150 ildir aktuallığını itirməyən əsər- "Cinayət və cəza"

15-01-2018, 12:31
Oxunub: 3770
İlk psixoloji romanlardan biri olan "Cinayət və cəza" eyni zamanda siyasi bir romandır


Fyodor Dostoyevskinin “Cinayət və cəza” əsərinin nəşrindən bu günə 150 il keçib. Təsir qüvvəsi inanılmaz olan bu əsər eyni zamanda müasir siyasi əhəmiyyətə sahibdir.

Kitabın mövzusu Sankt-Peterburqda bir qəpiyi belə olmayan tələbə Rodion Raskolnikovun  lombard dükanı sahibi yaşlı bir qadını necə öldürməsinə əsaslanır. Bu cinayəti özlüyündə yaratdığı düşüncəni bir növ isbat edə bilməsi üçün törədir. Raskolnikovun fikri belədir: Napoleon kimi bəzi müstəsna insanlar qanunların fövqündə dayana bilərlər. Buna görə də Raskolnikovun fikrincə, lombard dükan sahibi olan bu qadın da onun gözündə dəyərsiz bir insandır və onun ölümü bütün cəmiyyət üçün qüsursuz bir əhəmiyyət kəsb edəcək. Ancaq cinayət zamanı qurbanın nəzakətli və müdafiəsiz bacısı gəlir. Raskolnikov heç düşünmədən onu da öldürür. Oxucu Raskolnikovun necə laqeyd olduğunu və fikirlərinin (Hegel və Bentamı oxuyaraq təsirləndiyi) istənilməyən nəticələrə gətirib çıxardığını görür.

Raskolnikov sözü “ikiyə bölmək” və ya “bölücü” anlamlarını ifadə edir. Onun bölünmüş  şəxsiyyəti Stivensonun “Cekil və Hayd” hekayəsindən qaynaqlanır. İlk psixoloji romanlardan biri olan "Cinayət və cəza" eyni zamanda siyasi bir romandır. Bu roman 2016–cı ildə meydana gələn iqtisadi liberalizmə qarşı reaksiya dalğasını əks etdirir. Raskolnikov qarışıq biri kimi görünür, özü  liberal fikirləri irəli sürərkən eyni zamanda ona qarşı gələn bir düyün kimi..

Balzak və Dostoyevski

Liberalizmi "öz-özünü zəngin etmək" prinsipi kimi görən Luis Flippin idarəçiliyində olan "İyul monarxiyası (1830-48)" dövründə Fransada meydana çıxan liberalizm özü ilə birlikdə xəyal qırıqlığı gətirərək cəmiyyətə yayılmışdı. Xüsusən də, xarici idxal (anqlo-sakson) kimi görünən liberalizm sosial problemlər üçün "qum torbası" vəziyyətində idi.

Balzak romanlarında, xüsusən də, 1835-ci ildə nəşr olunan "Qorio ata" əsərində "İyul monarxiyası"nın təsiri altında dəyişikliyə, ictimai tərəqqiyə və materializmə fokuslanmış Parisi təsvir edir. Anti-liberal Balzak Rusiya üçün bir ilham mənbəyinə çevrilir. 1847-ci ildəki “Kiyevə məktub” əsərində Rusiyanın mütləq gücünü tərifləyir və seçim olaraq Fransanın “suveren hakimiyyəti”ni Rusiyanın dili ilə desək, “despotizm”ə dəyişdiyini açıqlayır. "Cinayət və cəza"nın mövzusunda və romanın obrazlarında Balzakın təsiri hiss olunur. Eyni zamanda anti-liberal ismarış olduqca güclüdür.

"Cinayət və cəza" romanında liberalizm kitabın ən pis obrazı imkanlı iş adamı Lujin (adın mənası palçıqlı su deməkdir) ilə təmsil olunur. Kitabın onunla ilk tanışlıq hissəsində o, hal-hazırda “qaranlıq iqtisadiyyat” adlandırılan mövzunu müzakirə edir. Lujin Raskolnikovun ailəsinin köklü yoxsulluğunu bir üstünlük bilib, onun bacısı ilə evlənməyi planlaşdırır.

Lujinin Raskolnikovun bacısına etdiyi təhqiredici evlilik təklifi onun cinayətə sövq edilməsi üçün son damla idi (lombard sahibi qadının bu durumla əlaqəsi olmadığı halda). Daha sonra Lujinin Raskolnikov üçün xətri əziz olan dostu Sonyaya oğru böhtanı atması romanın dramatizmlə dolu kuliminasiyası oldu. Bu zaman Lujinin və onun etdiyi bütün şeylərin sanki pisliyə hesablanması diqqət mərkəzində olur.

Digər bir mənfi obraz olan Svidriqaylov yuxarı təbəqədə yırtıcı kimi təsvir edilən bir şorgözdür. O, Markiz de Sadın şeytani əxlaqsızlığını təmsil edir. Dostoyevski bu obrazı yaxşı tərənnüm edəcək bir neçə xüsusiyyətləri göstərmiş olsa da, Lujini bu baxımdan müsbət göstərə biləcək heç bir xüsusiyyətdən bəhs etməyib.

150 ildir aktuallığını itirməyən əsər- "Cinayət və cəza"

Şəxsiyyət siyasəti


Dostoyevskinin liberalizmə qarşı bəslədiyi düşmənçilik münasibəti məntiqsiz görünə bilər. Lakin sürətli iqtisadi dəyişikliyin nəticəsi kimi ortaya çıxan ictimai və psixoloji bölünməni Dostoyevski “Cinayət və cəza” əsərində olduqca uğurlu bir şəkildə əks etdirə bilib. Dostoyevskinin yoxsul kimi təsvir etdiyi sinfin meydana gəlmə səbəbi getdikcə daha çox itkilər verən orta təbəqədir.

1980-ci ilərdən etibarən iqtisadi qloballaşmanın nəticəsində "geri planda buraxıldığını" düşünən İngiltərənin Avropa Birliyindən çıxmasının tərəfdarı olanların və Orta Qərbdəki Tramp dəstəkçilərinin dolanışıq mənbələrini və sosial rollarını itirməkləri Sovet Rusiyasının dağılmasını və ondan sonrakı illərdə yaşayanların taleyini xatırladır.

Dostoyevski iqtisadi dəyişikliyin cəmiyyətdə əmələ gətirdiyi parçalanmanın şəxsiyyət siyasətinin (sağa və ya sola) meydana gəlməsinə necə yol açdığını nəzərdə tutur. Raskolnikov son olaraq, keşişlər tərəfindən olmasa da, Sonyanın ruhi gücü tərəfindən xilas edilir. Ögey anası tərəfindən əxlaqdankənar həyat yaşamağa məcbur edilən Sonyanın sahib olduğu mənəvi güc onun çəkdiyi acıları üstələyir və o, rus cəmiyyətində "poçvennost " (torpaq) adlandırılan "kök salmış" məfhumu təmsil edir.

Dostoyevskiyə görə, din ilk öncə şəxsiyyətlə bağlıdır. "Cinayət və cəza"da liberal modernləşmə səbəbi ilə Raskolnikov kimi yadlaşan və ağlı qarışmış olan insanların mistik milliyyətçilik və ya kollektivizmə necə uyğunlaşmaqlarından bəhs olunur. Bu vəziyyət 1990-cı illərin islahatlarından sonra baş vermiş və 2016-cı ildə yaşanmış Qərb demokratiyalarının yüksəlməsi ilə izah edilə bilər.

Rus psixologiyası

“Cinayət və Cəza”da Rusiya psixologiyasının geosiyasi rolu da işıqlandırırlır. Raskolnikovun durumunda olduğu kimi Rusiyanın beynəlxalq münasibətlərindəki real motivasiyanın nə ifadə etdiyinə dair bu an üçün bir çox fərziyyə mövcuddur.

Hər ikisi üçün də ehtimal olunan açıqlama yaralanmış qürurdur. Raskolnikovun fikirləri ailəsinin statusunun və mövcud şərtlərin itirilməsindən təsirlənir. Özlərini Lujin və Svidriqaylov  kimi yırtıcılara qarşı müdafiəsiz hiss edərlər. Bu durum 1991-ci ildə Sovet Rusiyasının dağılması zamanı və ondan sonrakı Rusiyanın ağır vəziyyətini və yaşadığı milli təhqir duyğusunu xatırladır.

Raskolnikovun Napoleon kimi istisna biri olmasını sübuta yetirə bilməsi üçün sərhədləri aşması, bir növ öz alçaldılmasına verdiyi reaksiyadır. Rusiyada günah sözünə qarşılıq olaraq istifadə olunan "prestupleniye” (cinayət)  sözünün mənası “sərhədləri aşmaq”dır. Rusiyanın Krımı işğal etməsi “cinayət” olsa da, olmasa da, əlbəttə ki, Rusiyanın bu mövzuda “sərhədləri aşması” sanki, “Amerikan istisnasçılıq” anlayışının Rusiya versiyasıymış kimi qəbul edilə bilər.

Təbii ki, Dostoyevski bunu təsdiq etdi. Freydin də qeyd etdiyi kimi, onun məsih milliyyətçiliyi “bu qüdrətli obrazın zəifliyi... daha kiçik ağla sahib olanların daha az cəhdlərlə çata biləcəyi bir durum” idi. "Cinayət və cəza"da fərd, cəmiyyət və müasirlik arasındakı gərginliyin təsviri, siyasi xəttin kənarına çıxarkən eyni zamanda onun daxili baxışını və mövzuyla olan əlaqəsini itirə bilməz.
Müəllif: Adrian Kempbel 
Tərcümə: Xəyalə Vahabzadə
Mənbə: "The Conversation" 
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti