Magistraturaya sənəd qəbulu elan edilib

2-02-2018, 10:24
Oxunub: 121
Bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır


Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib.

Mərkəzdən Report-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 

İmtahanda iştirak etmək üçün bakalavr fevralın 2-dən 12-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. 

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 2-dən 12 dək mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurmalı və təsdiqləməlidir. 

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi fevralın 25-də, ikinci mərhələsi isə iyunun 3-də keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanındakı nəticələri mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bu bakalavrlar mayın 7-dən 17-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Bakalavrlar imtahanın ikinci mərhələsində test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər. İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.

Magistraturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

Qəbul elanının tam mətni "Magistr" jurnalının 2-ci sayında dərc olunmuşdur. Jurnalın bu sayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. Eyni zamanda "Magistr" jurnalının bu sayında müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti