DÇ-2018-ə vəsiqə qazanan sonuncu komandanın adı məlum olub

15-11-2017, 02:26
Oxunub: 33
Həmin komanda Danimarka yığmasıdır


Futbol üzrə 2018-ci il dünya çempionatına Avropa zonasından vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.

"Report" xəbər verir ki, həmin komanda Danimarka yığmasıdır.

İrlandiya millisi Dublindəki "Aviva” stadionunda keçirilmiş pley-off mərhələsinin cavab görüşündə Skandinaviya təmsilçisinə böyük hesabla uduzub - 1:5. Bu kollektivlər arasında Kopenhagendə baş tutmuş ilk matçda qolsuz bərabərlik qeydə alındığından, final mərhələsinə vəsiqəni Danimarka qazanıb. Hərçənd, cavab görüşündə ilk qolu artıq 6-cı dəqiqədə meydan sahiblərindən Şenyn Daffi vurub. Lakin 29-cu dəqiqədə Andreas Kristensen bərabərlik qolunun müəllifi olub. Daha sonra səhnəyə çıxan Kristian Eriksen 32, 63 və 74-cü dəqiqələrdə het-trik edib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə penaltidən Niklas Bendtner qoyub. Beləliklə, Danimarka millisi tarixində 5-ci dəfə mundiala vəsiqə qazanıb.

DÇ-2018-də iştirak edəcək komandaların sayı isə 30-a çatıb. Onlardan 14-ü - Rusiya, Belçika, Almaniya, İngiltərə, İspaniya, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, İsveçrə, Xorvatiya, İsveç və Danimarka Avropanı təmsil edir.

Digər ölkələr Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Nigeriya, Kosta-Rika, Misir, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş və Tunisdir.

Son 2 vəsiqənin sahibi bu gün saat 15:00-da başlanacaq Avstraliya - Honduras və noyabrın 16-da saat 06:15-də start götürəcək Peru - Yeni Zelandiya matçlarından sonra müəyyənləşəcək.

Xatırladaq ki, dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.

DÇ-2018

Avropa zonası, pley-off mərhələsi

Cavab oyun

14 noyabr

23:45. İrlandiya – Danimarka - 1:5

Qollar: Şeyn Daffi, 6 - Andreas Kristensen, 29. Kristian Eriksen, 32; 63; 74. Niklas Bendtner, 90-penalti ilə

İlk oyun – 0:0.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti