Razi Nurullayev: "İmkan verilsə, Elçibəyin siyasətini yerinə yetirəcəm"

22-01-2018, 12:40
Oxunub: 4104
"AXCP-nin heç vaxt rəsmi ideologiyası olmayıb"


Ölkədə baş verən siyasi prosesləri daha yaxşı anlamaq üçün elə həmin proseslərin birbaşa iştirakçıları olan partiya rəhbərləri ilə müsahibələrimiz davam edir. Bu dəfəki müsahibimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevdir. Müsahibə zamanı yaxınlaşan prezident seçkiləri ölkədə fəaliyyət göstərən siyasi partiyalar, liderlər haqqında danışdıq.

Qeyd edək ki, R.Nurullayev 2009-cu ilin sentyabr ayından 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olub. 2015-ci ildə partiya daxilində Əli Kərimlidən narazı qüvvələr - Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi yaratdıqlarını bəyan ediblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.

Biz də həm bu prosesləri, həm də ölkədəki siyasi vəziyyəti müzakirə etmək üçün Razi Nurullayevin qərargahına yollandıq.

Etatist.com
sözügedən müsahibəni təqdim edir:

Pünhani Əsgərli: 2018-ci il seçkilərilə bağlı nə düşünürsüz? Sizcə əvvəlki illərdə olan seçkilərlə nə ilə fərqlənəcək?

Razi Nurullayev: Seçkilər bir çox məsələlərlə fərqlənəcək demək də doğru olmazdı. Mənə elə gəlir ki, 2018-ci ildə seçkilərə yeni nəfəs qatacaq namizədlər ola bilər. Mən artıq namizədliyimi irəli sürmüşəm. Nəticələrin qeydə alınıb-alınmamağını deyə bilmərəm, amma sona qədər mübarizə aparacam. Əlavə olaraq, nisbətən gənc olan, ənənəvi müxalifətdən gəlməyən, öz namizədliklərini vermək istəyənlər də var. Onların da namizədliyi qeydə alındığı halda, inanıram ki, fərqli bir seçki prosesi müşahidə edə bilərik. Ən azından yeni mesajlar, yeni proqramlar, namizədlikdə yeni yanaşmalar olacaq. Bir nümunə verim. Məsələn, mən bu gün öz proqramımı və seçkilərdə iştirakımı yalnız İlham Əliyevin tənqidi üzərində qurmuram, fəaliyyətimin İlham Əliyevinkindən fərqinin nədə olacağı üzərində qururam. Mənim tibbi sığortam, qeyri-neft sektorunun inkişafıyla bağlı proqramım, pensiyaçılara münasibətim necə olacaq, rüşvətxorluğu necə aradan qaldıracağam... Hamı deyir ki, rüşvətxorluğu, korrupsiyanı aradan qaldıracam. Amma “necə” sualına heç kim cavab vermir. Biz bütün bu suallara cavab veririk və zaman-zaman bunların hamısını göstərəcəyik.

Aytac Abbasova: Bəs seçkilərdə kimi özünüzə ən böyük rəqib görürsüz?
R.N.: Azərbaycan reallığında İlham Əliyevin adını çəkməsəm mənə qeyri-ciddi yanaşarlar. Təbii ki, hər bir müxalif namizədin ən ciddi rəqibi hakim partiyanın nümayəndəsi İlham Əliyevdir.

P.Ə.: Anladığım qədərilə özünüzə daha çox Qərb platformasına yaxın bir platforma hazırlayırsız.
R.N.: Mənim Qərbə münasibətim çox istidir. Amma Qərbin Azərbaycana köçürülüb gətirilməsini qəbul edə bilmərəm, bu heç mümkün də deyil. Amma Qərbdə kifayət qədər oturuşmuş siyasət, iqtisadi-siyasi proqramlar var, sınağdan keçmiş islahatlar var ki, onlar çox rahatlıqla Azərbaycanda yerinə yetirilə bilər.

"Azərbaycanla Rusiya Avrasiya İttifaqına üzv də ola bilər"

P.Ə.: Razi bəy, dediniz ki, Qərbə münasibətiniz istidir, bəs Qərblə münasibətiniz necədir? Seçkidə namizədliyinizlə bağlı necə reaksiya almısınız?
R.N.: Mənim Qərblə münasibətim də həmişə isti olub, bu gün də istidir. Mən, ümumiyyətlə, Qərbin inkişaf modelini qəbul edirəm, etməsəm gülünc olar. Bunu qəbul etməyənlər də var. Lakin bizi qərbpərəstliklə günahlandıran insanlar özləri Qərbə getmək üçün müxtəlif yollar axtarır, gedib Almaniyada, İngiltərədə, Fransada, Amerikada yaşamaq istəyirlər. Ancaq bu gün onların modelini seçdiyimizə görə bizi tənqid edir və az qala bizi müsəlmanların düşməni elan etmək istəyirlər. Qərbin inkişaf modeli kifayət qədər proqressivdir və bununla bərabər düşünürəm ki, Azərbaycanın Gürcüstan, Rusiya, Türkiyə, İranla da münasibəti yaxşı olmalıdır. Mənim devizim budur ki, “uzaq qohumdansa, yaxın qonşu yaxşıdır.” Təbii ki, bizim qonşu dövlətlərə münasibətimiz isti olmalıdır. Düşünürəm ki, Azərbaycanla Rusiya Avrasiya İttifaqına üzv də ola bilər. Bu, əlbəttə ki, Azərbaycanın milli maraqlarını önə çəkməklə yerinə yetirilməlidir.

A.A.: Hal-hazırkı iqtidar-müxalifət münasibəti barədə nə düşünürsüz?
R.N.: İqtidarla müxalifətin münasibəti bərbaddır, biabırçılıqdır. Onlar bir-birinə düşmən kimi baxır. Azərbaycan iqtidarı və müxalifəti hətta erməni nümayəndələri ilə oturub danışmağa hazırdır, bir-biri ilə yox. Onlar bir səngərin müxtəlif tərəflərində yer almış insanlardırlar. Biz bir xalqın nümayəndəsiyik. Hər iki tərəf Azırbaycanın rifahı üçün çalışdığını dilinə gətirir, lakin bir yerdə oturub bu problemləri həll etmək üçün fəaliyyət göstərmir. Burada əsas məsuliyyətin iqtidarın üzərinə düşməsinə baxmayaraq, müxalifətin də üzərinə düşən bir çox məsuliyyət var. Zamanında siyasi şərait daha münasib və münbit olanda müxalifət iqtidarla bir dil tapıb Azərbaycanın başqa bir yöndə siyasi inkişafına nail olmalı idi, lakin müxalifət iqtidarın ona qarşı seçdiyi variantı seçib, o variantla mübarizə aparırdı və nəticədə biz bir-birinə antaqonist münasibətdə dayanmış iki düşərgənin şahidi oluruq. Biz hər zaman iqtidarla danışıqlara hazır olmuşuq, lakin səbəbsiz yerə yox, əgər bir səbəbi olarsa, onlarla oturub danışa, bu və ya digər məsələləri müzakirə edə bilərik.

"Müxalifətin hakimiyyətin ona yaşatdığı məşəqqətləri hakimiyyətə yaşatmaq üçün daxilində saxladığı kin-küdurəti var"

Razi Nurullayev: "İmkan verilsə, Elçibəyin siyasətini yerinə yetirəcəm"

P.Ə.: Bəs bunun Azərbaycanda siyasi mədəniyyətin formalaşmaması ilə əlaqəsi varmı, yoxsa sadəcə şəxsi zəmində olan bir mübarizədir?

R.N.: Mən deyərdim ki, Azərbaycan xalqının kifayət qədər yüksək mədəniyyəti var. Azərbaycan müsəlman ölkələri içərisində ən yüksək mədəniyyətə malik ölkələrdən biridir. Azərbaycanla yarışacaq ölkə dini-dünyəviliyinə görə Qazaxıstan ola bilər. Əgər xalqın özündə mədəniyyət varsa, onun siyasi mədəniyyətində də problem yoxdur. Baxmayaraq ki, siyasi mədəniyyətimiz oturuşmuyub, bunu etmək heç də böyük problem deyil. Yəni insanlar bir-biri ilə dil tapa bilir. Burada şəxsi problemlər var. Azərbaycanda iqtidarın hakimiyyət kürsüsündən möhkəm yapışması və müxalifəti o kürsünü oun əlindən alan biri kimi görməsi, müxalifətin isə hakimiyyətin ona yaşatdığı məşəqqətləri ona yaşatmaq üçün daxilində saxladığı kini-küdurəti var. Ona görə də iqtidar düşünür ki, əgər müxalifət hakimiyyətə gələrsə, onun qarşısında duran ilk vəzifə qisasçılıq olacaq. Bu iki antaqonist qüvvə arasında şəxsi zəmində bir-birinə nifrət siyasi mədəniyyətin yaranmasına maneəçilik törədir.

P.Ə.: Bəs sizin bununla bağlı hər-hansı bir təklifiniz varmı?
R.N.: Biz bununla bağlı bir çox təkliflər vermişik və bizim müxalifətə heç bir nifrətimiz yoxdur. Həmçinin, bir yerdə oturub Azərbaycanın problemlərini həll etmək düşüncəsində olan partiyalar da var. Məsələ burasındadır ki, sanki hakimiyyətin gözündə Azərbaycanın siyasi hakimiyyətini tamamilə başqa müstəvidə göstərən bir gözlük var və həmin gözlüklə müxalifəti başkəsən, adam öldürən biri və ya hakimiyyəti zorla onun əlindən alan biri kimi görmə istəyi var. Bununla bərabər Azərbaycanda müxalifət kimi onu daha çox söyəni və təhlükənin ondan gəldiyini görmək istəyi var. Əslində, düşünürəm ki, bu tamamilə yalnış məsələdir. Həmin insanların Azərbaycanda hakimiyyətə gəlmə şansları yoxdur, çünki onların Azərbaycanı hər-hansı bir vəziyyətdən çıxarma proqramları yoxdur. Onların Azərbaycan xalqını inandırmaq üçün imkanları və şansları da azdır. Çünki onlar kifayət qədər göz önündə olurlar. Özüm insanlar içində oluram və görürəm ki, insanların yeni simaya ehtiyacı var. Hətta pis olsa da, bəyənməsələr də deyirlər ki, yeni insan olsun, təzə nəsə desin. Onun üçün Azərbaycanda yeni siyasi lider də qüvvə də, həmin siyasi mədəniyyəti göstərən də həmin yeni siyasi qüvvələr arasında olacaq.

P.Ə.: Bəs klassik müxalifət icazə verəcəkmi dediyiniz yeni qüvvələr məşhurlaşsın və ya hakimiyyətlə masa arxasında otura bilsin. Bildiyimiz kimi onların əlində çox yaxşı resurslar var.
R.N.: Təsəvvür edin ki, dörd-beş il bundan qabaq ənənəvi müxalifətdən başqa siyasi liderlər, namizədlər yox idi. Azərbaycanda jurnalistlər sadəcə Əli Kərimlidən, İsa Qəmbərdən, Nemət Pənahlıdan, Sərdar Cəlaloğludan müsahibə almaq üçün çalışırdılar. İndi isə bunun belə olduğuna inanmıram, yəni bunlar artıq o qədər də maraqlı deyil. Artıq yeni insanlar var ki, jurnalistlər onlardan müsahibə almağa çalışır. Heç onlardan müsahibə almağa da ehtiyac yoxdur, onlar özləri “Facebook” vasitəsilə canlı yayım edir və öz fikirlərini insanlara çatdırırlar. Həmin yayımların baxış sayı digərlərinin sayından daha çoxdur. Bu isə o deməkdir ki, Azərbaycanda kifayət qədər yeni siyasət əmələ gəlib və onlarının siyasətinin qarşısının alınmaq şansı sıfırdan da aşağı enib. Həmin siyasətçilər artıq özləri səhnədə qalmaq uğrunda mübarizə aparırlar. Onların heç bir ziyanı yoxdur və onları siyasi səhnədən silmək də məncə, gərəksizdir. Hər şeyi zaman həll etməlidir. Dediyim bu camiyə gücləndikcə onlar da yavaş-yavaş öz yerlərində oturacaqlar.

P.Ə.: Bəs yeni və ya klassik müxalifətin çoxluğunun narazı heyətin bölünməsinə gətirib çəxaracağından narahat deyilsiz?
R.N.: Bu gün, ümumiyyətlə, Azərbaycanda bölünmə problemi yoxdur. Çünki elə bir ciddi müqavimət hərəkatı olmayıb ki, orada mən və yaxud başqası çıxsın insanların 10-15 faizini parşalayaraq başqa səmtə aparsın. 2003-cü il prezident seçkilərində bu narazı təbəqənin bölünməsi prosesi olmuşdu. Bir tərəfdə Etibar Məmmədov, digər tərəfdə İsa Qəmbər və digər qüvvələr. O zaman müxalifətdə olan insanların istəyi eyni idi - YAP-a qarşı mübarizə aparırdılar, lakin bir cəbhədən çıxış edə bilmədilər. İnsanlar kifayət qədər ruh düşkünlüyünə uğradı və bəlkə də, səsverməyə getmədilər. Bundan sonra isə belə cəhdlər olmayıb. Son zamanlar siyasətçilərin dilindən eşitmişəm ki, vahid namizədin olmaması müsbət bir haldır və mən bununla razılaşıram. Azərbaycanda vahid namizəd problemi yoxdur. Məsələ burasındadır ki, bu, Azərbaycandakı siyasi prosesi həll etmir. Burada 10 namizəd də olsa eyni seçki keçirilir və eyni nəticə alınır, bir namizəd də olsa. Əksinə, düşünürəm ki, bir neçə güclü namizədin olması və onların vasitəsilə insanların seçki məntəqəsinə gətirilməsi daha məqbul variantdır.

"Əgər hansısa bir partiya deyirsə ki, onun partiyasının ideologiyası var, bu yalnız kağız üzərindədir"

Razi Nurullayev: "İmkan verilsə, Elçibəyin siyasətini yerinə yetirəcəm"

A.A.: İndi isə keçək partiyanıza. Bildiyimiz kimi, sizin partiyanı plagiatlıqda mühakimə edən olmuşdu. Siz isə deyirsiniz ki, biz Əbülfəz Elçibəyin davamçısıyıq. Bəs sizin partiyanın rəsmi ideologiyası varmı?

R.N.: AXCP-nin heç vaxt rəsmi ideologiyası olmayıb. Siz çox yaralı bir nöqtəyə toxundunuz. Əvvəllər AXCP-nin bir ideoloji xəttinin olması üçün çox cəhd göstərdim. Məsələ budur ki, AXCP-də təmsil olunan üzvlərin özləri də bilmədən müxtəlif ideologiyaların daşıyıcısıdır. Azərbaycanda ideoloji partiya yoxdur. Biz bu il də olmasa, növbəti illərdə, bir ideoloji xətt ortaya qoyacağıq. Amma hal-hazırda partiyanın oturuşmuş bir ideologiyası yoxdur. Bu həm də bizə bu və ya digər ideoloji xətt üzrə beynəlxalq müstəvidə fəaliyyət göstərən birliklərə üzvlüklə bağlı müraciət etməyimizə maneəçilik törədir. Məsələn, Müsavat Partiyası liberalizm ideologiyasını qəbul etdi. Mən bu addıma pis yanaşmıram, onlar bəlkə də, çox doğru qərar qəbul etdilər. Çünki beynəlxalq birliyə üzv oldular. Sizcə Müsavat Partiyasındakılar hamısı liberaldır? Yox. Sadəcə onlar bunu seçməyə məcbur oldular. Biz hələ ki, bunu həll edə bilməmişik. Ümumiyyətlə, yaxşı olardı ki, siyasi partiyalar ideoloji bir zəmində yaransın. Lakin bizdə belə bir partiya yoxdur, onlar şəxslərin ətrafında yaradılıb və bu cür də davam edir. Mən burda partiyamızın ideologiyasından danışıb, sizi də, xalqı da özüm və partiyaya güldürə bilmərəm. Əgər hansısa bir partiya deyirsə ki, onun partiyasının ideologiyası var, bu yalnız kağız üzərindədir.

P.Ə.: Ə.Elçibəy daha çox türk milliyətçisi olaraq tanınırdı. Bəs sizin milliyətçiliyə münasibətiniz necədir?
R.N.: Mənim milliyətçiliyə olan münasibətim mənfi deyil. Sadəcə milliyətçiliyi onun klassik formasında qəbul etmirəm. Milliyətçilik Azərbaycanda və dünyada belə anlaşılır ki, hegemon bir etnosun digər etnosları sıxışdırması, onları özünə assimilyasiya etməsidir. Azərbaycan bizim coğrafi məkanımızın adıdır. Azərbaycan milləti anlayışını mən qəbul etmirəm. Azərbaycan türkləri vardır. Biz türk etnosunun bir qoluyuq. Mən bunun tarixini də danışa bilərəm. Biz Azərbaycanda yaşayan türk etnosuyuq və burada yaşayan başqa etnik mənsubiyyətlər var. Hamımız Azərbaycan vətəndaşıyıq. Mən bu şəkildə Azərbaycançılığın lehinə olan bir siyasətçiyəm, amma türkəm. Azərbaycanda türklərin sayı çoxdur, amma burada yaşayan digər millətlər də azərbaycanlıdır və bizimlə bərabər hüquqa malik olmalıdır. Biz bir dövlət - Azərbaycan dövləti üçün çalışırıq. Mənim üçün burada etnik mənsubiyyətin önəmi yoxdur.

P.Ə.: Bəs partiyanız yaradılanda sizə qarşı bir çox ittihamlar irəli sürüldü. Sizi AXCP-ni bölməklə ittiham edirdilər. Rəhbəri olduğunuz AXCP ilə, Əli Kərimlinin rəhbərliyi altında olan AXCP arasında hansı ciddi fərqlər görürsünüz?
R.N.: İcazə verin bu barədə qısa danışım, çünki əvvəllər dəfələrlə danışmışım. Bu fərqi və oxşarlıqlardan bir məsələni demək istəyirəm ki, burada siyasət bir şəxsin iradəsinə bağlı deyil. Rəhbərlik etdiyim AXCP-də qərarlar tək mənim iradəmdən asılı deyil, burada mənim iradəmin diktaturası yaradılmayıb. Hər kəs azad olaraq öz fikrini ifadə edib fəaliyyət göstərə bilir. Mənim müavinlərimin, partiyada olan fəalların mediada daha çox görünməsi, müsahibə verməsi, bəzən məndən çox baxılması və bəyənilməsi məndə qısqanclıq yaratmır. Həmişə onlara arzu edirəm ki, məndən qabağda olub, məndən çox oxunsunlar. Onların mediaya çıxması, tanınması üçün onlardan daha çox cəhd göstərirəm. Mənə elə gəlir ki, bu fərq bizim hansı müstəvidə fəaliyyət göstərdiyimizi göz önünə sərir. Sözügedən partiyada isə belə bir şey mümkün deyil, ümumiyyətlə siyasi partiyalarda bir nəfərin iradəsi hegemon olmamalıdır. Əgər bir partiyada komanda işi yoxdursa, orada bir nəfər çalışırsa, bu partiya irəli gedə bilməz. Həmin komandalar böyüməlidir. Hər bir məqsədə komandayla çatmaq mümkündür.

A.A.: Bəs partiyanız kadr partiyasıdır yoxsa kütlə?
R.N.: Hal-hazırda Azərbaycandakı bütün partiyalar kütlə partiyasıdır və burda biz də istisna deyilik. Partiyanın kütlə partiyası olmasını dayandırmaq mümkün deyil, çünki AXCP kütləvilik əsasında yaradılıb və bu kütləvilik həmişə burda qalmalıdır. Amma mən bu partiyada kadr yaradılması üçün həmişə çalışıram. Müəyyən nəticələrimiz var, həmin nəticələri böyütmək üçün çalışıram. Düşünürəm ki, biz partiyanın müəyyən bir hissəsini amerikan tipli partiyaya çevirməliyik, yəni partiyanın bütün sahələr üzrə kadr potensialı olmalıdır. Bu həyata keçən zaman, düçünürəm ki, okean belə gəlsə bunun qarşısını ala bilməz. Həmin partiya istədiyini edəcək. Çox sürətlə çalışırıq. Təəssüf ki, bir çox insanların partiyalara qoşulma maraqları və inamları zəifdir. Onların içlərində bir qorxu olsa da, irəliləyişlər var. Gənclərin düşüncələrində müəyyən dəyişikliklər gözləyirəm və görürəm ki, başqa cür düşünməyə başlayıblar. Ona görə də məndə belə bir inam var ki, biz buna nail ola biləcəyik. Amma buna bir ilin içində nail olmaq da müşkül məsələdir.

P.Ə.: Bəs partiyanızda olan siyasi iştirakçılığı necə inkişaf etdirməyi düşünürsüz?
R.N.: Siyasi iştirakçılıq deyəndə nəyi nəzərdə tutursuz?

"Siyasi iştirakçılığı sosial şəbəkələrdə əldə edə bilmişik"

Razi Nurullayev: "İmkan verilsə, Elçibəyin siyasətini yerinə yetirəcəm"

P.Ə.: Yəni xalqın siyasi proseslərdə iştirakı.

R.N.: Əslində bizim siyasi iştirakçılığı artırmaq üçün fiziki fəaliyyət imkanlarımız yox dərəcəsindədir. Biz keçən il Masallıda və Ağstafada böyük toplantı keçirə bildik. Görüşlərin hamısında polisin interferensiyası ilə qarşılaşdıq. Biz həmin rayondan çıxana qədər bir neçə polis maşını bizi müşaiyət etdi. Hətta oturub çay içəndə belə ətrafımızda polislər otururdu ki, danışıqlara belə nəzarət etsin. Belə bir müstəvidə fiziki fəaliyyətlə siyasi iştirakçılığa nail olmaq müşkül məsələdir.
Sosial şəbəkələrin yaratdığı imkanlar kifayət qədər böyükdür və biz həmin siyasi iştirakçılığa keçən ilin noyabrından inamla qədəm qoymuşuq və sosial şəbəkələrdə kifayət qədər ciddi müzakirələr gedir, fəallıq görünür. Məsələn, “Youtube” kanallarında qoyulan video-müsahibələrimə əvvəl 200 baxış olurdusa, indi 60 minə qədər qalxa bilir. “Facebook”da qoyulan video müraciətlərin bəzisi 80 minə çatır. Həmin siyasi iştirakçılığı sosial şəbəkələrdə əldə edə bilmişik.

P.Ə.: Son günlərdə sosial şəbəkələrdə sizin dediyiniz və ya sizin dediyiniz iddia olunan bir fikir gündəmə gəlmişdi: “Əgər mən hakimiyyətə gəlsəm, hər bir ailənin bank hesabına 10 min manat yatırım edəcəm”. Bununla bağlı nə deyə bilərsiniz?
R.N.: Bu fikir mənim on bir dəqiqəlik çıxışımdandır və burada bunun əsaslarını açmışam. İstəsəz buyurub həmin videonu izləyə bilərsiniz. Amma qısaca deyim ki, bu mümkündür. Mən bu fikrimin üzərində dayanıram, hətta İlham Əliyevə müraciət edirəm ki, bunu etsin. Bu fikrimdən sona mənə bir neçə nəfər yaxınlaşıb dedi ki, artıq bununla bağlı dünyada iqtisadi bir formul yaradılıb. Deməli, bu mümkündür. Söhbət hər bir ailənin biznes planının hazırlanmasından gedir və həmin ailələr biznesmenə çevrilir. Özünün ailə biznesini yaradır və ya bir neçə ailə toplaşıb bir biznes qurumu yaradır, özləri nəsə istehsal edir, yaradır, tikir, əkir və buradan pul qazanır.

P.Ə.: Deməli siz bunu ailə planına dəstək olaraq deyirsiniz.
R.N.: Bəli. Artıq hər bir ailə öz dolanışığını təmin etməyə başlayır. Biz deyirik ki, neft pulundan bizə hər hansı bir hissə verilməlidir. Küçədə mən bir meçə nəfəri dayandırıb soruşmuşam ki, sizə neftdən hər hansısa xeyir gəlib? Yaşlı qadın deyir ki, ay oğlum, qurban olum sənə, mən bir qəpik də görməmişəm. Ya da bir cavan oğlan deyir ki, mənim cibimdə qara qəpik də yoxdur, mənə neft pulu verilməyib, neft bizim deyil, seçilmişlərindir. Əslində onlar neftin birbaşa ciblərinə gələn gəliri görməyiblər, amma yollar çəkilib, qaçqınlara hər-hansısa bir güzəran düzəldilib, Bakıda su infrastrukturu yaradılıb və Bakının yarıdan çoxu 24 saat su ala bilir və ya indiyə qədər qaz olmayan yerlərə qaz boruları çəkilib və s. Biz bunu dediyim formada görürük, lakin birbaşa ailəmizdə hiss edə bilmirik. Biz deyirik ki, gələcək nəsillərin hər birinin bank vəsaitlərində bu pullar olmalıdır. Lakin bu pul onun üçün deyil ki, sən ailəyə yardım edəsən, o isə gedib qızına cehiz ala, oğlunu evləndirə və yaxud evini təmir etdirsin. Biznes plan hazırlanıb həmin insana verilir ki, o özünə iş qursun. Beləliklə, ölkədə daxili məhsul artır. Mən deyirəm ki, belə olsa nəinki Azərbaycanda daxili məhsul artacaq, kasıbların sayı azalacaq, həm də Azərbaycan dünyanın ən zəngin və gözəl ölkələrindən birinə çevriləcək. Bunun üçün sadəcə siyasi iradə və ürək lazımdır ki, həmin planı hazırlayıb insanlara təqdim edəsən. Bunun üçün beynəlxalq təşkilatlardan mütəxəssislər dəvət edilir və həmin proqramlar hazırlanır, bununla bağlı təlimlər keçirilir və pul qazanmağın yolları öyrədilir. Bir nümunə verim. ASAN xidmətdə “ABAD” yaradılıb və onların öz nümunələri var. Bir çox ailələri seçiblər və həmin ailələr artıq özləri pul qazana bilir. Deməli, sadəcə olaraq insanların bağlanmış potensiallarını açmaq və onlara kömək etmək lazımdır.

P.Ə.: Belə başa düşdüm ki, bu fikriniz sosial şəbəkələrdə bir qədər deformasiyaya uğrayıb.
R.N.: Bəli, sonradan mən bununla bağlı öz açıqlamamı verdim və bu video da çox geniş yayıldı. İnsanlar sadəcə bir cümləni müxtəlif insanlar müxtəlif adlar altında seçib paylaşırdılar və insanlar belə düşündü ki, mən hər ailəyə bu 10 mini rüşvət kimi təklif edirəm ki, seçkilərdə mənə səs versinlər. Əksinə bunun arxasında dayanan siyasi bir proqram var.

"Mənə elə gəlir ki, xarici görünüşümdə də, danışığımda da Əbülfəz Elçibəyə bənzəyirəm"

A.A.: Son olaraq, özünüzü hansı lider tipinə aid edirsiniz?
R.N.: Bu haqda əslində çox düşünmüşəm, təəssüf ki, cavab tapa bilməmişəm. Bunun səbəbi, əgər Azərbaycanda insanların siyasi iradəsinə bir maneə olmasaydı və biz azad seçkidə iştirak edib azad şəkildə mitinq təşkil etsəydik, onlar qorxmadan, çəkinmədən gəlsəydilər və ya bölgələrdə iclas keçirəndə onlar öz istəkləri ilə gəlib iştirak etsəydilər, mən bilsəydim ki, mənim partiyamın əsl gücü nədədir, o zaman mən özümün hansı siyasi lider tipinə aid olduğumu müəyyən edə bilərdim. Bu gün Azərbaycanda hər hansı bir lider özünün siyasi lider tipini müəyyən edib deyirsə, bu yalandır. İnsanların siyasi lider tipi xalqın ona verdiyi qiymətlə olmalıdır. Bunu həyata keçirmək üçün hələ ki, ən normal variant seçkidir. Seçkidə sənin topladığın bal, insanların sənə sevgisidir. Amma bu, yoxdur.
Məsələn, Azərbaycanda ənənəvi liderlər nə üçün seçkiyə getmək istəmirlər? Ondan soruşsaz ki, niyə seçkiyə getmirsən, o deyəcək ki, xalq məni istəyir. Desən ki, xalq səni istəyirsə niyə seçilmirsən? O, cavab verəcək ki, xalq məni istəyir lakin seçkilər saxtalaşdırılır. Azərbaycanda kiçik partiyalar var ki, heç qərargahı, idarə heyəti də yoxdur. Həmin insan deyir ki, mən seçkiyə getsəm xalqın 90 faizi mənə səs verəcək. Ona sübut etmək olmur ki, bu, belə deyil. Buna görə də, hələ ki, Azərbaycanda kimin hansı lider tipinə aid olduğunu müəyyənləşdirmək çətindir.
Amma mən düşünürəm ki, imkan verilsə, mən bunu zaman-zaman sübut edəcəyəm, mən Ə.Elçibəyin siyasətini yerinə yetirəcəm. Mənə elə gəlir ki, xarici görünüşümdə də, danışığımda da ona bənzəyirəm. Ola bilsin ki, Ə.Elçibəy qədər humanist olmasam da, içimdə onun kimi bir siyasətçi olmaq istəyi var. Dediyim həmin şərait ortada olmalıdır ki, biz bunu müəyyən edək.

P.Ə.: Razi bəy, maraqlı müsahibə üçün təşəkkür edirik. Son olaraq oxuculara demək istədiyiniz nəsə varmı?
R.N.: Bu zaman ərzində fəaliyyət göstərdiyiniz üçün, deməli uğurlu olmusunuz. Uğurlarınızın böyüməsini və medianın qarşılaşdığı problemlərlə qarşılaşmamağınızı arzu edirəm.

Pünhani Əsgərli
Aytac Abbasova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti