Seula səyahət - "Koreyaya mütləq baş çəkin"

19-01-2018, 10:34
Oxunub: 3979
"Əksər tarixi seriallar bu saraylarda çəkilir"


Koreyaya çatdıqda artıq hiss edirsiniz ki, siz bildiyiniz bütün ölkələrdən fərqlənən bir yerdəsiniz. Müasirliklə milliliyin sintezi olan Koreyada adi bir gündə milli geyim geyinib dərsə gedən insanlarla rastlaşa bilərsiniz. Koreyanın paytaxtı olan Seul da bütün bu müasirlikləri və milliliyi özündə birləşdirir. İstər tarixiliyi sevən biri, istərsə də XXI əsrin yeniliklərini görmək istəyən insan Seulda gəzmək üçün zövqlərinə uyğun yer tapa bilər.

Paytaxtda keçmiş Koreya krallığına məxsus olan saraylar hazırda muzey şəklində fəaliyyət göstərməkdədir. Ümumiyyətlə, Seulda 4 saray mövcuddur. Bunlardan ən böyüyü Kyonbokkundur. Turistlər və yerli sakinlər də istədikləri vaxt ora gedib milli paltar kirayə götürüb 1 günlərini sarayda keçirə bilər. Kyonbokkun bizdəki Şirvanşahlar sarayına bənzəyir.  Şirvanşahlar sarayından fərqi ərazisinin çox geniş olmasıdır. Keçmişdə kralların yaşadığı yer olub. Seulun mərkəzində yerləşir. Böyük ərazini əhatə edir və yeganə saraydır ki, keçmişdən bu yana dörd qapısı da bu günə kimi qalıb. Ən böyük sarayın Kyonbokkun olmasına baxmayaraq, UNESCO-ya daxil olan Çxandokkun olub. Bu sarayın ən görkəmli hissəsi "Gizli bağça" adlanan yerdir ki, bir çox serial və kinoların çəkildiyi məkan buradır. Buradakı balaca göl və təbiətin harmoniyası rəssam peyzajlarına bənzəyir. Saray xüsusən payız və yaz aylarında daha gözəl olur. Demək olar ki, əksər tarixi seriallar bu saraylarda çəkilir.  

Seula səyahət - "Koreyaya mütləq baş çəkin"

Seula səyahət - "Koreyaya mütləq baş çəkin"

Əgər siz koreyalıların əvvəllər yaşadıqları yerlərlə maraqlanırsınızsa, gedəcəyiniz yer Bukçon Hanok kəndidir. Koreya milli evləri "Hanok" adlanır. Keçmiş dövrdə olduğu kimi indi də bu ərazidə əhalinin elit təbəqəsi yaşayır. Bu 3 turizm nöqtəsi Koreyanın millilik və qədimliyini görmək istəyənlərin imtina edə bilməyəcəyi yerlərdir. Bu 3 yerə yaz və payız aylarında getmək daha məsləhətlidir. Çünki unudulmaz şəkillərin müəllifi ola bilərsiniz. Koreya milli suvenirlərini, yeməklərini almaq istəyirsinizsə, getməli olduğunuz yer İnsa-dondur. Əgər bu yerləri gəzsəniz, siz Koreyanın tarixiliyi və milliliyi ilə tanış ola bilərsiniz.

Seula səyahət - "Koreyaya mütləq baş çəkin"

Tarixilikdən çıxıb müasirliyə səyahət etmək istəyənlərin mütləq görməli olduğu yerlər var ki, bunlara Myondon, Namsan qülləsi, Honde, İtxevon və s.  misal ola bilər.  

Myondon turistlərin ən çox getdiyi yerdir və bura brend mağazalar, Seulun məşhur küçə yeməkləri, kafeləri ilə məhşurdur. Hətta demək olar ki, Seulun Tarqovusu Myondondur.

Myondonun yaxınlığında olan N-Seul qülləsi Namsan dağında yerləşir. Bura Koreya seriallarının romantik səhnələrinin çəkildiyi yer olaraq tanınır ("Mavi dəniz əfsanəsi" və "Ulduzlardan gələn adam"). Namsan qülləsindən Seulun gözəl gecə mənzərəsini izləyə bilərsiniz.

Seula səyahət - "Koreyaya mütləq baş çəkin"

 

Gənclərin, tələbələrin, əyləncəni və səs-küyü, qeyri-adi tərzi sevənlərin getməli olduğu yer Hondedir. Bura fərqli temalı kafelər, küçə musiqiçiləri və ucuz geyim əşyaları ilə tanınır. Həmçinin tələbələrin əylənmək üçün ən çox getdiyi klublar da burada yerləşir.

Əgər siz Koreya mətbəxi xaricində dünya mətbəxini də dadmaq istəyirsinizsə, gedəcəyiniz yer İtxevondur.

Seulda bir yox, bir neçə mərkəzi yerlər olduğuna görə yazımda tarixilik və müasirliyin olduğu yerləri göstərmək istədim. Lakin Seulun və Koreyanın görməli yerləri yazdığım məkanlarla kifayətlənmir.

Əgər şərq ölkələrinə səyahət etmək istəyirsinizsə, Koreyaya da mütləq baş çəkin.
Fidan Kərimzadə
Etatist.com-un "Ölkələr" rubrikası üçün
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti