"Türk millətinin yer üzündə xüsusi bir missiyası var" - MÜSAHİBƏ

18-12-2017, 12:01
Oxunub: 3125
"Orada söhbət Cənubi və Şimali Azərbaycanın bölünməsindən gedir..."


"Gənc-gələcək" layihəsi Azərbaycanın istedadlı və yaradıcı gənclərindən müsahibələr almağa davam edir. Bu dəfə müsahibimiz musiqiçi, "Kabus" ləqəbli gənc repçi Həbib Rüstəmdir. Həbib Rüstəm bizim bütün suallarımıza maraqlı cavablar verdi. O, müsahibəsində qeyd etdi ki, bizim xalqımıza azadlıq yaraşır. Çünki biz 20 yanvar kimi hadisələrdən keçmiş bir xalqıq.

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

-Oxucularımız üçün özünüz haqda qısa məlumat verin, zəhmət olmasa.

-Rüstəmov Həbib, repdə təxəllüsüm Kabusdur. 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. İqtisad Universitetinin məzunuyam. Hazırda musiqi fəaliyyətimə davam edirəm.

-Musiqiylə məşğul olmağa nə vaxtdan başlamısınız?
-Professional şəkildə təxminən 2007-2008-ci illərdə məşğul olmağa başladım, professional dedikdə studiyaya ilk girişimi nəzərdə tuturam. Həmin illərdə artıq studiyada səsyazmaya başlamışam. Ondan əvvəl təbii ki, hamının etdiyi kimi mən də şeirlər və s. belə şeylər yazırdım.

-Belə görünür ki, məktəb vaxtlarından məşğul olmusunuz. Necə oldu ki, bir məktəblinin buna diqqəti yarandı?
-Əslində, məktəb bu formada hobbilərə maraq yaranması üçün ən ideal yerdir. Xüsusən də, Azərbaycanda. Mənim də əvvəllərdən niyəsə repə marağım olub. Bilirsiniz, əvvəllər kasetlər olurdu (söhbət kaset dövründən gedir), orada xarici repçilərin mahnıları var idi. Mən də onları dinləyərək özümdə yavaş-yavaş maraq yaratmışdım. Sonra düşündüm ki, yoxlayaq görək necə olur. Yoxladım, pis olmadı.

-Dinləyicilər sizin replərinizdə, musiqilərinizdə daha çox bir fərqlilik görürlər. Hətta onlar sizə “protest və fəlsəfi repin tanrısı” deyirlər.
-Əslində “protest və fəlsəfi rep” sözünü özüm qəbul etmirəm. Elə bir bölünmə yoxdur. Məsələn, "underground" rep, qanqster rep və fəlsəfi rep. Yəni elə bir şey yoxdur. Amma mövzularda fərq hiss edirlərsə, yəqin ki, yaxşı bir şeydir və təşəkkür edirəm.

-Bəs yaradıcıllığınızda niyə daha çox belə mövzulara üstünlük verirsiniz?
-Mövzular qərar vermədiyin formada gəlir. Çünki bu, bir az əhval-ruhiyyə, ruh halıyla bağlıdır. Bu gün mən özümü yaxşı hiss etmirəmsə, hər halda pozitiv bir mahnı yaza bilmərəm. Məsələn, ən yaxın adamımı itirmişəmsə, "həyat nə gözəldir" deyə bilmərəm. Ruh halıyla da bağlı mövzular gəlir. Etiraz və fəlsəfə mövzusunda sual verirsinizsə, etiraz mənə elə gəlir ki, Azərbaycanda yaşadığımıza görədir. Bu ölkədə, ümumiyyətlə, etiraz etməmək mümkün deyil. Etiraz edib susursansa, yəni içində etiraz varsa, dilə gətirmirsənsə, demək ki, sən vicdansızsan. Fəlsəfi mövzu isə özümün düşüncələrimlə bağlıdır.

-Nələrə etiraz edirsiniz?
-Kifayət qədər bəlli deyil? Bütün treklərimdə açıq şəkildə, yəni sətiraltı və sözaltı yox, açıq formada izah edirəm ki, mənim etirazım bunadır.

-”Bizə azadlıq yaraşır” ifadəsi necə yarandı?
-“Bizə azadlıq yaraşır” deyə düşünəndə. Düşünürdüm ki, niyə bizdə belədir. Məsələn, digər ölkələrə nisbətən (söhbət Pakistan və Hindistan kimi ölkələrdən getmir), əsasən, qərb və inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda sanki enerjisizlik, tükənmiş bir cəmiyyət var. Məsələn, Türkiyədə və ya Rusiyada. Halbuki Rusiya mənə həmişə boz bir ölkə kimi görünüb, orada belə olanda hiss edirsən ki, şəhərdə və insanlarda hərəkət, enerji var. Amma Azərbaycanda baxırsan ki, elə bil insanların yaşamağa həvəsi ölüb. Bir insan universitetdə oxuyanda, tutaq ki, fakültəsi iqtisadiyyatdır, o, heç vaxt düşünə bilməz ki, mən Azərbaycana yeni iqtisadi nəzəriyyələr gətirə bilərəm. Azərbaycana dedikdə, yəni bütün dünyaya, bəşəriyyətə. O, yalnız düşünəcək ki, universiteti tez bitirim, gedib bankda 250 manatlıq işə düzəlim, işləyim. Bu hədəfsizlik və enerjinin olmamasından irəli gəlir. Mən düşündüm ki, bu, insanların özlərini azad görməməsi ilə bağlıdır. Bəlkə də azadlıq duyğusunu beyinlərində formalaşdırmamaqları ilə bağlıdır. Ona görə də fikirləşirəm ki, biz azad deyilik. Amma bizə azadlıq yaraşır. Biz 20 yanvar kimi hadisələrdən keçmiş bir xalqıq, insanıq. Mənə elə gəlir ki, bundan böyük çətinliklərə də hazır olmalıyıq.

-O zaman düşünürsünüz ki, xalqımız fikir olaraq azad deyil.
-Təbii ki, azad deyil. Mən düşünürəm ki, xalqın azadlıqla bağlı təsviri yanlışdır.

-Bəs bunu necə dəyişmək olar?
-Yaşayaraq. Biz çox şey yaşamalıyıq. Bizim xalqımız yaşamadığı bir şeyi yaşadığını zənn edir və başlayır bunlar haqqında danışmağa. Məsələn, necə ki həyatında cəmi 4 dəfə evdən çıxmış bir adamın küçəylə bağlı  təsəvvürü ola bilməz, eləcə də Azərbaycan xalqının azadlıq və inkişafla bağlı təsəvvürü ola bilməz. Çünki azadlıq deyəndə Azərbaycan xalqının ağlına nə gəlir: gündə 2 saatlıq gedib çay içmək, işləmək, pul qazanmaq, ailəmizi saxlamaq. Başqa nə yəni? Doğulduq, məktəbə getdik, məktəbi bitirdik, universitetə daxil olduq, universiteti bitirdik, işlədik, ailəmiz və s. Bizim şəxsi həyatımızdan başqa olan bir cəmiyyət, bir dünya var. Bu dünyanı anlamaq, bu dünyanı dərk etmək, niyə doğulmuşuq, niyə yaşayırıq, niyə öləcəyik, bəlkə, heç ölməyəcəyik, bəlkə, heç doğulmamışıq... Bu kimi sualların yoxdursa, sən özünü azad hiss edə bilməzsən. Sən bir çərçivənin, bir qəlibin içindəsən. Sən orada yaşayırsan. Sənə sadəcə deyirlər ki, məktəbi oxu, universitetə gir, evlən, iş qur və öl. Biz də axırda ölürük.

-Nə uğrunda mübarizə aparırsınız?
-Nə yox, nələr deyə bilərəm. Yalnız bir şey uğrunda mübarizə aparmıram. Əgər dərinə ensək, hal-hazırda yaşamaq üçün mübarizə aparıram. İnsan daimi olaraq mübarizə içindədir. Hətta yolu keçəndə belə sol tərəfə baxmağımız, maşın gəlir yoxsa yox, bu da mübarizədir, ölmək istəmirik. İndi bu dəqiqə ilk hədəfim, ilk məqsədim yaşadığım ölkəni, insanları istədiyim kimi görməkdir. Xəyal etdiyim və hamının xəyal etdiyi kimi görmək. Yəqin ki, özümdən başlamalıyam. “Əşi, bu xalq niyə dəyişmir” deyənlərdən bir olmaq istəmirəm. Çünki 10 milyon insan oturub deyir ki, bu xalq niyə dəyişmir. 10 milyondan biri deyilsə, o zaman bu xalq kimdir? Yəni mən statistik azərbaycanlı kimi düşünüb, statistik azərbaycanlı kimi mübarizə aparmaq tərəfində deyiləm. Real işlər görərək mübarizə aparmaq lazımdır. Məsələn, “inkişaf edək” deyib gedib yatanların tərəfində deyiləm.

-Bunun üçün nələr edirsiniz?
-Musiqi sahəsindən danışırıqsa, bacardığım qədər insanlara zidd mövzular yazmağa çalışıram. Məsələn, ayrıldığım ya da sevdiyim qız haqqında yazmıram, insanlar məhəbbət mövzusu gözləyirlər, onları yazmamağa çalışıram. Çalışıram onları daha çox düşündürən bir şey yazım. Məsələn, oturub desin ki, bu nədi belə, mənə o lazımdır. Məsələn, “bu nədi, başa düşmürəm” deyəndə mən sevinirəm. Bilirsiniz nəyə görə? Çünki onun yaddaşında qalacaq, sabah başqa bir yerdə olanda, məsələn, qərb ölkələrindən birinə gedəndə tanış ifadələr və tanış fikirlər eşidəcək. Onda deyəcək ki, hə, sən demə, mən bunu eşitmişəm. Musiqi sahəsində belə etməyə çalışıram. O ki qaldı şəxsiyyət vəsiqəmdəki adımla - Azərbaycan vətəndaşı kimi nə iş görürəm? Hal-hazırda Milli Fikir Mərkəzi gənclər təşkilatının idarə heyətinin üzvüyəm. Onun apardığı bütün işlərdə birbaşa iştirak etməyə çalışıram. Mənə elə gəlir ki, ümumi təşkilat (tək mən fərd olaraq deyə bilmərəm) kifayət qədər işlər görür.

-Bu sizin ictimai fəaliyyətinizdir. Bəs bununla məşğul olmağa nə vaxt başlamısınız? İctimai fəaliyyətiniz əvvəlcə də olub?
-2009, 2010, 2011-ci illərdə qatı milliyyətçi olduğum vaxtlar idi. Onda milliyyətçi dostlarımla nəsə işlər, tədbirlər görürdük. Amma bunları o qədər də professional zənn etmirəm. 2012-ci il mayın 5-də Milli Fikir Mərkəzi yaranıb. Həmin vaxtdan etibarən mən özümü ictimai fəaliyyətin içində görürəm.

-Əvvəl milliyyətçi olmusunuz. Bəs bu, necə dəyişdi?
-Yox, əvvəl olmamışam, elə indi də milliyyətçiyəm. Dəyişən çox şey yoxdur. Yenə də içimdə millətimizə və tariximizə olan sevgi qalıb. Sadəcə olaraq primitiv formada qalmayıb. Yəni “biz türkük və hamıdan yaxşıyıq, mən türkəm və məndən başqası yalandır” deyə yox. Mən türk millətinin yer üzündə xüsusi bir missiyası olduğunu düşünürəm. Bunu təkcə onların qurduğu böyük imperiyalarla göstərmək istəmirəm. Onların sahib olduğu mədəniyyət və inanc, başbilənlərinin, şamanın inancları, etiqadları və yaratdıqları ilə göstərmək istəyirəm.

-Yəni xətt bu olmalıdır, real işlər görülməlidir. Bunu demək istəyirsiniz?
-Yox, şamanizm bunun daha çox mənəvi tərəfidir. Mən də o tərəfə kifayət qədər maraq göstərirəm. Ona görə düşünürəm ki, bu millət xüsusi bir millətdir.

-Hazırda bütün repçilər dinləyicilərə hesablanmış musiqiylə məşğul olurlar. Yəni onlar nəyi sevir, nəyi xoşlayırlarsa, sırf ona adaptasiya olurlar. Amma sizdə tamamilə fərqli olduğunu görürük. Bunu heç dəyişməyi düşünmüsünüz, yoxsa ancaq belə davam edəcək?
-Yox, mən, ümumiyyətlə, kiminsə fikrinə görə nəyisə dəyişməyi sevən adam deyiləm. Çünki məndə belədir, əgər "nəyisə dəyişmək istəyirik" deyiriksə, məsələn, "bu ölkəni dəyişmək istəyirəm" deyirəmsə, hər halda bu xalqın fikirləri ilə razı olmamalıyam. İndi bu dəqiqə məndən istəyirlərsə, məktəb illərindən yazım, mən onu yazmayacam. Əgər onu yazsam, demək ki, mən bu ölkəni dəyişmək istəmirəm, bu ölkənin daxilində neçə sərhəd varsa, mən də o sərhədlərin içinə girib şad-firavan yaşamaq istəyirəm. Əl-ələ verib 10 milyon xalq yaşayırıq. Hər halda dəyişmək istəyirəm deyə mən onların istədikləri şeyi vermirəm. Lazım olanı verirəm. Məsələn, Cəlil Məmmədquluzadə çox asanlıqla bir sevgi romanı yaza bilərdi, amma yazmırdı. Mən də düşünürəm ki, biz C. Məmmədquluzadənin, M. F. Axundovun davamçıları olmalıyıq.

-Sizinlə mübarizə aparanlar sizi özlərindən üstün gördükləri üçün belə edirlər, yoxsa ciddiyə almadıqları üçün?
-Hər halda ciddiyə almadıqları üçün etmirlər. Çünki ciddiyə almasalar, mübarizə aparmazlar. Əgər özlərindən üstün görürlərsə, məncə, yanlış düşüncə deyil. Amma yenə də zaman göstərər. Mən heç vaxt eqolu danışmağın tərəfində olmamışam. Zaman göstərəcək, əgər mənim dediklərim doğrudursa, bizim xəttimiz doğrudursa, həqiqətdirsə, biz qalib gələcəyik. Amma əgər onların həqiqəti və onların doğrusu daha doğru, daha güclüdürsə, onlar qalib gələcək. Daha güclüsü qalib gəlsin.

-Siz Qayı boyunun işarəsini özünüzə götürmüsünüz. Bəs özünüz hansı boya məxsussunuz?
-Əslində o, sonradan Qayı boyunun damğası olub. Əslində hunlardan olan bir nəslin damğası olub ki, Attila da məhz bu boya məxsusdur. Mən Hun tarixini çox sevirəm. İlk haqqında oxuduğum türk dalğası da hun dalğasıdır. Bir neçə bu işi bilən adamlarla, antropoloqlarla danışığımızın sonunda belə nəticəyə gəlmişik ki, mənim nəslimin Avropa hunlarına gedib çatma ehtimalı böyükdür. Ona görə hunu özümə daha yaxın hiss edirəm. Ümumiyyətlə, hər zaman hun türklərini daha çox bəyənmişəm. Ona görə də onların bir simgəsi olaraq Attilanın da məxsus olduğu güclü bir nəslin damğasını götürmək istəyərdim və götürdüm.

-Bəzən deyirlər ki, "Kabus" çox sərt yazır və ya elə yazır ki, başa düşmək olmur. Sizcə, bu nədəndir?
-Məncə, Azərbaycan dilində yazıram və başqa dildən istifadə etmirəm. Mənə maraqlıdır ki, "Eminem"ə qulaq asıb bəyənən insanlar necə "Kabus"a qulaq asıb başa düşmürəm deyirlər. Çünki mən ingiliscə yazmıram. Əgər mövzu çətin və ağır gəlirsə, nə edə bilərəm ki? Kitablar məsləhət görə bilərəm ki, oxusunlar. Yaxud bir az da diqqətlə qulaq asmağa çalışsınlar. Mən onlara onların bəyəndiyini vermirəm. Yəni məndən heç vaxt gözlədiklərini almayacaqlar. Daimi olaraq onları tənqid edəcəm və daimi olaraq tək onları yox, həmçinin özümü tənqid edəcəm. Siz elə bilirsiniz ki, mən treklər yazanda yalnız kimisə tənqid edirəm? Özümü də tənqid edirəm. Özümdə bəyənmədiyim xüsusiyyətlər, zəiflik bildiyim şeylərin hamısını tənqidlə yazıram. Özümü onlardan ayırmıram. Məsələn, xalq deyəndə bir mən varam, bir də Azərbaycan xalqı var, mən onlardan daha böyüyəm, daha aliyəm və daha savadlıyam demirəm. Mən də bu xalqın içindəyəm və hal-hazırda yaşadığımız bütün uğursuzluqların bir parçası da mənə aiddir. Əgər bir cəmiyyət olaraq uğursuzluq yaşayırıqsa, mən də bu cəmiyyətin fərdi kimi uğursuzluq yaşamış sayılıram. Bəli, sərtdir. Çünki mənim bir şeydən xoşum gəlmirsə, bunu sərt formada deyirəm. Bu mənim xarakterimə məxsusdur. Məsələn, 5 nəfər otursaq, bir nəfər xoşuma gəlməyən bir şey etsə, onu sərt formada ona bildirəcəm. Bəyənmədiyim  hər şeyi sərt formada treklərimdə bildirirəm. Mən treklərdə artistlik etməyi sevmirəm. Məsələn, başqa cürəm və treklərdə başqa cür olmağa çalışmıram. Mən trekləri yazanda nə düşünürəmsə, ağlıma nə gəlirsə, içimdən nə gəlirsə, onları vərəqə köçürürəm. Burada başqa bir şey yoxdur. Necə varamsa, treklərdə də özümü elə göstərirəm.

-Həyatda ən çox qorxduğunuz şey nədir?
-Məsələn, "Molla Nəsrəddin" 100 ildir ki, aramızda yoxdur və hələ də onun bütün mövzuları aktualdır. Qorxduğum bir şey var ki, bundan 100 il sonra da "Molla Nəsrəddin" hələ də aktual olsun. Bundan qorxuram. Ümid etmirəm, əlimdən gələni edirəm ki, 100 il sonra müasir insanlar deməsinlər ki, “əşi, 200 il bundan əvvəl necə idisə, elə də davam edir” və bizim də qəbrimizə söyməsinlər.  

-“Sufi” trekini dinləyərkən məndə tamamilə başqa cür hisslər yaranır. Yəni çox qəribə bir şey olur. Sizin elə bir repiniz varmı ki, sizin özünüzə başqa cür təsir etsin? Yəni sizdə tamamilə başqa hisslər oyatsın?
-Var, mən, ümumiyyətlə, treklərdən bəzilərini, hətta yazandan 1 ay sonra dinləyəndə başa düşürəm ki, mən bunu demək istəmişəm. Demirəm ki, otururam, vəhy gəlir və mən yazıram. Belə bir vəhy yoxdur. Elçi də, peyğəmbər də deyiləm. Amma hərdən həqiqətən elə treklər olur ki, treki oxuyuram, 1 ay keçir, dinləyirəm və yeni bir şey tapıram ki, əslində burada bunu da demək istəmişəm. Əlbəttə ki, xüsusi hisslər olur. Mən o hissləri ifadə edə bilməyəcəm. İfadə etsəm, bu artıq artistlik olacaq.

-Məsələn hansı repinizdə?
-Məsələn “Hürufi”, “Sufi” və “Məhşər” treklərində.

-“Ayrılıq” treki necə yazılıb?
-Əslində, mən çoxdan ayrılıq mövzusunu işləmək istəyirdim. Təbii ki, hamı başa düşür ki, orada söhbət bir qız və bir oğlanın ayrılığından getmir. Söhbət Cənubi və Şimali Azərbaycanın bölünməsindən gedir. O trekin mövzusu məndə, bəlkə məktəb vaxtlarından var. Türkmənçay və Gülüstan müqavilələri haqda oxuyanda çox pis olmuşdum. Bilirsiniz, pis olmaqdan daha pisi odur ki, bir şeyə əsəbiləşirsən, bir şey sənin xoşuna gəlmir və sən onu dəyişəcək qədər güclü deyilsən. Daha pisi budur, yəqin ki. Mənə elə gəlir ki, mən o treki yazanda həmin o hissləri xatırladım. Əgər diqqət etmisinizsə, o trekdə bir az sakitlik, aqressiyadan artıq bir kədər var. Hər halda mən indi Cənubi Azərbaycanla Şimali Azərbaycanı birləşdirəcək qədər güclü deyiləm. Öz adıma deyirəm. Onun kədərini yazmışam.

-Bəs sizə görə Azərbaycan xalqının ən böyük problemi nədir?
-Azərbaycan xalqının özü, hal-hazırda olduğu kimi olub, dəyişmək istəməməyidir. Hər gün onu efirdə təqlid edən adamlara baxıb gülməyidir. Məsələn, hər hansı tamaşaya baxırıq, oturub ona gülürük. Əslində, onlar bizi göstərir. Yəni elə anlaşılmasın ki, mən o teatrların əleyhinəyəm. Xeyr. Digər ölkələrdə teatrlar, adətən, nəticə çıxarmaq üçün işə yarayır. Yəni insanlar baxırlar və deyirlər ki, burada mən bunu etmişəm və dəyişmək lazımdır. Bu xalq hər gün özünə baxır və gülür, hər gün də dəyişməmək üçün əlindən gələni edir. Ən böyük problem düşünməməkdir. Budur problem.

-Sizcə, nəyə görə bizim yaradıcı insanlarımız bu vaxta qədər xalqı oyadacaq bir şey edə bilmədilər? Yəni bizim sənətkarlarımızda və yaradıcı insanlarımızda problem nədir?
-Birləşmək istəməməkləri. Yaradıcılıq heç vaxt fərdə xidmət etməməlidir. Yaradıcılıq bəşəriyyətə, cəmiyyətə xidmət etməlidir. Hər bir insan yaradıcılığından yalnız öz adını gözləyirsə, yəni mən bunları yaradıram və mən bunların bəhrəsini tək yeməliyəm deyə düşünürsə, bu, çox böyük yanlışdır. Bu, yaradıcıllıq deyil. Bizdə insanlar birləşmək istəmirlər. Mən əminəm ki, Azərbaycanda hal-hazırda çox yaxşı və keyfiyyətli işlər görəcək rejissorlar, bəstəkarlar, ssenaristlər, aktyorlar da var. Dərd burasındadır ki, bu adamlar bir araya gəlmirlər. Gələndə də gəlmək üçün bir məbləğ gözləyirlər. Məsələn, sponsor pul ayırır, tutaq ki, bir milyon, onun 800000-ni necə ciblərinə qatlaya bilərlər deyə düşünürlər. Bu millət əlində olan imkanlarla daha yaxşısını yaratmaq haqqında düşünmür. Məsələn, hər halda sirr deyil ki, bizim sahib olduğumuz texnika və yaxud imkanlarımız, Azərbaycanda film çəkənlərdən də (son vaxtlar çoxlu filmlər çəkilir), onlardan da daha aşağı səviyyədədir. Amma biz əlimizdə olanlarla daha yaxşısını etməyə çalışırıq. Düşünürük ki, əlimizdə əgər 100 manat varsa, bu 100 manatla maksimum necə edə bilərik, onlar isə düşünürlər ki, əlimizdə 1 milyon varsa, bunun 100000-ni ayırıb, yola verib bir şey edək, amma 900000-ni cibimizə qoyaq. Məsələ budur: insanların fərdiyyətçiliyi, madiyyatçılığı. Bayaqkı sualın cavabına bunu da əlavə edə bilərəm ki, Azərbaycanın ən böyük problemi fərdçilik və maddiyyatçılıqdır.

-Sizcə, bundan sonra edə biləcəklər?
-Mən bütün həyatım boyu çalışmışam ki, bunu edək. Yəni çəkdiyimiz kliplərdə də, gördüyümüz işlərdə də bir komanda işi var. Mən heç vaxt deyə bilmərəm ki, onu Kabus özü tək edib. Yəni sözləri yazan, trekləri oxuyan, ifa edən mənəm, amma orada, məsələn, Şahin Tayfunun rolunu danmaq olmaz, yığdığı minuslar, səsyazması, mix-masterini danmaq olmaz, klip çəkiləndə rejissorların, ssenaristlərin əməyini danmaq olmaz. Yəni adamlar iş görürlər. Bu, həmişə komanda işi kimi görülür. Mən həmişə çalışmışam göstərim ki, bu yalnız Rüstəmov Həbibin işi deyil. Həmçinin də bu şəxslərin işidir. Burada bir komanda işi var. İndi hələ ki bunları edə bilirik. Amma  cəmiyyətə nəsə vermək istəyən daha çox yaradıcı insan birləşəcəyi halda, təbii ki, böyük işlər görüləcək.

-Sonda demək istədiyiniz nəsə var?
-Mən sonlarda danışmağı sevmirəm. Çünki sonlarda həmişə toylarda sağlıq deyib bitirirlər. Mən bu ardıcıllığı davam etdirmək istəmirəm. Amma hər halda həqiqətən ölkə üçün ölkəyə və bir inanca özünü həsr edən insanlara uğurlar arzulaya bilərəm. Mən maddiyyatçı şəxslərə (bir-bir ad çəkərəm, amma səhərə kimi gərək burada oturaq), fərdçilərə uğurlar arzulamıram. Mən yalnız və yalnız özünü bir yola həsr etmiş insanlara uğurlar arzulayıram. İnanıram ki, sonda biz qalib gələcəyik və bir gün həyat bir yerdə bizi qovuşduracaq. Çünki biz maqnit kimi bir-birimizi çəkirik. Bizim kimi olan hər kəsə uğurlar.

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Tenqri 22 dekabr 2017 00:52  

Kabus sizə, gördüyünüz işlərə böyük hörmətim var. Müsahibənizi sevə sevə oxudum. Sizin kimi gənclər olduğu üçün cəmiyyətin şanslı olduğunu düşünürəm. Var olun!

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti