"Mən Hadi Rəcəblini deputat olana qədər tanımırdım" - MÜSAHİBƏ

24-11-2017, 12:54
Oxunub: 605
"Özlərini demokratik qüvvə adlandıran adamlar mitinqdən başqa mübarizə yolu tanımırlar"


Etatist.com olaraq siyasətçilərdən müsahibələr almağa davam edirik. Bu dəfəki müsahibimiz Azərbaycan Sosial Demokratlar Partiyasının sədri, millət vəkili Araz Əlizadədir. Araz Əlizadəylə ölkə siyasətinin dünənindən, bu günündən və gələcəyindən danışdıq.


-Əvvəlcə klassik sualdan başlamaq istəyirəm. Azərbaycan cəmiyyətində problem çoxdur. Siz də hakimiyyəti təmsil edən bir tərəfsiniz. Sizcə, Azərbaycan cəmiyyətində həll olunması vacib birinci problem nədir?

-Azərbaycan cəmiyyətində həll olunmalı ilk problem vətənpərvərlik ruhunun aşılanmasıdır. Biz vətənpərvərlik ruhunu itirmişik və bizdə elektron informasiya vasitələri çox güclü silahdır. Lakin o silahdan şüurlu şəkildə istifadə olunmur. Baxın TV kanallara, səhərlər yeməkdən başlayırlar, sonra sağlamlıq məsələləri, sonra “vur-çatlasın” və bayağı seriallar. İnsanlara nə Qarabağdan, nə də sosial problemlərdən danışırlar, gənclərimiz get-gedə kütləşir. Təhsil sistemində problemlər var. Savadsız xalq demokratiyaya yiyələnə bilməz. Demokratiya azad və sadə xalqın hakimiyyətidir. Bu, mənim deyil, Çexoslovakiyanın ilk prezidenti Tomas Masarikin sözüdür. Gənclər qaçıb gedir, kitabxanalarımız bomboş, dərsliklərimizin səviyyəsi aşağı. Haradadır gənclər? Çayxanalarda qəlyan çəkirlər. İndi Milli Məclisdə azad turizm məsələləri müzakirə olunur. Əlbəttə ki, azad turizmin tərəfdarıyam, lakin bizdə indi ərəb turizmidir. Biz çox təqlidçi xalqıq. Harada pis nə olsa, onu dərhal götürürük. Bizim zəngin  musiqimiz var. Türkiyə ilə dostlaşdıq, yaxınlaşdıq, bütün türk müğənnilərində olan bəsitliyi, melodiyalardakı bayağılığı mənimsədik. Baxın görün, bizdə mavilik necə artır. Danışanda da Tarkanı, Bülənt Ərsoyu nümunə götürürlər. Niyə onları nümunə götürürlər axı? Ona görə belə problemlər olur. Əsas məsələ vətənpərvərliyin olmasıdır. Vətənpərvərlik olmadıqda belə hallar baş verir.

 

-Bəs vətənpərvərliyin olmamasının səbəbi nədir? Tarixən bu coğrafiyanın işğallara məruz qalması, yoxsa başqa səbəb?
-Uşaq yaşlarından insanlara vətənpərvərlik hissini aşılamalıyıq. Uşaq evdə baxıb görəndə ki, rüşvətxorlara, oğrulara həsəd aparılır, düşünür ki, elə həyat budur. Çünki hamı onlara həsəd aparır. Rəhmətlik atama sual verəndə ki, rüşvətxorluq niyə baş qaldırıb, cavab verdi ki, məfkurə dəyişib. Əvvəllər 3-5 nəfər rüşvətxor var idi. Heç kim ona qız verməz, qız almazdı. İndi 3-4 nəfər rüşvət almayan var, onlara qız verən, onlardan qız alan yoxdur. Onun da əsası var idi. Sovet adamlarını öyrətmişdilər ki, təmiz, namuslu işləməlisən, təmizliyinin müqabilində sənə layiqli qiymət veriləcək. Xruşşov Stalindən intiqam almaq istəyəndə, şəxsiyyətə pərəstişdən danışanda onu mavzoleydən çıxartdılar, oğlunu həbs etdilər. Lakin hamı bilirdi ki, Stalin təmiz adamdır. Məndə bir fikir yarandı ki, mən də təmiz olsam, ömür boyu xalq, millət üçün işləsəm, mənim pulum olmasa, sonra mənim övladlarımı nə gözləyir. Heç kəs mənim yaxşılığıma, təmizliyimə qiymət verməyəcək, məni götürüb harasa atacaqlar. Bu fikirlərdə bir növ qırılma getdi. Sonra fikirlərdə inkişaf oldu. Bilirsiniz, bacarana can qurban deyə atalar sözü var. Bu fikir igid adamlar haqqındadır ki, heç kəsin bacarmadığı işi bacarırlar. Lakin bizdə bu məsəli başqa istiqamətə çevirdilər.

-Bayaq dediniz ki, demokratiya azad və savadlı insanlar üçündür.
-Bəli, görün bizdə nə oldu? Xalqımız savadlı idi, lakin azad adamlar xalqın o savadını öldürdülər.

 

"Mən Hadi Rəcəblini deputat olana qədər tanımırdım" - MÜSAHİBƏ

-Sizcə, bu prosesi kim başlatdı?
-Xalq Cəbhəsi dövründəki nadan adamlar. Siz düşünün, kimlər gəlmişdi hakimiyyətə. Kənddə qoyunlarını otara bilməyən adamlar, laborantlar, aspirantlar. Məsələn, İsa Qəmbər parlementdə spiker idi, 12 il akademiyada işləmişdi, bir dənə belə elmi məqalə yazmamışdı, yaza bilməmişdi. Özü də çox maraqlı mövzusu var idi - İslam İnqilabı. Material o qədər çox idi ki, bu haqda elmi iş yazmağa üç ay bəs edər.  Ümumi mədəniyyət yox idi. Bunlar hakimiyyətə gələndən sonra yenilik gətirdilər. Parlamentdə siqaret çəkir, bəziləri içki içirdilər. Bu, “demokratikləşmə” idi. Xalq Cəbhəsinin hansısa batalyon komandiri gəlib Milli Məclisdə deputatları söyürdü. Sonra deputatları döyməyə başladı. Daxili İşlər Naziri jurnalisti maşının baqajına soxub aparırdı. Görməmiş idilər, mədəniyyətləri yox idi. Canlı yayımda TV verilişə gəlib deyirdi ki, mən həmişə Marlboro çəkmişəm, siz qələt edib mənə nəsə deyirsiniz. Cavanlar nə gördülər? Bu demokratik qüvvələr özlərini belə aparırdılar. Mən onlara deyirdim ki, siz demokratiya sözünü söyüşə çevirmisiniz.

-Bü gün ölkədə olan, özünü demokratik qüvvə adlandıran şəxslərlə də razı deyilsiniz?
-Onlar adı özlərinə götürüb söyüşə çeviriblər. Məsələn, SSRİ-nin dağılması nəticəsində hamı müstəqil oldu. Bunlar özlərinə ad götürdülər : Milli Azadlıq Hərəkatının öndərləri. Mən də sual verirəm ki, bizdə Qarabağa görə meydanlara çıxırdılar. Biz də bundan istifadə edib çevriliş etdik. Türkmənistanda heç kim meydanlara çıxmadı. Bəyəm onlar müstəqil olmadılar? SSRİ dağılandan sonra Azərbaycan yenə də SSRİ-dən yapışıb qalacaqdı.

 

-Əslində yapışıb qalmışdı. Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlər olmuşdu.
-Bu mövzuda təbliğat düzgün aparılmayıb. Referendumda şərt belə idi ki, siz yenilənmiş SSRİ-nin tərkibində qalmağa hazırsınızmı? Yenilənmiş SSRİ nə demək  idi? İqtisadi məkan qalacaqdı - dəmir yolu, elektrik şəbəkəsi, aviasiya və s. Amma siyasi cəhətdən ölkələr müstəqil olacaq, BMT-də təmsil olunacaq, səfirlikləri olacaqdı. Lakin bizdən asılı olmadan Qorbaçov SSRİ-ni dağıtdı. Bəs bunlar, Milli Azadlıq Hərəkatının liderləri necə oldu?

-Yəni demək istəyirsiniz ki, Azərbaycan yaranmış tarixi siyasi şərait nəticəsində müstəqil olub.
-Mitinqin təşkilatçılarından biri mən olmuşam. Mitinqləri Qarabağa görə etmişəm. Qarabağ da bizdə yoxdur, onda mən nəyin öndəriyəm? Nəyə nail olmuşam? Əgər sən Qarabağa görə insanları meydana çağırmısansa, xalq da Qarabağ deyib meydana çıxıb. Heç kim mitinqə çıxmayıb ki, kimsə nazir, spiker, lider olsun. Mənə elə gəlir ki, biz gecə-gündüz öz dərdimizdən, Qarabağdan danışmalıyıq. Əsas məsələ budur.


"Mən Hadi Rəcəblini deputat olana qədər tanımırdım" - MÜSAHİBƏ

-Bəs ölkədə siyasi mədəniyyəti necə qiymətləndirirsiniz? Bu gün Azərbaycanda siyasi mədəniyyət varmı?
-Siyasi mədəniyyət deyəndə hərə bir şey fikirləşir. Bəziləri elə bilir ki, mitinqlərin təşkilatçısı tək mən olmuşam. Mitinqlər demokratiyanın təzahürüdür. Xeyr, belə deyil. Mitinqlər kiçik bir elementdir. Özlərini demokratik qüvvə adlandıran adamlar mitinqdən başqa bir mübarizə yolu tanımırlar. Azad mətbuat demokratiya üçün vacibdir. Ancaq bizdə azad mətbuatdan necə istifadə edirlər? Kimin haqqında nə istəyirsən yazırsan, yalan, təhqir və s. Söz də deyəndə deyirlər ki, azad mətbuatdır. Jurnalist araşdırmaları gedir, nə qədər şair varsa toplayır, onları çap edir, etiraz edəndə deyir ki, sən də cavab ver. Yaxşı, bu gün Həsən sən yazdığını oxudu, sonra mən ona cavab verəndə həmin qəzeti oxumadı. Onun beynində həkk olunacaq ki, filan şey belədir. Əgər azad mətbuatdırsa, sən  Həsən haqqında bir şey yazırsansa, elə həmin nömrədə də Həsənin ixtiyarı olmalıdır ki, sənə cavab versin. Sən faktları yoxlamadan qəzetində çap etməməlisən. Demokratiya o demək deyil ki, kim hansı dövlətə istəsə işləsin. Sirr deyil ki, demək olar ki, bütün aparıcı  QHT-lər, siyasi partiyaların çoxu xaricdən maliyyə dəstəyi alırlar. Demokratiya nədir? Qanunlar çərçivəsində fəaliyyət göstərib demokratiyaya əməl etmək olar. Budur demokratiya? Xarici ölkədən maddi dəstək almaq, qanunları pozmaq? Siyasi mədəniyyət odur ki, insan qanunlar çərçivəsində öz hüquqlarını həyata keçirsin, çərçivədə fəaliyyət göstərsin. Bəli, sən çalış qanunları dəyişəsən, əgər pisdirsə. Deyəndə ki, seçki qanunu pisdir, deyəndə ki, yeni parlament seçilməlidir, bir il hakimiyyətdə oldunuz, parlamentdə də üstünlük sizin tərəfinizdə idi. Lakin seçkilər keçirmədiniz, bildiniz ki, üstünlük qazanmayacaqsınız. Demək ki, siz demokratiyanı ancaq öz üstünlüyünüz kimi başa düşürsünüz. Təəssüf ki, siyasi mədəniyyət Azərbaycanda aşağı səviyyədədir. 

-Bəs bunun inkişafı üçün bir millət vəkili olaraq hansı addımları atmağı düşünürsünüz?
-Mən özüm çalışıram ki, qanunlar çərçivəsində fəaliyyət göstərim, rəhbərlik etdiyim partiya qanunlara uyğun fəaliyyət göstərir. Sən özün qanunları pozaraq başqalarından qanunlara əməl etməsini tələb edə bilməzsən.

-Son dövrlər, bəzi açıqlamalardan sonra ölkədə Milli Məclisə qarşı inamsızlıq yaranmışdı. Bu gün ölkə əhalisi deputatların çoxunu tanımır. Sizcə, deputatlar niyə bu qədər nüfuz itiriblər, xalq onları tanımır.
-Deputatlar artist deyil ki, xalq onları hər gün görsün, tanısın. Mən SSRİ dövründə sonuncu parlament üzvü olmuşam. Bizi hamı tanıyırdı. Səhərdən axşama kimi TV MM- i nümayiş etdirirdi. Televiziyada müzakirələr olurdu. Hamı onları izləyir, tanıyırdı. Mən cəmi iki ildir parlamentdəyəm. İndi tam işgüzar şəraitdir. Əgər fikir vermisinizsə, mən iclaslarda çıxış etmirəm. Səbəbini deyim. Çünki məsələlər, müzakirələr komitələrdə gedir. Məsələlər komitələrdə həll edildikdən sonra səs verməyə qoyulur. MM peşəkar quruma çevrilib. Hər deputat hansı rayondan seçilibsə, o dairənin əhalisi tərəfindən tanınmalıdır.

-Məsələn, nisbətən populyar olan millət vəkilləri də var. Daim diqqət mərkəzindədirlər, daim onlardan tələb olunur. Dairəsindən asılı olmadan hər kəs tərəfindən tanınan, onlardan kömək gözlənilən deputatlar var, sizcə, onlar populyar olmamalıdır?
-Mən sizə deyim, bizdə elə deputatlar var ki, hər məsələ haqqında iclaslarda danışırlar. Nəyə görə? Jurnalistlər oturur orada, səhəri gün də qəzetlərdə yazırlar, filan deputat elə dedi, belə dedi. Sən öz məharətini komitənin iclasında göstərməlisən, jurnalistlərin yanında yox. Seçicilərə kömək məsələsinə gələk. Qəbula gələn ilk adamlardan çox  məyus oldum. Birinci gələn bir qadın idi, əvvəl işləyirdi, sonra ixtisara düşüb, parkda anası ilə yaşayır və işə bərpa olunmaq istəyirdi. Mən əlimdən gələni etdim, elə əvvəl çalışdığı yerdə ona başqa iş təklif etdilər. Amma qadın həmin işdən razı olmadı. Sənəti, peşəsi yoxdur, xadimə və çayçı işi təklif olunur. Ancaq qarovulçu işini istəyir. Mən həmin müəssisənin rəhbərindən soruşdum ki, qarovulçunun maaşı xadimənin və çayçının maaşından çoxdurmu? Dedi ki, xeyr, sadəcə olaraq qarovulçu bəzi hallarda gizli yolla pul götürə bilir. Sonra mən qadına dedim ki, sizin ev tikməyiniz üçün 30 sot torpaq və pul ayrılıb. Qadın mənə cavab verdi ki, Tərtərdə evim, həyətim var. Mən bir daha torpaqda qurdalanmaq istəmirəm. Deməli, bu qadın iş tapmaq üçün yox, oğurluq etdiyi həmin qarovulçu işinə qəbul olmaq üçün gəlib mənim yanıma. İkinci dəfə bir seçici zəng etdi, ərizə göndərdi ki, anam onkoloji xəstədir, əməliyyat üçün 5 min pul istəyirlər, kömək edin, ya İsrailə, ya da İrana gedək. Getdim akademik Əmiraslanovun yanına. Yeni il qabağı idi. O, səhiyyə komitəsinin sədridir. Dedi ki, yanvarın 6-sı ona görə çıxaram işə. Gətirsinlər yanıma, özüm edərəm əməliyyatı. Zəng etdim ki, yeni il qabağı şad xəbər verim. Razılaşmadılar. Mən dedim ki, sizdən 5 min manat istəyiblər, amma akademik sizə təmənnasız baxacaq. Probleminizi həll edəcəm. Dedilər, siz pulu verin, biz özümüz İrana gedək, burada əməliyyat istəmirik. Mən razılaşmadım. Bir müddət keçdi, bir qadın gəldi ki, ərim dostu üçün kreditlə maşın alıb, indi dostu yoxa çıxıb, bank bizdən pul tələb edir. Xanımın səsi mənə tanış gəldi. Dedim xanım, sizin ananız xəstə idi, müraciət edib pul istəmişdiniz. Həmin xanım deyilsinizmi? Dedi bəli, haradan tanıdınız. Qadın deyir ki, siz deputatsınız, sizə pul verirlər də. Mən də cavab verdim ki, xeyr, maaşdan əlavə heç nə verilmir. Bir dəfə bir seçicim gəlib deyir ki, DYP maşınını saxlamaq istəyib, adam maşını saxlamayıb, sonra DYP maşını arxasınca düşəndə yüngül qəza baş verib. Mənə deyir ki, deputatsan, hüququmu müdafiə et, polis maşınımı düzəltdirsin. Deyirəm, maşında silah, narkotik yox idisə, niyə saxlamırdın maşını, niyə pozurdun qanunu? Deyir ki, qanunla onlar məni təqib edirlər. Amma elə adamlar da olur ki, gəlir, kömək edirsən. Bəzən gələn kimi pulsuzluqdan şikayət edirlər. Görmüşəm, bəzi deputatlar pul veriblər. Biri 50 manat vermişdi, çıxanda deputatı söyürdü ki, bu nədir, cəmi 50 manat verir, o biri deyir ki, 100 manat veribsə, gör indi özündə nə qədər var. Deputatlara qarşı kampaniya gedir. Məsələn, mən Hadi Rəcəblini deputat olana qədər tanımırdım. Elə oldu ki, mən sosial siyasət komitəsinin üzvü oldum. Baxıram ki, internete video qoyurlar, qanunlar qəbul olunanda və s. hamı onu söyür. Amma mən sizə deyim ki, o imkanından da daha çox çalışır ki, sosial qanunlar insanların xeyrinə həll olunsun. Yəni ki, kampaniya gedir, jurnalistlərə pul verib kampaniya aparırlar.

-Bəs sizcə, kim aparır bu kampaniyanı?
-Onu dəqiq deyə bilmərəm, haradan bilim. Biz qanunlara çox dəyişiklik edirik. Məsələn, təqaüd məsələsində vaxtın uzadılmasında konkret zaman qoyulacaqdı. Lakin Hadi müəllimin təşəbbüsü ilə bu zamanı 6 aydan bir artırmaq qərarına gəldilər. Yəni ki, vaxt uzadıldı. Amma onu söyürlər.

"Mən Hadi Rəcəblini deputat olana qədər tanımırdım" - MÜSAHİBƏ

-Onda demək olar ki, millət vəkillərinin özünü təqdimetmə problemi var?
-Yox, məncə, problem onda deyil. Baxın, mənim haqqımda o qədər şər, böhtan yazırlar. İndi mənəm günahkar? Baxın, siz jurnalistsiniz. Zəng etdiniz, gördünüz ki, telefonum həmişə açıqdır. Mən, bəlkə də dünyada yeganə adamam ki, telefonum gecə də açıq olur. A balam, haranı bitirmisən - baytarlığı, bəs niyə jurnalist işləyirsən? İşləyir, çörək pulu çıxarır. Jurnalist olub ki, burada müsahibə almağa gəlib, mübahisə etmişik, sonra yazını yayımlamayıb. Bir jurnalist bir dəfə mənə şikayət etdi ki, Araz müəllim siz qısa və lakonik danışırsınız. Mən də deyirəm ki, yaxşıdır da, qısa danışmaq. Deyir, axı həcm düzəlmir, mən qonorarı müsahibənin həcminə görə alıram. Dedim ki, mən indi su töküm danışığıma ki, sənin qonorarın çox olsun? Bir də görürsən ki, jurnalist sual verir, 3-4 dəqiqə sual səsləndirir. Axırda mən ya hə ,ya yox deyirəm. Deyirəm ki, o uzunluqda sual verib, bütün dünyagörüşünü danışdın mənə. Bəs mən nə cavab verməliyəm? İndi məndən heç nə yaza bilmirlər. Böhtanlar rəhmətlik atamın, anamın ünvanına gedir. Bir dəfə bir axmaq yazmışdı ki, Elçibəyin məhkəməsində Mübariz müəllim onun üzünə durub. Atam onun məhkəməsində olmayıb, onunla əlaqəsi olmayıb. O axmaqdan sonra digər axmaqcıqlar da bu məsələni təkrar etməyə başladılar. İndi mən böyük müsahibə verəcəm. Bu məsələlərə aydınlıq gətirəcəm. Mən, nəhayət, MTN-ə sorğu göndərdim. Bir dəfə Rəhim Qazıyev qayıdıb dedi ki, hələ 30-cu illərdə siyasət bu adamı məhv edib. MTN-dən cavab gəldi ki, Mübariz Əlizadə Elçibəyin məhkəməsində iştirak etməyib və MTN orqanları ilə çalışmayıb. Amma girin baxın saytlara. Hərə də öz bildiyi əlavələri edib. İndi əgər kampaniya gedirsə, Araz Əlizadənin günahı nədir?

-Ölkədə təkanverici qüvvə vətəndaş cəmiyyətidir. Sizcə, ölkəmizdəki vətəndaş cəmiyyətinin təşkilində gənclərin iştirakı  hansı səviyyədədir? Bu, sizi qane edirmi?
-Xarici dil bilənlər, az-çox savadı olanlar QHT-lər yaradıb qrant almaqla məşğuldurlar. Mən onlara qranterlər deyirəm. Özünüz biliriniz pulu kim verirsə, musiqini də o sifariş edir. İlk QHT-lər bizim partiyanın nəzdində yaranmışdı. Mən 3 il mühacirətdə oldum, qayıdanda gördüm ki, partiya çevrilib olub QHT. Bizim partiyada tez-tez yoxlamalar keçirilirdi. Azərbaycan Respublikası qanunlarına görə də partiya xaricdən maliyyələşə bilməz. Partiyanın rəhbərliyində elə adamlar var idi ki, QHT yaradıb pul alırdılar. Mən gələndə gördüm ki, onlar pul alsalar da, partiyanın xeyli borcu var. Mən necə sübut edə bilərdim ki, partiya xaricdən maliyyələşmir. Mən onları bir yerə topladım. Dedim ki, partiyanı QHT-yə çevirmək olmaz. Başa düşürəm sizi, dolanmaq, ailənizi yaşatmaq istəyirsiniz, amma mən partiyanın rəhbəri kimi bunu qəbul etmirəm. Kim ayrılmaq istəyirsə, gedə bilər. Dost ola bilərik, amma partiya daxilində belə işlərə yol vermək olmaz. Bir nəfərdən başqa digərləri ayrılıb getdilər. Bir nəfəri də partiyadan xaric etdik. Vətəndaş cəmiyyətindən necə istifadə etmək olar? Gənclər demək olar ki, siyasi partiyalara getmirlər. İndi savadlı gənclər peşə karyerasına üstünlük verirlər. Təhsillərini alırlar, karyera qururlar, xarici dil öyrənirlər və s. Bilirlər ki, əgər müxalifət partiyasına üzv olsalar, karyera qura bilməyəcəklər. Heç də hamı istəmir ki, hakim partiyanın üzvü olsun. Bu səbəbə görə də siyasətə qoşulmurlar. Gələcəkdə siyasətə savadlı, xarici dil bilgisi olan, uğurlu karyera qurmuş, vətən üçün nəsə etmək istəyən adamlar gələcəklər. O zaman Azərbaycan çiçəklənəcək. İndi partiya liderlərinə baxın, hamısı 80-in sonu, 90-ın əvvəlində siyasətə gəlib. Hamısı da gündən-günə cavanlaşır. Məsələn, biz partiyamızda cavanlaşma aparacağıq. Partiya veteranlarına hörmətimiz var. Amma onlar da başa düşürlər ki, artıq əvvəlki kimi işləyə bilmirlər. Mən də onlara tapşırıqlar verə bilmirəm. Bu səbəbə görə də onların yerinə gənc kadrlar təyin olunacaq. Partiyanı qoruyub saxlamaq üçün başqa yol görmürəm.

-O zaman ölkədə yeni siyasi dalğanı gənclər yaradacaq?
-Bu gün hansı gənc təhsil alırsa, savad qazanırsa, gələcəkdə, təxminən 40 yaşda onlar siyasətə gələcəklər. Siyasətdə belədir ki, sən siyasətlə məşğul olanda siyasət səninlə məşğul olmur. Bu, həyatımda öz keçdiyim yoldur. Mən Ukraynada akademiyada işləyir, universitetdə dərs deyirdim, öz həyatımdan çox razı idim. Sonra Sovet qoşunları Əfqanıstana daxil oldu. Mən Əfqanıstanın ən yeni tarixi üzrə demək olar ki, yeganə mütəxəssis idim. Müxtəlif məktəblərdə  əfqanlara əfqan dilində mühazirə oxuyurdum. 11 səhifəlik bir arayış yazıb göndərdim.  Leonid Brejneve bildirdim ki, tarixdə heç kim əfqanlara qalib gələ bilməyib. Biz də qalib gələ bilməyəcəyik. Nəticədə ordu nüfuzunu itirəcək. Ordu nüfuzunu itirsə, dövlət də dağılmağa, zəifləməyə başlayacaq. Mütəxəssis kimi 12 səhifəlik arayışla fikrimi bildirdim. İşdən çıxartdılar, tutdular. KQB-də sual verirlər ki, mən Amerika prezidentinə, Almaniya kanslerinə, Fransa prezidentinə heç nə yazmamışam? Öz ölkəmin rəhbərinə yazmışam.

-İstərdim ki, indi millət vəkili Araz Əlizadədən elm adamı Araz Əlizadəyə keçək.
-Siyasətlə məşğul olandan sonra daha bizdən elm adamı olmaz. Elm çox ağır sahədir. Hər gün, hər saat işləməsən, elmdə geridə qalırsan. Mən isə uzun müddət elmlə məşğul olmamışam.

-Azərbaycan gənclərinə nə tövsiyə edirsiniz? Oxucu kütləmizin çox hissəsi gənclərdir.
-Mən arzu edirəm ki, siz öz ailənizi və vətəni hər şeydən artıq sevəsiniz. Mən çalışımışam ki, oğlumu bu cür tərbiyə edim, o da çalışır öz oğlunu belə tərbiyə etsin. 2013-cü ildə bizim özümüz üçün gözləmədiyimiz hadisə baş verdi. Biz Borjomidə ailəmizlə birgə yeni ili qarşılayırdıq. Yanımızdakı masada ermənilər əyləşmişdi. Övladımın əhvalı təlx oldu. Dedi, bəlkə, gedək, dedim yox, niyə gedirik ki, gəlib stolumuzu da işğal etsinlər? Nəvəmin də 2 yaşı var idi. Birdən anasına dedi ki, mənim pasportum hanı? Pasportu anasından aldı, dırmaşdı stola, qışqıraraq dedi ki, mən azərbaycanlıyam. “Mən azərbaycanlıyam”. Məncə, bu tərbiyənin nəticəsidir. Bizdə ailədə həmişə Qarabağ mövzusu olub. Ermənilər çıxıb getdilər oradan. Mən dedim ki, arzum odur ki, Qarabağda ermənilərə, Abxaziyada abxazlara, Cənubi Osetiyada osetinlərə ağıl versin ki, onlar bilsin vətən nədir. Vətəni başqa yerdə axtarmaq olmaz. Elə bilirlər ki, başqasının ərazisini ələ keçirəndə xoşbəxt olacaqlar.

Pünhani Əsgərli
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti