"Mübariz İbrahimov haqqında da komiks olacaq"-MÜSAHİBƏ

4-12-2017, 10:20
Oxunub: 552
"Dünya uçan adamlardan yorulub"


Tarixi öyrənmək bir çoxlarına darıxdırıcı gələ bilər, ya da öyrənmək istəməyə bilərlər. Amma belə bir fikir ola bilər: bəlkə, bunu əyləncəli tərzdə edək? Bu müsahibədən mənim gəldiyim nəticə, əsasən, bu oldu. Dekabr ayında satışa çıxarılacaq "Koroğlu" komiksi bizə buna görə də yaxşı bir nümunə verir. Gənclər tərəfindən yaradılmış komiks böyük marağa səbəb olub.

Etatist.com layihənin təsisçisi, ideya müəllifi və baş redaktoru Anar Əkbərli ilə müsahibəni təqdim edir: 

-Özünüz haqda qısa məlumat verərdiniz, zəhmət olmasa.
-Qafqaz Universitetinin məzunuyam. Hazırda Neft və Sənaye Universitetində  magistr təhsili alıram.

-Nəyə görə komiksin mövzusu “Koroğlu” dastanıdır? Bunun seçilməsində xüsusi bir səbəb varmı?
-İxtisasım mühəndislik olsa da, tarixə hər zaman marağım olub. Həmişə tarixi mövzuları araşdırmışam. Koroğlu da ən ziddiyyətli mövzulardan biri idi. Onu qəhrəman da, quldur da hesab edənlər var. Dastanı bir neçə variantdan oxuduqdan sonra quldur olduğu fikrinə gəlmək doğrudur. Dastan həqiqətən də bir az belə bir fikir yaradır. Amma dastanın qələmə alındığı tarixi və müəllifləri göz önünə gətirəndə bəzi şeylər aydın olmağa başlayır. Dastan ilk dəfə XIX əsrin ortalarında qələmə alınıb. Tbilisi və Təbriz nüsxələri var. Orta məktəblərdə tədris olunan dastan Tbilisi nüsxəsidir, hazırda Fransada saxlanılır. Həmin nüsxələrin müəllifləri əksərən ermənilərdir. Çar Rusiyası dövründə qələmə alınıblar. Bunu oxuyanda görürük ki, Koroğlu başkəsən, quldur, keyfinə görə istədiyini öldürən və s. belə bir personajdır. Bundan əlavə, orada başqa boşluqlar, tarixi cəhətdən tutuşmamazlıqlar da var. Baxırıq ki, əgər həmin hadisələr dastanda deyilən dövrdə baş veribsə, heç də uyğun gəlməyən bəzi nüanslar var. Oradan yola çıxıb araşdıranda, dərinliklərinə gedəndə tarixdə Koroğlu necədir öyrənə bilərik. Tarixi Koroğlunun kim olduğu haqqında əvvəlcədən məlumat vermək istəmirik. Komiksimizdə tarixi tərəfindən ələ almışıq, yəni hamının bildiyi dastanı yox, tarixdə olanı. Fikirləşdik ki,  birdən-birə həmin reallığı meydana çıxarsaq, insanlar bunu qəbul etməyəcəklər. Məqalə  yazsaq, bunu önyarğılı qarşılayıb deyəcəklər: “Biz onu artıq sevirik, ya da sevmirik”. Ona görə də belə bir şey etdik ki, insanları qorxutmadan, mövzudan çox kənara çıxmadan, asta-asta reallıqları üzə çıxaraq. Bunu da əyləncəli formada edək.

"Mübariz İbrahimov haqqında da komiks olacaq"-MÜSAHİBƏ

 

-Komiks hansı tərzdədir?
-Biz bunu sinematik tərzdə yaratdıq. İnsanların nə reaksiya verəcəyini görəcəyik. İşimizə inanırıq.

-Koroğludan sonra daha hansı mövzular olacaq, yoxsa sadəcə bu dastan?
-Həmişə milli tarixi mövzularda kritik olmuşuq. Detallar çox önəm kəsb edir. Həssas mövzularda səhv etməyə yer yoxdur. Ona görə də işin ideal formasını üzə çıxarmağa çalışmışıq. Eyni zamanda da bu komiks bizim birinci sayımızdır. Sırf Koroğlu haqqında olan komiksi seriya olaraq düşünürük. Növbəti seriyalar da sujet olaraq artıq hazırdır. Birinci nüsxənin oxunmasına səbəb olaraq növbəti sayları da üzə çıxartmağı fikirləşirik. Aylıq komiks olaraq nəzərdə tutmuşuq. Bununla yanaşı, sadəcə Koroğolu yox, bütün qəhrəmanlar, tarixi şəxsiyyətlər, dastanlardan nümunələr, Şah İsmayıl, Nadir Şah, Mübariz İbrahimov - qədimdən bu günə qədər vacib bildiyimiz hər nöqtəyə toxunmaq istəmişik. Digər əsas məsələ də belə bir alternativin olmamasıdır. Hal hazırda həm uşaqlar, həm gənclər üçün əyləncə ancaq kənardan, xaricdən gəlir. Komiks sevərlər bizdə də var, komiks olsa, oxuyarlar. Amma belə deyək, yoxdur. Biz özümüz də öz məhsulumuzun alıcısıyıq. Əsas məsələlərdən biri yoxluq, boşluq idi ki, bunu doldurmaq lazımdır. Bizdə belə bir şey nəyə görə olmasın?

"Mübariz İbrahimov haqqında da komiks olacaq"-MÜSAHİBƏ

 

-Yaponiyada komikslər əsaında animasiyalar, filmlər çəkilir. Sizin də belə bir fikriniz varmı?
-Biz oyun, oyuncaqlar, animasiyalar üzərində işləyirik. Artıq 3D modelləmələr, tride sahə ilə bağlı bütün detallar yerinə oturub. Sadəcə düzgün vaxtı gözləyirik ki, mərhələli formada, kiçik-kiçik üzə çıxardaq. Demək olar ki, işin böyük bir hissəsini həll etmişik. Bütün personajlarımızın, ətraf mühitdəki amilləri, elementərinin hamısını, Qıratdan Dürata kimi, hər birinin 3D modelləri əlimimzdə var. Bir-bir hazırlamışıq, yığmışıq. Bunların animasiyaya çevrilməsi üçün sadəcə müəyyən qədər resurs lazımdır. Müəyyən qədər təlabat da olmalıdır. Bu birinci məhsul həm də test xarakeri daşıyır, görək kütlə bunu istəyirmi və necə qarşılayacaqlar. Bəlkə, hamı deyəcək ki, bizim belə bir şeyə ehtiyacıız yoxdur? Bizə nə qədər vacib gəlsə də, bu, o demək deyil ki, hamıya vacibdir. Əgər doğru marağı toplasaq, biz ağlımızda qurduğumuz ssenarini çatdıra, ifadə edə  bilsək, təbii ki, davamı gələcək. Yəni dediyim kimi, hazır vəziyyətdədir. Bir qərara bağlıdır ki, bu işə başlayaq. Onda başlayacağıq və çox da uzun çəkməyəcək.

-Əvvəl də bəzi komikslər olub, amma elə də geniş yayılmayıblar. Sizə qarşı isə sanki maraq, rəğbət var. Bunun səbəbi komiksin milli ruhda olmasıdır, yoxsa necə?
-Bir neçə səbəbi var. Əvvəlki komikslər biz bu işə başlayanda yox kimi idilər. Bir “Külək adam” komiksi var idi, onu da bu işə başlayandan sonra araşdırıb tapdıq ki, belə bir komiks var imiş, güclü reklam olmadan, həvəskar formada üzə çıxıb. Rəğbət qazanması isə başda dediyim kimi bizim özümüzün işə idealistik yanaşmağımıza görədir. Yəni hər şey ola biləcəyinin maksimum keyfiyyətində olmalıdır. Bütün detallar nəzərə alınsın, boşluqlar olmasın və buna görə də digər komikslərdən fərqlənir. Mənə elə gəlir ki, dünya uçan adamlardan yorulub. Bu adam nə qədər qeyri-adi görünsə də, artıq bayağıdır. Yəni normallaşıb, super qəhrəmandırsa, uçacaq, gözündən lazer çıxacaq ya da hansısa bir super özəlliyi olacaq. Əsas məsələ də bunların hamısının uydurma qəhrəmanlar olmasıdır. Bizim şüar olaraq əldə bayraq etdiyimiz şey onların uydurmalarına qarşı bizim reallığımız idi. Niyə bizim bu qədər ilham alınacaq, sevilcək, örnək götürüləcək qəhrəmanlarımız olduğu halda yeni nəsil tamamilə uydurma, gələcəkdə onlara heç bir faydası olmayacaq, əyləncə tərzinin arxasınca gedirlər. Gəncləri də burada qınamaq lazım deyil. Çünki belə bir şey yoxdur ki, bunun arxasınca getsinlər. Ona görə bir sınaqdan keçirək... Buna görə maraq yaratdığını düşünürəm. Çünki heç kim bu personajları bu cür görməyib.

"Mübariz İbrahimov haqqında da komiks olacaq"-MÜSAHİBƏ

 

-Bunlardan başqa sizi daha hansı yeniliklərlə görəcəyik?
-Animasiyalar, video oyunlar, oyuncaqlar və s. ardınca tamamilə bu sahəyə aid olmayan, amma milli ünsürləri özündə daşıyan, mədəniyyətin inkişafına dəstək ola biləcək başqa planlarımız var. Silsilə formada üzə çıxarmağı fikirləşirik. Detalları hələ ki, sirr qalsın.

-Komikslərə marağınız nə vaxtdan yaranıb?
-Bu işə qədər komikslərlə heç bir əlaqəm olmayıb. Çünki rastıma çıxmayıb. Film, animasiya olaraq izləmişəm. Amma komiks və jurnallar oxumamışam. Dediyim ki, mənim maraq dairəm tarix idi. Bir gün belə bir şey gördük və dedik ki, niyə biz də etməyək? Əslində bu bizə bir üstünlük qazandırır. Bəziləri düşünür ki, komiks haqda hər şeyi bilirlər, illərlə bununla maraqlanıblar, oxuyurlar. Amma sadəcə oxucudurlar. Biz bu işə sıfırdan başladığımızdan məqalələr oxumuşuq, yüzlərlə video izləmişik. Sırf komiksin texnikası nədir, hekayəni oxucuya necə çatdırmaq lazımdır və s. öyənmək üçün. Biz bu nüansları artıq tutmuşuq. Bir professional kimi digər komiksləri ələ alıb ssenari, şəkil keyfiyyəti, komiks texnikası baxımdan incələyə, analiz edə, boşluqları, səhvləri görə bilirik. Əvvəlcədən komiks oxumamağımız bizi araşdırmağa məcbur etdi və yeni şeylər gördük. Onları da tətbiq etmişik. Çalışmışıq ki, dünya səviyyəsində bir iş görək. Bu, səhvləri, boşluqları ilə birinci işimizdir, nə qədər biz ideal desək də, təbii ki, xeyli xətalar üzə çıxacaq. Əsas üstünlüyümüz budur- komiks oxumamağımız. Hamıya aid deyil təbii ki. Komanda da bəziləri var ki, oxuyublar. Amma ideya müəllifi olaraq mən bu günə qədər oxumamışdım.

"Mübariz İbrahimov haqqında da komiks olacaq"-MÜSAHİBƏ

 

-Dastanda Qızılbaşlığa aid də nəsə olacaq?
-Biz dastandakı dediyimiz boşluqları, tutarsızlıqları tarixi tərəflə doldurduq, bir az öz üslubumuzu qatdıq. Qızılbaşlıq Azərbaycan tarixində sevilən, Azərbaycan kimliyini özündə əks etdirən mədəniyyətin bir parçasıdır. Həmin boşluqları doldurarkən onun kimi bir çox ünsürü də əlavə etmişik ki, bir yamaq olaraq görünməsin. Oxucu bunun hər şəklinin, personajının, hər çərçivənin altında düşünülmüş bir şey olduğunu görsün. Biz belə bir baza yaratmışıq. Orada heç nə təsadüfən, elə alınıb deyə deyil. Birinci sayımız giriş olaraq görünür, amma biz orada bir çox suallar qoymuşuq. Bu sualları da özümüz düşünməmişik deyə qoymamışıq. Bu, qeyri-professionallığın bir nümunəsi olardı ki, bir sual var, amma onu oxucu da, sualı soruşan da bilmir. Biz sualı elə qoymuşuq ki, oxucu bizim növbəti saylarımızı gözləsin, bilsin ki, burada düşünülmüş, ardı gələcək bir şey var. Qızılbaşlıq da orada həmin nümunələrdən biridir.

-Komandanızda neç nəfər var və hansı işlərlə məşğul olurlar?
-Komandamız hazırda 10 nəfərdən ibarətdir. Burada komiksin ərsəyə gəlməsində iştirak edən heyət var. Eyni zamanda bunun üçün reklam, marketinq, satış işləri ilə məşğul olan bir heyətimiz də var. 3D modelləmələri, konturların çəkilməsi, dialoqlar, rəngləmə və s. bunlar hamısı ayrı-ayrı sahələrdir. Hər biri ilə də işinin professionalları məşğul olur.

"Mübariz İbrahimov haqqında da komiks olacaq"-MÜSAHİBƏ

 

"Mübariz İbrahimov haqqında da komiks olacaq"-MÜSAHİBƏ

 

"Mübariz İbrahimov haqqında da komiks olacaq"-MÜSAHİBƏ

 

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti