"İnsan düşünməkdən və suallardan qorxur" - OXUCUDAN MÜSAHİBƏ

14-01-2018, 11:27
Oxunub: 1384
"İnsan tarixdən hər zaman qaçır"


Kitabıstanın “Oxucudan müsahibə” layihəsinin növbəti qonağı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Jalə Bənnayevadır.

-“Kitabıstan” layihəsi ilə tanışsınız?
-Bəli, tanışam.

-Layihəmiz haqqında nə düşünürsünüz?
-Müxtəlif bölgələrdə yaşayan, bir–birindən xəbərsiz mütaliə sevərləri bir araya toplayan bir layihəyə ancaq mükəmməl deyə bilərəm.

-Oxuduğunuz ilk kitab yadınıza gəlirmi?
-Bəli, "İlanlı dərənin sirri" adlı nağıl kitabı idi.

-Sizcə, Azərbaycan nağılları uşaqlara faydalı fikirlər aşılayırmı?
-Mənim fikrimcə, nağıllar mənsub olduğu xalqın tarixi hadisələrini (eramızdan əvvəl baş verib, şifahi şəkildə dildən-dilə keçən, bu gün isə bizə sadəcə əfsanə kimi görünən məsələlər və personajlar), zehniyyətini təlqin edir. Azərbaycan nağıllarında da bunu aydın görə bilirik. Milli mentalitetimizin müsbət yönləri, həmçinin insani dəyərlər köhnə Azərbaycan nağıllarında düzgün aşılanır. SSRİ dövründə yaranan nağılların isə müsbət tərəfləri olsa da, uşaqlarımıza SSRİ psixologiyasının təlqin edilməsini göz ardı etmək olmaz.

-Bəs indi hansı kitabı oxuyursunuz?
-M.S.Ordubadinin "Qılınc və qələm" əsərini.

-Necə oldu ki, bu romanı oxumaq qərarına gəldiniz?
-Milli tarixi əsərlərimizi araşdırarkən diqqətimi çəkdi.

-Sizcə, tarixi romanlar həqiqəti əks etdirə bilərmi?
-Mütləq formada xeyr.

-O zaman niyə tarixi roman oxuyursunuz?
-Tarixə marağım var. Dünənini bilməyən gələcəyini sağlam sütunlarla qura bilməz.

-Sizcə, biz dünənimizi niyə bilmirik?
-Həqiqət bizi utopik dünyamızdan ayırdığına görə. Tarixdə baş verənləri öyrəndikcə səbəbləri və nəticələri araşdırmalı olursan. Gəldiyimiz qənaət bizə acı reallıqları, əsl düşmənləri, səhvlərimizi göstərir. Etdiyimiz səhvləri bir daha təkrarlamamaq üçün bu gün düşünməli oluruq ki, gələcəkdə də bunlarla rastlaşmayaq. İnsan isə düşünməkdən və suallardan qorxur. Buna görə də tarixdən hər zaman qaçır. Çünki bu günü yaşamaq üçün düşünməyə ehtiyac yoxdur.

-Ən sevdiyiniz roman hansıdır?
-Turgenev - "Atalar və oğullar".

-Bu əsəri sevməyinizə səbəb nədir?
-Nihilist roman olsa da, özündə köhnə nəsil ilə yeni nəsil arasındakı fikir ayrılıqlarını və buradan yaranan çaxnaşmaları əks etdirir.

-Bəs sonda, sizcə, kim qalib gəlir?
-Məncə, elə hər ikisi uduzur.

-Sizin fikrinizcə, kitab oxuyanların əksəriyyəti niyə tənbəldir?
-Kitab oxuyanlar tənbəl olmur, məncə (məğzi söz toplusundan ibarət olan kitab oxucuları istisnadır), çünki texnologiya əsrində istənilən kitabın qısa icmalını oxumaq əvəzinə əsərin özünü seçirlər.

-Özünüzü "Kitabıstan" vətəndaşı hesab edirsiniz?
-Zənnimcə, bəli. Bir ölkənin vətəndaşı olmaq həmin ölkəyə vətən kimi baxmaqdır. Eynilə kitablar kimi. Bu baxımdan bəli, sayıram.


Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti