"Petkim" ilk avrobond emissiyasının yerləşdirilməsinə başlayır

22-01-2018, 11:24
Oxunub: 89
İstiqrazlar nominal dəyərinin 99,467%-i qədər qiymətlə satışa çıxarılacaq


Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” 500 mln. ABŞ dolları həcmində ilk avrobond emissiyasını yanvarın 26-dan İrlandiya Birjasında yerləşdirməyi planlaşdırır.

Report xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

Məlumata əsasən, tədavül müddəti 5 il olan bu istiqrazların illik gəlirliliyi 5,875% nəzərdə tutulub. İstiqrazlar nominal dəyərinin 99,467%-i qədər qiymətlə satışa çıxarılacaq.

Faiz ödənişləri 26 iyul 2018-ci ildən etibarən 6 ayda bir dəfə olmaqla müddət başa çatanadək hər il 26 iyul və 26 yanvarda həyata keçiriləcək.

Məlumatda həmçinin qeyd olunub ki, İrlandiya Birjasında yerləşdirilməsi planlaşdırılan avrobond üçün sifariş toplama işləri tamamlanıb. Bu avrobond emissiyası ilə əlaqədar olaraq “Goldman Sachs International”, “J.P. Morgan Securities Plc.” , “Citigroup Global Markets Ltd.”, “Societe Generale” və “VTB Capital Plc.” səlahiyyətləndirilib.

Qeyd edək ki, “Petkim Holding” Əliağada (İzmir) inşa olunan STAR neft emalı zavodunda pay almaq üçün ötən il oktyabrın 27-də İdarə Heyətinin qərarına əsasən 500 mln. dollara qədər avrobond emissiyası planlaşdırdığı barədə məlumat yayıb. Noyabr ayında isə Sərmayə Bazarı Qurumuna müraciət edib. Ötən ilin dekabrın sonunda Türkiyənin Sərmayə Bazarı Qurumu “Petkim Holding”in avrobond emissiyası üçün müraciətinə müsbət cavab verib.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti