilməlidir.

Antik Yunanıstandan bu günə qədər bir çox qadın filosof var olmuşdur və var olmağa da davam edir. Bu qadın filosoflardan bir neçəsini nümunə göstərək: Antik Yunan fəlsəfəsində Sokratın adını çox eşidirik, lakin onun dialoqlarında (misal üçün, "Sokratın müdafiəsində"də) bəhs etdiyi və Sokratın "müəllimi" kimi təxmin edə biləcəyimiz Mantinealı Diotimadan xəbərdar olan azdır. Diotimanın həyatına dair məlumat demək olar ki, yoxdur və onun varlığını yalnız beləcə, Sokratın vasitəsilə öyrənmiş oluruq. Bəzi tarixi nəzəriyyələrə görə əslində, Diotima adlı bir qadın yoxdur və o, Sokratın yaratdığı personajdır. Lakin eyni tarixi nəzəriyyələrin bəziləri də Sokratın belə heç vaxt mövcud olmadığını, onun Platon tərəfindən yaradılan bir obraz olduğunu da iddia edə bilər. Bu səbəblə hələ ki Sokratın bəhs etdiyi Diotimanın var olduğuna inanmaq daha məntiqlidir. Yenə Antik Yunanıstandan bir nümunə olaraq, Miletli Aspaziyanı göstərə bilərik, amma onun da həyatına dair əlimizdə çox məlumat yoxdur.

Bir neçə əsr irəlidə isə varlığından şübhə etmədiyimiz bir qadın filosof, isgəndəriyyəli Hipatia var. Yunan filosofu olan Hipatia Platondon sonraki fəlsəfənin ən mühüm ötürücülərindən biri hesab olunur. Fəlsəfədən başqa, riyaziyyat və astronomiya sahəsində də çalışan Hipatianın miladdan sonra 300-400-cü illərdə yaşadığı məlumdur. Orta əsr fəlsəfəsində qadın filosof axtarmaq bir az qəliz iş ola bilər, çünki Orta Əsrlərin sərt ictimai həyatını və din mövzulu fəlsəfə mübahisələrini düşündükdə bir qadın filosofun bu şəraitdə meydana çıxması olduqca çətin idi. Buna baxmayaraq, Bingenli Hildeqard (1098-1179), Kristina de Pizan (1364-1430) kimi adlar bu dövrün qadın yazıçı və filosoflarından hesab olunur. Daha müasir dövrə gəldikdə isə bir çox qadın filosofla qarşılaşırıq. 17-ci əsrdə Meri Estel, on səkkizinci əsrdə Meri Uolstonkraft, İohanna Şarlotta Unçser, 19-cu əsrdə Sofiya Cermen, Harriet Teylor Mill və başqalarından danışmaq olar. 20-ci əsrə gəldikdə isə Simona de Bovuar, Hanna Arendt, Virciniya Vulf kimi dövrün fəlsəfəsinə çox dərindən təsir göstərmiş qadın filosoflarla qarşılaşırıq. Simona de Bovuarın adı hər nə qədər Sartrdan ayrı çəkilməsə də, Bovuar özü ayrılıqda iyirminci əsrin ən fəal filosoflarındandır.

Hanna Arendt də eynilə Bovuar kimi bir kişi filosofun (Haydeqqer) adı ilə xatırlanır, lakin siyasi fəlsəfə sahəsindəki fəaliyyəti onu fərqləndirmək üçün kifayətdir. Virciniya Vulf isə bir çoxuna görə ədəbiyyatçı kimi tanınır, amma eynilə Kafkada, Dostoyevskidə olduğu kimi Vulfun da yazıçı olmaqla yanaşı filosof olduğundan da bəhs edə bilərik.

Nəticə olaraq, tarix boyu bir çox qadın filosofdan bəhs edə bilərik. Yuxarıda adları çəkilən filosoflar sadəcə bir nümunə təşkil edir, bu məsələlərin xaricində məhz müasir dövrdə bir çox qadın filosof var. Fəlsəfədən bəhs edərkən davamlı olaraq kişi filosoflara istinad etməyimiz, qadın filosofların yoxluğundan və ya aşağı dərəcəli təşəkkülündən yox, bizim, tarixi "kişilərin tarixi" kimi qavrayıb oxumağımızdan irəli gəlir.

Müəllif: Ergin Aldemir
Mənbə: "Düşünbil" portalı
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti