Sandra Rulofs Azərbaycana Milli Fikir Mərkəzinin dəvəti ilə gələcək - MÜSAHİBƏ

4-12-2017, 09:00
Oxunub: 1572
"Biz dünyanın bütün əhəmiyyətli kitablarını öz doğma dilimizdə oxumalıyıq"


Bir müddət əvvəl xəbər yayıldı ki, Gürcüstanın keçmiş prezidenti, Ukrayna siyasətinin aktiv simalarından biri Mixail Saakaşvilinin həyat yoldaşı, SOCO xeyriyyə fondunun rəhbəri Sandra Rulofs Azərbaycan gələcək.

Səfərin məqsədi barədə məlumat verən Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə bildirmişdi ki, xanım Rulofsun səfərinin məqsədi Milli Fikir Mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə edilən “Bir idealistin hekayəsi” kitabının təqdimatında iştirak etməkdir. İndidən böyük maraq doğuran səfər və sözügedən kitab barəsində daha geniş məlumat almaq üçün Milli Fikir Mərkəzinin rəhbərinin Etatist.com-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik:

- Şəhriyar bəy, bu kitabı tərcümə etməkdə əsas məqsəd nədir? Niyə məhz “Bir idealistin hekayəsi” kitabı?..
- Öncəliklə bildirim ki, Milli Fikir Mərkəzinin təməl məqsədi cəmiyyətə hər zaman yeniliklər təqdim etməkdir. Biz dünyanın bütün əhəmiyyətli, ciddi sayılan kitablarını öz doğma dilimizdə oxumalıyıq. Bu çox önəmlidir. Niyə məhz “Bir idealistin hekayəsi” kitabı sualına bənzər suallarla bundan əvvəl də qarşılaşmışıq. Sual verirdilər ki, “niyə məhz “Bəyaz zanbaqlar ölkəsində”, niyə məhz Qandi, niyə məhz Atatürk” və s. Amma bu “niyə” sualında xüsusi bir məqsəd yoxdur. Başqa dillərdə oxuduğumuz, maraq duyduğumuz kitabları digərlərinin də öz dilimizdə oxumasını istəyirik. “Bir idealistin hekayəsi” kitabı isə çox maraqlı saydığımız kitablardan biridir.

- Kitabda nələrdən bəhs olunur?
- Kitabda ümumi olaraq xanım Sandra Rulofsun həyatından - uşaqlıq və gənclik illəri, Mixail Saakaşvili ilə tanışlıqları, ABŞ-da təhsil aldıqları dövrdə ailə həyatı qurmaları, Mixail Saakaşvili ilə münasibətləri, Gürcüstana qayıtdıqdan sonra pillə-pillə yüksəlişləri və nəhayət ölkənin birinci ailəsinə çevrilməkləri. Bundan başqa, çox maraqlı bədii üslubla Gürcüstanın mentaliteti, adətləri, gəzməli-görməli yerləri ilə yanaşı həm də ölkənin ilk 10 illikdə qarşılaşdığı problemlərdən bəhs olunur.  

- Bir çox xəbər saytları Sandra Rulofsun Azərbaycana gəlməsi xəbərini yayımladı, amma yayınlamayanlar da oldu...
- Kimin hansı xəbəri yayımlayıb-yayımlaması həmin qurumun öz işidir. Mən burda xüsusi nəsə axtarmıram. Heç kim yayımlamaya da bilər. Mənim üçün əhəmiyyətli olan bir iş görüb xalqımıza fayda gətirməkdir. Əgər hansısa media qurumu Gürcüstanın birinci xanımı olmuş şəxsi Azərbaycana səfərini əhəmiyyətli hesab etməyib, “müğənni şpaqata oturdu” xəbərini əhəmiyyətli sayırsa, bu da onun öz işidir. Bizim buna dair nəsə deməyə haqqımız yoxdur.

- Sandra Rulofsun bu kitabı tərcümə etməyinizdən xəbəri var idimi?
- Əlbəttə var idi. Bu mütləqdir. Biz ondan razılıq alıb kitabı tərcümə etmişik. Kitabın tərcüməsi üç ay davam edib. Bu müddət ərzində onu Bakıya dəvət etmək qərarına gəldim.

Sandra Rulofs Azərbaycana Milli Fikir Mərkəzinin dəvəti ilə gələcək - MÜSAHİBƏ

- Tədbirə hazırlıqlar nə yerdədir?

- Kitab artıq çapa verilib. Səfər qrafikimiz, təqdimatın keçiriləcəyi ünvanı seçib müqavilə bağlamışıq. Dəvətlilər siyahımız hazırdır. Şəxsən münasibətlərimiz olan, əlimizin çatdığı yerlərə dəvətimizi göndərəcəyik. Bir də xanım Rulofsun özünün dəvət etmək istədiyi, şəxsi münasibətləri olan şəxslər var. Onlara isə özü dəvətnamə göndərməyi məqsədəuyğun saydı.

- Kimlərdir, bilirsiniz?
- Mən özümdə bu hüququ görmürəm ki, bu məsələyə fikir bildirim.

- Xanım Rulofs Bakıya nə zaman gələcək? Dəqiq vaxtla...
- Dekabr ayının 9-da. Saatı dəqiqləşdiriləcək. Qrafikə uyğun olaraq biz Birinci Fəxri Xiyabanı ziyarət edəcəyik. Ondan sonra isə qrafikə uyğun olaraq çalışacağıq.

- Bu kitabın tərcümə olunması, Azərbaycanda nəşr edilməsi, Azərbaycana, Azərbaycan xalqına nə qazandıracaq?
- Azərbaycanın düşmənləri çox fəaldır. Hər yerdə Azərbaycan əleyhinə kampaniya aparmağa cəhd edirlər. Bəzən bu cəhdlər ölkəmizə ciddi zərər də vurur. Biz kiçik bir təşkilatıq. Bacardığımız qədər çalışırıq ki, ölkəmizin dostlarının çox olmasında bizim də kiçik qatqımız olsun. İkinci məsələ isə əlbəttə həmişə vurğuladığımız maariflənmə məsələsidir. Kitabların tərcüməsi vacibdir. Daha çox kitab tərcümə edib Azərbaycan oxucusuna təqdim etmək lazımdır. Beləliklə, həm də dilimizin zənginləşməsinə, bir baxıma dirilişinə faydamız dəymiş olur. Məncə, bu prosesin önündə gənclər getməlidir. “Bir idealistin hekayəsi”nin öz dilimizdə olması da buna töhfə vermək üçündür.
Elə bilirəm ki, indən sonra işlədiyimizdən daha çox işləməli, ölkəmizə, xalqımıza fayda verməyə çalışmalıyıq.

- Təşəkkür edirik, Şəhriyar bəy.
- Mən təşəkkür edirəm. Sonda bildirmək istəyirəm ki, bütün oxucularınızı dekabr ayının 10-da “Bir idealistin hekayəsi” kitabının təqdimatına dəvət edirəm.

Etatist.com-dan qeyd: Kitabın təqdimatında iştirak qeydiyyatla olacaq. Qeydiyyatdan keçmək üçün BU LİNK-ə daxil olun.

 

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti