"Həyat və səs uzlaşan, bərabər və mütənasib çərçivədədir"- MÜSAHİBƏ

8-02-2018, 11:55
Oxunub: 581
"Hərə öz sənəti ilə məşğul olsa, daha məqsədyönlü olar"


"Gənc-gələcək" layihəsinin bu dəfəki müsahibi bəstəkar Saleh Nəzərovdur. O, 13 yaşından bəri musiqi ilə məşğuldur və bundan sonra da həyatını musiqisiz təsəvvür edə bilmәdiyini deyir. Musiqi və ya başqa bir sahədə, fərqi yoxdur, gənclərin daim uğur qazanmağa, nəsə yaratmağa can atması qürurvericidir.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

-Özünüz haqqında qısa məlumat verin, zəhmət olmasa.
-Bakı şəhərində musiqiçi ailəsində dünyaya gəlmişəm. Musiqi akademiyasında başda Arif Məlikov olmaqla, görkəmli müəllimlərdən təhsil almışam. Bir çox əsər, mahnı və romansların müəllifiyəm. Burada və xaricdə keçirilən bir müsabiqədə, həmçinin festivallarda çıxış edərək dəfələrlə laureat adına layiq görülmüşəm. Hal-hazırda daimi olaraq dövlət tərəfindən keçirilən konsert və tədbirlərdə gənc bəstəkar qismində çıxış edirəm.

-Neçə yaşınızdan bəri musiqiylə məşğulsunuz?
-13 yaşımdan musiqi ilə tam məşğulam.

-Sizcə, yaradıcılıq nədir?
-Məncə, yaradıcılıq ilahi bir qüvvədir. Bəlkə də bu, sənə bəxş edilib və başqalarının görə, eşidə, hiss edə bilməyəcəyini sənin bilməyindir. Bu da hər insana verilmir. Məncə, gərək seçilmişlərdən olasan.

-İngilis yazıçı Persi Biş Şelli deyir ki, ən gözəl musiqilər ən ağrılı duyğuları dilə gətirənlərdir. Yəni insanı bu musiqiləri yaratmağa həmin duyğular təhrik edir, onlar hisslərini musiqi ilə çatdırırlar. Sizin həyatınızda belə bir şey olub ki, onu yalnız musiqi ilə ifadə etmək olub?
-Bəli. Bu, təbiidir. Hətta məndə bir yox, bir neçə dəfə olub. Bu, qarşılaşdığım mənzərə ilə bağlı idi. Belə hesab edirəm ki, orijinal musiqilər məhz həmin an yaranır. Buna da yaradıcılıq deyərəm.

-Bu, hansı musiqidir? Adını deyə bilərsiniz?
-Bir az çətin sualdır. Amma cavablandıracam. Həmin əsərlərdən biri “Həsrət” adlanır. Hələ ki, işıq üzünə çıxartmamışam. Bəlkə də hissiyyatla bağlıdır. Onun da vaxtı gələcək. Ancaq bu heç vaxt yadımdan çıxmır: orkestr və fortepiano üçün 38 dərəcə qızdırmada vals yazmışdım və çox uğurlu çıxış alınmışdı.

- Sizcə, möhtəşəm şeylər yaratmaq üçün ideallara sahib olmaq vacibdir?
-Təbii ki, o da lazımdır. Ancaq mənim fikrimcə, piano, qələm və not vərəqi buna kifayətdir. Yaradıcılıq daxili aləmdir. Bu, heç bir dünya malına satıla bilməz.

-Höte deyir ki, musiqini sevməyən insan deyil, onu sevən yarım insan, yaradan isə tam insandır. Elə bir işiniz varmı ki, həmin bəstəyə görə özünüzü tam insan hesab edirsiniz?
-Bəlkə, bunu bəstəkarın özünün deməsi düz çıxmır. Lakin mənim musiqim səsləndikdən sonra dinləyicinin “bəstəkar o cavan oğlandır” deyib mənə yaxınlaşması və yaşımdan yüksək fikirlər söyləməsi nəsə yarada bilməyim deməkdir. Bəlkə də yanılıram. Bunu daha dəqiq zaman göstərəcək.

-Yaradıcılıq üçün nə gərəklidir?
-Yaradıcılıq üçün xüsusi olaraq gərəkli olan bir şey yoxdur. Yalnız yaradıcı olaraq dünyaya göz açmalısan. Lakin xüsusilə vurğulamaq istərdim ki, bəstəkar, rəssam, şair, fərq etmir, yaradıcı insana mənəvi olaraq stimul lazımdır. Hətta əsəri zəif olsa belə. Çünki Tanrı hərəyə bir dərəcədə potensial verir. Kiməsə az, kiməsə çox.

- Sizin üçün həyatda ən vacib, əhəmiyyətli olan şey nədir?
-Buna qısaca can sağlığı deyə bilərəm.

-Bəs başqa vacib nəsə yoxdur sizin üçün?
-Təbii ki, var. Bunlar mənim musiqilərimdir. Hətta onlar mənə hamıdan yaxındırlar. Çünki hərəsində bir Saleh var. Artıq onların hər biri mənim övladıma çevrilib desəm, yanılmaram. Bu, böyük bir xoşbəxtçilikdir.

-İncəsənətlə məşğul olan insan bundan başqa ictimai yaxud da siyasi fəaliyyətlə məşğul olmalıdırmı? Ümumiyyətlə, gənclərin siyasətlə məşğul olmasına münasibətiniz necədir?
-Məncə, bu problem mövqedən asılıdır. Hər hansı bir gəncin maariflənməsi aspektindən yanaşılırsa, yaradıcı insan müəyyən vaxtda yenə də əsərini təqdim etmək hissi ilə yaşayır. Ancaq bu, boş vaxta dəlalət edən prinsiplərdir. Mənim fikrimcə, hərə öz sənəti ilə məşğul olsa, daha məqsədyönlü olar. Lakin istedadı hərtərəfli gəncin fəaliyyətini də müsbət qarşılayıram.

-Bir an təsəvvür edək, musiqi yoxdur. Onda həyat necə olardı?
-O həyatı təsəvvür etmək belə mümkün deyil. O zaman qalaktika, bəşəriyyət olmazdı. Çünki musiqi ilk növbədə səsdir. Həyat və səs uzlaşan, bərabər və mütənasib çərçivədədir. Bu prinsplərin inkişafı bir-birini üstələyə bilməz. Qalaktika səsə meyillidir.

-Bəstəkarlıqla, musiqi ilə məşğulsunuz, bu və ya başqa bir sahədə ən böyük məqsədiniz nədir?
-Bunu hələ ki, bəstəkarlıqdan başqa heç bir sahədə görmürəm. Məqsədim yalnız xalqa xidmətdir. Xalqım üçün yazıb yaratmaqdır. əgər xalq səni sevir, sənin musiqilərinlə yaşayırsa, bu, ən böyük uğurdur. Təbii ki, bir məqsədim də Azərbaycan musiqisini dünyada tanıdıb sevdirməkdir. Buna isə daha layiqli uğur deyərəm.

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti