"Azərbaycan müəlliflərinin imkanları zəifdir" - OXUCUDAN MÜSAHİBƏ

2-12-2017, 12:31
Oxunub: 449
""Səfillər" əsəri dərsliklərə salınmalıdır"


Milli Fikir Mərkəzinin nəzdində fəaliyyət göstərən Kitabıstanın "Oxucudan müsahibə" layihəsinin növbəti müsahibi ingilis dili müəllimi kimi çalışan Məhəmməd Emindir.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

-Ən çox sevdiyiniz yazıçı kimdir?
-“Ən çox sevdiyiniz ..? “ tipli suallar mənim üçün həmişə çətin olub. Bu sual yazıçılarla bağlı olduqda məsələ daha da qəlizləşir. Hər yazıçının, hətta əsərin oxucuya verdiyi, qazandırdığı şeylər fərqli olur. Məsələn, mənim Hüqodan öyrəndiyimlə Çexovdan öyrəndiyim tamamilə fərqlidir: onları müqayisə etmək nə dərəcədə doğrudur bilmirəm. Ancaq hər halda bir yazıçını seçməliyəmsə, bu, Herman Hessedir.

-Sizin fikrinizcə, bu gün hansı janra daha çox üstünlük vermək lazımdır?
-Yəqin ki, söhbət Azərbaycandan gedir. Hazırda elə vəziyyətdir ki, janr seçmək imkanımız yoxdur. İnsanlar nə oxusalar, qənimətdir. Bununla belə, fikrimcə, hazırda üstünlük elmi və elmi-populyar janra verilməlidir. Bir neçə fərd və qrup bu yöndə təqdirəlayiq işlər görür. Mən düşünürəm ki, bu təşəbbüs daha da genişləndirilməlidir.

-Yaşamaq üçün yaratmaq, yoxsa yaratmaq üçün yaşamaq lazımdır?
-Mənim üçün bu sualın cavabı həyatımın müxtəlif mərhələlərində dəyişib. Bu gün balanslı mövqedəyəm – həm yaşamaq üçün yaratmağa, həm də yaratmaq üçün yaşamağa çalışıram. Ümumiyyətlə, bütün bioloji quruluşumuz bizi yaşamağa davam etməyə necə deyərlər, məcbur edir. Bəziləri yaradır, bəziləri dağıdır, bəziləri isə başqa motivasiyalar tapır, formalaşdırır. Bu axtarış həyat bitənə qədər davam edir.

-Indi hansı kitabı oxuyursunuz?
-Hazırda Stephen Hawkingin “A Brief History of Time” elmi-populyar kitabını oxuyuram. Kitab elmin inkişaf tarixini, keçdiyi mərhələləri nisbətən sadə dildə, hamı tərəfindən başa düşüləcək şəkildə təsvir edib. Bu kitab Azərbaycan dilinə də tərcümə olunub və oxucular tərəfindən maraqla qarşılanıb. Mənim müşahidəmə görə bu kitablara maraq göstərənlər eyni adamlardır. Yəni oxuculara çatmağın, yeni oxucular yaratmağın yollarını tapmaq lazımdır.

-Həyatınızı hansı kitab dəyişib?
-Düşünmədən “Səfillər” deyə bilərəm. Bu kitabı oxuyandan sonra, bəlkə də elə gün olmayıb ki, atdığım addımlara təsir etməsin. Bir neçə dəfə kiçik miqyasda “Jan Valjanları Monsieur Leblanca”ya çevirməyə çalışmışam, əksər hallarda da alınıb. Bu möhtәşәm әsәrin mәnim dә inkişafımda böyük rolu olub. Düşünürəm ki, “Səfillər”i insanlara oxutmaq üçün hər şeyi etmək lazımdır. Ağlıma gələn ən real yol əsərin dərsliklərə salınmasıdır.

-Bu gün oxucular Azərbaycan ədəbiyyatından daha çox dünya ədəbiyyatına üstünlük verirlər. Sizcə, bunun səbəbi nədir?
-Səbəblər çoxdur. Bir səbəb digərinə aparır. Birinci səbəbin nə olduğunu tapmaq üçün geniş araşdırma aparmaq lazımdır. Əvvəl də qeyd etdiyim kimi, dinamika yoxdur. Müəlliflərin üzərinə düşən iş özlərini inkişaf etdirmələri, oxucu kütləsini artırmağın yollarını axtarmalarıdır. Bizlərin üzərinə düşən isə oxumağı təbliğ etmək, insanları oxumağa həvəsləndirməkdir. Dünya yazıçılarının cəmiyyətlərin inkişafında rolu böyük olub, indi də böyükdür. Azərbaycan müəlliflərinin isə özlərindən asılı olan və olmayan səbəblərə görə bu imkanları zəifdir.

-Kitabıstanın tərcümə etdiyi kitablarla tanışsınız? Nə düşünürsünüz bu haqda?
-Düzünü desəm, oxumaq şansım olmayıb. Amma işlərdən xəbərim var. Hiss olunur ki, kitablar düşünülmüş şəkildə seçilir. Marketinq fəaliyyəti də lazımi şəkildə həyata keçirilir. Sosial mediada olub, kitabların yayımlanmasından xəbəri olmayan oxucu tapmaq, yəqin ki, çətin olar. Qısa və uzun müddətdə bu fəaliyyətlər mütləq öz müsbət bəhrəsini verəcək.

-Özünüzü Kitabıstan vətəndaşı hesab edirsinizmi?
-Belə demək olar, kitablar mənə uzaq deyil.

Günay Aydın
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti