Dövlət: Makiavelli, Boden və ictimai müqavilə müəllifləri

31-01-2018, 14:00
Oxunub: 657
"Dövlət əxlaqi dəyərlərin inkişafı üçün yaradılmış ətraf-mühitdir"


Makiavelli və Boden

16-cı əsrə qədər dövlət konsepsiyası hələ də mövcud deyildi. Nikkolo Makiavelli və Jan Boden öz yazılarında qeyd edirlər ki, gücün mərkəzləşməsi vasitəsilə stabillik yenidən qazanıla bilərdi. “The prince” ("Hökmdar") əsərində Makiavelli hökumətin davamlılığına, bütün əxlaqi düşüncələri kənara atıb, əvəzində idarə edənin gücünə – enerji, cəsarət və müstəqilliyinə fokuslanmağa çox böyük əhəmiyyət verir. Onun müasiri Bodenə görə, güc suverenlik yaratmaq üçün təkbaşına kifayət deyil, idarəçiliyin möhkəm olması üçün o, əxlaqa tabe olmalı və bir silsilənin əsasını qoyan vasitə kimi davamlı olmalıdır. Bodenin bu nəzəriyyəsi Avropada 17-ci əsrdə monarxiyanın hökumətin aparıcı forması halına gəldiyi “kralların təbii haqqı” doktrinası üçün müjdəçi rolunu oynamışdı. Bu isə 17-ci əsrdə İngiltərədə Con Lokk və Fransada J.J.Russo kimi islahatçıların dövlətin kökləri və məqsədinin nə olduğunu yenidən araşdırmağa başlamaqlarına şərait yaratdı.

Hobbs, Lokk və Russo

Lokk və Russoya, həmçinin Lokkun ingilis sələfi Tomas Hobbsa görə, dövlət onu yaradan insanın təbiətini özündə əks etdirir. Hobbs deyir ki, insanın “təbii vəziyyəti" fürsətçi və rəqabətcildir. İnsan özünü özünümüdafiənin tək vasitəsi olan dövlətin qaydalarına tabe olmağa məcbur edir, çünki o, başqaları ilə əlaqələri nəticəsində meydana gələ biləcək qarşılıqlı məhvin amansız dövrəsindən yalnız bu yolla canını qurtara bilər.

Lokkun fikrincə, insanın vəziyyəti çox da ümidsiz deyil, amma buna baxmayaraq dövlət də qorunma ehtiyacından yaranır, bu, onun təbii haqqıdır. Lokk deyir ki, dövlət fərdlər arasında bir-birlərinin “təbii haqq”ları olan yaşamaq, azadlıq və mülk hüquqlarını pozmayacaqları və hər bir kəsin “azadlıq sahə”sinin qorunacağı ilə əlaqədər  bağlanan ictimai müqavilədir.

Russonun fikirlərində Hobbs və Lokka nisbətən insan təbiətinə daha çox hörmət var idi. Russo dövlətin, idarəetmənin monarxa yox, bu hüququn idarə edilənlərin ümumi iradəsinə buraxılmasını təklif edirdi. Ona görə millət özü suverendir və insanların ümumi iradəsi olan yerdə qanunlar heç nədir. Platondan təsirlənən Russo deyirdi ki, dövlət əxlaqi dəyərlərin inkişafı üçün yaradılmış ətraf-mühitdir. Sivilizasiya tərəfindən əxlaqının korlanmasına baxmayaraq, insan əslində, yaxşı qalmağı bacarıb və ümumi rifah uğrunda əxlaqi dəyərlərə sahiblənmək iqtidarındadır. Çünki fərdi maraqları hədəfləməyin nəticəsi ixtilafdır, sağlam dövlət yalnız ümumi maraqların əsas məqsəd olaraq görüldüyü halda mövcud ola bilər. 
Tərcümə: Aytac Abbasova
Mənbə: Britannica.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti