"Aktyor və aktrisalarımızda təhsil çatışmır" - MÜSAHİBƏ

16-12-2017, 12:34
Oxunub: 2807
"Kinoteatrdakı 10 yerli filmin 8-9-nun komediya olmasını istəməzdim"


Film hazırda bütün dünyada geniş yayılmış və daim inkişaf edən, insanlara müxtəlifliklər təqdim edən bir sahədir. Hər birimiz hansısa filmdə özümüzdən nəsə, bəlkə də, elə özümüzü görmüşük. Azərbaycanda bu sahədə çalışan, həqiqətən filmə bütün həyatını sərf edən insanlar az deyil. Onlardan biri də rejissor Cavid Təvəkküldür. Onun filmlərində həyatımıza aid çox şey görə bilərik. Müsahibəmiz zamanı da Cavid Təvəkkül bir çox maraqlı məqamlara toxundu.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- İndiyə qədər "Əzizim Fellini", "Səhərə inan", "Döngələr", "Dərs" kimi bir çox filmlərə imza atmısınız. Bəs siz film ərsəyə gətirməyi və ya film çəkmək prosesini necə ifadə edərdiniz?
- Film çəkmək prosesi o vaxt başlayır ki, ideyanı oxuyursan və kadrlar gözünün qabağında canlanır. Onda sən artıq filmi çəkirsən. Ssenarini oxuyursan və ya yazırsan, onda artıq film çəkilməyə başlayır. Bu proses özü bir sehr aləmidir. Çəkiliş meydançası, yazmaq, montaj prosesi bizi əhatə edən arzuların, xəyalların, inandığın nağılların qovuşduğu yerdir.

- "Əzizim Fellini" filmində öz şəxsi həyatınızdan və ya özünüzdən nəsə var? Özünüz orada varsınız?
- Film o vaxt uğur qazanır ki, özündən orada nəsə olur. Rejissordan, ssenaristdən, aktyordan nəsə olur.  Film onda uğur qazanır. Yəni "Əzizim Fellini" filmində də özümdən nələrsə var. Amma bütövlükdə yox, xırda-xırda, detal-detal. O haqda nəsə desəm, sirləri artıq açmış oluram. Yəni istəməzdim, amma var. Məndən, gördüyünüz adamdan, onun gəncliyindən nəsə var.

"Aktyor və aktrisalarımızda təhsil çatışmır" - MÜSAHİBƏ


- Orada əsas obraz rejissor olmaq istəyirdi. Amma qəbul ola bilmir… Bənzərliyiniz rejissorluqda idi?
- Yox, başqa şeylər var idi. Təbii ki, istənilən sənətdə, filmdə, yaratdığın obrazda, yazdığın əsərdə, çəkdiyin tabloda özün olmalısan. Özündən heç olmasa, bir fraqment, kadr olmalıdır. Olmasa, sevilə bilməz, bəyənilməz. Mən belə düşünürəm. Dəfələrlə sübut olunub, məndən əvvəlkilər də göstəriblər, məndən sonrakılar da göstərəcəklər ki, hansı əsərdə özün varsansa, bu, uğur qazanmalıdır. Əgər “Əzizim Fellini” filmi də uğur qazanıbsa, demək ki, orada bütün mənalarda mən də varam.

- Sizin ssenariləriniz, hekayələriniz daha çox melodram janrına yaxındır. Bəs bu janrda sizi cəlb edən nədir?
- Melodrama deyəndə ilk öncə sevgi əhvalatı yada düşür. Məncə, sevgi mövzusunda yazıb çəkirsənsə, bu mövzuda hər şey demək olar. Bütün sosial və bəşəri problemləri üzə çıxarmaq olar. İnsanı, insanın düşündüyü, onu narahat edən suallara da orada cavab tapmaq olar. Yəni sevgi üzərində hər şey olur. Bəşəriyyət sevgi üzərində qurulub. Mən özüm düşünməmişəm ki, melodrama janrını niyə daha çox yazıram. Mən daha çox tragikomik situasiyaları sevirəm. Niyə o üslubda yazıb, çəkirəm? Mənə orada daha rahatdır. Özümü rahat hiss edirəm. Ona görə, başqa heç nə. Sənətkar harada rahatdırsa, orada olmalıdır. Zorla deyil. Zorla bir dəfə cəhd etdim, alınmadı.

- Hansı janrı yazmağa cəhd etmişdiniz?
- Triller, komediya janrında 1-2 dəfə cəhd etdim, alınmadı. Alınmadığını gördüm, hiss etdim, dedilər də. Bu səbəbdən o fikirdə qalıram ki, mənə görə melodrama, drama mövzuları mənə daha yaxındır. Mən burada digər janrlardan fərqli olaraq daha rahat nəfəs ala bilirəm. Bu, o demək deyil ki, biz başqa janrlarda işləyə bilmərik. İşləyə bilərik, işləyirik də. Amma bu, bizə daha münasibdir.

- Suallarımıza ölkənin yerli film məhsulları ilə davam etmək istərdim. Son 3 ildə kinoteatrlarımıza eyni janrda filmlər çəkilir. Təbii ki, istisnalar da ola bilər. Amma daha çox komediya janrına üstünlük verilir. Bununla bağlı nə düşünürsünüz?
- Əsas odur ki, filmlər çəkilir, kollektivlər formalaşır, rejissora köməkçi ola biləcək ikinci heyət formalaşır. Həmin filmlərdə ikinci heyət formalaşır. Hər işdən-işə bu heyətlər güclənir, praktika yığırlar, təcrübə toplayırlar  və kinonun nə olduğunu bilirlər. Çəkilməsi çox yaxşıdır. Bununla bərabər dramlar da çəkilir. Məsələn, bu yaxınlarda “İkinci pərdə” adlı bir film çəkildi. Deyilənə görə çox ciddi sosial mesajlı bir filmdir. Baxmamışam, amma deyirlər. Məncə, bu filmlər çəkilməlidir və çəkiləcəklər də. Hal- hazırda tamaşaçılar nəyə gedirlərsə, onu da çəkirlər. Prodüserlər bunu istəyir. Gələcəkdə isə kimin qalacağı, kimin gedəcəyi məlum olacaq. Mən düşünürəm ki, 2018-ci il dram ilidir və bu ildə dramlar daha çox çəkiləcək. Filmlərin olmağı çox yaxşıdır. Təbii ki, istəməzdim hamısı komediya janrında olsun. Kinoteatrdakı 10 yerli filmin 8-9-nun komediya olmasını istəməzdim. Axı kino zövq formalaşdırır, savad, təhsil verir. Bəzən biz zalda oturan tamaşaçılara 30 saniyəyə, 1 dəqiqəyə o qədər informasiya, savad, o qədər təhsil ötürə bilərik ki, hansı ki, onlar bunu illərlə qavraya, anlaya bilməyiblər. Kinematoqrafiya bunu edə bilmək gücündədir. İstərdim ki, insanları bir az maarifləndirsinlər, onlara yüksək zövq nümunələri təqdim etsinlər. Əfsuslar olsun ki, indi pulu komediyalara qoyurlar. Amma bu da pis deyil. Yəni kinoyla tamaşaçıları kinoteatrlara yığmaq mütləqdir, vacibdir. Bu yerli filmlərimizin inkişafıdır. Mən şəxsən istərdim ki, hər şey başqa cür olsun. İstəməzdim komediya filmlərini ləğv etsinlər, desinlər ki, olmaz komediya. Yox, bunun da əleyhinəyəm. O da olmalıdır, bu da olmalıdır. Amma indi təəssüf ki, bu tərəfə daha çox üstünlük verirlər.

- Siz dediniz ki, 2018-ci ildə dram janrı çox olacaq. Özünüzün də film çəkmək fikriniz var?
- Daima nəsə çəkməyə fikrim var. Sadəcə fikrim var. Amma bu, nə qədər reallaşacaq onu bilmirəm.

- Bildiyimiz kimi indi dünyada bir çox film dalğaları yaranır. Ən son yunan yeni dalğası gündəmdədir. Məsələn, Yorgos Lanthimosun və Aleksandros Avranasın filmləri və s. Bundan başqa, rumın yeni dalğası Kristian Mungiu ilə başladı. Bizim gənc rejissorların dalğa yarada biləcək potensialı varmı? Yəni nə zamansa dünya məhsulu yarada bilərikmi?
- Azərbaycanın gənc kinematoqrafçılarında da xırda qruplar var və hansısa cəhdlər də edirlər. Bu, alqışlanacaq bir şeydir. Yaxşı filmləri də var. Görürük də. Amma nəticə necə olacaq, onu bilmirik. Azərbaycanda çox istedadlı gənclər var: kinematoqrafistlər, rejissorlar, aktyorlar, rəssamlar, operatorlar, onlar çoxdur. Məncə, onlar özləri özlərinə bir mühit yaratmalıdırlar. Xırda-xırda, üç-üç, beş-beş yox. Hamısı bir dil tapmalıdır, bir yerə yığılmalıdır və dediyiniz həmin o dalğanı, cərəyanı yaratmalıdırlar. Necə ki, vaxtında rejissorlar bir yerdə işləyir, bir-birilərinə kömək edirdilər. Onlar kimi bir şeylər yaratmalı, cəsarətli olmalıdırlar. Qruplaşma deyil, bir mühit yaratmalıdırlar. Mühitdə onlar özləri özlərini tərbiyələndirməli, dediyimiz həmin dalğanı yaratmalıdırlar. Yəni, zövqlərini tərbiyələndirməlidirlər. Bu zaman ortaya yaxşı filmlər çıxacaq. İstənilən film metrajından asılı olmayaraq, 5, 15, ya da 150 dəqiqəlik film dünya kinosuna çıxa bilər. Bir az ürək qoymaq lazımdır, bir az da daxili düşünmək gərəkdir. Yəni azərbaycanlı olduğunu unutmamaq. Avropa ölkələrinə, Hollivuda, Türkiyəyə qaçmağa, artıq ad qazanmış hansısa rejissoru təqlid etməyə dəyməz. Özün ol, dünyada filmin şöhrət qazanacaq. Necə ki, Andrey Tarkovski qazanır. Yetər ki, özün ol, öz ruhunu orada göstər, öz millətini və şəxsən özünün olduğunu göstərsən, kifayət edər. Kifayət qədər dünya şöhrətli film ola bilər. Bunların hamısı tək çətindir. Bir komandan olmalıdır. Komanda da dediyimiz həmin o dalğa məsələsidir.

"Aktyor və aktrisalarımızda təhsil çatışmır" - MÜSAHİBƏ

 

- Bizim rejissorlar çox vaxt sponsor problemlərindən danışırlar. Sizcə, ölkəmizdə bu problem varmı?
- Təbii ki, belə bir problem var, bu problem çox böyükdür. Gənc istedadlar var ki, onların əlində çox gözəl ssenarilər var. Nəinki gənc, orta yaşlı nəsildən rejissorlar var ki, gözəl, qalaq-qalaq ssenariləri var. Amma maliyyə olmadığından onlar filmi ekrana gətirə bilmirlər. Maliyyələşdirənlər daha çox kinokomediyaya üstünlük verirlər. Ciddi işlərə maliyyə yoxdur. Amma böyük ehtiyac var. Düzdür, imkanlı şəxslər kinoya pul qoymağa borclu deyil. Heç borclu deyil, o adam əzab və əziyyətlə pul qazanıb və o pulu kiməsə versin ki, o özünün dünyasını ekrana köçürsün. Bu olmalıdır deyə bir şey yoxdur. Amma etsələr, daha yaxşı olardı. Bu, millətin, gəncliyin, insanlığın tərəqqisidir. Bunu anlasalar, kifayət edər. Məncə, bunu onlara dürüst formada izah edən olsa, onlar anlayarlar və bu tip ciddi fikirlərlə kinoya gələ bilərlər. Ciddi insanlara, ciddi uşaqlara, gənc istedadlara maliyyə ayırarlar. Bəli, bu gün sponsor qıtlığı var.

- Sizin fikrinizcə, əsas problem ideyaların azlığıdır, yoxsa sponsorların?
- İdeyadan çox ideya var. Əsas sponsor, maliyyə problemidir. İdeyadan çox maliyyə olsa, düşünürəm ki, gənclər də, orta nəsil də, kino ilə məşğul olan dürüst kino adamları ortaya yaxşı filmlər qoya bilərlər. Sadəcə problem maliyyədədir. Əvvəllər mən düşünürdüm ki, nə var ki, 3 nəfər yığışaq bir film çəkək. İndi düşünürəm, yox, belə olmur.

- Fikriniz necə dəyişdi?
- Çəkiliş üçün qırmızı maşın lazımdır, xanımın əynində ağ libas olmalıdır, amma o yoxdur. Demək ki, maliyyə lazımdır. Maliyyə yoxdursa, bunları necə etmək olar. Bu kadrda qırmızı maşın, ağ gəlinlik libası olmalıdır. Bu libasın da kirayəsi 2000 Manatdır. Mən o libasla nəsə demək, mesajımı onunla ötürmək istəyirəm. Amma o yoxdur. Demək ki, pul lazımdır, bu, mütləqdir. Məsələn, qısametrajlı nəyisə az büdcə ilə çəkmək olar. Amma kinoya maliyyə mütləq lazımdır.

- Bəs aktyor və aktrisalarımızdan nə dərəcədə razısınız?
- Hamısından olmasa da, bir qismindən razı, bir qismindən isə narazıyam. Səhnədə selfie çəkdirməklərini sevmirəm. Heç istəməzdim orada selfie çəkdirsinlər. İstərdim onları yaxşı mənada ekranda görüm. İşlərini görüm. Belə şeylər bizlik deyil. İstedadlı aktyor və aktrisalarımız da var. Gənclərdən də istedadlıları çoxdur. Sadəcə mənə elə gəlir ki, bir az təhsil və bir az obrazı içlərindən keçirmək, obrazı anlamaq çatışmır. Yəni sözləri, cümlələri oxudum, stiuasiyaları bildim və s. kifayət etmir. Mənim aktyor olaraq ekranda göstərdiklərimə situasiyanı bilməyim belə kifayət etmir. Rejissorlarla bir az mübahisə etməklərini istərdim. Məsələn, rejissor aktyora deyir ki, buradan gəlirsən, burada əlini qoyursan alnına və s. İstərdim aktrisa, aktyor ondan soruşsun ki, niyə? Səbəb nədir? Niyə mən bura gəlməliyəm, burada əlimi alnıma qoymalıyam və nəsə deməliyəm? Bunu bilməlidir. Təbii ki, rejissor da ona izah etməlidir. Ümumiyyətlə, bütün günahlar rejissordadır. Düşünürəm ki, mənim filmimdə aktyor zəif olubsa, bu, mənim günahımdır. Mən belə düşünürəm. Mənim filmimdə aktyor zəif oldusa, mənim filmimdə aktyor nə dediyini anlamayıbsa, eşitdiyini analiz edə bilməyibsə, düzgün qərar verə bilməyibsə, bu, mənim günahımdır. Demək ki, mən onunla kifayət qədər işləməmişəm. İşlədiyim bütün aktyor və aktrisalardan razıyam. İşləmədiyim bütün aktyor və aktrisalarla böyük mənuniyyətlə işləyərdim, bir şərtlə ki, çəkiliş meydançasında selfie olmasın.

- Azərbaycanda ən çox sevdiyiniz və bəyəndiyiniz aktyor, aktrisa kimdir?
- Heç vaxt bölmək istəməzdim. Klassiklərdən kimin pərəstişkarı olduğumu deyə bilərəm. Yusif Vəliyevin. Yusif Vəliyevi bir aktyor kimi çox sevirəm. Düşünürəm ki, o indi yaşasaydı, bəlkə də, burada yox, Hollivudda olardı.

- Siz həm də səhv etmirəmsə, Federiko Fellininin “8 yarım” filmini sevirsiniz. Deyəsən, elə Fellinini də sevirsiniz. Bəs Kşiştof Kyeslovski ilə aranız necədir?
- Rejissorları bölməyi heç sevmirəm. Çünki sənətkar sənətkardır. Necə bölə bilərəm? Mənim sevdiyim bir neçə rejissor var. Bu mənim rejissorumdu deyə düşünürəm. Amma konkret adını çəkdiyimiz adam isə çox gözəl rejissordur, çox gözəl, düşündürücü filmləri var. Amma mənim tərzim deyil. Mənim tərzim başqadır. Sevdiyim tərz başqadır. Bu o demək deyil ki, bu qanundur.

- Gənc rejissorlarımıza izləmələri üçün hansı kinoları, rejissorları məsləhət görürsünüz?
- Bilirsiniz mən əvvəllər necə edirdim? Təsadüfən bir disk alırdım, evdə baxırdım. Orada rejissorun işi xoşuma gəlirdisə, onun növbəti filminə baxırdım. Orada operator işi xoşuma gəlirdisə, həmin adamın digər işlərini axtarırdım, tapıb baxırdım və s. Tövsiyə edərdim deyə bir şey yoxdur. Amma arada məsləhətlər verirəm. Əsas odur, ürəklərində daha çox kimi sevirlər, daha çox kimin işlərinə heyrandırlar, elə onlara baxsınlar kifayət edər. Mən sizə Sergey Paracanov, Aleksandr Petroviç Dovjenkonu və s. məsləhət görərdim. Hərənin öz zövqü var. Biz, adətən gənclərlə işləyəndə onları öyrədirik və onu daha çox ona uyğun tərəfə yönləndiririk. “Buna bax və özünü tap”. Amma bütövlükdə adlar demək çətindir.

"Aktyor və aktrisalarımızda təhsil çatışmır" - MÜSAHİBƏ


- Bəs, sizcə, film epistemik (bilgi yüklü) olmalıdırmı, yoxsa kino ancaq  ticarət məhsuludur?
- Film ruh olmalıdır.  İntellektual yük daşıma və s. bunlar boş şeylərdir. Film rejissorun içi, onun nə demək istədiyi olmalıdır. O artıq rejissorun öz işidir. O, intellektual, arthaus ya da kommersiya xarakterli bir film edəcək öz işidir. Hər şey rejissorun öz əlindədir. Mənim üçün “olmalıdır” deyə bir şey yoxdur. Alınan və alınmayan filmlər var. Daha çox bəyəndiyim hər ikisini bir yerdə verə biləcək filmlərdir. Həm arthaus, həm də böyük kütlənin anlayacağı film olsun. Bunları daha çox sevirəm. Mənim üçün filmi janra bölmək yoxdur. Mənim üçün alınan və alınmayan film var. Janr önəmli deyil.

- Sonda oxucular üçün nə demək istərdiniz?
- Çox oxumaq, baxmaq, yazmaq lazımdır. Hər kəsə demək istədiyim budur. Savadlanmaq, təhsil almaq və millətimiz, dövlətimiz üçün işləmək lazımdır. Azərbaycan sizlərin sayəsində çiçəklənməlidir. Azərbaycanı bütün dünyaya tanıtmalısınız. Bu qədər. Bunları edin, bizə kifayət edər.

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Ceyhun 18 dekabr 2017 17:04  

Suallar intellektin göstericisidir

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti