Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

7-12-2017, 23:37
Oxunub: 19
2018-2020-ci illər üzrə İş Proqramını imzalayıblar


ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub.

Nazirlər iki ölkə arasında gündəlikdə olan məsələlərə nəzər salıb və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin Azərbaycanla Macarıstan arasında təhsil sahəsində son illər əldə edilən uğurları təqdir ediblər.

Azərbaycanla Macarıstan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyinə toxunan nazirlər bu istiqamətdə səylərin artırılacağını bildiriblər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən, xüsusi ilə bu xüsusda dünən baş tutan görüşlərindən söz açıb və münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib.

Görüşdən sonra nazirlər Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında saziş və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramını imzalayıblar. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti