Əgər Tanrı hər şeyi biləndirsə... - Tanrıçılıq və şər anlayışı

10-01-2018, 12:00
Oxunub: 8270
Əgər Tanrı sonsuz rəhmət sahibidirsə, o zaman bütün şər qüvvələri yox etməyi arzulayır


Şər anlayışı hər zaman din fəlsəfəsində ziddiyət yaradıb. Bu məsələ asanlıqla izah olunsa da, təkallahlılıq adlandırdığımız ənənəvi monoteizmə ziddir.

Bu problemi qısaca belə açıqlaya bilərik:

- Əgər Tanrının gücü hər şeyə yetirsə, onda o, pisliyin var olmadığı bir dünya yaratmaq gücünə də sahibdir.

- Əgər Tanrı hər şeyi biləndirsə, o zaman edilən bütün pislikləri də bilir.

- Əgər Tanrı sonsuz rəhmət sahibidirsə, o zaman bütün şər qüvvələri yox etməyi arzulayır.

Belə olduğu halda dünya yaşamaq üçün mümkün qədər qüsursuz və ya bütün haqsızlıqlardan təmizlənmiş olacaq. Lakin bu mövzudakı səthi baxış bucağı təbii olaraq ya ədalətli bir dünya yaradır, ya da ədalətsizliklərdən təmizlənmiş bir dünya. Buna görə də şər anlayışı ilə bağlı verilməli olan əsas sual bu olmalıdır: Mükəmməl bir Tanrı öz yaratdığı dünyada necə ola bilir ki, bu qədər ədalətsizliklərə və sonu gəlməyən pisliklərə icazə verə bilir?

Şər anlayışının həllinə dair bir çox təkliflər təqdim olunmuşdur. Bəzilərinə görə bunlardan biri azad iradə məsələsidir. Bu fikrə görə edilən pisliklərin səbəbkarı Tanrı yox, Tanrı tərəfindən bəxş edilən azad iradənin insanlar tərəfindən səhv istifadəsidir.

Başqa bir fikrə görə isə yaxşılığın müəyyən formalarının (məsələn, mərhəmət kimi) pisliyin olmadığı bir dünyada edilə bilməyəcəyidir. Belə ki, əslində pisliyi yox edən edilən yaxşılıqlardır.

Eyni zamanda mənim "tablonun tamamı" adlandırdığım daha bir iddia var. Bu fikrə görə pislik yalnızca məhdud baxış bucaqlarımızdan yaranır. Biz hər şeyə Tanrının nəzəri ilə də baxa bilərdik! Bəli, bunu edə bilərdik! Biz istəsəydik, şərin dünyanı daha mükəmməl bir yerə çevirmək üçün məcburi bir rol oynadığını görərdik.

Filosof Qotfrid Leybnis "bu dünya yaranmış dünyaların ən yaxşısıdır" sözünü 1710-cu ildə deyib. Leybnis Tanrının yarada biləcəyi mümkün olan bütün fərqli dünyaları öz sonsuz beynində hesabladığını deyir. Çünki o, sevgi dolu bir Tanrıdır, yaratmaq üçün seçdiyi dünya şübhəsiz ki, bütün dünyaların ən yaxşısıdır. Buna görə də Leybnis haqsızlıqlardan və pisliklərdən şikayət etməyin yersiz olduğunu müdafiə edir, çünki bu dünya yaradılanların ən yaxşısıdır. Nəticə etibarilə Leybnisə görə biz hər şeyin mümkün olduğu qədər ən yaxşı olduğu yerdəyik və bununla öyünməliyik.

Volter Leybnisin bu tezisini tənqidi bir kitab yazaraq istehza edib. "Kandid"-də (1759) romanın adını götürdüyü qəhrəman Kandid və dostları bir çox şanssızlığa məruz qalaraq bütün dünyanı gəzirlər. Hətta dünyada qarşılaşa biləcəkləri ən pis tragediyalara şahid olurlar. Qəhrəmanlarımızın başına gələnlərin tək səbəbkarı dünyanın saymazyana davranışlarıdır. Buna saf Kandidin müəllimi "yaradılmış dünyaların ən yaxşısı" tezisini ortaya atan Leybnisi təmsil edən professor Panqlossun yanlış yönləndirmələrini də əlavə etmək lazımdır. Volter romanında bitib tükənməyən zülmlər və professor Panqlossun kainatın sonsuz mərhəməti barəsində kor-koranə təzyiqini anlatmaqla acı gerçəyi göstərir. Beləliklə, ədalətin kainatın nizamına bağlı olduğu iddiası gerçəkliyini itirir və mənasızlaşır.

Şər qüvvə ilə sevgi dolu və güc sahibi Tanrı necə bir arada təsəvvür edilə bilər? Şər anlayışının təməlindəki əsas çətinlik də burda yaranır. Məşhur bir metoda görə daim çəkdiyimiz acıların doğruluğuna işarə edərək dünyanın özündə mövcud olan bir ədalətin olduğu irəli sürülüb. Nəticədə, buradan haqsızlığa məruz qalmış bir insanı günahlandırmağın teoloji bir ölçü olduğu həqiqətinə çata bilərik. Məsələn, amerikalı evanjelik lider Pat Robertson 300.000-dən çox insanın yaralandığı, təxminən 220.000 ilə 316.000 insanın həyatını itirdiyi 2010-cu il Haiti zəlzələsini haitililərin faciəli bir səhvi kimi şərh etmişdi. Robertson hardasa 200 il bundan öncə fransızları qovmaq üçün şeytanla müttəfiq olan haitililərin bunun cəzasını çəkdiklərini bildirib. Buna əlavə olaraq  ABŞ-da hələ də abortun qanuni olduğuna görə həm Katrina qasırğasının, həm də terrorizmin baş verdiyini və bunun ilahi ədalət olduğunu irəli sürüb.

Pat Robertson kimi təbii fəlakətlərlə insanların günahları arasında birbaşa əlaqə olduğunu müdafiə edən başqa din adamları da var idi. Misal olaraq iranlı bir molla zəlzələnin səbəbinin qadınların açıq geyinməyinin olduğunu bildirdi, Nyu Yorklu bir ravvin 2011-ci ildə Amerikada baş verən zəlzələlərin səbəbkarı olaraq homoseksual hüquqlarının genişləndirilməsini göstərdi, bir çox Birmanlı buddist təxminən 130.000 insanın ölümünə yol açan 2008-ci ildəki qasırğanın səbəbinin pis karma ənənəsi olduğunu bildirdi.

İçinizdə bu hərarətli açıqlamalara son vermək arzusu yarana bilər. Xaotik bir dünyada yaşayırıq. Bu səbəblə, baş verən təbii fəlakətlər və terror hücumları ya təsadüfi, ya da faktlarla sübut edilə biləcək hadisələrdir. İlk fikrə görə yaxşı və pisi ayıra bilməyən bir dünyada yaşayırıq: pis hadisələr yaxşı insanların başına gəlir, uşaqlar vaxtından tez doğulduqları üçün ölür və faciədə peşmançılığa yer yoxdur. İkinci fikrə görə isə təbii nizama sahib, qonaqpərvər bir dünyada yaşayırıq. Əgər oyunu qaydalarına görə oynasaq, pislik uduzacaq, yaxşılar qazanacaq və ədalət ən uca şəkildə hökm edəcək.

Bu fikrin cazibəsini anlamaq asandır. Lakin kifayət qədər qaranlıq tərəfləri də var. Hər hansı bir tanrıçılıqda olduğu kimi çətinliklərin qarşısını almaq asan deyil, buna görə də qanuniləşdirilməyə çalışılır. Kainatın təbii bir ədalət sisteminin olduğunu bildirən bu iddia əzab çəkənlərin buna layiq olacaq şeylər etdiyinə istinad edir. Ədalətli Tanrı ilə əxlaqi kainatın varlığı ideyası uğursuzluqlarla qarşı-qarşıya qalmış insanları qınama bahasına olsa da, bir günahkar  axtarır. Bu səbəblə "yüz minlərlə haitili öldü, çünki ulu babaları vaxtilə şeytanla müttəfiq olmuşdu" və ya "qadınlar və homoseksuallara hüquqların verilməsi ölümcül təbiət fəlakətlərinin yaranmasına yol açdı" kimi şərhlər ortaya çıxarır.

Bu bizim ətrafımızdakı xoşagəlməz həqiqətləri qəbul etməyimizə və bu həqiqətlər tərəfindən xəyal qırıqlığına məruz qalmaqdan imtina etməyimizə köməkçi olar. Ədaləti mövcud bir gerçəklik kimi görməkdənsə, onu ideallaşdırmaq şəxsin mövcud bərabərsizliklərə və zülmlərə qarşı tutduğu mövqeyi dəyişməz. Əgər ədalətli bir dünya istəyiriksə, bunun gerçək fəaliyyət və səylə yaranacağını da bilməliyik. Ancaq bu, yalnız başqalarını qaralamaqdan əl çəkərsək, mümkün ola bilər.

Müəllif: Ceyson Blum
Mənbə: "Düşünbil" portalı
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti