"Bu il zəlzələlərin sayı azalıb"

19-12-2017, 15:25
Oxunub: 255
Kadrların hazırlığı kimi məsələlərə də toxunub


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclası keçirilib. 

Bu barədə Report-a RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib.

AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda AMEA nəzdində RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib. İllik hesabatı Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. 

Baş direktor bildirib ki, RSXM-nin bütün şöbələri üzrə illik hesabatlar təqdim edilib və illik hesabat həmin nəticələr əsasında hazırlanıb. 

Mərkəzdə tədqiqatların üç istiqamətdə aparıldığını deyən Qurban Yetirmişli seysmoloji tədqiqatların nəticəsi haqqında danışarkən 2017-ci il ərzində hesabat gününə qədər 8934 yeraltı təkan qeydə alınıb: "Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 78 zəlzələ qeydə alınıb və onlardan 26-sı hiss olunan zəlzələlərdir".

Baş direktor əlavə edib ki, 2016-cı ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb: "Belə ki, 2016-cı ildə Azərbaycan ərazisində zəlzələlərin sayı 4528, ayrılan seysmik enerjinin miqdarı ∑E=48.7 •1011C, ən yüksək maqnituda ml=5.6 olduğu halda, 2017-ci ildə zəlzələlərin sayı 3642, ayrılan seysmik enerjinin miqdarı ∑E=86.5 •1011C, ən yüksək maqnituda ml=5.7 olub. Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 km-dir. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 km-ə artması, Xəzər akvatoriyasına keçməsi ilə əlaqadardır. Hesabat ili ərzində ən güclü hadisə Ağdam ərazisində baş verib. Noyabrın 15-də yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində maqnitudası ml=5.7 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Noyabrın 15-də baş vermiş Ağdam zəlzələlərindən sonra afterşok prosesi kifayət qədər aktivləşib, ilk birinci sutka ərzində əsas təkandan sonra 89 afterşok qeydə alınıb. Bu il mayın 5-i saat 03:24-də Saatlıda maqnitudası ml=5.4 olan zəlzələ baş verib. Zəlzələ Saatlıdan 24 km cənub-şərqdə Saatlı ərazisində, episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 48 km-dir. Saatlı zəlzələləri eninə Savalan-Abşeron, Palmir-Abşeron, uzununa Kür dərinlik qırılmalarının hərəkət zonalarında yerləşib. Qeyd edək ki, 2016-cı ildə də Kür ovalığının cənub hissəsinin seysmikliyi yüksək olmuşdur. İmişli ərazisində güclü maqnitudası ml=5.6, intensivliyi 5 bal olan zəlzələ baş verib. Bu hadisələrin baş verməsi son illər Kür ovalığının cənub hissəsinin seysmik cəhətdən aktivləşməsini təsdiq edir. Müəyyən olunub ki, zəlzələlər Kiçik Qafqaz və Kür ovalığının toqquşması və sıxılması nəticəsində baş verib. 2017-ci ildə 2016-cı ilə nisbətən şimal-qərb bölgəsində seysmik aktivlik fon səviyyəsindən aşağı olub".

Q.Yetirmişli həmçinin il ərzində aparılan geofiziki, geokimyəvi və geodinamik tədqiqatların nəticələri, beynəlxalq əməkdaşlıq və gənc kadrların hazırlığı kimi məsələlərə də toxunub. 

AMEA-nın Yer Elmləri bölməsinin üzvlərinin hesabatla bağlı sualları cavablandırıldıqdan sonra akademik Pərviz Məmmədov, akademik Hətəm Quliyev və akademik Arif İsmayıl-Zadə çıxış edərək hesabatı yüksək qiymətləndirib, gələcəkdə görüləcək işlərlə bağlı öz təkliflərinin səsləndiriblər. Bölmə üzvlərinin səsverməsindən sonra hesabat yekdilliklə qəbul edilib.

Qeyd edək ki, iclasda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri bölməsinin üzvləri, bölməyə daxil olan elmi müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti