Aİ Hesablama Palatasının potensialının gücləndirilməsinə dəstək verəcək

20-11-2017, 17:11
Oxunub: 28
Tvininq layihəsinə oktyabrın 1-də start verilib


Bu gün Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Azərbaycan Respublikası Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi" Tvininq layihəsinin rəsmi təqdimat mərasimi olub.

APA-Economics xəbər verir ki, dəyəri 1,4 mln. avro təşkil edən layihəyə oktyabrın 1-də start verilib. Layihə təxminən 2019-cu ilin dekabrınadək davam edəcək.

Polşanın Ali Audit İdarəsi tərəfindən həyata keçiriləcək layihənin məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə, Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə töhfə verməkdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Tvininq layihələrinin həyata keçirilməsi baxımından Azərbaycan "Şərq Tərəfdaşlığı"na üzv olan ölkələr arasında liderdir. Onun sözlərinə görə, Azərbaycanda 46 Tvininq layihəsi həyata keçirilib, 13-ü hal-hazırda icra olunur, 8 layihənin icrasına isə hazırlıq gedir: "Tvininq layihəsi unikal bir alətdir. Əminəm ki, Polşa ilə Azərbaycan arasında audit sahəsində həyata keçirilən Tvininq layihəsi ilə yüksək keyfiyyətli iş qurulacaq və konkret nəticələr əldə olunacaq".

Diplomatın sözlərinə görə, 2008-ci ildə bu günə qədər audit sahəsində Azərbaycanda həm mütləq, həm də nisbi baxımdan böyük irəliləyiş əldə olunub.

Polşanın Azərbaycandakı səfiri Marek Calkada isə Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla əməkdaşlığı daha da dərinləşdirmək və gücləndirmək istədiklərini qeyd edib: "Bu layihənin çox böyük əhəmiyyəti var. Hər bir ölkənin iqtisadi, inzibati, siyasi və sosial sahədə inkişafı üçün bir həlledici alət var, o da səmərəli dövlət administrasiyadır. Hesab edirəm ki, bu Tvininq layihəsinin icrası olduqca vacibdir və 27 aydan sonra məhsuldar nəticələr əldə olunacaq. bu da Azərbaycanın daha da müasir və inkişaf etmiş ölkəyə çevrilməsinə kömək edəcək".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti