"TAP fəaliyyət göstərsəydi, fövqəladə vəziyyət elan etmək məcburiyyətində qalmazdıq"

12-12-2017, 16:37
Oxunub: 61
Avstriyada baş verən hadisə Rusiyadan gələn qazın Avstriyadan nəqlində problemlər yaranmasına yol açıb


İtaliya Avstriyanın Baumqarten şəhərindəki qazpaylayıcı stansiyasında baş verən partlayışa görə qaz təchizatının dayandırılması ilə əlaqədar fövqəladə vəziyyət elan etməyi planlaşdırır.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda bildirib.

Onun sözlərinə görə, Avstriyadakı qaz terminalında baş verən ciddi hadisə Rusiyadan gələn qazın Avstriyadan nəqlində problemlər yaranmasına gətirib çıxarıb.

"Trans Adriatik boru kəməri (TAP) fəaliyyət göstərsəydi, bu gün etdiyimiz kimi fövqəladə vəziyyət elan etmək məcburiyyətində qalmazdıq", - nazir vurğulayıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti