Holokost və Xocalı soyqırımları Los Ancelesdə anılıb

14-11-2017, 12:57
Oxunub: 26
Holokosta həsr olunmuş sənədli film nümayiş etdirilib


Los Ancelesdə Holokost və Xocalı soyqırımları anılıb.

Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.

Məlumata görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı “Bir Ürək Xilas Et” Fondunun birgə təşkilatçılığı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının (Holokost) başlanğıcı hesab edilən, 1938-ci ilin “Kristal Gecə”sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə “Bir Ürək Xilas Et” Fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Fondun üzvü Ester Blauqrund çıxış edərək, Baş Konsulluğa belə bir önəmli tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər. Onlar “Kristal Gecə” haqda danışaraq, məhz 1938-ci ilin 9-10 noyabr tarixlərində bütün Nasist Almaniyasında yəhudilərə qarşı geniş miqyaslı proqramlara start verildiyini və bu qanlı gecənin 1945-ci ilədək 6 milyonadək yəhudinin məhvi ilə nəticələnəcək Holokosta yol açdığını qeyd ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, 20-ci əsrdə iki dəfə soyqırıma məruz qalmış Azərbaycan xalqının yəhudiləri yaxşı anladığını və Holokost faciəsi ilə bağlı yəhudi xalqının ağrılarını duya bildiyini qeyd edib. 1918-ci ilin Mart Soyqırımı haqda məlumat verən baş konsul, bu soyqırımı zamanı erməni daşnaklarının bolşeviklərlə əlbir olaraq on minlərlə mülki Azərbaycan vətəndaşını amansızlıqla qətl etdiklərini, bu soyqırımı faktlarının 1919-cu ilin “Nyu York Times” qəzeti də daxil olmaqla müstəqil mənbələr tərəfindən təsdiqləndiyini, eləcə də Qubada həyata keçirilən soyqırımı zamanı erməni daşnaklar tərəfindən azərbaycanlılar ilə yanaşı yəhudilərin də qətliama məruz qaldıqlarını diqqətə çatdırıb.

Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin bununla bitmədiyini qeyd edən baş konsul N.Ağayev, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, tədbir iştirakçılarını 1992-ci ilin Xocalı Soyqırımı haqda da məlumatlandırıb. Baş konsul bildirib ki, bu faciə tarixini və Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı çoxəsrlik qardaşlıq münasibətlərini nəzərə alaraq, hər iki xalq dünyada belə faciələrin bir daha təkrarlanmaması üçün birlikdə səylər göstərməlidir. 

Holokost barədə danışan N.Ağayev həmçinin qeyd edib ki, II Dünya Müharibəsi dövründə Azərbaycan Avropadan qaçan on minlərlə yəhudiyə qucaq açaraq, onları bu soyqırımından xilas edib.

Daha sonra İsrail kinematoqraflarının çəkdiyi, Holokosta həsr olunmuş sənədli film nümayiş etdirilib.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti