Azərbaycanın startapı “Keepface” Birləşmiş Ərəb Əmirliklərindən investisiya cəlb edib

25-01-2018, 18:50
Oxunub: 314
300 min ABŞ dolları təşkil edən investisiya müqaviləsi imzalayıb


Azərbaycanın startapı “Keepface” Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) investisiya cəlb edib. 

Şirkətin yaradıcısı və icraçı direktoru Vaqif Abbasov Report-a bildirib ki, "Keepface" şirkəti MENA bölgəsində fəaliyyət göstərən özəl investisiya fondu ilə həcmi 300 min ABŞ dolları təşkil edən investisiya müqaviləsi imzalayıb.

İnvestisiyadan əvvəlki qiymətləndirməyə görə startapın dəyəri 2 milyon ABŞ dollarıdır. 

"Ayrılmış maliyyə "Keepface" platformasını inkişaf etdirmək və xidmət sahəsini genişləndirmək üçün istifadə olunacaq. Növbəti planda Rusiya bazarı və digər ərəb ölkələrinə çıxış nəzərdə tutulub. İnvestisiyanın böyük hissəsi GPS platformasının texniki cəhətdən genişləndirilməsinə sərf olunacaq", - o deyib.

Qeyd edək ki, "Keepface" mərkəzi ofisi Dubayda yerləşən, Türkiyə, İran, Mərkəzi Asiya və Qafqaz ölkələrində fəaliyyət göstərən Azərbaycan startapıdır. Şirkət bir il əvvəl BBF-də ("Baku Business Factory") fəaliyyətə başlayıb. "Keepface" dünyada trend marketinq strategiyası sayılan "Influencer Marketinq"i avtomatlaşdıran platformadır. Bu platformada infleuncerlər - sosial şəbəkələrdə çox izləyicisi olan istifadəçilər (məşhurlar, blogerlər, jurnalistlər, ekspertlər, aktiv qrup və səhifələr) və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. Hazırda "Keepface" regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti