"Hal-hazırda ictimai qınağın tərəfdarı deyiləm" - OXUCUDAN MÜSAHİBƏ

3-01-2018, 10:06
Oxunub: 1492
"Azərbaycan kapitalizmində azad rəqabət formalaşmadığından insanlar daim uğursuzluğa düçar olurlar"


Kitabıstanın "Oxucudan müsahibə" layihəsinin budəfəki qonağı Etatizm Akademiyasının direktor müavini Səid Əlizadədir.

-Sosial şəbəkədə tez-tez cəmiyyətdəki aqressiya ilə bağlı statuslar yazırsınız. Bunun səbəbi nədir? Niyə bizim cəmiyyətimiz, əsasən də gənclərimiz belə aqressivdir ?
-Gənclərimizin potensialı var, ancaq bunu düzgün istiqamətləndirə bilmirik. Bizim enerjimiz var, ancaq yönləndirmək problemi ilə qarşı-qarşıyayıq. Bunu bir çayın ətrafına dikilən dambalar kimi təsəvvür edirəm, əgər çayın suyu çoxdursa və dambalar dikilməyibsə, o daşan su özünü ətrafa dağıdır. Əgər o dambaları dikə bilsəydik və enerjimizi cəmiyyətin proqressiv təkanına sərf etsəydik, məncə, aqressiya azalar, quruculuq işləri də artardı, ümumiyyətlə, cəmiyyət xoşbəxtlik tapardı.

-Bizdə depressiv kitabların çox oxunmasının səbəbi nədir? Sanki kimsə qarşısına məqsəd qoyub ki, biz yalnız depressiv, pessimist kitablar oxumalıyıq.
-Bunun məqsədyönlü olduğunu düşünmürəm. Postmodern dövrün tələbi ilə bütün dünyada eyni haldır. Məsələn, bu gün gənclərin ən sevdiyi film “Döyüşçü klubu”dur və s. Bu, artıq insanlığın süquta uğraması hadisəsidir. Çünki artıq yeni bir şey yaratmaqda çətinlik çəkən insan eqoistik instinktlərinə tabe olmağa başlayır. Nəzərdə tutduğunuz Kafka, Kamyu, Bukovski kimi yazıçıların yazdıqları aşağı təbəqələrin uğrusuzluqlarının təzahürüdür. Kapitalizm dövründə uğursuzluq daha geniş vüsət alıb. Feodalizmdən fərqli olaraq burada risk faktoru vardır. Azərbaycan kapitalizmində də tam azad rəqabət formalaşmadığına görə insanlar uğursuzluğa daim düçar olurlar. Nəticə etibari ilə indiki hadisələr haqqında danışırıq.

-O zaman belə qənaətə gəlmək olar ki, istər ədəbiyyat, istər fəlsəfə insanların ən əhəmiyyətli, axtarışında olduqları suallara cavab tapa bilmədi.
-Məncə, insanlar özləri cavab tapmaq istəmir. Doğrudan, yaxşı axtarsaydılar, çoxdan tapardılar. Əslində bir sualı vermək lazımdır ki, insan kimdir? İnsanlar təkamül nəticəsində meydana gəlmiş heyvan növü, tanrının yaratdığı ən mükəmməl varlıq, yoxsa özü-özünü yaratmış ali növdür? Biz bunu öz içimizdə müəyyən edib sonra bu suallara cavab verməliyik ki, bəşəriyyət nə istəyir və biz nə etməliyik?

-Siz özünüz bu suala cava tapa bilmisiniz?
-Əslində müəyyən etdiyimi zaman göstərəcək.  

-Bəs indi axtarışlarınız nədən ibarətdir? Nə axtarırsınız?
-Mən uşaqlıqdan bilgiyə ac olmuşam. Məndən yaşca böyük olan dostlarım futbol oynayanda mən Vikipediyada axtarışdaydım. Saatlarla sənədli filmlərə, tarixi seriallara baxırdım. Bu, təbiətimdən asılı olduğuna görə ən yorğun anlarımda belə həmişə axtarışda olmuşam.

-Oxuduğunuz ilk kitab yadınıza gəlir? 
-Bəli, Daniel Defonun “Robinzon Kruzo” romanı. Kitab onluğumda qeyd etməsəm də, mənə ən çox təsir edən kitablardan biri olub. Əgər doğrudan da onu sevərək oxuyublarsa, bütün insanların oxuduğu ilk kitab onlarda iz qoyur. Robinzon Kruzo mənə fərd olmağı öyrədib. Mən həyatım boyu bir şeyləri inşa etməyə çalışmışam. Robinzon Kruzonun həyatı, qurduqları təslim olmamağı, təbiətə qarşı mübarizəsi məni həmin kitabı sevməyə vadar edir.

-Bu, Robinzon Kruzonun iradəsinin məhsulu, yoxsa zərurət idi ?
-Bu, təbii ki, onun iradəsinin məhsuludur. Ancaq buna tam mənasıyla iradə prizmasından baxmamalıyıq. O, kimsəsiz adada qalsa, ətrafında heç kim olmasa belə, yenə də xoşbəxt olmağı bacarırdı. O, yaxşı və güclü insan idi. Bu kitab mənə ən qaranlıq tuneldə belə olsam, arxadakı işıq kimi yol göstərib. Gənclərə həmin kitabı oxumağı məsləhət görürəm.

-İndi hansı kitabı oxuyursunuz ?
-Hal-hazırda oxumuram. Çox məşğulam. Yarıda saxladığım bir neçə kitab var. Onları tamamlamağı düşünürəm. Mən oxuduğum kitabları təkrar-təkrar oxumağı sevirəm. Məsələn, Nitsşenin “Zərdüşt belə deyirdi” kitabını. Hər zaman da elə bilirəm ki, nəyi isə gözdən qaçırmışam. Ancaq bütün kitablarda belə deyil. Məsələn, bədii ədəbiyyatı fəlsəfi və siyasi ədəbiyyatla müqayisədə daha az sevirəm. Bədii ədəbiyyata aid kitablarım çox nadir və seçici olur. Bununla belə Dostoyevskinin “Şeytanlar”ı mənə çox ciddi təsir edib. Tolstoyun da mükəmməl kitabları var, ancaq bu iki yazıçı arasında mənim seçimim Dostoyevskidir.

-Kitab oxumaq ruh halı hadisəsidir, yoxsa biz intellektual olmaq üçün kitab oxuyuruq ?
-Bu hadisə insandan insana dəyişir. Hətta eyni insanda dövrdən dövrə dəyişir. Kitab oxumaq özünü təsdiq kimi gəlir, sonradan mənəvi ehtiyacını ödəmək üçün oxuyan insanlar da var. Elə insan var ki, hansısa məqsədinə çatmaq üçün o kitablardan istifadə edir, elə insan da var ki, reallıqdan uzaqlaşmaq üçün oxuyur. Əslində bunlar arasında ən təhlükəli olanı sonuncu dediyimdir. Çünki insanlar kitabı oxuyarkən həm də reallıqdan uzaqlaşırlar. Bundan sonra reallığına qayıdanda və uyğunluğu görə bilməyəndə özümüzə qapanırıq. Mən bunu qəbul etmirəm. Biz kitablarda ilişib qalmamalıyıq. Biz öz kitablarımızı yazmalıyıq.

-Cəmiyyətdə sağlam ictimai qınağı necə formalaşdırmaq olar?
-Mən hal-hazırda ictimai qınağın tərəfdarı deyiləm. Çünki dəyərlər və kriteriyalar yalnışdır. Bunlar hamısı sağlam dəyərlər üzərində işlənməlidir. Bu dəyərləri də formalaşdıran şüurlu insanlar olmalıdır. Bu adamlar peşələrinin ən yaxşısı olmalı, dünyanı tanımalı, fəlsəfəni bilməli və öz cəmiyyəti üçün çalışmalıdır. Bundan sonra həmin adamlar hansısa məsələni ortaya qoyub müzakirə etməyə başlamalı, qərarlar qəbul olunmalı və bu qərarlar cəmiyyət tərəfindən ciddi qəbul edilməli, dövlət buna dəstək verməli və sonda təhsil mexanizmi bunları öz üzərinə götürməlidir. Bunlar bizdə hətta sıfır səviyyəsindədir. Bizim nümunələrimiz nümunə olmaq iqtidarında deyil. Ona görə biz özümüz nümunə yaratmalıyıq.

-Özünüzü Kitabıstan vətəndaşı sayırsınızmı?
-Bəli, sizə daha aktiv fəaliyyət arzulayıram. Kitab oxuyanlar bizim həyatımızı müəyyən etməlidir. Kitab oxuyanların çoxu reallıqdan qaçırlar. Onlara reallıqdan qaçmamağı arzu edirəm.

Nicat Həşimzadə
Etatist.com                                                                                                                       
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti