Məleykə Abbaszadə Ukraynaya gedib

7-12-2017, 16:52
Oxunub: 25
Konfrans dekabrın 8-də plenar sessiyalar formasında davam edəcək


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnstitusional Quruculuq üzrə İllik Regional Konfransda iştirak etmək məqsədilə Ukraynaya gedib. 

DİM-dən Report-a verilən məlumata görə, konfrans Avropa Xarici Fəaliyyət Xidmətinin və Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin birgə təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və stabillik” adlı I Platformasının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində keçirilir.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Avropa İttifaqının üzv dövlətlərinin, beynəlxalq təşkilatların, eləcə də Ukraynada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və Ukraynanın dövlət qurumlarının nümayəndələri iştirak edir.

DİM Direktorlar Şurasının sədri konfransda açılış nitqi ilə çıxış edərək Azərbaycan-Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələrin yüksək templə inkişafı barədə məlumat vermiş, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. 

Sədr həmçinin Avropa İttifaqı ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilən layihələr barədə ümumi məlumat verib.

Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Layihəsinin (AZ/15/ENP/OT/40) rəhbəri Fuad Mayılov da plenar sessiyada təqdimatla çıxış edərək Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa Ittifaqının Tvinninq və TAIEX alətləri çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr barədə tədbir iştirakçılarına məlumat verib.

Konfrans dekabrın 8-də plenar sessiyalar formasında davam edəcək, digər Şərq Tərəfdaşlığı ölkələri öz ölkələrində həyata keçirilən Tvinninq, TAIEX və SİGMA alətlərinin tətbiqi, uğurlar, əldə edilən nəticələr barədə fikirlərini bölüşəcəklər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti