"Kişilik tutduğun işin nahaq olduğunu sənə bildirəndə boynuna almaqdır"

4-01-2018, 12:02
Oxunub: 1176
Hər bir işlərimizdə böylə mərdanə olsaq, böyük hünər sahibi olarıq


Tək bir dava söhbətlərində küyçü deyilik. Hər bir barədə küyçüyük. Bir adamı pisləyəndə elə pisləyirik ki, eşidənlər o adamdan nifrət edirlər. Amma sonda yeri düşür ki, həmin adam ilə görüşməyə və görüşüb danışmağa məcbur oluruq, baxıb görürük ki, xeyr a! Bu adam deyilən kimi bir o qədər də pis deyildir. Bir az da ora-burasını qurdalayıb görürük ki, hələ desən, bu  adam onu pisləyənin özündən bir qədər də yaxşıdır. Bir az da dərin baxıb ölçüb-biçəndən sonra məlum olur ki:

-Pis adam bu deyilmiş. Bəlkə, bunu pisləyənin özü pismiş!

Həmçinin birincini tərifləyəndə, onu götürüb ərşi-fələyə qalxızırıq və özümüz də deyirik ki:

-Dünya yaranandan bəri bu cürə adam dünyaya gəlməyib və bundan sonra da heç gəlməyəcəkdir!

O qədər tərif və tövsif olunur ki, (tanıdılır ki)  eşidənlər az qalırlar ki, onun kölgəsinə də salam versinlər. Amma sonra küyçülüyümüz məlum olur. Məruf (təriflənən) adamın bir o qədər də tərifə layiq olmadığı get-gedə aşkar olur. Və yəni, elə bilirlər ki, bu məlakədir. Odur ki, sonra görüşəndə məlakə fikr etdiyimiz adamı lal, adi bir insan görüb boşalırıq və keyfdən düşürük...

Belə-belə işlərin və hər bir kələ-kötürlərimizin səbəbi odur ki, tənqidimiz yoxdur.

Hər kəs bildiyini eləyir, bildiyini işləyir, bildiyini yazır, bildiyini deyir, bildiyini əmələ gətirir. Bir adam da olmur ki, bu işlərin yaxşı tərəfini yaxşı ayağına, pis tərəfini pis ayağına verib yaxşını yamandan ayırsın. Bilək biz də “tənqidçi”lərimiz var, yəni yalançı tənqidçilər ki, yaxşıya pis və pisə də yaxşı deməyə insafı yol verir. Bu yalançı tənqidçilər iki cürədirlər:

Birisini anlaya-anlaya pisi yaxşı və yaxşını pisləyir, qərəzi-şəxsisi var və o, qərəzi-şəxsisini hər bir şeydən əvvəl tutur.

Birisi də anlamadığına görə pisə yaxşı və yaxşıya pis deyir, çünki başa düşmür və ağlı kəsmir.

Hər ikisinin də camaətə zərəri vardır!

Dünyada iki şey var:

- Haqq və nahaq.

- Kişilik nədir?!

Kişilik ondadır ki, tutduğun işin nahaq olduğunu sənə bildirəndə boynuna almaq və bir də özgəsinin tutduğu işin də haqq olduğunu iqrar etmək. Hərgah hər bir işlərimizdə böylə mərdanə olsaq, böyük hünər sahibi olarıq.

Filankəs (Üzeyir bəy Hacıbəyli)  “Yeni İqbal”, №148, 22 oktyabr 1915-ci il.


Sadiq Qasımov
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti