Nitsşe, Rilke və Freydi ovsunlayan narsist gözəl: Lu Salome

21-01-2018, 13:00
Oxunub: 2439
"Onun yanına yaxınlaşan hər kəs varlığının səmimiyyətindən və harmoniyasından çox şiddətlə təsirlənirdi"


"Əminəm ki, öz həyatımı yaşaya bilərəm. Və nə olsa da, bunu edəcəyəm. Belə davranaraq nəyisə təmsil etmirəm, amma çox daha gözəl, içimdə zühur edən, həyatın istiliyini duyan, sevinc dolu və qaçıb getməyə çalışan birini təmsil edirəm..."

Bu sözlər Lu Salomeyə aiddir...

Ardınca haqqında fərqli dillərdə saysız-hesabsız araşdırmalar aparılmasının, gündəliyinin, məktublarının, əsərlərinin ilmə-ilmə nəzərdən keçirilməsinin səbəbi yaşadığı dövrün gözəllik abidəsi olması deyil, dövrünün öncül azadlıq anlayışına sahib bir qadın olması və ya yazıçı kimi alman dilinə bəxş etdiyi əsərləri də deyil...

Lu patriarxal bir dövrdə azadlıq ehtirasını qamçı kimi istifadə edə bilməsi və "xəstəhal" iffət duyğusu ilə dövrünün qabaqcıl mütəfəkkirlərini və sənətçilərini özünə heyran edən bir tanrıça idi.

12 fevral 1861-ci ildə Sankt Peterburqda dünyaya gələn Lu Salome qayda-qanun, adət-ənənə ilə heç bir əlaqəsi olmadan azad ruhlu biri kimi böyüdü. Sürixdə teologiya, fəlsəfə və sənət tarixi oxudu. İllər içində "Tanrının varlığının imkansız olduğu qədər, mənim də belə bir doqmaya inanmağım qeyri-mümkündür" deyərək bu məsələyə imzasını çəkən cəsur gənc bir qıza çevrildi.
                               

Nitsşe, Rilke və Freydi ovsunlayan narsist gözəl: Lu Salome


21 yaşında səhhətindəki nasazlıq səbəbilə anası ilə birgə Romaya getməli oldu. Anasının yaxın dostu, dövrünün alovlu inqilabçılarından Malvida fon Meyzenbuqun evində qalmağa başladılar. Malvida Paul Re və Nitsşenin dostu idi və 1882-ci ildə Lu Nitsşe ilə artıq dost idi. Xüsusilə din mövzusundakı söhbətlərindən və qəfəslənməyən ruhundan təsirlənən Nitsşe təktərəfli eşq yaşamağa başladı. O dönəmdə 37 yaşında tarixin ən pessimist filosofu böyük ağrılara aparan zövqlərdən uzaq durmalı olduğunu müdafiə edən "teorem"lərdən qurtulmağa çalışır, gec də olsa, həyatında ilk dəfə xoşbəxtliyi axtarırdı. Bəlkə də Nitsşenin qadın düşməni olmasına səbəb olan ən önəmli şeylərdən biri də bu idi...

"Nitsşe ağlayanda" əsərində belə deyilir: "Hansı ulduzlardan düşüb bir-birimizi tapdıq biz? Bu qədər sadə bir cümlənin bu qədər qarışıq olmasına səbəb olan qadın."
                                         

Nitsşe, Rilke və Freydi ovsunlayan narsist gözəl: Lu Salome

 
Lu üçün evlilik sevginin qatilidir, dostluq sevgiyə, daha da pisi seksuallığa çevrilərək yox olmaq riskindən azad edilməlidir. Bu düşüncə ilə Paul Re və Nitsşe tərəfindən edilən evlilik təkliflərini rədd edən Lu Fridrix Andresin intihar təhdidindən təsirlənərək onunla evləndi. Amma 34 yaşına qədər heç bir cinsi münasibətə daxil olmadı və inadla bakirəliyini qorudu.

Ancaq gecikdiyi evlilik əsnasında belə yoldaşının məlumatı daxilində eşq macəralarına davam etdi. Onların arasında Rayner Mariya Rilke və Ziqmund Freyd var idi. 

20 yaşların başında olan Rayner Mariya Rilke ilə 30 yaşların sonundakı Lu münasibət qurur və özgüvəni ilə şair Rilkeni ovsunlayır. Lu yeganə həqiqətim deyə adlandırdığı Rilkeni və onun "böyük səssizlik və təbiiliklə gələn" eşqini qəbul edir. Rilke isə özünə bir ana, sığınacaq yuva, yol göstərən sarvan tapmışdı. Onun özünəinamı sehrinə almışdı Rilkeni. Rilke kişiyə xas və daha güclü görünmək üçün Lunun təklifini qəbul edərək Rene olan adını Rayner kimi dəyişir. Lunun başına pərvanətək dolanır və ona olan sevgisini ən yaxşı bu sətirlər bəyan edir:

"Sənin sərhədlərinə tozlu, bəsit halda gələn günəş işığı ruhunun aydın, şəffaf dalğasında min qat daha parlaq olur. Mənim parlaq özəyim, dünyanı səndən görmək istəyirəm, çünki o zaman ancaq səni, səni, səni görürəm"
                                 

Nitsşe, Rilke və Freydi ovsunlayan narsist gözəl: Lu Salome

 
50 yaşında psixoanalizə maraq duymağa başlayan Lu Freydlə tanış olmaq istəyini göstərən məktublar yazır. Təbiiliyi və bilgisi ilə ovsunladığı Freydlə işləməyə başlayanda xüsusilə narsizm mövzusunda, ustasına belə müqavimət göstərdiyi cəsur təsvirləri ilə heyran qoyur. Cütlüyün 25 il boyunca davam edən iş mövzusunda olan məktubları Lunun peşəkar inkişafına böyük fayda vermişdi. Freyd Lunun ölümündən sonra "ona bəslədiyim sevgi və heyranlığı söyləmiş olmaq istərdim" deyə etiraf edir..

Lu Salome özünü "mən" deyə ifadə edə bilən, həyatın qarşısında bütün "mən"ləri ilə dayanan, yaşamı "öz ideallarına" görə yaşayan nadir insanlardan biri idi. Onun ətrafındakı intellektuallarda buraxdığı izlər həyatın qarşısında cəsarət göstərdiyindən qaynaqlanırdı.

O, 76 yaşında öldükdən sonra, Ziqmund Freyd tərəfindən belə xatırlanır: "Onun yanına yaxınlaşan hər kəs varlığının səmimiyyətindən və harmoniyasından çox şiddətlə təsirlənirdi, qadınlara xas olan zəifliklərin heç birinin, hətta insani zəifliklərin belə çoxunun onda olmadığını, həyatı boyunca bunları aşdığının fərqinə varırdı".
Müəllif: Sibel Çağlar
Tərcümə: Xuraman Məmmədova
Mənbə: "Düşünbil" portalı
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti