UNICEF-in Azərbaycanda fəaliyyətə başlamasından 25 il ötür

16-01-2018, 15:08
Oxunub: 38
Qurum Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayıb


“Son 25 il ərzində Azərbaycan uşaqlarına xidmət bizim üçün qürur mənbəyi olub". 

Report-un məlumatına görə, bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib. 

Onun sözlərinə görə, qurum Azərbaycandakı uşaqların həyatına töhfə verməyi davam etdirmək arzusundadır: "UNICEF artıq bir əsrin dörddə biri qədər Azərbaycanda işləyir. Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etməyə davam etdiyi üçün UNICEF bütün uşaqların həyatda bərabər imkanlara, şanslara malik olduğu və öz hüquqlarına eyni hörmətlə yanaşıldığı gələcəyə nail olmaq arzusuna sadiq qalır. UNICEF əksəriyyəti gənclər olan Azərbaycan xalqının hər bir uşağı üçün daha parlaq gələcək qurmaq məqsədilə fəaliyyət göstərməkdən qürur duyur”.

“Bu gün bizim məqsədimiz harada doğulmasından və hansı şəraitdə yaşamasından asılı olmayaraq, bütün uşaqların həyatda bərabər imkanlara malik olmasına, sağlam, yaxşı təhsil almış, təhlükəsiz vəziyyətdə yaşayan fərdlər ola bilməsinə və ləyaqətlə yaşamasına imkan yaratmaqdır” - E.Karvardin qeyd edib. 

Qeyd edək ki, bu il UNICEF-in Azərbaycanda fəaliyyətə başlamasının 25 ili tamam olur. Qurum Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayıb. Azərbaycanın müstəqilliyinin ilk illərində UNICEF-in proqramları həm təxirəsalınmaz humanitar ehtiyaclara, həm də milli inkişaf prioritetlərinə yönəlib. 25 il əvvəl bu prioritetlər arasında qarşısı alına bilən xəstəliklər əleyhinə peyvəndləmə, uşaq və anaların sağlamlıq və qidalanmasının yaxşılaşdırılması, təhlükə altında olan uşaqların qorunması vardı. 

UNICEF hökumət, vətəndaş cəmiyyəti və yerli icmalarla birgə işləməklə Azərbaycan uşaqları və qadınları naminə ciddi irəliləyişə töhfə verib. UNICEF-in uğurlarına bir sıra digər uğurlarla yanaşı, Azərbaycanın poliomielitdən azad ölkəyə çevrilməsinə və digər qarşısı alına bilən xəstəliklərin yayılmasının azaldılmasına, inkişafın ləngiməsi kimi vəziyyətləri azaltmaq üçün duzun ümumi yodlaşdırılmasının tətbiqinə, ibtidai məktəbdə iştirak səviyyəsinin 90 faizdən artıq göstəriciyədək artırılmasına, beş yaşlı uşaqlar üçün ilk məktəbə hazırlıq proqramının tətbiqinə və uşaq müəssisələrində yaşayan uşaqların sayının yarıbayarı azaldılmasına kömək göstərməsi də daxildir.

UNICEF eyni zamanda, qanunvericilərə və siyasət müəyyənləşdirən fiqurlara qızları erkən nikahdan qoruyan, əlilliyi olan uşaqların normal məktəblərdə oxuması üçün daha çox imkanlar yaradan, uşaqlar üçün pulsuz hüquqi yardım xidmətləri təmin edən, bütün uşaqların idman və rekreasiya imkanlarına çıxışını artıran, səhiyyə işçilərinin, müəllimlərin və digər sosial qayğı mütəxəssislərinin texniki bacarıqlarını artıran və sosial işçilərin, gənc işçilərin yeni nəsillərini formalaşdırmağa başlayan qanunvericilik və təşəbbüslər təqdim etməkdə dəstək göstərib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti